• cümə axşamı, 28 mart, 22:12
  • Baku Bakı 13°C

Futurizmin ilk manifesti

16.09.15 11:19 1331
Futurizmin ilk manifesti
Dostlarımızla bütün gecəni elektrik işığı altında keçirdik. Mürəkkəbliyi və qeyri-adiliyi ilə məscid günbəzinə bənzəyən lampaların mis qalpaqları bizə elə özümüzü xatırladırdı. Lakin onların altında “elektrik ürəkləri” döyünürdü. Tənbəllik bizdən öncə doğmuşdu sanki, biz bahalı İran xalçalarının üstündə saatlarla oturaqlanıb, hər cür mənasız mövzularda danışır, kağızda cızma-qara edirdik.
Özümüzlə qürur duyurduq: mayaklar və kəşfiyyatçılar kimi bircə biz yatmamış, bir topa ulduzla üz-üzə qalmışdıq. Onların hər biri səmada düşərgə salmış düşmənlərimiz idi. Bəziləri nəhəng gəminin ocaqçısıyla, bəziləri dəliyə dönmüş qatardakı qara kabusla, bəziləri sanki qanadlanıb evə dönən sərxoşla birgə yalqız idilər!
Birdən lap yaxınlıqda gurultu eşitdik. Bu silkələnə-silkələnə ötüb keçən iri, rəngbərəng işıqları olan, ikimərtəbəli tramvaylar idi. Elə bil balaca kənddə bayram idi. Sanki çay öz məcrasından çıxaraq, onu yerindən qoparıb, şəlalələrdən keçirərək dənizin sahilinə gətirmişdi.
Sonra birdən sakitlik çökdü. Biz təkcə kanaldan axan suyun zəif səsini və uçulmuş, köhnə sarayların sükutunu eşidirdik. Və birdən pəncərəmizin altında ac vəhşi heyvanlar kimi avtomobillər ulaşmağa başladı.
- Yaxşı, dostlar, - dedim, - irəli! Mifologiya, mistika - bütün bunlar geridə qaldı! Sizin gözlərinizin önündə yeni kentavr yaranır - motosikletdə insan, - birinci mələklərsə aeroplanla dik yuxarı qalxır! İrəli! Yer kürəsi üzərində yeni gün doğulur! Birinci dəfədir o, öz al qırmızı qılıncı ilə əbədi zülməti yarır. Və heç bir şey bu parlaqlıqdan gözəl ola bilməz!
Orada üç avtomobil fınxırırdı. Biz yaxınlaşaraq onların "peysərini" mehribancasına tərpətdik. Avtomobildə həmişə ürəyim darıxır, özümü tabutda uzanmış kimi hiss edirəm. Birdən sükan sinəmə yapışdı. İti cəllad baltası ilə kəsirmiş kimi onu bir andaca kəsdim və o dəqiqə qurtuldum.
Sanki dəlilik burulğanında "astarımız üzümüzə çıxdı", biz tərs tərəfimizə çevrildik. O, özümüzü özümüzdən qopardı. Sanki qurumuş çayın məcrası ilə əyri, kələ-kötür küçələrlə sürürdü. Orda-burda sönməkdə olan zəif işıqlar közərirdi. Sanki dilə gəlib "öz gözlərinizə inanmayın" deyirdi!
- İybilmə! - qışqırdım. - Vəhşi heyvana iybilmə qabiliyyəti də bəs edər!..
Və cavan şirlər kimi ölümün üzərinə atıldıq. Üzərində solğun xaçları olan qara dərisi bizdən bir az qabaqda, bənövşəyi rəngə çalan səmada parıldayırdı. Səma tez-tez rəngini dəyişir və lərzəyə gəlirdi. Və elə yaxın görünürdü ki, sanki əlini uzatsan ona çatacaqdı.
Bizim nə buludlardan da yuxarıdakı zirvələrə qaldırılmış gözəl xanımımız, nə qəddar kraliçamız yox idi. Deməli, bizans halqası kimi əyilərək onun ayaqlarına düşmək də olmazdı!.. Ölmək üçün səbəbimiz, amalımız yox idi.
Biz baş sındıra-sındıra gəzirdik. Döngələrdən zəncirlənmiş itlər çıxırdı. Biz bərk közərib qızmış təkərlərimizlə oradan ötdükdən sonra onlardan heç nə, hətta islanmış yer də qalmırdı. Ütüləndikdən sonra yaxalıqda bir dənə də olsun qırış qalmayan kimi onların da bütün əsər-əlaməti itirdi.
Ölüm özündən çox razı idi, qürurlu idi. Gah hər döngədə önümə keçib mehribancasına öz sür-sümüyünü mənə sarı uzadırdı, gah da yolumun üstündə dişlərini qıcayıb mənə baxırdı.
- Gəlin çürümüş idrakımızın qabığından çıxaq. Qürurla küləyin ağuşuna atılaq! Qoy bizi naməlumluq udsun! Biz buna dərddən etmirik. Ucsuz-bucaqsız mənasızlığın, bihudəliyin çoxalması üçün edirik.
Bu cür dedim və qəflətən çevrildim. Eynən bu tərzdə pudellər (qıvrımtüklü it cinsi) hər şeyi unudaraq qaçırlar. Birdən hardansa iki velosipedçi peyda oldu. Bu onların xoşuna gəlmədi və qarşımda dayandılar. Beynimdə iki fikir dolaşır. Bir-birinin əksinə olsalar da, hər ikisi də xeyli inandırıcıdı. "Yolun ortasında boş-boş dayanmısınız. Nə o yana keçmək olur, nə bu yana..." - dedi! Lənət sənə kor şeytan! Tfu!.. Mən önə sıçrayıb şappıltıyla arxa düşdüm...
Eh, əməlli-başlı uçmuşam arxın içinə! Eh bu zavodlar... Onlardan arxa axan çirkab sular! Bu lehmənin içində nədənsə zənci dayəmin qapqara sinəsini xatırladım!
Kirli, iylənmiş lif süpürgə kimi dik ayağa qalxdım. Ürəyimə sevinc doldu.
Əllərində tilov olan balıqçılar hardansa peyda oldular. Əvvəlcə təşvişə düşdülər. Sonra isə bu qəribə, görünməmiş bir şeyə baxmağa qaçdılar. Tələsmədən, öz işini bilən adamlartək onlar öz iri dəmir torlarını atdılar. Akula kimi batıb qalmış avtomobilimi “tora salıb tutdular”. İlan yarpaqların arasından sürünüb çıxan kimi, o da arxdan sürünüb çıxmağa başladı. Yavaş-yavaş yaraşıqlı gövdəsi və üzü də göründü. Onlar mənim yazıq akulamın öldüyünü düşündülər. Lakin onu mehribancasına sığallayan kimi titrəyib, qanadlarını çırpdı, üzgəclərini düzəltdi və başını dik tutaraq önə irəlilədi.
Üz-gözümüz tər içində idi. Üst-başımızsa zavoddan metal tullantıları axıdılan arx suyuna qarışıb zir-zibilə bulaşmışdı. Qırılmış əllərimiz isə bintlə sarınmışdı. Və biz bax elə bu cür şəraitdə - müdrik, tilovlu balıqçıların hıçqırıqları altında ilk dəfə olaraq Yer üzərində yaşayanlara bunları bəyan etdik:
1. Risk, ədəbsizlik və ram olmayan enerjiyə eşq olsun!
2. Cəsarət, cürət və qiyam - bunu öz nəğmələrimizdə tərənnüm edirik.
3. Köhnə ədəbiyyat fikirlərin tənbəlliyini, hərəkətsizlik və heyranlığı tərənnüm edirdi. Biz isə həyasızcasına təzyiq, sayaqlama, nizami hərbi addım, təhlükəli sıçrayış, sillə və vuruşmanı müdafiə edirik.
4. Biz deyirik: gözəl dünyamız daha da gözəlləşib - indi o sürətlidir. Yarış avtomobilinin baqajının altından ilan kimi borular çıxaraq od püskürür. Onun bağırtısı pulemyot atışmasına bənzəyir. Və onun gözəlliyilə heç Nika Samofrakiyskaya da yarışa bilməz.
5. Biz sükan arxasında olan insanı tərənnüm edirik: avtomobil Yer kürəsi boyunca öz orbitində sürətlə hərəkət edir.
6. Qoy şair axırını düşünmədən danışsın, qoy səsi guruldasın və belə olsa, ilk şeirlər yaranacaq!
7. Mübarizədən yaxşı heç nə yoxdur. Ədəbsizlik olmasa şah əsər də olmaz. Poeziya qara qüvvələrin başından vurar və onları insana tabe edər.
8. Biz yüzilliklərin astanasında dayanmışıq!.. Bəs keçmişə baxmaq nəyə lazımdır? Axı biz elə indilərdə sehrli bir dünyaya pəncərə açacağıq. Mümkünsüzdür! İndi nə vaxt var, nə də məkan! Biz əbədiyyətdə yaşayırıq, axı bizim dünyada təkcə sürət şahlıq edir.
9. Eşq olsun müharibəyə - yalnız o, dünyanı ələyə bilər. Silahlanmaya, Vətənə sevgiyə, anarxizmin dağıdıcı qüvvəsinə, hər şeyi məhv edən yüksək ideallara eşq olsun! Qadınlar uzaq olsun!
10. Biz bütün muzey və kitabxanaları darmadağın edəcəyik. Əxlaq, tərbiyə, qorxaq sazişçilər və əclaf meşşanlar rədd olsun, uzaq olsun!
11. Biz əmək səs-küyünü, sevincli gəzinti və kütlənin üsyan hayqırtılarını, bizim şəhərlərdə inqilabi küləyin ixtilafını, bərələrdə gecə uğultusunu tərənnüm edəcəyik. Qoy acgöz vağzallar nəhəng "ilanları" udsun. Qoy zavodlar bacalarından çıxan tüstüylə buludlara sarılsınlar! Qoy körpülər yüngül gimnastik hərəkətlə günəşin şölələri altında gözoxşayan çayın üzərindən atlansınlar. Qoy hiyləgər qayıqlar üfüqü iyləyə-iyləyə gəzsinlər. Qoy enlikürək qatarlar - bu polad atlar borularından tüstüləyə-tüstüləyə relslərin üstündə rəqs etsinlər. Qoy təyyarələr səmada sürüşsünlər, qoy pərlərin səsi heyran olmuş kütlənin alqışlarının şappıltısına qarışsın.

Hardasa İtaliyada biz bu manifesti təntənəli surətdə elan edirik. O, bütün dünyanı alt-üst edərək yandıracaq. Bu gün bu manifestlə biz futurizmin əsasını qoyuruq. Artıq İtaliyanı bütün bu epidemiyadan - tarixçilərdən, arxeoloqlardan, sənətşünaslardan, əntiqəçilərdən azad etməyin zamanıdır.
İtaliya çox uzun müddət hər cür köhnə-kürüşün zibilliyi idi. Onu saysız-hesabsız muzey cır-cındırından təmizləmək lazımdır. Onlar ölkəni böyük bir məzarlığa çevirir.
Muzey və məzarlıq! Heç kimə məlum olmayan və bir-birindən seçilməyən, qaşqabaqlı meyitlərin toplusu! Onları ayırd etmək də mümkün deyil! Bu bir yerə tökülmüş iyrənc və naməlum məxluqların gecəqondusudur. Rəssamlar və memarlar bir-birlərinə olan bütün nifrətlərini muzeylərə həkk etmişlər.
İldə bir dəfə muzeyə baş çəkirlər. Sanki doğmalarının qəbrini ziyarət edirlər. Bunu yenə də hardasa başa düşmək olar!.. Hətta Cakonda üçün bir dəstə gül də gətirmək olar!.. Lakin hər gün bütün dərd-kədərimizi ürəyimizdə toplayıb ora qaçmaq heç bir məntiqə sığmır!.. Axı özümüz özümüzü zəhərləməyimiz nəyimizə lazımdır? Ağlayıb-sızlamaq nəyimizə gərəkdir?
Bir köhnə rəsm əsərində yaxşı, xoşagələn nə görmək ola axı? Ancaq rəssamın kətan üzərində hıqqanmasını, boş-boşuna çəkdiyi zəhməti, fikrində tutduğunu tam həyata keçirmək üçün etdiyi müvəffəqiyyətsiz cəhdlərini görə bilərik.
Keçmişdən qalan əsərlərə heyran olmaq - ən gözəl hisslərini diri-diri dəfn etməkdir. O hissləri bir lazımlı işə, yaradıcılığa sərf etmək daha gözəl olardı. Keçmişdən ötrü köks ötürmək nəyə lazımdır axı? Bu çox yorucu və boşuna itirilmiş zamandır.
Zamanında həyata keçməyən niyyətlərin, ideyaların dəfn olunduğu, ən gözəl arzuların çarmıxa çəkildiyi, qırılmış ümidlərin tablolara köçürülmüş muzeylərə, kitabxanalara, akademiyalara axı hər gün getməyin nə mənası var? Rəssam üçün bu, istedadlı gənclərdən ötrü iftar qayğıdır.
Zəif, şikəst və dustaq olanlara yenə eyb etməz. Bəlkə də keçmiş gözəl çağlar onların yaralarına məlhəm olar. Gələcək axı onlar üçün artıq sifariş edilib... Bizə bunların heç biri lazım deyil! Biz gəncik, güclüyük, var-qüvvəmizlə yaşayırıq. Biz, futuristlərik!
Hanı o araya od salan, ara qızışdıran təhrikçilər? Çıxın ortaya! Buyurun gəlin! Gətirin atəşinizi kitabxana rəflərinə sarı aparın! Su kanalını da sərdabaya bənzər muzeylərə tərəf tutuzdurun! Batırın onları! Qoy nəhəng rəsm əsərlərini sel aparsın! Belləri əlinizə alın! Dağıdın köhnə şəhərləri!
Çoxumuzun heç otuz yaşı yoxdur. Önümüzdəki on il üçün xeyli işimiz var. Qırx yaşımız olanda da qoy güc-qüvvətli gənclər bizi lazımsız tör-töküntü kimi zibilliyə atsın!.. Onlar dünyanın hər bir nöqtəsindən öz ilk şeirlərinin xəfif ritmləri üzərində qaçıb gələcəklər. Onlar havanı əyri barmaqları ilə cızacaq və akademiyaların divarlarını iyləyəcəklər. Bizim büsbütün çürümüş, yeri kitabxana katakombaları olan ideyalarımızın üfunətini nəfəslərinə çəkəcəklər.
Lakin biz özümüz artıq orada olmayacağıq. Və nəhayət ki, onlar bizi bir qış gecəsində təmiz zəminin yaxınlığındakı qaranlıq anqardan tapacaqlar. Qəmli yağış altında titrəyən təyyarələrimizin yanında toplaşaraq, əllərimizi zəif yanan tonqalda isidəcəyik. Ocaq fərəh içində atılıb-düşərək kitablarımızı udacaq, onlardakı obrazlar isə qığılcımlarla göyə qalxacaqdır.
Onlar bizim ətrafımızda toplaşacaqlar. Əsəb və dilxorçulurqdan nəfəsləri kəsiləcək. Bizim qürurumuz və sonsuz hünərimiz onları dəli edəcək. Və üstümüzə atılacaqlar. Bizə sevgi və heyranlıqları nə qədər çox olsa, o qədər də böyük nifrətlə tikə-tikə edəcəklər. Sağlam və güclü "haqsızlıq atəşi" fərəhlə onların gözündə alovlanacaq.
Bizim çoxumuzun heç otuz yaşı tamam olmayıb. Lakin biz tələsirdik. Və bu əlimyandıda yorulana qədər, sağa-sola bütün sərvətimizi - güc, sevgi, hünər, dözümümüzü artıq sərf etmişik.
Amma bir bizə baxın! Biz hələ varıq! Hələ ürəklərimiz vicdanla döyünür! Belə də olmalıdır! Axı sinəmizdə od, nifrət, sürət var!.. Nədir, təəccübləndiniz? Sizinsə yaşadığınız bütün ömrünüzdən yadınıza salası bir xatirəniz yoxdur.
Və yenidən ən yüksəklərdəki ulduzlara meydan oxuyuruq!
İnanmırsınız? Eybi yox, olacaq! Olacaq! Bütün bunları mən artıq eşitmişəm. Əlbəttə ki! Bizə əvvəlcədən məlumdur ki, idrakımız bizə nə deyəcək. O deyəcək ki, biz əcdadlarımızın həyatını davam etdirən uşaqlarıq.
"Nə olsun? Olur olsun da! Nə böyük işmiş!..." - bunları dinləmək belə iyrəncdir! Bu cür cəfəngiyatı, axmaq və mənasız sözləri işlətməyi buraxın! Başınızı qaldırın!
Və ən yüksək zirvələrdə biz yenə də ulduzlara meydan oxuyuruq!
1909
Tərcümə edən: Xanım Aydın
banner

Oxşar Xəbərlər