Futbolun siyasiləşdirilməsi fonunda Azərbaycana zərbə vurmaq niyyəti - Fotolar

Futbolun siyasiləşdirilməsi fonunda Azərbaycana zərbə vurmaq niyyəti - Fotolar

Təfsilat
23 May 2019, 14:45 665
Azərbaycanın iqtisadi intibah əldə edərək beynəlxalq aləmin nüfuzlu üzvünə, Cənubi Qafqazın lider dövlətinə çevrilməsi işğalçı Ermənistanı, dünyadakı erməni diaspor təşkilatlarını, həmçinin onlarla əlaqəli olan bəzi dairələri ciddi narahat edir. Bu səbəbdən də zaman-zaman Azərbaycan əleyhinə kampaniyalar təşkil edilir, real və ya qeyri-real hər hansı hadisə ictimailəşdirilərək ölkəmiz əleyhinə təbliğat aparılır. Xüsusən də paytaxt Bakı hansısa beynəlxalq əhəmiyyətli tədbirə, o cümlədən forumlara, idman və ya musiqi yarışmalarına ev sahibliyi etdiyi ərəfələrdə bu qaraguruh daha da fəallaşır, hər vasitə ilə Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışırlar. I Avropa Oyunları, "Avroviziya-2012”, Bakı-2017: İslam Həmrəylik Oyunları, Formula-1 yarışları ərəfəsində bu cür gözdənsalma kampaniyaları dəfələrlə müşahidə olunub. 
 


Hazırda da anti-Azərbaycan qüvvələr fəallaşıblar. Onlar mayın 29-da Bakıda UEFA Avropa Liqasının finalının keçiriləcəyini nəzərə alaraq ənənəvi təbliğatlarına başlayıblar. Bir sıra instansiyalar, təşkilatlar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. 
 
Bu günlərdə yeni bir "fakt”ı gündəmə gətirməklə hücuma keçiblər. Belə ki, internet resurslarında yayılan məlumata görə, Bakıda keçiriləcək Avropa Liqasının final oyununun iştirakçıları "Arsenal”la "Çelsi” onlara ayrılmış biletlərin bir qismindən imtina etmək istəyirlər. Bu qərarın əsaslandırılması üçün də yazının əvvəlində qeyd etdiyimiz bəhanələr əsas gətirilir. Öncə onu vurğulayaq ki, finalın məhz Bakıda keçirilməsi UEFA-nın qərarı olub. Amma UEFA Azərbaycanın bu məqsədlə müraciətini, sərfəli təkliflər irəli sürməsini, digər namizədlərdən fərqli olaraq, final oyunu üçün daha əlverişli şərait yaratdığını nəzərə alıb, üstünlüyü ölkəmizə verib. Finalçılara, azarkeşlərin uzaq məsafə qət edərək futbol oyununu izləmək üçün ölkəmizə təşrif buyurmalarına gəlincə, 2017-ci ildə heç kim ehtimal edə bilməzdi ki, finala məhz 2 ingilis komandası – "Çelsi” və "Arsenal” çıxacaq. Göstərdikləri oyun müqabilində finala Azərbaycana daha yaxın ölkələrin klubları da çıxa bilərdi və məsafə daha yaxın ola bilərdi. Digər tərəfdən, azarkeşlərin belə oyunların keçirildiyi ölkələrə getməsində həmişə çətinliklər olub. Hər bir ölkənin nümunəsində bunu göstərmək olar. 
 


Bu kimi reallıqları nəzərə alsaq bir daha görərik ki, ayrı-ayrı dairələrin irəli sürdüyü iddialar tamamilə əsassızdır və qərəzlidir. Bu kimi addımlar Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə, ölkəmizə təzyiq göstərməyə hesablanıb. Azərbaycan ictimaiyyəti artıq belə bəhanələrlə ölkədə keçirilən mühüm tədbirləri gözdən salmaq cəhdlərinə alışıb və belə absurd iddiaları qəbul etmir. Odur ki, bütün iddialara, kimlərinsə narazılıq və narahatlıq yaratmaq, müxtəlif bəhanələrlə bu oyunun keçirilməsinə əngəl olmaq cəhdlərinə baxmayaraq, dünyanın diqqət mərkəzində olan futbol bayramı Azərbaycanın paytaxtı Bakıda ən yüksək səviyyədə baş tutacaq və milyonlarla futbol azarkeşi, o cümlədən Olimpiya Stadionunda oyunu canlı izləyən on minlərlə tamaşaçı bundan zövq alacaq.
 
 

Siyasi şərhçi Azər Həsrət mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında deyib ki, dünyanın hər bir ölkəsində olduğu kimi Azərbaycan da növbəti idman tədbirinə ev sahibliyi edir. Onun sözlərinə görə, bu ev sahibliyi edilən zaman Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir, idman tədbirinin ən yüksək səviyyədə baş tutması üçün nəzərdə tutulan addımları atır: "Azərbaycan tərəfdən UEFA finalının Bakıda keçirilməsi ilə bağlı hər hansı narahatlıq, narazılıq yoxdur. Oyunun sahibi olan UEFA-nın da ölkəmizlə əlaqədar hər hansı iradı, narazılığı müşahidə edilmir. UEFA-nın qaldırdığı bütün məsələlər istər Azərbaycanın dövlət, istərsə də futbol rəsmiləri tərəfindən ən yüksək səviyyədə həllini tapıb. Sadəcə olaraq, bəzi mərkəzlər və qüvvələr bir erməninin bir ingilis komandasının oyunçusu olaraq bu oyunda iştirakdan imtina etməsini siyasiləşdirməklə məşğuldurlar. Onlar məqsədli şəkildə dinc, sülhpərvər oyundan siyasi məqsədlər üçün istifadə edirlər. Bu çərçivədə Azərbaycana qarşı çirkin bir kampaniya aparırlar. İndi də ortaya atıblar ki, guya hansısa azarkeşlər yolun uzaqlığını bəhanə edərək Azərbaycana gəlməkdən, oyununu izləməkdən və bu məqsədlə aldıqları biletlərdən imtina ediblər. Bəlkə də 2-3 nəfər kampaniyaçı bunu edə bilər. Amma ümumilikdə götürsək, azarkeşlərin mütləq əksəriyyəti böyük həvəslə bu oyuna gələcəklər və artıq gəlməkdədirlər”.
 
 

Ekspert bildirib ki, Bakı şəhərinin mərkəzindəki otellər, həmçinin Olimpiya Stadionundakı yerlər əvvəlcədən azarkeşlər, turistlər tərəfindən bron edilib: "Azarkeşlər əvvəldən öz yerlərini müəyyən ediblər. Görünən budur ki, heç kim bu oyundan imtina etmək fikrində deyil. Çünki, bütün dünyanın diqqətində olacaq bu oyun böyük maraq və həvəslə gözlənilir. Əlində imkanı, şansı olan hər hansı bir şəxs bu oyunu izləməkdən özünü məhrum etməz. Azərbaycanın əleyhdarları ölkəmizin günü-gündən inkişaf etməsini, beynəlxalq aləmdə nüfuzunu artırmasını həzm edə bilmir. Bütün cəhdlərə baxmayaraq, əvvəlki tədbirlər kimi UEFA Avropa Liqasının final oyununun da ən yüksək səviyyədə baş tutacağına, təşkilatçılıq nöqteyi-nəzərindən Azərbaycanın dünyaya yeni standartlar təqdim edəcəyinə əminəm”. 
 
 

Siyasi şərhçi Aydın Quliyev də hesab edir ki, indiyə qədər ortaya atılan bəhanələrin guya azarkeşlərin Bakıya gəlməkdən imtina etməsi xəbəri ilə yekunlaşacağını əvvəldən ehtimal etmək mümkün idi. O, qəzetimizə açıqlamasında bildirib ki, antimilli dairələr Azərbaycanın beynəlxalq nüfuzunu gözdən salmaq üçün paytaxt Bakının təhlükəli şəhər olmasını, təyyarə biletlərinin bahalığını, "Arsenal”ın erməni əsilli oyunçusunun həyatına qarşı təhlükə gözlənilməsini və sair bu kimi yalanları dövriyyəyə buraxıblar: "Bununla sübut etməyə çalışdılar ki, guya bu cür beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi olduqca risklidir. Bununla əlaqədar geniş miqyasda kampaniya aparıldı. Təəssüf ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də yaydığı bəyanat ilə bu kampaniyada hansısa formada yer aldı. Lakin bütün bunların heç biri gözlənilən nəticəni vermədi. Nə "Arsenal” və "Çelsi”nin futbolçuları, nə də azarkeşlər Bakıya gəlməkdən imtina etmədilər. Əksinə, dünyanın, o cümlədən Avropanın, Asiyanın futbol azarkeşləri Bakıda möhtəşəm idman yarışını izləməkdən böyük zövq alacaqlarını ifadə etdilər. Beləliklə də bir tərəfdən erməni barmağı, digər tərəfdən Azərbaycana qarşı düşmən münasibəti sərgiləyən bəzi dairələrin, güc mərkəzlərinin futbol oyunu üzərindən Azərbaycana qarşı qurduqları plan iflasa uğradı”.
 


Ekspertin qənaətincə, bununla kifayətlənməyən anti-Azərbaycan şəbəkə bəzi Avropa strukturlarında ölkəmiz əleyhinə qərarların qəbul edilməsinə də cəhdlər ediblər: "Hətta bu məqsədlə xaricdəki bəzi radikal qüvvələri, o cümlədən onların sırasında yer alan "sapı özümüzdən olan baltaları” futbol mövzusunda aktivləşdirməyə çalışdılar. Onların bu cəhdi də uğursuz oldu. İndi də azarkeşlərin guya aldıqları biletdən imtina etməsi, biletlərin satılmaması barədə dezinformasiyaları dövriyyəyə buraxıblar. Belə "xəbərlər” futbolun – idman yarışının siyasiləşdirilməsi fonunda Azərbaycana zərbə vurmaq niyyəti güdür. Bu, qeyd edilən addımı atan beynəlxalq dairələrin tamamilə iflasının göstəricisidir. Azərbaycan xalqı və dövləti heç bir halda belə kampaniyalarla ruhdan düşmür. Bu kimi beynəlxalq tədbirlərin ən yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan uzun illər ərzində zəngin təcrübəyə yiyələnib. Azərbaycan ictimaiyyətinin də final oyununa böyük marağı var. Bu idman yarışının təhlükəsiz şəraitdə keçməsi üçün ölkənin hüquq-mühafizə orqanları, təhlükəsizlik qüvvələri də tam gücü ilə səfərbər olunublar. Əminəm ki, azarkeşlər tam təhlükəsiz şəraitdə həm möhtəşəm bir oyundan, həm də şəhərimizin gözəlliklərindən böyük zövq alacaqlar”.      

Rufik İSMAYILOV