AZE | RUS | ENG |

“Frida illüstrasiyası”nı işləyən qız

“Frida illüstrasiyası”nı işləyən qız
Sofi Əli: “Güllər həyata olan sevgimi artırır”

Al-əlvan bir dünyası var. Çünki özünü rənglərin olmadığı yerdə təsəvvür edə bilmir. İncəsənətin bütün sahələri diqqətini çəksə də, öz işində peşəkar olmaq üçün digər maraqlarını minimuma endirib. Müsahibim florist Sofi Əlidir.

Qeyd edim ki, Sofinin 27 yaşı var və Bakı Slavyan Universitetinin alman dili filologiyası fakültəsinin məzunudur. Amma ixtisas aldığı sahədə qısa müddət fəaliyyət göstərib. Deyir ki, öz ixtisasındakı işlər ona həyəcan vermədiyindən bu sahəyə yönəlib: " İncəsənət sahəsi hər zaman məni özünə daha çox cəlb edib. Hətta universitetdə oxuduğum vaxtlarda da dərsdən qaçıb musiqi akademiyasına gedirdim. Özümü al-əlvan rənglərin, çiçəklərin içində tapdığım üçün də bu sahəyə yönəlməyə qərar verdim. Və özümə dedim ki, başlamaq üçün mükəmməl olmağı gözləmək lazım deyil. Mükəmməl olmaq üçün başlamaq lazımdır. Beləcə çox kiçik büdcə ilə öz işimi qurdum. Hələ o vaxtlar professional biri deyildim. Amma ailəm, dostlarım və yaxınlarım mənə mənəvi dəstək oldular, onların sayəsində cəsarətləndim. Mənim anam dərzidir. Onun çox geniş təxəyyülü var. Qardaşımın rəsmə, incəsənətə böyük marağı var. Əslində, bu işə başlamağım onları da sevindirdi. Əgər onların dəstəyi olmasaydı, mən heç bir addım ata bilməz, standart işlərlə kifayətlənərdim. Bir müddət floristika və əl işləri üzrə dizayner olaraq çalışdım. Daha sonra isə tərzimə uyğun olaraq, özü işimi yaratmaq qərarına gəldim”.
 


Sofi deyir ki, otaq güllərinə böyük sevgisi var: "Güllərə diqqət ayırmağı, qulluq etməyi çox sevirəm. Bu, mənim enerjimi və həyata olan sevgimi daha da artırır. Canlı hədiyyələr insanları daha da xoşbəxt edir. Çünki bu həm də qarşı tərəfə olan diqqətin, sevginin və məsuliyyətin göstəricisi kimi qəbul edilir. Bitkilərlə yanaşı, rəsmə də həvəsim olduğu üçün belə bir qərara gəldim ki, hər iki sahəni birləşdirmək mənim üçün daha faydalı ola bilər. Artıq bir ilə yaxındır ki, bu işlə məşğulam. Başladığım gündən marağım və motivasiyam həmişə yüksək olub. Əslində, bu bir qədər yeni bir sahə olduğundan, əvvəlcədən diqqət çəkəcəyini gözləyirdim. Həqiqətən də belə oldu. İndi sifarişlərim daim olur. Bu, mənim üçün böyük motivasiyadır. Əhval-ruhiyyə ilə işləyən biri olduğum üçün bəzən olur ki, işimə qısa fasilələr verirəm. Artıq müştərilərim və izləyicilərim də buna öyrəşiblər. Hətta, bəzən elə olur ki, sifarişi bir ay öncədən verirlər ki, fasilə müddəti ilə üst-üstə düşməsin. Həyatda olduğu kimi, işlərimdə də planlı biriyəm. İş limitimi bilirəm və hər zaman planlı şəkildə hərəkət edirəm. Çalışıram ki, günlük, həftəlik, hətta illik planlar tərtib edib, hər dəqiqəmi dəyərləndirim. Ona görə də, bu günə qədər heç bir sifarişim gecikməyib. Amma bir dəfə hazırladığım dibçək sındığı üçün təhvil məsələsi bir gün ertələnməli oldu. Amma bunu elə etdim ki, müştərinin heç xəbəri də olmadı”.
 


Həmsöhbətim qeyd etdi ki, işlərin hazırlanması onun formasından və dizaynından asılıdır: "Bu, bəzən iki saat, bəzən isə iki iş günü davam edə bilir. İşə təzə başladığım vaxtlarda tez-tez Frida Kahlonun illüstrasiyasını sifariş edirdilər. Bəzən mənə zarafatla "Frida illüstrasiyasını işləyən qız” deyə müraciət edirlər. Mən isə hər zaman yenilik və dəyişiklik axtarışında olan və sevən biriyəm. Məncə,  eyni işlərdən insanların da gözü tez yorulur. Getdikcə müştərilər də seçimi mənə buraxmağa başladılar və işi görənə güvənməyi üstün tutdular. Bu zaman daha fərqli, rəngli və individual işlər ortaya çıxdı. Müştərilərin güvəni məni işimə daha da həvəsləndirir və diqqətlə çalışıram. Yalnız bu halda öz təxəyyülümdə canlandırdığımı illüstrasiyaya çevirə bilirəm”.
 


Müsahibim deyir ki, bu, onun hobbisi yox, işidir: "Sifarişləri hazırlayarkən öz sevgimi və əməyimi ortaya qoyuram. Hər zaman dəyişkənliyə və rəngarəngliyə üstünlük verirəm. Çalışıram ki, nə özüm, nə də başqaları bezsin. Fərqliliklər hər zaman insanları cəlb edir. Fərqlilik həm də inkişaf deməkdir. İnkişaf isə mənim üçün çox önəmlidir. Bu baxımdan, hələlik qarşıda böyük planlarım var. Adətən, incəsənət sahəsində çalışanların öz işindən əlavə başqa bir sahəyə də mütləq marağı olur. Bu həm iş, həm də hobbi kimi qəbul edilə bilər. Eynilə məndə də belədir. Rəsmdən əlavə, floristika ilə bağlı biliklərimi daha da artırmağa çalışıram. Əslində, diqqətimi çəkən incəsənət sahəsi çoxdur. Lakin indi floristika və rəsm kurslarına gedirəm. Düzü, hazırda planımda universitet təhsili almaq yoxdur. Heç vaxt universitet qaydalarına, hər hansı limitlərə dözümlü insan olmamışam. Qayda-qanunların, limitlərin və məcburiyyətlərin olduğu yerlərdə özümü narahat hiss edirəm. Həmçinin, bir şeyin uzun davam etməsi məni tez yorur. Ona görə də  universitet təhsili almaq mənim ən son düşünəcəyim bir şeydir. Amma təlimlər, seminarlar və kurslara qatılıb özümü inkişaf etdirməyi daha üstün tuturam. Daha yaxşı, daha mükəmməl öyrənməyin və öyrəndiyin sahənin peşəkarı olmağının mən də  tərəfdarıyam”.
 


Hələlik bu sahədən əldə etdiyi gəlirin onu qane etdiyini deyən həmsöhbətim,  qazancının yarısını öz işinə sərf edir: "Hələlik sifarişlərimi onlayn şəkildə, "instaqram” və bir sayt vasitəsilə qəbul edirəm. Bu elə bir sahədir ki, kiçik detallara xüsusi diqqət yetirmək lazımdır. Çalışıram ki, daha keyfiyyətli və səliqəli saxsılar sifariş edim və daha yaxşı boyalardan yararlanım. Bəzən kiçik toxunuşlar kiçik məbləğ tələb edə bilir. Amma insanlar tərəfindən bu, daha böyük diqqətlə qarşılanır. Öyrənməyin insana daha çox zövq verdiyini düşünürəm. Ona görə də vaxtımı fotoqrafiya, çiçəkçilik, dil öyrənməyə sərf edirəm. Vaxt tapdıqca səyahət etməyə də çalışıram”. 
   
Şəbnəm Mehdizadə
 



 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6331
GBP 1 İngilis funt sterlinqi 2.2267
TRY 1 Türk lirəsi 0.3042
KWD 1 Küveyt dinarı 5.6079
SEK 1 İsveç kronu 0.1895
EUR 1 Avro 1.9550
CHF 1 İsveçrə frankı 1.7090
USD 1 ABŞ dolları 1.7000