• şənbə, 20 Aprel, 16:24
  • Baku Bakı 23°C

“Fuad LTD”dən zərərçəkənlərə heç nə ödənməyib

18.12.13 09:51 2782
“Fuad LTD”dən zərərçəkənlərə heç nə ödənməyib
Vətəndaşları aldadaraq külli miqdarda pulu mənimsəyən “Fuad LTD” MMC-nin direktoru Qasım Məmmədova qarşı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başladılan cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaq zamanı məlum olub ki, Qasım Məmmədov 2005-2009-cu illər arasında “Fuad LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən cəmiyyətin mühasibi Ramin İbrahimovla əlbir olaraq, Xırdalan şəhərində tikilən çoxmərtəbəli yaşayış binasından mənzil almaq məqsədilə 186 şəxsin ödədiyi 1 milyon 845 min 802 manat pulu ələ keçirib, eləcə də 2005-ci ildən bu yana əldə etdiyi 1 milyon 74 min 841 manat vəsaiti vergidən yayındırıb. Qasım Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
Cinayət işinin istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Fuad LTD” MMC-nin mühasibi Ramin İbrahimov barəsində istintaq isə davam etdirilir.
Prokurorluğun məlumatında qeyd edilir ki, istintaq dövründə vətəndaşlara dəymiş ziyan tam məbləğdə ödətdirilib. Amma xəbəri mətbuatda oxuyan zərərçəkənlər redaksiyamızla əlaqə saxlayaraq zərərin ödənmədiyini bildiriblər. Zərərçəkənlərlə söhbətdən aydın oldu ki, onların əksəriyyətinə heç bir zərər ödənilməyib: “Nə evlə təmin olunmuşuq, nə də pullarımız qaytarılıb”. Zərərçəkən Teymur Əliyevin qeyd etdi ki, bu məlumatı oxuyarkən təəccüblənib: “2006-cı ildə “Fuad LTD” ilə ev alınması haqda müqavilə bağlamışam. Pulun bir hissəsini şirkətə köçürmüşəm, daha sonra binada tikinti işləri dayandırlıb, şirkət müflis olub. Sonradan məlum olub ki, rəhbərliyi fırıldaqçı imiş, bir evi bir neçə vətəndaşa satıb külli miqdarda pul mənimsəyiblər. Bina tikilməyib, heç kimə ev verilməyib, pullar batıb”. T.Əliyevin sözlərinə görə, şirkətə təxminən 14500 manat ödəyib.
Bütün bunlardan sonra sakinlərin narazılığı əsasında iş açılıb, uzun müddət davam edən istintaqın gedişində zərərçəkən kimi T.Əliyev də tanınıb: “Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bir neçə dəfə ifadə vermişəm. Nəhayət, son görüşümüzdə istintaqı aparan müstəntiq Rafael müəllim bildirdi ki, tikintisi yarımçıq qalmış bina yeni şirkətə həvalə edilib, şirkət “Abşeron-2013” adlanır. O da bildirildi ki, “Abşeron-2013” şirkətinə bütün zərərçəkənləri razı salmaq öhdəliyi qoyulub. Yəni yeni şirkət bizə ya ev verəcəkdi, ya pullarımızı qaytaracaqdı. Bundan sonra biz yeni şirkətin rəhbərliyi ilə danışıqlara başladıq, lakin aylardır proses davam edir, ortada bir şey yoxdur”. Zərərçəkmişin sözlərinə görə, “Abşeron-2013”-ün rəhbərliyi onlara yeni müqavilə bağlamaq üçün elə şərtlər söyləyib ki, o qiymətə həmin ərazidən daha ucuz qiymətə hazır ev almaq mümkündür: “Uzun danışıqlardan sonra pulun qaytarılmasına razılaşdıq, amma yenə ala bilmədim. Sonuncu dəfə şirkətin rəhbəri Azər müəllimlə görüşdük və bildirdi ki, köhnə şirkətin rəhbəri Qasım müəllim şikayət edib hüquq-mühafizə orqanlarına ki, bina ondan zorla alınıb yeni şirkətə verilib. Ona görə də binanın həqiqətən onun mülkiyyətində olması məhkəmədə təsdiqlənənə qədər nə ev verilir, nə pul qaytarılır, biz sözlə, zərərçəkənlərlə əməliyyat dayandırılır. Prokurorluğun rəsmi məlumatını oxuyanda çox sevindik ki, uzun illərdən sonra bu işə aydınlıq gətirilir. Amma zərərçəkənlərə zərərin tam ödənməsi haqda düzgün olmayan xəbər bizi məyus etdi”.
“Abşeron-2013” şirkətinin Azər adlı rəhbərinə telefon açıb məsələ ilə bağlı münasibətini öyrənmək istəsək də, kobudluqla üzləşdik. Birinci zəngimizdə özümüzü təqdim edib iş üzrə zərərçəkənlərin redaksiyaya müraciət etdiyini, onun da adının hallandırıldığını bildirib münasibət istədik. Şirkət rəhbəri əvvəlcə heç nə demədən telefonu qapatsa da, ikinci zəngimizdə kobudluq sərgilədi. Yenə də nəzakətlə zəngimizin səbəbinin onun mövqeyini öyrənmək olduğunu bildirdik. Lakin bu dəfə də telefonu qapatdı və məsələyə münasibət bildirməkdən imtina etdi.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində zərərçəkənləri dindirən Rafael adlı müstəntiqlə də əlaqə saxlamağa çalışdıq. Lakin müstəntiqin telefonu bir neçə gün ərzində daxil olan zəngləri qəbul etmədi.
Baş Prokurorluğun mətbuat xidmətinə də müraciət edib məsələyə münasibət öyrənmək istədik. Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məsələni araşdırıb ictimaiyyətə açıqlama veriləcəyini bildirdi.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər