• cümə axşamı, 28 mart, 12:17
  • Baku Bakı 16°C

“Freedom House” öz ampluasındadır

12.06.14 09:18 1485
“Freedom House” öz ampluasındadır
“Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı yeni hesabat açıqlayıb. Bu dəfə müxtəlif ölkələrdə vətəndaş cəmiyyətləri üçün yaradılan mühiti qiymətləndirməyə çalışan təşkilat ölkəmizə qarşı ənənəvi “qərəz seriya”sını davam etdirməyi unutmayıb. Belə ki, postsovet məkanı ölkələrində demokratiyanın səviyyəsinin pisləşməsində Rusiyanın rolu olduğunu vurğulayan təşkilat bu sahədə ən aşağı mühitin Azərbaycan, Qazaxıstan və Rusiyada müşahidə edildiyini bildirib. Qeyd edək ki, artıq belə hesabatlar heç kimdə təəccüb doğurmur və bu, “Freedom House”un işinin bir hissəsi kimi dəyərləndirilir.
Xatırladaq ki, təkcə cari ildə bu təşkilat artıq bir neçə belə hesabat yayımlayıb. İlin əvvəlində “Freedom House” “Dünyada azadlıqların vəziyyəti haqqında” hesabatında Azərbaycanı “qeyri azad” ölkə kimi təqdim edib. Hər zaman belə qərəzli yanaşma ortaya qoyan təşkilatın rəhbərlərinə Azərbaycan rəsmi dairələri, qeyri-hökumət təşkilatları, siyasi partiya və mətbuat nümayəndələri öz etirazlarını bildirərək onları belə yanaşma sərgiləməkdən uzaq olmağa səsləyiblər. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məsələyə münasibət bildirərək onların bu cür siyasət yeritməklə əslində, öz imiclərinə ciddi xələl gətirdiklərini nəzərə çatdırıb. Bildirib ki, insanlar real Azərbaycanla onların təqdim etmək istədiyi «Azərbaycan» arasındakı uyğunsuzluğu görəndən sonra onlara olmayan inam daha da itir.
Məlum olduğu kimi, bu cür çağırışlar nəticəsiz qalır və yenə də belə hesabatlar hazırlanmasına davam edilir. Elə bu yaxınlarda, may ayının əvvəlində “Freedom House” təşkilatı media azadlığına dair hesabat yaymışdı. Orada qeyd olunurdu ki, Azərbaycan mediasının durumu qənaətbəxş deyil. Vurğulanırdı ki, ölkədə jurnalist və bloggerlər rahat fəaliyyət qura bilmir, təqiblərə məruz qalırlar. Həmçinin hesabatda Azərbaycanda internet azadlığının məhdudlaşdırıldığı da qeyd olunurdu. Bu bəyanata göz gəzdirərkən "Freedom House" təşkilatının ölkəmizə qarşı hər zamankı ampluada olduğu, etirazlardan nəticə çıxarmadığı aydın görünür. Faktdır ki, ölkədə onlarla sayt, qəzet, o cümlədən televiziya, radio fəaliyyət göstərir. Ona görə də bu cür ağ yalan sakit qarşılana bilməzdi və PA rəsmisi Ə.Həsənov bu hesabata da cavab verərək iddiaların yanlış olduğuna dair fikirlərini dilə gətirdi. Bildirdi ki, bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları ən sürətlə inkişaf edən sahələrdən biridir: "Ölkə əhalisinin 70 faizi internet istifadəçisidir, sosial şəbəkə istifadəçilərinin sayı isə iki milyona yaxınlaşıb. Təkcə Facebook sosial şəbəkəsində Azərbaycandan 1.2 milyon nəfər istifadəçi var və sürətli illik artım dinamikası müşahidə olunur. Bu faktlar Azərbaycanda internetin tam azad olduğunu və bu sahədə hər hansı məhdudiyyətlərin tətbiq olunmadığını açıq şəkildə nümayiş etdirir. "Freedom House"un guya Azərbaycanda jurnalistlərin internet yazışmaları və telefon danışıqlarını nəzarətdə saxlanması, KİV-lərin yayımına peykdən müdaxilə və s. bu kimi mülahizələrinə gəlincə, deyə bilərik ki, göstərilən məsələlərə dair bütün dünyaya məlum olan digər zəngin "təcrübələr" var. Azərbaycan vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyən bir ölkə kimi bəzi böyük dövlətlərin bu kimi "təcrübələr"indən deyil, insan haqlarına, media azadlığına geniş meydan verən demokratik dəyərlərdən bəhrələnir. Buna görə də "Freedom House" "qaranlıq otaqda qara pişik axtarmaq" əvəzinə bu məsələləri araşdırsa və real nəticələr ortaya qoysa, bəlkə də öz nüfuzuna daha müsbət çalarlar gətirə bilər”.
Bu mövzuda fikirlərini bizimlə bölüşən CASCFEN sədri Azər Həsrət qərəzli hesabatlar yayanların ölkəmizə qarşı hər hansı tələbinin, təzyiq vasitəsilə nə isə əldə etmək marağının olduğunu söylədi: “Təəssüflər olsun ki, “Freedom House” və bu kimi təşkilatlar bir qayda olaraq, Azərbaycanla bağlı qiymətləndirmələrində ortaya qərəzli yanaşma qoyurlar. Xüsusən də, onların ayrı-ayrı əsassız yalan məlumatlar yayan insanlarla işlədiklərini deməliyəm. Mənbələri şişirdilmiş, uydurulmuş informasiyalar hazırlayıb ötürən insanlardır. Belə informasiyaların yanlış olduğunu “Freedom House” özü də bilir. Sadəcə olaraq, o məlumatlar onlara lazım olduğuna görə bəyanat hazırlayıb təqdim edirlər. Əlbəttə ki, Azərbaycanın dünyada vətəndaş cəmiyyəti üçün ən pis şəraitdə olan ölkə kimi təqdim olunması qərəzdən başqa bir şey deyil. Bəzi Afrika və Amerika qitələrində yerləşən ölkələrlə müqayisə aparıb sübut eldə bilərəm ki, Azərbaycanda vətəndaş cəmiyyətinin durumu heç də iddia edildiyi kimi pis vəziyyətdə deyil. Bu cür yanaşmanın arxasında ABŞ-ın dövlət siyasəti gizlənib. Məlumdur ki, onlar ABŞ-ın mövqeyini dəstəkləyir, bunun üçün də bizim kimi gənc ölkələrə zaman-zaman basqı tətbiq edirlər. Ona görə də o hesabatlar bizim üçün heç nə ifadə etmir”.
A.Həsrət bildirdi ki, qərəzli davrandıqlarına görə iradlarını “Freedom House”nin əməkdaşlarına da çatdırıb: “2002-ci ildə Seneqalda beynəlxalq tədbirdə iştirak edirdik. Oraya bu təşkilatın təmsilçisi olan bir xanım da gəlmişdi. Ona dedim ki, necə ola bilər, Azərbaycan azad olmayan ölkələr sırasındadır, amma Ermənistan yarımazad ölkələr sırasında. Çünki həmin illərdə Ermənistanda jurnalistlərə, mediaya qarşı çox dəhşətli hallar baş vermişdi. Jurnalistlərin maşınlarına qumbara atılır, özlərinə atəş açılır, şiddətli döyülməyə məruz qalırdılar. Orada idarəçilik tamam itmişdi. Bu misalları çəkərək ölkəmizdə belə durum yaşanmadığını söylədim. O da mənimlə razılaşdı. Ondan sonra ilk və son dəfə olaraq 2003-cü ildəki hesabatda Azərbaycan yarımazad ölkə kimi təqdim olundu. Azərbaycanın reytinqi qaldırıldı, amma Ermənistanınkı aşağı salınmadı”.
Müsahibimiz onu da dedi ki, “Freedom House” ABŞ Konqresindən, Dövlət Departamentindən, ayrı-ayrı dövlət qurumlarından maliyyələşən təşkilatdır. Ona görə də əvvəllər heç zaman hesabatlarında ABŞ-ı tənqid etmirdilər. Bir söz dedikdə isə ABŞ-da demokratiyanın pik həddə olduğunu əsas gətirirdilər: “Halbuki orada əqli çatışmazlığı olan bir insana ölüm hökmü verilib. Amma Azərbaycanda özünü idarə edə bilməyən insanlar heç həbs olunmur, müalicə mərkəzlərinə göndərilirlər. Hazırda da «Nyu-York Tayms»ın bir jurnalisti haqda məhkəmə prosesi gedir. Onu informasiya mənbəyini açıqlamağa vadar edirlər. Hətta Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşının adını çəkərək jurnalistə basqı göstərir, informasiyanı ondan aldığını deməyə məcbur edirlər. Azərbaycanda isə belə hallar yaşanmır. Bu hesabatlar yalnız ölkəmizə təzyiq etməyə hesablanıb”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər