• cümə axşamı, 28 mart, 22:16
  • Baku Bakı 13°C

Futbolu dədə-babadan miras alan Emil - Portret

26.05.18 13:00 1429
Futbolu dədə-babadan miras alan Emil - Portret
İsveç futbol ənənəsi olan ölkədir. Bunu sübut etmək üçün şimallıların dünya çempionatlarında çıxışlarına baxmaq kifayətdir. Skandinaviya təmsilçisi bu günə kimi qatıldığı mundialların əksəriyyətində qrup mərhələsini adlamağa nail olub. Xüsusilə, 50-ci illəri "vikinqlər”in "qızıl dövrü” adlandıra bilərik. Belə ki, İsveç yığması 1950-ci ildə dünya çempionatının bürünc, 1958-ci ildə gümüş medallarına sahib çıxdı. Daha sonra bu ölkənin əsas yığmasında bir qədər geriləmə müşahidə edildi. Milli bir də, 1994-cü ildə, ABŞ-da keçirilən dünya çempionatında medal üzü gördü. "Sarı-göylər” atalarının (vikinqlərin) kəşf etdiyi Amerika torpağından "bürünc”lə qayıtdılar. Onların finala gedən yolunu isə gələcək dünya çempionları Braziliya yığması kəsmişdi. Artıq İsveç millisinin bu son uğurunun üzərindən nə az, nə çox, düz 24 il keçir. Skandinaviyalılar bu müddət ərzində keçirilmiş 5 mundialdan yalnız 2-nə qatılmağa nail olub ki, hər 2 halda 1/8 finalda dayanıblar.

Bu il isveçlilərin 12 illik mundial həsrətinə son qoyulacaq. Sonuncu dəfə 2006-cı ildə, Almaniyada təşkil edilən dünya çempionatında çıxış edən skandinaviyalılar, bu il Rusiyada keçiriləcək yarışda iştirak edəcəklər. Yuxarıda vurğuladığımız kimi, İsveç millisi qatıldığı dünya çempionatlarında futbol azarkeşlərini yaxşı mənada təəccübləndirməyi bacaran komandadır. "Sarı-göylər” bu dəfə mundial başlamamış bunu etməyi bacarıb. Belə ki, Yanne Anderssonun yetirmələri DÇ-2018-in seçmə mərhələsinin Avropa pley-off oyunlarında dördqat dünya çempionu İtaliya millisini mundialdan kənarda qoymaqla, ilk sensasiyasını gerçəkləşdirmiş oldu.


Son illərdə İsveç futbolu deyəndə, Avropanın bir çox top-komandasında çıxış etmiş Zlatan İbrahimoviç yada düşürdü. Lakin İbra 2016-cı ildə milli karyerasını bitirdikdən sonra skandinaviyalıların heyəti ulduz üzünə həsrət qaldı. Bu gün İsveç yığmasında Avropanın əsas çempionatlarında çıxış edən bir çox futbolçu var. Lakin Zlatan kimi ulduz yoxdur. Maraqlıdır ki, "sarı-göylər” İbranın yoxluğunda dünya futbolunun nəhənglərindən olan İtaliya millisini yolundan kənarlaşdırmağı bacardı - komanda oyunu sayəsində. Artıq bir çoxları bu İsveç millisinin İbrahimoviçli yığmadan daha uğurlu olacağını iddia etməyə başlayıb. İsveç yığmasının hazırkı heyətində dünya səviyyəli ulduz olmasa da, bir çox bacarıqlı oyunçu var. Bunlardan biri də son vaxtlar "Leyptsiq”dəki oyunu ilə diqqət mərkəzinə düşən Emil Forsberqdir. Bu yazıda sizə İsveç millisinin orta xəttinin aparıcı üzvü olan Forsberqdən bəhs edəcəyik.
Nəsildən-nəslə futbol
Emil Forsberq 1991-ci il oktyabrın 23-də, İsveçin Sundsvall şəhərində dünyaya gəlib. Onda futbola həvəs necə yaranıb? Forsberq ailəsində futbol adi oyun deyil - nəsildən-nəslə ötürülən mirasdır. Emilin babası Lennart Forsberq ötən əsrin 50-ci illərində "GİF Sundsvall”da top qovub. Onun atası, Foppa ləqəbli Leif Forsberq isə "GİF Sundsvall” klubunun əfsanələrindəndir. Ata Forsberq doğma şəhərin komandasında keçirdiyi 400 oyunda 143 qol vuraraq adını klubun tarixinə həkk etdirib. "GİF Sundsvall” rəhbərliyi "Foppa”ya jest olaraq, onun 10 nömrəli futbolkasını əbədiləşdirib.

Yəqin, sizə Emilin futbola gəliş səbəbi bəlli oldu. O, estafeti atasından alaraq, Forsberqlərin növbəti futbolçu üzvünə çevrilir. Təbii ki, babası və atası kimi, o da ilk addımlarını doğma şəhərin "GİF Sundsvall” komandasında atır. Çox kiçik yaşlarında bu klubun akademiyasına yazılan Emil, cəmi 17 yaşında, 2009-cu ildə əsas komandada debüt edir. Elə həmin ildə təcrübə toplamaq üçün icarə əsasında 3-cü liqa təmsilçisi "Medskoqsbron”da da çıxış edir. Daha sonra doğma komandaya qayıdan və burda əsas heyətin üzvünə çevrilən futbolçu, "göy-sarı” formada keçirdiyi 97 oyunda 24 qola imza atır.

Bir şəhərə bir əfsanə bəsdir
"Foppa” bütün karyerasını "GİF Sundsvall”da keçirmişdi (o, yalnız bir il "Göteborq”da çıxış edib). Doğma şəhərin komandasının əfsanəsinə çevrilmək, bütün karyeran ərzində bir kluba sadiq qalmaq gözəl hisslərdir. Lakin Emilin fikirləri tam fərqli idi. Sundsvall şəhərinə bir əfsanə bəs idi. Kiçik Forsberqin isə daha böyük hədəfləri var idi - dənizi aşaraq, Avropanın əsas liqalarından birində çıxış etmək.

Bu istiqamətdə ilk addımı isə İsveçin daha iddialı klublarından olan, vaxtilə Zlatan İbrahimoviçin də çıxış etdiyi "Malmö”yə keçidlə atır. "Mavi-ağlar” gənc və perspektivli Forsberqin keçidi üçün 300 min avrosundan keçir. Ancaq yəqin ki, həmin vaxt "Malmö”nün başbilənləri bu məbləği artıqlaması ilə çıxaracaqlarına əmin idilər.

Emil mavi formada 2 mövsüm keçirir. Onun "Malmö” karyerası uğurlu alınır. Forsberq bu komandanın heyətində İsveç çempionatında mövsümün ən yaxşı yarımmüdafiəçisi seçilir. 2014-cü ildə isə "Malmö” ilə Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək xoşbəxtliyinə nail olur. Elə məhz qitənin ən nüfuzlu klub turnirindəki oyunları Avropanın qapılarını onun üzünə açır.
İsveçdən Almaniyaya
Yeni yaranmasına baxmayaraq (2009-cu il), hər keçən il Bundesliya bir az da yaxınlaşan 2-ci liqa təmsilçisi "Leyptsiq” gənc isveçlini gözaltı edir. Almanlar Forsberqin keçidi üçün çox əziyyət çəkməli olmur. "Öküzlər” cəmi 3,7 milyon avroya 23 yaşlı yarımmüdafiəçinin keçidini həll edir. "Malmö” rəhbərliyi 2 il öncə 300 min avroya heyətinə cəlb etdiyi futbolçunu bundan 10 dəfə artıq məbləğə satır - İsveç çempionatında çıxış edən klubun büdcəsi üçün böyük töhfə. Avropanın kiçik klubları məhz Emil kimi istedadların sayəsində həyatda qalır.

Forsberq yeni klubuna uyğunlaşmaqda çətinlik çəkmir. Futbolçu qısa müddətdə "Leyptsiq”in əsas üzvlərindən birinə çevrilir. Lakin Emil 2-ci Bundesliqada çıxış etdiyi yarım mövsümdə əsas Bundesliqa xəyalını gerçəkləşdirə bilmir. Mövsümü 5-ci pillədə başa vuran "öküzlər” Bundesliqa arzusunu daha bir il təxirə salır.

Növbəti mövsümdə isə "Leyptsiq” 2-ci Bundesliqanı 2-ci pillədə başa vuraraq, yüksək liqaya "bilet” əldə edir. Təbii ki, komandanın bu tarixi uğurunda mövsüm ərzində şans qazandığı 32 oyunda 8 qola imza atan Forsberqin də böyük rolu olur.

Bundesliqada ilk mövsüm isə həm Emil, həm də komandası üçün möhtəşəm alınır. Forsberq əsas liqada keçirdiyi 30 oyunda 8 qol vurur. "Leyptsiq” isə heç kimin gözləmədiyi halda mövsümü 2-ci pillədə başa vurur. "Öküzlər” yalnız Almaniya nəhəngi "Bavariya”dan geri qalır. Klub Bundesliqada debüt ilindəcə Çempionlar Liqasına vəsiqə qazanır. Komandanın qitənin ən nüfuzlu klub turnirində ilk qolunun müəllifi isə Emil olur. İsveçli ötən il sentyabrın 13-də, "Monako” ilə matçda fərqlənərək, "Leyptsiq”in tarixinə düşür. Forsberq son mövsümdə də komandasının əsas üzvlərindən olub. Lakin dekabrda aldığı zədə onu bir müddət yaşıl meydanlardan kənarda qoyur. Emil yalnız bu ilin fevralında sıraya dönüb. Bu, onun mövsüm ərzində keçirdiyi oyun sayına təsir etsə də, komandadakı mövqeyinə təsir etmir.

Oyun keyfiyyətləri
Forsberqin doğma mövqeyi sol vingerdir. O, sağ cinahda da çıxış edir. Futbolçunun işlək ayağı sağdır. 1.79 m boya malik hücumameyilli oyunçunun əsas xüsusiyyətləri sürəti, ötürmələri və qapıya uzaqdan dəqiq zərbələridir. Cərimə zərbələri də Emildə heç də pis alınmır. "Leyptsiq” qapıya nisbətən yaxın məsafədə cərimə zərbəsi qazanıbsa, topun arxasında isveçlini görmək ehtimalınız çoxdur.

Hətta həyat yoldaşı da futbolçudur
Emilin atasının və babasının futbolçu olduğundan bəhs etdik. Maraqlıdır ki, onun həyat yoldaşı Şanqa da futbolçudur. O "Leyptsiq”in qadınlardan ibarət komandasında top qovur. Cütlük ötən ilin yayında ailə həyatı qurublar.
Emil peşəkar futbola keçməmişdən öncə özünü bir neçə başqa idman növlərində də sınayıb. Bu idman növlərinin arasında xokkey də var. Lakin bir dəfə mətbuata müsahibəsində "futbolçu olmasanız, kim olardınız” sualına "ya işsiz gəzərdim, ya da babamla birlikdə yanğınsöndürmədə çalışardım” cavabını verib.
Milli karyera
Daha öncə İsveçin U-19 komandasında çıxış etmiş Emil, əsas millidə 2014-cü ildə Moldova ilə yoldaşlıq oyununda debüt edib. Forsberq yığmada ilk qolunu isə 2015-ci ildə, AÇ-2016-nın seçmə mərhələsində keçirilmiş Danimarka ilə matçda (2:1) vurub. Ümumilikdə, bu günə kimi 34 qarşılaşmada milli formanı geyinən 26 yaşlı futbolçu, 6 dəfə rəqib qapısına yol tapıb.

İsveç millisinin baş məşqçisi Yanne Andersson Emilin adını Rusiyada keçiriləcək dünya çempionatına aparacağı heyətə daxil edib.

Portret

Ona ölkəsində atasına görə "kiçik Foppa” deyirdilər. Atası "GİF Sundsvall”ın əfsanəsi olmuşdu. Özü isə əfsanə olmağı yox, ölkə xaricində parlamağı üstün tutdu. İnsafən, bu, onda heç də pis alınmır. "Leyptsiq”dəki oyunu ilə "köhnə qitə”nin böyük klublarının diqqət mərkəzinə düşən Forsberqin adına tezliklə daha iddialı komandalarda rast gələ bilərik.

Emilin əsas xüsusiyyəti tez uyğunlaşmaqdır. Cəmi 17 yaşında İsveç çempionatının əsas liqasında debüt edən vinger, nə Almaniyaya təzə gələndə 2-ci Bundesliqaya, nə də ki, Bundesliqaya uyğunlaşmaqda çətinlik çəkmədi. Daim öz üzərində çalışan futbolçu məhz bunun sayəsində öz dəyərini də artırır. Bu cəhətdən Rusiya stadionları Forsberq üçün əsl sınaq meydanı olacaq. 26 yaşlı futbolçu karyerası ərzində ilk dəfə mundialda çıxış edəcək. O və dostları son dünya çempionu Almaniya, Asiyanın ən güclüsü sayılan Cənubi Koreya və dünya çempionatlarında bir qayda olaraq qrup mərhələsini adlamağa nail olan Meksika yığmaları ilə matçlarda İsveç futbolunun nüfuzunu qorumalıdırlar.
Elnur

banner

Oxşar Xəbərlər