FÜRUĞ FƏRRUXZAD - Fars ədəbiyyatı

FÜRUĞ FƏRRUXZAD - Fars ədəbiyyatı

09 Sentyabr 2015, 12:45 1352
Füruğ Fərruxzad 1935-ci il yanvar ayının 5-də Tehranda, hərbi xidmətçi ailəsində dünyaya gəlib. 17 yaşında məzhəkəçi Pərviz Şapur ilə evlənib və Əhvaza köçüb. Oğlu Kamyar dünyaya gələndə ona "Sənin üçün bir şeir" adlı əsəri həsr edib. İki ildən sonra şairə həyat yoldaşından ayrılıb və yeganə oğlunu keçmiş ərinin himayəsinə buraxmalı olub. Tehrana qayıdarkən 1955-ci ildə "Əsir" adında şeirlər məcmuəsini çap etdirib. 1958-ci ildə Fərruxzad Avropada filosof İbrahim Gülüstan ilə tanış olub və "Ev qaradır" adlı filmin ideyasını ondan alıb (bu vaxta qədər şairənin daha iki kitabı işıq üzü görmüşdü – "Divar" və "Üsyan"). Cüzam xəstəliyindən əzab çəkənlərdən bəhs edən bu film Təbrizdə çəkilib və tezliklə bütün dünyada şöhrət qazanıb. 1963-cü ildə "Başqa bir doğuluş" adında son şeirlər məcmuəsini nəşr etdirib.
Füruğ Fərruxzad 1967-ci ildə avtomobil qəzasında həlak olub. Uşaqlarla dolu avtobusla toqquşmamaq üçün o idarə etdiyi maşını divara çırpıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

MƏN SƏNDƏN ÖTRÜ ÖLƏRDİM

Mən səndən ötrü ölərdim,
amma məni yaşadan sən idin.

Sən mənlə gələrdin,
məndən danışardın.
Mən küçələrdə
məqsədsiz gəzərkən
sən də gəzərdin mənlə,
məndən danışardın.

Sən qaraağacların arasından aşiq sərçələri
çağırardın səhər pəncərəsinə.
Gecə uzananda,
gecə bitməyəndə
sən qaraağacların arasından aşiq sərçələri
çağırardın səhər pəncərəsinə.

Küçəmizə gələrdin çıraqlarınla,
çıraqlarınla gələrdin.
Uşaqlar gedəndə,
akasiya salxımları yuxulayanda
və mən güzgü arxasında qalarkən tənha
çıraqlarınla gələrdin.

Əllərini bağışlardın,
Gözlərini bağışlardın,
Mehribanlığını, məhəbbətini bağışlardın.
Acarkən mən
həyatını bağışlardın.
Əliaçıqdın işıq kimi.

Lalələri dərib
saçlarıma taxardın.
Çılpaqlıqdan titrəyəndə saçlarım
dərərdin lalələri.

Yanaqlarını söykərdin
sinəmin iztirabına.
Mən artıq deməyə söz tapmayanda
yanaqlarını söykərdin
sinəmin iztirabına
və dinlərdin
inləyə-inləyə axan qanımı,
ağlaya-ağlaya ölən eşqimi.

Dinlərdin,
amma görməzdin məni.

LEYLİNİN MƏZARI ÜSTDƏ

Axır ki, açıldı sirr pərdələri,
Axır ki, tanıdın, ey dost, məni sən.
Daha niyə qaçım səndən kölgətək?
Silinməz xəyallar gəliniyəm mən.

Nə durmusan, mənə Leylidən danış,
O qara gözlərin hekayətindən.
Gözlərim Leylinin vəhşi gözütək
Niyə qara deyil, gəl soruşma sən.

Əgər gecəydisə Leylinin gözü,
Odlu eşq gülüdür mənim gözlərim.
Lal dodaqlarımda gəzinməkdədir,
Sevgi qissələrim, sevgi sözlərim.

Uyma qafilliyə, ilğıma, qayıt,
Bu, mənim ləblərim – öpüş dolu cam.
Öpüş tələsindən qurtulmaq olsa,
Bu qədər olmazdıq biz onlara ram.

Ey dost, niyə sənə söyləməmişəm,
Silinməz xəyallar gəliniyəm mən.
Vəfasız Leylinin lal məzarına
O tələsən qadın, bil ki, mənəm, mən.

ARZU

Səssiz sahilində axar bir çayın
Sirli bir ot ətri kaş olaydım mən.
Kaş başdan ayağa öpəydim səni,
O yerə güzarın düşəndə hərdən.

Kaş ki, oxuyaydım bir tütək kimi
Dəli könlündəki zümzümə üstdə.
Keçəydim evinin qapısından kaş
Küləkdən yellənən kəcavə üstdə.

Bahar günəşinin şüasıtək kaş
Səhər pəncərədən mən bərq vuraydım.
O ipək, yellənən pərdə ardından
Gözünün rəngini kaş ki, görəydim.

Sənin o bərq vuran məclisində kaş
Bir qədəh gülüşü ola biləydim.
Qəmli bir gecədə yuxu sonrası
Yaranan süstlük və məstlik olaydım.

Ürəyim güzgütək işıqlanaydı
Sənin o çöhrəndən, həm gülüşündən.
Mehriban əlinin hərarətiylə
Hər sübh isinəydi bu soyuq bədən.

Payız yarpağıtək rəqsimə kaş ki,
Tamaşa edəydi gecə yarı ay.
Sənin qəlb evinin bağçası içrə
Salaydı təşvişim kaş ki, hay-haray.

Cilvəli bir qadın xəyalıtək kaş
Sənin ürəyində mən taxt quraydım.
Qəfildən baxaraq sənin gözünə,
Öz gözəlliyimə heyran görəydim.

Tənha yatağında kaş bədənimdən
Bir günah çırağı şölələnəydi.
Sənin zahidliyin, mənim həsrətim
Bu şirin günahla külə dönəydi.

Həyatın yamyaşıl budağından kaş
Mənim qəm gülümü dərə biləydin.
Ey ömrüm mənası, barı, şeirimdə
Sirrimin şöləsin görə biləydin.

HALQA

Qız gülüb soruşdu:
- Barmağımdakı
bu qızıl üzüyün sirri nədədir?
Barmağımı sıxca bağrına basan,
bu bərq vuran üzük nəyi bildirir?

Oğlan heyranlıqla verdi cavabı:
- Qarşımızda duran səadət dolu,
xoşbəxt bir həyatın halqasıdır bu.

Dedilər:
- Toyunuz olsun mübarək!
Qızcığaz dilləndi:
- Əfsus ki, onun
mənası barədə qaldı məndə şəkk...

İllər ötdü, solğun üzlü bir qadın
Baxarkən bir gecə həmin üzüyə,
Bir kədər sezildi baxışlarında.
Ər vəfadarlığı ümidi ilə
Hədərə verdiyi günlər göründü
Üzüyün parlayan naxışlarında.

Pərişan olaraq inlədi:
- Heyhat!..
Ondakı parlaqlıq hələ də qalıb.
Bir vaxt xoşbəxtliyin halqası idi,
İndisə köləlik halqası olub.

YER ÜZÜNDƏ

Arzulamamışam əsla
səma ilğımında ulduz olmağı.
Və ya seçilmiş bir ruh kimi
susqun mələklərlə qalmağı.
Əsla yerdən ayrılmamışam,
ulduzla tanış olmamışam.
Yer üzündə dayanmışam
yaşamaq üçün
küləyi, günəşi və suyu əmən
ot gövdəsinə bənzər bu bədənimlə.

İstəklə yüklü,
dərdlə yüklü
yer üzündə dayanmışam.
Qoy ulduzlar mənə sitayiş etsinlər,
küləklər nəvaziş etsinlər.

Baxıram kiçik pəncərəmdən.
Heç nəyəm bir nəğmənin əsk-sədasından başqa,
Əbədi deyiləm mən.

Bir nəğmənin əks-sədasından başqa
arzulamıram heç nə
sadə bir qəm sükutundan daha təmiz olan
bir ləzzət fəğanında.
Yuva axtarmıram mən
şehli bir bədəndə,
zanbaq vücudumun üzərində.

Mənimçün həyat olan daxmamın divarına
xatirələr çəkiblər
yoldan keçən adamlar:
Ox sancılmış qəlb,
devrilmiş şam,
sakit və rəngi qaçmış nöqtələr
divanəliyin dağınıq hərfləri üstündə.

Dodağıma toxunan hər bir dodaq
hamilə qoydu bir ulduzu.
Xatirələr çayının
üstündə oturan gecəmdə
niyə ulduz arzulayım ki?

Bu, mənim nəğməmdir –
sevimli, ürəyəyatan.
Bundan öncə yox idi, bundan öncə...

Fars dilindən tərcümə edən: Məhəmməd Nuri