• cümə, 29 Mart, 00:25
  • Baku Bakı 7°C

«Üfüqlər burada sakitdir» filmi 40 yaşında Fotolar

24.05.13 09:15 15940
«Üfüqlər burada sakitdir» filmi 40 yaşında Fotolar
Sovet kinosunun klassiki Stanislav Rostoskinin bu filmi milyonlarla insanı birləşdirib. Film «Oskar»a iddia edib. Təkcə 1973-cü ildə SSRİ-də ona 66 milyon insan baxıb. Bir neçə nəsil tamaşaçılar üçün filmdə çəkilən aktyorlar elə də qalıblar. 40 illik yubileyi qeyd edilən «Üfüqlər burada sakitdir» filmi müharibənin milyonlarla qurbanı haqqındadır. Təkcə qəhrəmanlıqla həlak olan 5 qıza deyil, milyonlarla cəsur gənc qız və oğlanlara həsr olunub.
Aktyor debütant Andrey Martınov – starşina Fedot Baskov, gənc aktrisa Olqa Ostroumova (Jenka Komelkova), İrina Şevçuk (Rita Osyanina), Yekatrina Markova (Qalka Çetvertak), İrina Dolqonova (Sonya Qurviç), Yelena Drapeko (Liza Briçkino) - onlar o vaxtdan bəri bu filmə göz yaşlarsız baxa bilmirlər. Onlar bütün həyatları boyu öz qəhrəmanları kimi ləyaqətli olmağa çalışıblar. Elə biliblər ki, həmin qızlar onlara səmadan baxır, onları daim izləyirlər. Həmişə qulaqlarında komandirlərinin ümid dolu səsi eşidilir: «Beş qız vardı, cəmi beş...”
Müharibədə olan qadınlara ithaf
Boris Vasilyevin 1969-cu ildə yazdığı «Gənclər» povestini 1971-ci ildə Yuri Lubimov Taqankada tamaşaya qoyub. Müharibə haqqında təsiredici tamaşa auditoriyanı valeh edib. Zalda insanlar tamaşaya baxarkən ağlayırdı. Həm də ağlayan təkcə qadınlar deyildi. Deyirlər ki, Leonid İliç Brejnev tamaşaya baxmağa getməyib. O, insanların göz yaşlarını görmək istəməyib. Amma Çin lideri Den Syaopin bütün Çin xalqı kimi “Sakit üfüqlər”ə pərəstiş edib.
Rus kinosunun hərbi kino səhifəsində «Durnalar uçanda», «İvanovun uşaqlığı», «Azadlıq», «Gəl və bax» kimi ağ-qara filmlər böyük şöhrət qazansa da, «Sakit üfüqlər» ekrana çıxanda nədənsə insanların qəlbinə daha çox nüfuz etdi. Ekran əsəri hətta, ən dözümlü tamaşaçıların da qəlbinə təsir edirdi.
Filmin rejissoru Stanislav Rostovski özü müharibədə olmuşdu. Müharibənin onun qəlbində həmişəlik yarası vardı. O, müharibəyə könüllü gedib. Ağır yaralanan Rostovskinin həyatını Anna adlı tibb bacısı xilas edib. O, yaralı əsgəri bir neçə kilometr öz gücü ilə sürüyüb. Rejissor sonradan bu filmi çəkməklə müharibədə olan qadınlara həsr etmək istəyib.
Film 1973-cü ildə çəkilib və dərhal da böyük rezonans doğurub. 1960-80-ci illərdə müharibə haqqında çəkilən filmlər arasında böyük populyarlıq qazanıb. Çəkilişlər Kareliya rayonunun Syarqilaxta kəndində və «Mosfilm»in pavilyonlarında həyata keçirilib. Çəkilişlərin getdiyi Karelyadakı həmin yerləri indi ekskursiyaya gələnlərə göstərirlər. Göl, Liza Briçkinanın boğulduğu bataqlıq, yaşıl və sıx meşə...
Rejissor filmin çəkilişlərindən sonra Annanı axtarıb və kontuziyadan kor olan qıza ekranda baş verənləri danışıb. Anna hönkür-hönkür ağlayıb...
Arxada Rusiyadır
Filmin süjeti gerçək hadisə üzərində qurulub. 16 faşist-diversant Kirov yaxınlığındakı dəmiryoluna gələrək mühüm obyektləri partlatmaq əmri alır. 5 qız və bir starşina onların yolu üstündə duraraq qeyri-bərabər döyüşə girir. Bu, böyük qələbəni qazandıran şücaətlərdən biri idi.
Bəlkə filmin qəhrəmanları müharibənin nə olduğunu bilmirdilər. Starşina əsgərlərin davranışından narazı olduğu üçün döyüşmək üçün qızları seçmişdi. Gözəl, mehriban, şən... Onlar ümumi həyat yaşayırlar. Bir-biri ilə zarafat edir, dərdlərini bölüşürlər. Eyni zamanda başa düşürlər ki, onlar yaxşı döyüşçü ola bilərlər. Onların çoxu orta məktəbi bitirmişdi. Təkcə bütün ailəsini itirən Jenka, nisbətən yaşca böyük olan Rita, ərini itirən və oğlunu dünyaya gətirə bilməyən Şevçuk bu dəhşətin nə demək olduğunu anlayırdı. Qalya Çetvertak alman əsgərini görən kimi «ana» deyə qışqırır, romantik Sonya bərkdən Blokun şeirlərini, hətta, soyuq suda çimərkən ucadan «Katyuşa»nı oxuyaraq isterik hal keçirən gənc qızın vəziyyətini nümayiş etdirir.
Çəkilişlər öncəsi aktrisalar tələbkar starşinanın kursunu keçirdilər. Yürüş edir, hərbi qaydada salam verməyi, sürünməyi, zenit topu və tüfənglə davranmağı öyrənirdilər. Sonyanın çəkmələri həqiqətən iki ölçü böyük idi. Onların çiyin çantasına kərpic doldurulurdu. Qızlar bu yükü zorla daşıyırdılar.
Çəkiliş zamanı Yelena Drapeko gərçəkdən boğulmaqdan xilas olub. Hər dublda onlar bataqlığın dərinliklərinə gedir, yenidən xilas olurdular. Drapeko isə bir dəfə suyun altında qalıb. Onu güclə xilas ediblər. Qalka sapoqunun birini itirib. Aktrisalar həmin bataqlığa girmək üçün xüsusi hidrokostyumlar geyinirdilər. Onlara bataqlıqda çəkilmək doğurdan da çətin idi. Onlar hamam səhnəsində alt paltarsız çəkilməyə imtina ediblər. Bu, senzura dövründə çox təhlükəli idi. Rejissor hətta, həmin səhnədə çəkilməyə modelləri dəvət etmək istəyib. Amma özünü utancaq qızlarına tutaraq onları inandıra bilib ki, meydançada yalnız o və operator olacaq. Rejissor qızları bir yerə yığaraq sadə və açıq danışıb: «Başa düşün, mən qız bədənlərini göstərmək istəyirəm. Onlar doğub böyütməli, uşaq yedizdirməlidirlər. Ancaq onların əlində güllələr və qumbaralar var. Mənə lazımdır ki, güllənin hara düşdüyünü göstərim. İnsanlara demək istəyirəm ki, güllə kişi bədənlərinə deyil, doğmalı olan qadın bədənlərinə düşür».
Təəssüf ki, həmin səhnə ilə bağlı bir sıra kadrlar sovet dövrünün senzurasına uyğun olaraq kəsilib.
Sonra Vaskov həlak olan Sonyanın şəklinə baxaraq danışır: «Qızlar dünyaya uşaq gətirə bilərdilər, nəvə-nəticə dünyaya gələrdi, ip də qırılmazdı. Ancaq onlar bu ipi bıçaqla qırdılar. Əlbəttə, onlara dəhşətli idi. Ancaq başqa cür də ola bilərdi. Onlara yaşamaq lazım idi. Arxada isə Rusiya idi. Daha sadə desək, Vətən».
Qızlar bir-birinin ardınca həlak olurlar. Təkcə sağ qalan Fedot Vaskov olur. O, yaralı və demək olar ki, silahsız vəziyyətdə komandirqarışıq alman diversantlarını əsir götürərək sovet döyüşçülərinə təhvil verir. Ordudan tərxis olunandan sonra isə Fedot Vaskov Rita Osyaninanın oğlunu övladlığa götürür.
Beş qız və starşina...
Kinoqrupda çoxlu keçmiş döyüşçülər olduğu üçün hər bir aktrisanın seçimi zamanı səsvermə keçirilib. Olqa Ostroumovaya qədər Jenya Komelkova roluna çoxlu aktrisalar dəvət olunub. Ancaq rejissor seçimini məhz Olqanın üzərində saxlayıb. Aktrisalar arasında təkcə Olqa Astroumova rejissorun məşhur «Bazar ertəsinə qədər yaşayarıq» filmində çəkilmişdi və kifayət qədər məşhur idi. Ancaq baş rolda oynayan digər aktrisalar üçün bu film debüt idi.
Qızların dördü üçün bu film debüt olsa da ağıllarına gəlməzdi ki, onların çoxmilyonlu pərəstişkar ordusu yaranacaq. Rita Osyanina rolunu oynayan İrina Şevçuk qarnından aldığı yara ilə ölən qəhrəmanın əzablarını o qədər real oynayır ki, tamaşaçı göz yaşlarını saxlaya bilmir. Həmin rola minnətdar olaraq bu gün Şevçuk MDB və Baltikyanı ölkələrin «Kinoşok» açıq kino festivalının direktorudur.
Liza Briçkina rolunu oynayan Yelena Drapekonun hansısa məqamlarda rejissorla narazılığı yaranıb. Rejissor hətta, Yelenanı filmdən uzaqlaşdırmaq istəyib. Sonra isə araları düzəlib. Gerçək həyatda isə Drapeko həqiqətən Andrey Martınova vurulub. Bu gün döyüşçü Briçkina-Drapeko Dövlət Dumasında oturur. O, deputatdır. Dövlət Duması mədəniyyət və turizm komitəsinin sədr müavinidir.
Yekatrina Markovanı tamaşaçılar Qalya Çetvertak surəti ilə seviblər. Çox az adam bilir ki, bu aktrisa hazırda dedektiv romanlar üzərində işləyir.
Sonya Qurviç İrina Dolqonova rolunu o qədər gözəl oynayıb ki, Nijni-Novqorodun meri onun oyununa heyran olaraq aktrisaya «Volqa» maşını bağışlayıb.
Qaraqabaq Voskov rolunun ifaçısı Andrey Martınovun seçiminə rejissor əvvəlcə şübhə ilə yanaşsa da, çəkiliş qrupu gizli səsvermə yolu ilə seçimi onun üzərində saxlayıb. Çəkiliş üçün hətta, Martınovun bığlarını da uzadıblar. Rejissorla onlar şərt kəsiblər: Voskovun filmdə özünəməxsus danışığı – yerli dialekti olacaq. Andrey İvanova kəndində doğulmuşdu. Bu filmdəki rolu onu az qala ulduza çevirir. Andrey Martınovun 26 yaşı tamam olmamışdı, amma o, 32 yaşlı «qoca» Vaskovu oynayırdı. Filmə qədər qədər aktyor orduda 3 il xidmət etmişdi. Martınov alman qızı ilə evlənmişdi, amma Almaniyada qalmamışdı. Aktyor bu filmdən sonra daha heç bir filmə çəkilməyib. Ancaq «Şindlerin siyahısı» filminin dublyajına görə şəxsən Stiven Spilberqin özündən təşəkkür alıb.
“Burda üfüqlər sakitdir” filminin ilk nümayişi Venesiyada və Sorrentada böyük müvəffəqiyyət qazanır. “Rossiya” kinoteatrında isə növbələr aylarla davam edirdi. Ekran əsəri bir neçə beynəlxalq festivalın laureatı oldu. Amerika Kino İncəsənəti Akademiyası onu dünya kinosunun 5 ən yaxşı filmi nominasiyasına layiq gördü. Film Venesiya festivalının prizini qazandı. Ekrana çıxandan bir il sonra isə «Oskar» nominantı oldu.
“Arqumentı i faktı” qəzetindən çevirdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər