• cümə axşamı, 25 aprel, 16:16
  • Baku Bakı 23°C

FTB gürcülərə köməyə gəlir

30.11.17 09:00 2759
FTB gürcülərə köməyə gəlir
Gürcüstanda ötən həftə yaşanan qalmaqallı terror əməliyyatını Birləşmiş Ştatların Federal Təhqiqat Bürosu (FTB) araşdıracaq. ABŞ tərəfi terror əməliyyatını araşdırmaq üçün rəsmi Tbilisiyə yardım etmək qərarına gəlib. Bu məqsədlə okeanın o tayından Gürcüstana bir qrup mütəxəssis göndərilir. Gürcü nəşrlərinin yaydığı xəbərə görə, bu barədə məlumatı ABŞ-ın bu ölkədəki səfiri Yan Kelli çatdırıb. Birləşmiş Ştatlar Gürcüstanda zərərsizləşdirilən terrorçu Əhməd Çatayevin ölkə ərazisində necə peyda olması ilə də ciddi şəkildə maraqlanır. Bu şəxs bir neçə ölkə tərəfindən beynəlxalq axtarışa verilib. Elə bu suala Gürcüstan parlamentinin həm müxalifətdən, həm da hakim partiyasından olan deputatları da cavab tapmaqda maraqlı olduqlarını bildiriblər. Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri deputatların bununla bağlı sorğusuna cavab verməyə razılıq verib. "Apsny.ge” yazır ki, idarə rəhbəri deputatların iştirakı ilə "inam formatı”nın keçirilməsinə razılıq verib. İndi artıq dəqiq məlum olub ki, paytaxtın Qabriel Monax küçəsində öldürülənlərdən biri Əhməd Çatayevdir. "Tək qol” ləqəbli bu terrorçu dünya miqyasında ən təhlükəli terrorçulardan biri kimi tanınır. "İslam dövləti” (İŞİD) terror təşkilatında nüfuzlu bir sima kimi ad çıxarmış bu şəxs Tbilisidə keçirilən əməliyyatlar zamanı özünü partladıb. Gürcüstanın "Rustavi-2” telekanalı öz efirində terrorçunun qalıqlarını nümayiş etdirib.
Telekanal bir neçə dəfə uşaqları və əsəbləri zəif olanları teleekranın qarşısından çəkilmək barədə xəbərdarlıq da edib. Meyiti yalnız protezin qalıqlarından tanımaq mümkün olub. Terror qrupunun digər bir üzvünün də şəxsiyyətini müəyyən etmək mümkün olub. Bu şəxs Adam (Quram) Qumaşvili olub. Bu iki şəxsin öldürülməsini "Qafqaz xalqlarının inteqrasiyası Fondu”nun rəhbəri Umar İdiqov da təsdiqləyib. O bildirib ki, vasitəçilərin köməyi ilə qətlə yetirilən terrorçunun Gürcüstana gəlmək planları barədə əvvəldən məlumatlı olub. "Lakin Çatayevə bildiriblər ki, bura gəlməsi məsləhət deyil. Bu şəxs İnterpol tərəfindən axtarışda olub. Onsuz da çeçenlərə görə Gürcüstanda vəziyyət mürəkkəbdir. Bu səbəbdən də mən ona dedim ki, ölkəyə gəlməsə yaxşıdır. Lakin o, gəlməyə qərar verdi. Mən təəccübləndim ki, Tbilisidə ola-ola mənimlə görüşmək istəmədi - bizim çox yaxşı münasibətlərimiz var idi”, - deyə İdiqov terrorçu ilə münasibətləri olduğunu gizlətməyib. Onun sözlərinə görə, ləğv edilən terrorçu qrup Gürcüstanda hansısa bir terror aktı həyata keçirmək niyyətində olmayıb. Yəni, istəsəydi bunu çoxdan həyata keçirərdi. İdiqov onu da iddia edir ki, həbs edilən Dudayev qanunsuz birləşmələrin üzvü olmayıb. Onun əsas işi dəstə üzvlərinə məişət və təsərrüfat sahəsində kömək etmək olub. Gürcüstan Ombudsmanı Uça Naunaşvili də onun dediklərini təsdiq edib. "Düzdür, onun üzərində silah olub, ancaq hər hansı qruplaşmaya daxil olmayıb”. Bina yaxınlığında yaşayan insanlar da bildiriblər ki, məhv edilən şəxslər gizli həyat tərzi sürməyiblər. Hətta elə olub ki, küçəyə çıxıb onlarla söhbət də ediblər. Təbii ki, bəlli idi ki, onlar gürcü deyillər, şimali qafqazlıdırlar. Lakin hər hansı bir şübhə doğurmayıblar.
Baş verənlər son seçkilərdə məğlub olan müxalifətə hakimiyyətə qarşı hücuma keçməyə əsas vermiş olub. Parlament azlığının nümayəndəsi Yelena Xoştariya bildirib ki, xüsusi əməliyyat barədə bütün məlumatları əldə etmək gərəkdir. "Terrorçunun necə Gürcüstan sərhədlərinin aşıb maneəsiz ölkəyə gəlməsi, ən əsası, özü ilə silah arsenalı keçirməsinə cavab verilməlidir. 2012-ci ildə hakimiyyətə gələn "Gürcü arzusu” Çatayevi niyə azadlığa buraxdı? Ədliyyə naziri Teya Çulukianu parlamentə gəlməli və bu kimi suallara cavab verməlidir”, - deyə Xoştariya bildirib.
Çulukiani isə parlamentə gəlməkdən imtina edib. Onun yerinə parlamentin hüquqi məsələlər komitəsinin rəhbəri Eka Beseliya bildirib ki, "əvvəlki hakimiyyətin nümayəndələri bu kimi məsələləri gündəmə gətirmək hüququna malik deyillər və belə məsələləri gündəmə gətirə bilməzlər: "Çünki, məhz indiki hakimiyyət onların qoyub getdikləri ağır mirası aradan qaldırmağa çalışır. Onlar hamısı gözəl bilirlər ki, hadisələr necə baş verib. Bu səbəbdən də təxribatlar təşkil etmək gərək deyil”. "Xronika+” qəzetinin baş redaktoru Eliso Kiladze isə "Rustavi-2” telekanalında Çatayevin Gürcüstana necə gəlməsinə toxunub. "Etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, Çatayev iki ay bundan əvvəl tərəfdarları ilə birgə leqal şəkildə Gürcüstana gəlib. Özü də gürcü xüsusi xidmət orqanlarının müşayiəti və gürcü pasportu ilə. Rakka süqut etdikdən sonra İŞİD liderləri müxtəlif ölkələrə səpələniblər. O, həmçinin bildirib ki, Çatayevin xanımı Aina Marqoşvili və azyaşlı oğlu hazırda etnik çeçenlərin məskunlaşdığı Pankisi dərəsində yaşayır. Bu yaxınlarda Türkiyəyə keçmək istəsə də, Tbilisi aeroportunda onu buraxmayıblar. Bu faktı Qela Mtivliaşvili də təsdiqləyib. "Pirveli” kanalına müsahibəsində bildirib ki, həqiqətən də Aina oğlu ilə Türkiyəyə getmək istəsə də, onu buraxmayıblar.
Belə olan halda, ortaya belə bir sual çıxır – əgər xüsusi xidmət orqanları Çatayevə ölkəyə gəlmək üçün şərait yaradıblarsa, onda onun ələ keçirilməsi üçün əməliyyat keçirmək nəyə gərək olub? Hüquq müdafiəçisi Qela Nikolaşvili istisna etmir ki, Beynəlxalq antiterror mərkəzi terror qrupunun Gürcüstana gəlməsinə imkan verməklə onları tələyə salıb. Onun qənaətincə, əməliyyatın məqsədi xeyli informasiyaya malik Çatayev olub. "Lakin niyə elə başa düşüblər ki, o, təslim olacaq? Əməliyyat özü isə planlaşdırılana oxşamayıb. Planlaşdırılan əməliyyat 20 saat sürə bilməzdi”, - deyə o bildirib. Xüsusi xidmət orqanlarının adının çəkilməsini istəməyən keçmiş əməkdaşı isə gürcü televiziyasına bildirib ki, orqanlarda başıpozuqluğun baş alıb getdiyini istisna etmir. Hansısa bir qrup öz şəxsi məqsədləri üçün Çatayevin ölkəyə gəlməsinə imkan və şərait yaradıb. "Sövdələşmə”nin üstün açılıb və təslim olmaq istəməyənlərə qarşı əməliyyat keçirmək zərurəti yaranıb. Parlament çoxluğunun nümayəndəsi Goergi Volski də bildirib ki, cəmiyyət baş verənlərin təfərrüatını bilməlidir. O, ümidvardır ki, güc strukturları baş verənlərə aydınlıq gətirəcəklər. Son məlumatlara görə, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri İrakli Sesiaşvili bildirib ki, Vaxtanq Qomelauri parlamentə gəlib hesabat verməyə hazırdır. Onun sözlərinə görə, "inam formatı” formalaşıb və hazırda görüşün dəqiq vaxtı müəyyən edilir. O, əməliyyat zamanı iki nəfərin qaçdığı haqqında informasiyanı təkzib edib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər