• şənbə, 20 Aprel, 08:52
  • Baku Bakı 14°C

Freyd və cəmiyyət

07.11.16 11:08 2565
Freyd və cəmiyyət
Onu müasir dünyanın ən işıqlı düşüncə adamı, insan həyatının kamil bilicisi, cəmiyyətin həkimi adlandırırlar. Əslində? bu cür titulları ard-arda sıralamaq olar. Çünki Freyd insan və cəmiyyətlə bağlı olan bir çox sahələrdə uğurlu araşdırmalar aparıb, düzgün və məntiqli qənaətə gəlib.
Freydlə bağlı müxtəlif fikirlər var. Dahilər kimi ona da münasibət ziddiyətlidir. Bu münasibət onu bəyənən və bəyənməyənlər arsında daima mübahisə mənbəyinə çevrilir.Qəribə burasıdır ki, Freydi qəbul etməyənlər, onu qəbul edən insanları da günahlandırıb, Freydə qoşduğu ayamaları onun tərəfdarlarına da aid edirlər.
Bunu da yaddan çıxarmayaq ki, elə təbəqə var ki, onlar Freydin müəyyən fikirlərini qəbul edib, müəyyən fikirlərinisə qəbul etmirlər. Hesab edirəm ki, bu cür adamlar elmin və məntiqin birliyinə şübhə edə bilmirlər. Digər tərəfdən savadsız cəmiyyətin təzyiqləri nəticəsində Freydin, ən azından yuxu və cinsi yönümlü olan fikirlərinə üzdə olsa da etiraz etmək məcburiyyətində qalırlar. Bu cür insanların "iki üzlü” olması, yəni psixi problemli olası, nəinki Freydin araşdırmaları nəticəsində, sadəcə olaraq ona münasibətdə də üzə çıxır.
Onu qəbul etmək hökm olmadığı kimi qəbul etməmək də hökm deyil. Dahi psixoanaltik özü isə onu tənqid edənlərə qarşı yumşaq davranıb, qıcıq və ya etiraz nümayiş etdirməyib. Lakin onu başa düşmək üçün diqqətli olmaq, nəzəriyyələrini və təcrübələrini araşdırmaq, oxumaq, ilk baxışdan sərt və cinsiyyət qanunauyğunluğuna əsaslanan fikirlərinə qarşı dözümlü olmaq lazımdır. Və bir də məntiqə inanmaq, sağlam düşünmək əsas şərtdir.
Freydin əsərlərin oxuyaraq həm yuxuyozmalar, həm də psixoloji tərəfdən insan özünü dərk edərsə, özünü daha yaxşı tanıyar. Çünki, elə insan var, yaxşı yaşamağa layiq olduğunu iddia etsə də müxtəlif səbəblərdən yaxşı yaşamadığı qənaətindədir. Freyd bu cür insanlara kömək edir, necə yaşamaq lazım olduğunu izah edir.
Filosofun dediyi mühazirədə dönən-dönə vurğuladığı məsələni nəzərinizə çatdırmaqla, yaranan sualların cavabını tapmağa yardımçı olacağını əminəm: "Mənim qarşımda oturanların diqqətinin yayıması, çıxışımın maraq doğurmaması təbii haldır və mən bütün bu duqqətsizlikləri başa düşürəm. Əlbəttə ki, burda əyləşənlər izahların və fikirlərin rahat qavranılmasına, suallara asanlıqla cavab tapmağa öyrəşiblər. Mənim dediklərimdə isə belə deyil, buradakı xanımların və cənabların hamısının deyil, bir neçəsinin mənə inanması kifayət edir…”
Antiferydçilər onu xəstə, psix, seksual manyak, narkotik aludəçisi, ağıldankəm adlandırırlar. Diqqətlə düşünsək bunun haradan qaynaqlandığını görə bilərik.
Psixoanaliz elminin banisinin xəstə adlandırılmasına səbəb daha çox, irəli sürdüyü nəzəriyyələrin, apardığı təcrübələrin tamam fərqli olması, o zamanki elmi dəyərlərdən uzaq durması, özündən əvvəlki elmi nəticələrlə uzlaşmaması ilə bağlıdır.
"Psix” adlandırılmasının səbəbi ilk baxışdan əsasız və uyğun gəlməyən təcrübələr aparması, tapdığı nəticələri "ağılna gələn” nəsnələrə bağlaması idi.
"Seksual manyak” adın isə ona görə vermişdilər ki, yaşından və cinsindən asılı olmayaraq xəstələrinin cinsi həyatı haqqında dərindən maraqlanıb, öz yozumunu verirdi, problemləri cinsi həyatın pozulmasına bağlayırdı.
"Narkotik aludəçisi” kimi təqdim olunmasına gəldikdə isə həqiqətən özü bir müddət narkotik qəbul edib. Lakin bunu təcrübə kimi istifadə edib, ola bilsin ki, davamlı olaraq çalışması zamanı ortaya çıxan gərginliyini sakitləşdirib. Digər tərəfdən qeyd etməliyəm ki, bu gün apteklərdə xüsusi resept əsasında istehlak dəyəri miqdarında narkotik tərkibli dərmanlar satılır. Tarixdən məlumdur ki, elə alimlər olub ki, öz təcrübələrini ilkin olaraq öz üzərində aparıblar. Freyd də yuxu yozmalarla bağlı, cinsi araşdırmalarla və narkotiklə bağlı təcrübələrini ilk olaraq öz üzərində aparıb. Başqa narkotik aludəçilərindən fərqli olaraq filosof bu asılılıqdan azad ola bilmişdi.
"Ağıldan kəm” adlandırılması isə yuxarıda yazdığım səbəblərdən irəli gəlib, yəni bir adamın xəstə, psix, seksual manyak, narkotik aludəçisi kimi adlandırırlarsa, ona asanlıqla ağıldankəm də demək olar. Freyd alman dilindən başqa latın, yunan, fransız, ingilis, italyan, ispan və qədim yəhudi dillərini bilirdi. Freyd eyni zamanda yaxşı yazıçı idi. O, 1930-cu ildə biri Höte ədəbiyyat mükafatını almışdı. Filosof İkinci Dünya müharibəsi zamanı ABŞ prezidenti Frank Ruzvelt və fransız şahzadəsi Mari Bonapart vasitəçiliyi ilə nasist Almaniyasını tərk edə bilmişdi.
Ümumiyyətlə Freydə qarşı sərt münasibətin olmasının bir çox səbəbləri var və bu səbəblərin hardan qaynaqlandığını filosofun özü də yaxşı bilirdi. Freydin nəzəriyyələri və təcrübələri ənənəvi olmadığı üçün, ilk növbədə həmkarları tərəfindən tənqidlə qarşılanırdı. O dövrün psixoloqları və nevroloqları Freydin gəldiyi elmi qənaətləri gülünc hesab edirdi. Bunu bir səbəbi də işin maddi tərəfi idi. Loru dildə desək həmkarları "çörəyindən olurdu”. Çünki onların cavab tapa bilmədiyi, izah edə bilmədiyi problemləri Freyd pasientinin yuxu və cinsi həyatını araşdırıb asanlıqla ortaya çıxarırdı. Lakin o zamanki cəmiyyətin sahib olduğu dəyərlərlə böyüyən insanlar, Freydin suallarından çaşqın vəziyyətə düşürdü, ona qarşı etirazlar yaranırdı. Belə hallar artıqca çoxluq yaranırdı, etirazlar cəmiyyətin hər tərəfinə sirayət edirdi.
Freydi nəyə görə sevmirlər? Ümumiyyətlə ona nifrət necə olaraq yaranır? Gəlin qısa araşdırma aparaq.
İnsanların intim dünyası – yuxuları və cinsi həyatı ilə bağlı sorğuları, araşdırmaları az adam sevir. Əksəriyyət bu məsəlnin açılmasının əleyhinədir. Məsələn deyək ki, bir xəstə günlərlə davam edən baş ağrısı narahatlığı ilə həkimə müraciət edir. Həkim isə ona cinsi həyatının normal olub olmamaması ilə bağlı suallar verir. Gözlənilməz sualdan xəstə şoka düşür, həkimi təhqir edib onu gicbəsər və ya dəli adlandırır. Bu cür sualdan sonra xəstə ilə hkəim arasında baş verən münasibət təqribən hər kəsə məlumdur. Yəni xoşagəlməz hal yaşanır.
Bu yerdə Mirzə Cəlilin Şeyx Nəsrullahını yada salmaya bilmirəm. Ölən qohum-qardaşının arvadları ilə evlənənlər Şeyx Nəsrullahın onların qohum-qardaşını dirildəcəyini eşidəndə bərk təşvişə düşürlər. Dolayı yolla düşünsək burada bağlılıq görə bilərik – insanın gizli işlərinin açılması əlbəttə çoxlarına sərf eləmir, o cümlədən intim dünyası ilə bağlı olanları.
Qayıdaq həkimlə patsiyentin məsələsinə. Təbii ki, peşəkar həkim günlərlə baş ağrısı halları ilə tez-tez rastlaşıb. Və bu halın nədən yaranması ilə araşdırmalar aparıb, dəqiq və məntiqli nəticəyə gəlib. Burada fiziki görünüşün (yaş həddinin, rəngin, əhval-ruhiyyənin və s.) də rolu var – həkim xəstəni görəndə problemi az da olsa anlamış olur. Həkimin xəstəyə o cür suallar verməsi üçün əlində kifayət qədər əsas var. Məsələn, cinsi həyatı normal olmayan adamın qan dövranı pozulur, ürək damar sistemi normal işləmir, arterial təzyiq pozulur. Arterial təzyiqin pozulması hərarətin enməsi, halsızlıq, ayaqların və pəncələrin tərləməsi, dərinin solğun olması, depressiya, stress, zehni yorğunluq, emosional gərginlik və s. ilə müşahidə olunur. Bütün bunlar isə günlərlə davam edən baş ağrılarına səbəb olur. Ümumiyyətlə cinsi həyatın normal olmaması insanın şüuraltı olaraq psixologiyasına birbaşa təsir edir. Bu də eyni zamanda ali sinir sistemi ilə əlaqədardır. Ali sinir sistemində problemlərin yaranması öz növbəsində mədaltı vəzinə təsir edir, bu da orqanizmin normal qidalanmasında xoşagəlməz hallara səbəb olur.
Lakin az adam tapılar yuxarıdakı məntiqi ardıcıllığa əsaslanıb düzgün nəticə çıxarsın, insanı narahat edən problemlərin kökünün haradan yarandığını öyrənsin. Ümumiyyətlə bu günə qədər insanlar ənənəvi inanc və əxlaq dəyərlərinə söykənib yaşayıblar. İnsan cəmiyyəti daha çox bu günkü həddə gəlib çatmaqda inanc və əxlaq sisteminə borcludur. Biz bu sivilizasiyanın yaxşı və ya pis tərəflərin araşdırmırıq. Əgər araşdırsaq inkişaf və tərəqqi ilə yanaşı bəşəriyyəti məhvə doğru aparan "inkişaf və tərəqqi”nin də olduğunu görərik. Ən azından baş verən müharibələr, insanlıq əleyhinə yönələn terror və digər məsələləri də unutmalı deyilik. Yəni ənənəvi inanc və əxlaq yaxşı və pislərin qarışığıdır.
Bu cür inanc və əxlaq sahib olan cəmiyyətin Freydin əxlaqdan və inancdan kənar (əxlaqdan kənar olsa da elmi və məntiqi əsas var idi) araşdırma və nəzəriyyələrinə münasibəti təbii ki yaxşı olmayacaqdı. Xüsusən də cəmiyyətin hər təbəqəsində mövcud olan konservativ şəxslərin Freydə münasibəti çoxluğun birliyinə əsaslanırdı. Bu cür konservativ şəxslər iddia edirdilər ki, Freyd kimi həkimlər, filosoflar Faust kimi ruhunu şeytana satmaqla cəmiyyəti dağıtmağa, insanlığı məhv etməyə xidmət edir, onların ideyaları, fikirləri təhlükəlidir. Tarixin istənilən dönəmində cəmiyyətin qeydinə qalan konservativ şəxslərə hər zaman rast gəlmək mümkündür. Hətta filosofun özünü şeytanla əlbir olmaqda günahlandırırdılar.
Freyd yazır ki, orta əsrlərdə yaşasaydım məni yandırardılar, indi isə ancaq kitablarımı yandırırlar. Həqiqətən də, orta əsrlərdə istər şərqdə, istərsə də qərbdə neçə-neçə fikir adamı, elm adamı, edam edilib, tonqallarda yandırlıb, dəhşətli işgəncələrə məruz qalıb.
Freydin həmkarlarından fərqli olaraq psixoanalizmə yönəlməsi, insanın şüualtı dünyasını araşdırmasının səbəbi nə idi? Psixoanaliz elmini necə yaratmışdı?
Freydin uşaqlığı yüksək təhsil və yaxşı təminatla keçsə də, ailə məsələləri qarışıq idi. O atasını ikinci evliliyindən dünyaya gəlmişdi. Anası Amalya ərinin birinci evliliyindən olan oğlu Flipplə məşuqəydi. Həyat yoldaşından yaşca çox kiçik olan bu qadın bir evin içində ata və oğlu ilə münasibətləri var idi – ataya həyat yoldaşı, oğula isə sevgiliydi. Bütün bunları Freyd görürdü. Məhz bu cür problemlər onun tədqiqatlar aparmasına səbəb oldu. Əleyhdarları onun və ailəsinin həyatında baş verən bu olaylara görə qınayırlar, hətta özünü də bu cür hadisələrin iştirakçısı sayırlar. Lakin Freyd anası və ögey qardaşının münasibətlərinin qarşısını almaqdansa, onları müşahidə edərək, problemin kökünün araşdırdı. Bu cür olayları xəstəlik, psixi problem və digər uyğun hallar saymaq olar. Freyd isə bütün bunları anlayır, problemin tək onun ailəsində deyil, dünyanın hər yerində olduğunu və gələcəkdə də olacağını yaxşı bilirdi. Böyük olmağı haqq edən insanlar özündən, ailəsindən qabaq bəşəriyyətdəki insanları düşünən insanlardı.
Edip kompleksini irəli sürən filosof hər oğlanın anasına sevgi hislərini atasına qarşı ədavəti olduğunu qeyd etmişdi. Bəlkə bu qardaşı Flipin atasına qarsı hissi idi? Yuxarıda yazdığım kimi yenə də bu araşdırma ailədaxili yaşantılardan qaynaqlanmışdı. Nəticədə isə elm və ədəbiyyat üçün çox maraqlı tapıntı meydana çıxmışdı.
Freydin ailədaxili olayların fonunda apardığı tədqiqatları ilk növbədə özü ilə ailəsi arasında problemlərə yol açmışdı və yaxınları ondan həmişəlik üz döndərmişdilər.
Bəs bu Edip kompleksi nədir? Edip kompleksi oğulunanasına qarşı duyduğu şüursuz yaxınlığa görə atasını qısqanması və bununla əlaqədar ruhi pozuqluqlar kompleksinə verilən addır. Edip kompleksi, uşağın anasına qarşı cinsi marağı və atasına qarşı düşmənlik duyğularının olmasına deyilir. Bu Freydin irəli sürdüyü və bütün nevroz nəzəriyyəsini üzərində qurduğu ən əhəmiyyətli nəzəriyyədir.
Edip Kompleksi ədəbiyyatda geniş yayılıb, yazıçıların qoyduğu problemin dərk olunmasında müstəsna əhəmiyyətə malikdir. Freydə görə dünya ədəbiyyatın şedevrlər hesab olnan Sofoklun "Kral Edip”, Şekspirin"Hamlet”və Dostoyevskinin"Karamazov qardaşları”əsərlərində eyni mövzunun – ata qatili olmanın əsas olması heç də təsadüf nəticəsində deyil. İnsanlığın axtardığı suallardan birinə filosofun ortaya çıxardığı nəzəriyyə ilə asanlıqla cavab tapmaq olur.
Freyd təkcə tibb, ədəbiyyat, yuxuyozmalar sahəsində deyil, cəmiyyəti əhatə edən digər sahələrdə də araşdırmalar aparıb məntiqli nəticələrə gəlib. Məsələn mədəniyyət və onun yaranması haqqında "Bir illüziyanın gələcəyi” adlı kitabında maraqlı fikirlər yer alıb: "Çox-çox əski çağlarda ilkin yasaqları ortaya çıxarmaqla, mədəniyyətin ilkin məhrumiyyətlər yaratmağa başlaması ilə, min illər bundan öncə, insanlar özlərinin ilkin heyvani varlıqlardan ayrılmağa başladılar”.
Mədəniyyət həmdə azadlığın məhdudlaşdırılması deməkdir. Yəni bunu demək olmaz, bu ayıbdır, tərbiyəsizlikdir və s.
