• cümə, 29 Mart, 12:41
  • Baku Bakı 14°C

Futbolu boksa dəyişən çempion - Portret

06.10.18 09:00 2204
Futbolu boksa dəyişən çempion - Portret
I Avropa Oyunlarının qalibi, dünya çempionu, Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı. Elvin Məmişzadənin bu nailiyyətləri sığdırdığı 21 illik boks karyerasına nəzər salıb, gizli qalan bir çox xüsusiyyətini diqqətinizə çatdıracağıq. Öncədən qeyd edək ki, çempionumuz olduqca maraqlı insandır.

Niyyət futbola, qismət boksa

Elvin 1991-ci ildə Sumqayıtda anadan olub. "Gənclik şəhəri"ndə dünyaya göz açan əksər uşaqlar kimi, o da erkən yaşlarından idmana meyillənib. Bu, ilk vaxtlarda futbolda təzahür etsə də, davakar təbiəti əmisinin diqqətindən qaçmayıb. Əmisi, atası Rauf bəylə məsləhətləşdikdən sonra onu Elbrus Rzayevin yanına aparıb. Beləcə, bu günə qədər davam edən birgəliyin əsası qoyulub.
İlk dönəmlərdə futbol sevdası onu tərk etməyib. Vaxtını rinqdən çox, stadionda keçirib. Ta ki, boksda ilk nailiyyətlərini qazananadək. Zamanla atası da ona başa salıb ki, boks onun üçün daha uğurlu idman növüdür. Bununla belə, Elvinin gözü indi də arxada qalıb. Hesab edir ki, boksda sahib olduğu ad-sanı futbolda da qazana bilərdi.

İlk uğurlar

İlk böyük uğurunu 2007-ci ildə əldə edib. Həmin il yeniyetmələrin Avropa çempionatında qızıl medal qazanıb. Bu nəticəni 2009-cu ildə gənclərdə də təkrarlayıb. Elə həmin il dünya çempionatında iştirak etsə də, mükafatsız qalıb. Böyüklər arasında ilk Avropa çempionatı isə 2010-cu ilə təsadüf edib. Moskvada keçirilən qitə mücadiləsində Elvin, gözlənilmədən gümüş medal qazanıb. 1/4 finalda ev sahibi David Ayrapetyanla görüşü isə karyerasının ən unudulmazı kimi yaddaşına əbədi həkk olunub. Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı olan təcrübəli və prinsipial rəqiblə qarşılaşmadan öncə, heç kim Elvinin qələbəsini proqnozlaşdırmırdı. Lakin, hakimlərin bütün cəhdlərinə baxmayaraq, Məmişzadə seçdiyi ağıllı taktika ilə yerli publikanı susdurur. Dediyinə görə, bu qələbə sayəsində qazandığı özünəinam sonrakı uğurların açarına çevrilib.

Qara zolaq

2011-ci ildə keçirilən analoji yarış uğursuz alınır. Həmin il dünya çempionatına isə ölkəmiz ev sahibliyi edirdi. Ankarada təşkil olunan qitə çempionatı Elvin üçün uğursuz alınsa da, komandamız üçün böyük nailiyyətlə yadda qalmışdı. Belə ki, Salman Əlizadə və Teymur Məmmədovun qızıl, Heybətulla Hacıəliyevin bürünc medalı ilə, yekun hesabda yalnız Rusiyanı önə buraxaraq, tarixdə ilk dəfə qitə ikincisi olmuşduq. Bu yüksək əhval-ruhiyyə "doğma divarlar" arasında da uğur qazanacağımızı gözlənilən edirdi. Bir qızıl, bir gümüş medalla komanda hesabında üçüncü olsaq da, təəssüf ki, Elvin arzulanan mükafata qovuşa bilmir. O, medalın bir addımlığında dayanır. Bununla belə, "səkkizlik"də yer almaqla, London olimpiadasına lisenziyanı təmin edir. Məmişzadə, 1/8 finalda monqolustanlı dünya vitse-çempionu Toqstsoqt Nayambayarı üstələmişdi ki, bu da kifayət qədər diqqətçəkən məqam idi.
Elvin London olimpiadasında uğursuzluqla üzləşir. O, 2015-ci ilədək sadəcə, qitə çempionatının bürünc medalını qazanır.

Çin olan arzu, "Şöhrət" ordeni və dünya çempionluğu

2015-ci ildə o, ötən illərdəki uğursuzluqları sığortalayır. İyunda paytaxtımızda təşkil olunan ilk Avropa Oyunlarında bütün rəqiblərindən bir baş üstün olmaqla, çempionluğa yiyələnir. Bununla da, əsas arzularından biri həyata keçir. Məmişzadə tarixi yarışdakı qalibiyyətə görə "Şöhrət" ordeni ilə təltif olunur. Bu hadisə onun məsuliyyətini xeyli artırır, dörd ay sonra Qətərdə təşkil olunan mundialda çempionluğa köklənir. Elvin, keçirdiyi görüşlərin hamısında rəqiblərini böyük fərqlə üstələyərək, karyerasının ən böyük uğurunu qazanır. O, möhtəşəm ili belə şərh edir: "Uzun müddət fərqlənə bilmirdim, artıq mənə qarşı bir inamsızlıq formalaşmışdı. Mən isə öz gücümə əmin idim. Bu iki yarış öncəsi çox çalışmışdım, nəyin bahasına olur-olsun qalib gəlməyi qarşıma məqsəd qoymuşdum. Avropa Oyunlarının mükafatlandırma mərasimi isə mənim üçün ən unudulmaz anlardan biridir. Cənab prezident Pekin olimpiadasında Elnur Məmmədlinin boynundan qızıl medalı asarkən, düşünmüşdüm ki, görəsən, mənə də bu şərəfi yaşamaq qismət olacaqmı?! Bu anı yeddi il gözləmişdim.
Dünya çempionatlarında iki dəfə medalın bir addımlığında dayanmışdım. Dohada yarımfinala vəsiqə qazanmağım mənə qəribə təsir bağışladı, açığı. Arzuladığım medalı təmin etdikdən sonra üzərimdəki psixoloji yükü atdım. Sonrakı iki görüşə həyəcansız, çox rahat çıxdım".

Hədəfdən yan keçən daha bir "yumruq"

Rio olimpiadasında kişilərdən ibarət millimiz tarixdə ilk dəfə tam heyətlə təmsil olunurdu. Tarixin ən güclü yığmasının əsas qızıl medal ümidlərindən biri də Elvin idi. Ən azından, mükafatçılar sırasında olacağı gözlənilirdi. Amma sən saydığını say, gör özbəklər nə sayır. Bəli, Özbəkistan boksçuları daha iddialı ölkələrin təmsilçiləri üçün kabusa çevrilmişdi. Onlardan biri də 1/4 finalda Məmişzadənin bəxtinə düşmüşdü. Baxmayaraq ki, boksçumuz bunadək Şahobidin Zoirovu iki dəfə məğlub etmişdi, ancaq görüş ərzində heç cür onun müqavimətini qıra bilmədi. Nəticədə ikinci cəhd də boşa çıxdı.
Məmişzadə Riodakı uğursuzluğu belə izah edir: "Dünya çempionu olsam da, qətiyyən arxayınlaşmamışdım. Kim ki, deyir, çempionluqdan başgicəllənməsi olmuşdu, yanılır. Mən bu nəticəni elə Qətərdə qoymuşdum. Görüşlərim çox gec başladı, buna görə də formamı itirmişdim. Demirəm ki, özüm səhv buraxmadım, döyüş vaxtı yanlış qərarlarım oldu. Bunu, sonradan döyüşün videoyazısını izləyəndə daha yaxşı anladım".

Boş keçən illər

Növbəti ilin təqvimində Avropa, dünya çempionatları və İslam Həmrəylik Oyunları olsa da, Elvin bu yarışların heç birində iştirak etmir. Dediyinə görə, bəzi şəxslər ona qarşı qərəzli mövqe tutaraq, üç mühüm yarışda iştirakını əngəlləyib. Lakin problemlər artıq geridə qalıb, Elvin gələcəyə nikbin yanaşır.
Güləş və cüdodan fərqli olaraq, boks üzrə dünya və Avropa çempionatları hər il deyil, iki ildən bir baş tutur. O üzdən, bu il onun üçün heç nə ilə yadda qalmadı.
2019-cu ilin təqvimində dünya çempionatı ilə yanaşı II Avropa Oyunları da yer alır. Məmişzadə hər iki yarışda maksimum nəticəni hədəfləyib. Bunun üçün isə ilk növbədə ölkə çempionatında fərqlənmək lazımdır.

Son cəhdə doğru

Boksda altı dəfə dünya çempionluğunu bayram etsək də, hələ də olimpiadalarda əsas hədəfə çatmamışıq. Lakin dəri əlcək ustalarımız səkkiz dəfə olimp kürsüsündə yer alıb. Yeri gəlmişkən, medal kəmiyyətinə görə, boks güləşdən sonra ikinci idman növümüzdür. Elvin Tokio olimpiadasında "qızıl" intizarımızı sona çatdırmaq niyyətindədir. Bu, hazırda onun başlıca hədəfidir. Dediyinə görə, Tokio onun son olimpiadası olacaq. Ona görə də "gündoğar ölkə"də baş tutacaq zirvə yarışına ikiqat əzmlə hazırlaşır.

"Daha yaxşı olacaq"

Elvinin bütün uğur və uğursuzluqlarının səbəbini, eləcə də gələcək potensialını hamıdan yaxşı, 21 ildir birgə addımladığı şəxsi məşqçisi Elbrus Rzayev bilir: "İlk vaxtlar cəldliyi diqqətimi çəkmişdi. Fiziki göstəriciləri, tapşırıqları qavraması da yaxşı səviyyədə idi. Əla da futbol oynayırdı. Məncə, futbolda da uğurlu ola bilərdi. Uşaqlıqdan döyüş tərzi diqqət cəlb edib. Bir dəfə Moskvada beynəlxalq turnirdə iştirak edirdik, Elvinin döyüşünü izləyən rusiyalı məşqçi mənə yaxınlaşıb dedi ki, onun üstündə bərk durun, gələcəyi çox parlaqdır.
İlk olimpiadasında təcrübəsiz idi, o qədər də ümid bəsləmirdik. Amma Rioya yola düşərkən, artıq xeyli təcrübə toplamışdı. Çox yaxşı da hazırlaşmışdı. Sadəcə, 10 gün Braziliyada qalıb döyüş gününü gözləməsi, hər gün çəki salması mənfi təsir göstərdi. Çünki hər gün məşq etməli, sınaqçı-rəqiblə işləməli idi. Boksdan məlumatlı olanlar bilir ki, bu detalların hər biri çox önəmlidir. Özbək boksçunu həmin görüşədək iki dəfə çox rahatlıqla məğlub etmişdi. İnanıram ki, bundan sonra qarşılaşsalar, yenə Elvin onu üstələyər.
Hazırda məşqlərini yanımda davam etdirir. Neçə müddət məşqsiz qalmışdı deyə, fiziki hazırlığında problemlər yaranmışdı. İndi bunu gücləndirməyə çalışırıq. Texniki-taktiki hazırlığı qaydasındadır. Getdikcə hər şey daha yaxşı olacaq.

Bəs Şahin İmranov nə düşünür?

"İlk dəfə döyüşünü izləyəndə, anlamışdım ki, gələcəkdə yaxşı boksçu olacaq. Boksu hərtərəfli hiss edən uşaq idi. Elvində ən çox bəyəndiyim cəhətlər döyüşkənliyi və rəqibini oxumasıdır. Hər rəqibə uyğun fərqli taktika seçməyi bacarır. Bunlar bir boksçu üçün ən önəmli xüsusiyyətlərdir. Bəzi adamlar deyir ki, onun daha rinqdə heç bir potensialı qalmayıb. Amma mən illərini boksda qoymuş, bu idman növündə yetərincə təcrübəyə malik bir insan olaraq deyirəm ki, o, hələ son sözünü deməyib".

İdman azarkeşi

Uşaqlıqdan bir çox idman növünü, ələlxüsus da təmsilçilərimizin çıxışlarını yaxından izləyir. Futbol, güləş və cüdodan xeyli məlumatlıdır. Futbol klublarından "Qarabağ" və "Barselona"ya azarkeşlik edir. Dediyinə görə, Şahin İmranovun Afina olimpiadasında rusiyalı boksçu Aleksey Tişenko ilə görüşdə üzləşdiyi talesizlikdən çox sarsılıb, onun dörd il sonra Pekində medal qazanmasına isə bir o qədər sevinib. İkiqat olimpiya vitse-çempionumuz Rövşən Bayramova qarşı xüsusi rəğbəti var. Onun üçün ən unudulmaz məqamlar isə Fərid Mansurov və Elnur Məmmədlinin olimpiya çempionluqlarıdır. Bu uğurlara onların özü qədər sevindiyini deyir, Elvin.
Kumiri isə boks üzrə ilk dünya çempionumuz, Afina olimpiadasının bürünc mükafatçısı Ağası Məmmədovdur.

Dostcanlı, kino həvəskarı

Dostluq onun üçün çox böyük dəyərdir. İdmançılar arasında ən dostcanlı insanlardan biridir desək, yanılmarıq. Teymur Məmmədov, Pərviz Bağırov, Rüfət Hüseynov, Elvin İsayev və başqa komanda yoldaşları ilə yanaşı, digər növlərdən olan idmançılarla yaxın dostluq münasibəti qurub. Onların arasında cüdo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov, sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev və ikiqat Avropa çempionu Cəbrayıl Həsənov da var. Bu seçimdə birbaşa insani keyfiyyətlərə önəm verir. Bu günə qədər qazandığı uğurlarda özü qədər də dostlarının payı olduğunu qeyd edir. Elvin paylaşmaq mədəniyyətini özünə aşılayan gənclərdəndir. İstər maddi, istər mənəvi planda bu xüsusiyyəti həyat amalına çevirib.
Film izləməyi çox sevir. Dostları və ailə üzvləri ilə birgə tez-tez kinoteatra gedir. Məşqlərin yaratdığı gərginliyi bu yolla atır. Keçmiş filmlərimizi izləməkdən doymur. Ən sevdiyi isə "Axırıncı aşırım" filmidir. Ölməz aktyorumuz Məlik Dadaşovun canlandırdığı "Qəmlo" obrazı isə bütün təzadları ilə birgə könlündə taxt qurub.

Portret

Ağıllı, təmkinli, texnikalı boksçudur. Rinqdə nə qədər soyuqqanlıdırsa, insanlarla münasibətdə o dərəcədə istiqanlıdır. Elvin, hazırda karyerasının yorğunluq fasiləsindədir. Dönüşünün möhtəşəm olacağına hamıdan çox özü inanır. Bu əminliyi ona çalışqanlığı verib. Portret cizgilərində ən önəmli cəhətlərdən biri də, istedadla zəhmətin vəhdətidir.
Sahib
banner

Oxşar Xəbərlər