AZE | RUS | ENG |

“Futbol adamları heç vaxt birliyə nail ola bilməzlər» stereotipini dağıtmaq lazımdır”

“Futbol adamları heç vaxt birliyə nail ola bilməzlər» stereotipini dağıtmaq lazımdır”
Nazim Süleymanov: "Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı hər hansı bir ictimai təşkilata alternativ yaradılmayıb”
 
 
Azərbaycanın futbol təsərrüfatında Həmkarlar İttifaqının fəaliyyəti olmayıb. Bu boşluq isə zaman-zaman müəyyən problemlər yaradıb. Ancaq deyəsən, Azərbaycan futbolunda da bu boşluğun aradan qaldırılmasına start verilib. Bir qrup futbol veteranının Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqını təsis etdiyi barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, təsis yığıncağı keçirən veteranlar Azərbaycan futbolunun məşhur siması Nazim Süleymanovu sədr seçiblər. Məsələ ilə bağlı Nazim Süleymanovla söhbətləşdik. Veteran futbolçu "Kaspi” qəzetinə verdiyi müsahibədə təşkilatın yaranmasını zəruri edən amillər və gələcək planlar barədə danışdı. 
 
- Nazim müəllim, eşitdiyimizə görə yeni bir qurum yaranır. Bu məlumat nə dərəcədə doğrudur?
 
- Bəli, doğrudur. Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqını təsis etmişik. Ancaq Həmkarlar İttifaqının mövcudluğu üçün Azərbaycan Respublikasının Qanunvericiliyində hüquqi baza olduğu halda, Azərbaycanın futbol qurumlarında, ictimaiyyətində Həmkarlar Təşkilatının fəaliyyəti yoxdur. Ona görə də bir qrup futbol xadiminin təşəbbüsü ilə  Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqını təsis etdik. Təşəbbüs qrupu bəndənizi qrupun rəhbəri seçdi. 
 
- Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı (AFİAHİ) hansı zərurətdən yarandı? 
- Əvvəlcə xatırladım ki, SSRİ dövründə bütün idarə, müəssisə, təşkilatlarda çalışan insanların hamısını kütləvi şəkildə Həmkarlar Təşkilatına üzv qəbul edərdilər. Üzv qəbul edildiyi vaxtdan etibarən onların aylıq əmək haqqından təşkilata üzvlük haqqı tutulardı. Bu təşkilat, üzvlərinin əmək və sosial hüquqlarını müdafiə edən yeganə ictimai təşkilatdır.
SSRİ dağıldıqdan sonra bu sahədə xeyli boşluqlar yarandı. Yeni adda, formatda həmkarlar təşkilatının yaranması üçün zərurət yarandı. 24 fevral 1994-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanda Həmkarlar Təşkilatının (HT) yaranması və fəaliyyəti üçün hüquqi baza olaraq Azərbaycan Respublikasının Həmkarlar İttifaqı haqqında qanun imzaladı.
Qanunun 1-ci maddəsində deyilir: Həmkarlar İttifaqı istehsal və qeyri-istehsal sahəsində çalışan işçilərin, habelə pensiyaçıların, təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelrinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.
Qanunun 3-cü maddəsində uyğun olaraq, işçilər, pensiyaçılar heç bir fərq qoymadan, öz istəkləri ilə qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqı yaratmaq, öz qanuni mənafelərini əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün Həmkarlar İttifaqına daxil olub həmkarlar ittifaqında fəaliyyət göstərməsi hüququna malikdirlər. 
Qanunun 1-ci maddəsinə uyğun olaraq, ən azı 7 nəfərin Həmkarlar İttifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var. Müəssisə, idarə rəhbərləri isə Həmkarlar İttifaqının fəaliyyətinə məhdudiyyət yox, şərait yaratmaqdır. Çünki Həmkarlar İttifaqının fəaliyyəti işçinin haqq və hüquqlarını müdafiə edən yeganə təşkilatdır. Hesab edirəm ki, Azərbaycanın futbol təsərrüfatında da bu sahədə kifayət qədər çatışmazlıqlar olduğuna görə, Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqını yaratmaq zəruri idi.      
 
- Bu günə qədər futbol təsərrüfatında belə bir qurum mövcud deyildi?
- Mən ayrı-ayrı futbol qurumlarında, futbol klublarında Həmkarlar Təşkilatının fəaliyyət göstərib-göstərmədiyini bilmirəm. Bəlkə də fəaliyyəti hiss olunmayacaq səviyyədə, formal olaraq hansısa futbol qurumunda var. Onu deyə bilərəm ki, milli komandada məşqçi kimi çalışdığım vaxtda nə AFFA-da, nə də AZAL,  "Neftçi”, "Sumqayıt” klublarında işlədiyim zaman Həmkarlar Təşkilatının mövcudluğunu hiss etmədim. Hətta, futbol qurumlarında Həmkarlar Təşkilatı olsa belə, nə biz onların fəaliyyətinə, nə də onların bizim fəaliyyətimizə mane olmaq, qadağa qoymaq səlahiyyəti yoxdur. Qanun, müxtəlif adlarla Həmkarlar Təşkilatı yaranmasına və fəaliyyətinə hüquqi əsas yaradır.
 
- Belə söhbətlər var ki, bu təşkilat hansısa ictimai qurumlara alternativ olaraq yaradılıb? Bu fikir nə dərəcədə doğrudur?
- Fürsətdən istifadə edərək demək istəyirəm ki, bizim təsis etdiyimiz Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı mövcud olan və bundan sonra da yaradılacaq hər hansı bir ictimai təşkilata alternativ yaradılmayıb. Hətta, futbol ictimaiyyətinin baş idarəsi kimi tanınan AFFA-da belə bir qurum mövcud olarsa, biz onlarla da qarşılıqlı faydalanmaq naminə birgə fəaliyyət göstərməyə hazırıq.
Demək istəyirəm ki, biz ittifaqı fəaliyyəti mövcud olan Azərbaycan Futbol Veteranları Təşkilatının, adını bilmədiyim digər ictimai qurumların alternativi kimi yaratmadıq. Çalışacağıq ki, Azərbaycanda futbolun inkişafı və bu sahədə çalışan insanların haqq və hüquqlarının qorunması naminə çalışan qurumlarla əl-ələ verib birgə fəaliyyət göstərək. Buna nə qədər nail olacağımızı isə zaman göstərəcək. 
 
- AFİAHİ-ni daha çox, futbol veteranları və işləməyən futbol mütəxəssislərinin yaratmaqda maraqlı olmasının hər hansı bir səbəbi varmı? 
 
- Doğrudur, bir çoxları Həmkarlar Təşkilatının işi və məqsəd-məramı ilə doğru-düzgün tanış deyil. Bəzən isə çaşdırıcı fikir yürüdüb, məqsəddən bilərəkdən yayındırıcı söhbətlər edənlər ola bilər. Ona görə, işləyənlərin çoxu bu təşkilata qoşulmaqda tərəddüd edirlər. Amma anlamaq lazımdır ki, futbol sferasında bilərəkdən yaradılmış «futbol adamları heç vaxt birliyə nail ola bilməzlər» stereotipini dağıtmaq lazımdır. Çünki bu fikirlə, bizləri çox zaman bilərəkdən üz-üzə qoyublar. Kimsə öz şəxsi mənafeyini həyata keçirmək üçün bundan yararlanıb. Əslində işləyən futbol adamları bu təşkilatın yaranmasında daha çox maraqlı olmalıdırlar ki, biz də onların pozulmuş hüquqları ilə məşğul ola bilək. Bir də ki, Həmkarlar Təşkilatı özü-özünü maliyyələşdirən qurumdur. Gərək üzvlük haqqı toplansın ki, bu təşkilatın yaşaması da mümkün olsun. Biz bilməliyik ki, pozulmuş hüquqlarımızın müdafiəsi ilə məşğul olası yeganə qurum Həmkarlar Təşkilatıdır. Çünki bu təşkilat üçün Azərbaycan dövləti qanuni hüquqi baza yaradıb. Həmkarlar Təşkilatı, istər işləyənlərin, istərsə də bu sahədə çalışıb hal-hazırda təqaüddə olanların, ümumiyyətlə, bu sferada çalışan, çalışmış insanların qayğısına qalmaq istəyir. Ona görə də, sıralarımızda daha çox insanların birləşməsində maraqlıyıq.
 
- Kimlər sizin təşkilatın üzvü ola bilər? 
 
- Futbol təsərrüfatında çalışan və çalışmış hər bir kəs bizim üzvümüz ola bilər. Hakimlər, həkim və masajçılar,  menecerlər, inzibatçılar, idman mediasının nümayəndələri, bir sözlə, futbol təsərrüfatına aid olan hər kəs. Əlbəttə ki, bu qurumun fəaliyyətində adından da məlum olduğu kimi, futbolçular daha çox maraqlı olmalıdırlar.
 
- Təşəbbüs qrupu yaratdınız, növbəti addımınız nədən ibarət olacaq?
 
-  Təşəbbüs qrupu artıq varlığını bəyan edib. İlk olaraq Həmkarlar Təşkilatının məramnaməsini qəbul etməliyik. Sıralarımızı genişləndirməklə, təşkilatın strukturlarını yaratmalıyıq. Sonra AFFA rəhbərliyi ilə görüşmək və fəaliyyətimizi qanunvericiliyə uyğun olaraq davam etdirməyi planlaşdırırıq. Biz Azərbaycan futbolu naminə şəffaflığın və ədalətin qorunması üçün yola çıxdıq. Bu yol, bizim hüququmuzu bilib, haqqımıza nail olmağa doğru gedir. Buyurun, istənilən vaxt bizə qoşula bilərsiniz. Məndən və təsisçilərdən xüsusi dəvət, təklif, gözləmək lazım deyil. Bu təşkilat bizim hər birimiz üçün  lazım və vacibdir.  Hər kəsə bu yolda uğurlar arzu edirəm. 
 
 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9066
GEL 1 1 Gürcüstan larisi 0.5954
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1114
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.181
CHF 1 1 İsveçrə frankı 1.7218
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2976