Mədəniyyət nə qədər dəyər və zövq deməkdirsə, bir o qədər də məhrumiyyət, qadağa deməkdir. Şəhər daxilində hərəkət edən avtomobil qarşına qəfil çıxan piyadanı vurmamaq üçün əyləci sıxır. Mədəni hesab etdiyimiz ölkələrdə sürücü təlaşa düşsə də, mədəni olduğu üçün gülümsəməklə kifayətlənərək piyadanın yolu keçib qurtarmasından sonra öz yoluna davam edir. Sual oluna bilər ki, mədəni ölkədə piyada müəyyən edilməyən yerdən keçə bilməz axı. Gətirdiyim misal şərti olduğundan, elə hesab eləyək ki, həmən mədəni ölkədə yolu keçən piyada, hansısa bir mədəni səviyyəsi yüksək olmayan ölkədən gəlib və s.
Elə mədəniyyətlər var ki, bu gün o artıq zamanla ayaqlaşa bilmir. Bu gün hannibalizm, insest, qaniçənlik yolverilməz hal sayılır. Lakin əski çağlarda elə quruluşlar mövcud olub ki, bunlar yüksək dəyər və mədəniyyət göstəricisi idi. Məsələn, hansısa bir qəbilə digər bir qəbilə ilə vuruşub. Təbii ki, biri qalib gəlib, digəri isə məğlub olub Ənənəyə görə öldürülən, məğlub qəbilənin başçısının qanını qalib gələn qəbilənin başçısı içirdi və inanclara görə artıq o hər iki qəbilənin başçısı sayılırdı, çün ki, öldrülən başçının qanı qalib gələn başçının qanı ilə birləşirdi. Öldürülən qəbilə başçının cəsədi qalib gələn başçı üçün saxlanılmalı idi. Döyüşçülərin onun qanını içməsi yolverilməz, sayılırdı, bu qaydanı pozanlar dəyərlərə hörmət etməyən, adam kimi qəbilədənn uzaqlaşdırılırdı.
Mədəniyyətin əski çağlardan qalma ipulsiv istəklərin hamısının bir yerdə araşdırıması psixoloji baxımından özünü doğrulda bilər. Bunlardan yalnız kannibalizm bütünlüklə pislənib, insestlə bağlı istəklər öz gücünü saxlasa da, ümumilikdə bununla bağlı yasaqların olduğunu yaxşı bilirik, qaniçənlik və ya insanların öldürülməsi ilə bağlı istəklərə gəlincə isə onlar heç də hamılıqa pislənmir, bəlli durumlarda hətta təqdir də olunur. Bu gün elə mədəni ölkələr var ki, hələ ölüm cəzaları normal hal sayılır. Mədəniyyət zamanla dəyişdiyi kimi, siniflərə görə də dəyişib. Süleyman Sani Axundov "Qaraca qız" əsrini yada salaq. Ağca xanımın Qaraca qızın yanına getməsi, onunla əylənib şənlənməsi Ağca xanımın anası tərəfindən etirazla qarşılanır. Burda mədəniyyətlərin toqquşması baş verir.
Çar dövründə Rusiyada teatrlara yüksək təbəqənin nümayəndələri gedirdi. Kəndlilər isə demək olar ki, teatr haqqında anlayışı belə yox idi. Çünki, onları teatrlara buraxmırdılar. Əvəzində kəndlilər öz folklorunu yaradırdılar, yetərincə olmasa onlar öz mədəniyyətindən zövq alırdılar. Uzun-uzadı olsa da nəhayət mədəniyyətin illuziya olması fikrinin ipucuna çata bildik. Bu da Freydin axtarışlarının nəticəsidir. Lakin mədəniyyətin illuziya olması məsələsini demək olar ki çox az adam qəbul edir. Fakt isə öz faktlığında hər zaman təzə qalır.
Yeri gəlmişkən deyim ki, azərbaycanlı oxuculara Freyd ilk dəfədən mənfi obraz kimi təqdim olunub. Azərbaycan dilinə rus müəlliflərinin tərcümə olunan "Psixatriyaya giriş” kitabında Freydin adı çəkilsə də, onun fikirlərinin düzgün olmadığını iddia edirlər. Lakin kitabın özü filosofdan yetərincə təsirlənib. Sovet rejimi isə ilk vaxtlarda Freydən kifayət qədər bəhrələnib. Stalin Freydi Sovetlərin əsas düşməni adlandırsa da, öz oğlu Vasilini freydistlərin yaratdığı məktəbə qoymuşdu, Lenin də Freydin bütün kitablarını ruscaya çevirmək göstərişini vermişdi. SSRİ rəhbərlərinin Freydin tövsiyələrindən sonra gerblərində və rəmzlərində dəyişiklik etdiyi də iddia olunur...
Səxavət Sahil
banner

Oxşar Xəbərlər