• şənbə, 20 Aprel, 14:20
  • Baku Bakı 23°C

Freedom House-un məlum və naməlum “kriteriyaları”

19.01.18 18:29 574
Freedom House-un məlum və naməlum “kriteriyaları”
Nəzakət Məmmədova
Politoloq
Freedom House təşkilatının bu yaxınlarda öz ənənəvi siyasətinə sadiq qalaraq, dünya ölkələrində azadlığın vəziyyətinə dair yaydığı hesabatda Azərbaycanı qeyri-azad ölkələr siyahısına daxil etməsi həm təəccüblü, həm də gözlənilən idi.
Təəccüblü ona görə ki, ümumiyyətlə azadlığı hər hansı bir meyarla, vasitə ilə ölçmək, qiymətləndirmək çətin məsələdir. Azadlıq fəlsəfi kateqoriya olaraq ölçüyəgəlməz anlayışdır və onun istənilən vasitə ilə qiymətləndirilməsi də təbii ki, nisbi, subyektiv səciyyə daşıyır. Üstəlik də Freedom House təşkilatının hansı kriteriyalara əsaslanması, hesabat tərtib edərkən istifadə etdiyi metodları indiyədək müəmmalı qalır.
Gözlənilən olması da onunla bağlıdır ki, bu təşkilatın Azərbaycana münasibətində ümumiyyətlə hər zaman qərəzlilik müşahidə olunub və olunmaqda davam edir.
ABŞ-ın bu yaxınlarda qəbul olunmuş milli təhlükəsizlik strategiyasında onun təhlükəsizliyinə təhdid kimi göstərilən İran, Türkiyə, Rusiya və Suriya ilə Azərbaycanın eyni sıraya qoyulması onu göstərir ki, bu ölkələrə qarşı olan ədavətli münasibət ölkəmizə də şamil olunur. Üstəlik, bu günlərdə yayılan terror təhlükəsinə dair tövsiyə xarakterli sənəddə də ölkəmizin terror təhlükəsi olan ölkə kimi göstərilməsinin ardınca bu sənədin yayılması hadisələrin vahid güc mərkəzindən qərəzli şəkildə idarə edildiyini ehtimal etməyə əsas verir.
ABŞ-ın bu ölkələrə münasibəti aydınıdır. Azərbaycana qarşı qərəzliliyin əsasında duran əsas amil isə ölkəmizin müstəqil xarici siyasət yeritməsidir. Məlum olduğu kimi, ABŞ və Avropa müttəfiqləri arasında – həm NATO, həm Avropa Birliyi ölkələri arasında son zamanlar ciddi fikir ayrılıqları var. Avropa ölkələri artıq Çin və Rusiya ilə əməkdaşlığa daha çox üstünlük verirlər, nəinki ABŞ ilə. Bunun bir sıra səbəbləri var. Məsələn, Tramp administrasiyası NATO müttəfiqlərindən üzvlük haqqının artırılmasını tələb edir. Bundan əlavə, Avropa ölkələrini Rusiyadan aldıqları təbii qazdan imtina edərək əvəzində daha baha başa gələn sıxılmış qaz almalarını istəyir və s. Bundan imtina etdikləri üçün isə ABŞ və Avropadakı müttəfiqləri, o cümlədən İngiltərə arasında ziddiyyətlər artıb. Bu özünü Qüds məsələsinə dair BMT-dəki səsvermələrdə daha aydın göstərdi. Eyni zamanda, Avropa ölkələri özlərinin NATO-sunu yaratmaq planı üzərində işləyirlər. Belə bir şəraitdə Avroatlantik tərəfdaşlığı öz yerini Avrasiya əməkdaşlığına verməkdədir.
Çindən İngiltərəyədək Prezident İlham Əliyevin dediyi kimi "Qədim ipək yolunun dəmir magistrallar üzərində bərpası”nı həyata keçirməklə Bakı-Qars dəmiryolunun istifadəyə verilməsi dünyadakı indiki mürəkkəb şəraitdə ölkəmizin inteqrasiyaya, əməkdaşlığa töhfəsi oldu. ABŞ Konqresi isə Çin və İngiltərənin Avrasiyanı birləşdirən bu layihədəki iştirakından, avropalı müttəfiqlərinin dünya hegemonluğuna can atan Çinlə yaxınlaşmasından narahat olaraq, bu layihənin maliyyələşdirilməsində iştirak etməkdən imtina etdi. Bəhanə kimi isə Amerikadakı erməni diasporunun Konqresə müraciəti göstərildi.
Digər tərəfdən, İranın da bu layihəyə qoşulmaq istəməsi, Azərbaycanın İran və Rusiya ilə birgə Şimal-Cənub layihəsinə tərəfdar çıxması, İranın Xəzərin hüquqi statusunu tanıması və Britaniyanın buradakı neft maraqlarını qəbul etməsi ABŞ-ı narahat edir.
Azərbaycanın Qüdsün statusu məsələsində ədalətli, beynəlxalq hüququn aliliyinə hörmət mövqeyi tutması, BMT-dəki səsvermələrdə bütün təhdidlərə baxmayaraq, ədalətin tərəfində çıxış etməsi də ölkəmizə qərəzli münasibəti artırdı.
Dünya ölkələrinin daxili işlərinə müdaxilə etmək, heç bir əsas olmadan onları insan hüquq və azadlıqlarının pozulmasında ittiham etmək səlahiyyəti olmayan belə təşkilatların bəzi ölkələrin əlində vasitəyə çevrilməsi, xüsusi xidmət orqanlarının örtük təşkilatları olması sirr deyil.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, "ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadə edirsə, sosial şəbəkələrdə 2 milyondan çox istifadəçi varsa, necə ola bilər ki, azadlığın məhdudlaşdırılmasından söhbət gedir?!”
Prezidentin köməkçisi, professor Əli Həsənov da daima bu cür qərəzli hesabatlara münasibət bildirərkən onları daha ədalətli mövqe tutmağa, belə olarsa bəlkə öz fəaliyyətlərinə faydalı çalarlar qata biləcəklərini vurğulayıb.
Görünür, Azərbaycanın müstəqil siyasət yeritməsi, toqquşma, ziddiyyət, dezinteqrasiya deyil, əksinə inteqrasiya, həmrəylik, kommunikasiyaların qovuşması proseslərində iştirakı bəzi güc mərkəzlərini qane etmir. Çünki dünyada çaxnaşma, münaqişə və müharibələrin olması onların maraqlarına daha çox uyğunluq təşkil edir. Belə olan halda isə kimin azadlıq carçısı olması, kimin isə əksinə bundan sui-istifadə edərək saxta hesabatlar tərtib edib dövlətlərin suverenliyinə müdaxilə etməyə çalışması, bununla da öz çirkin məqsədlərinə nail olmaq istəməsi aydın görünür.

banner

Oxşar Xəbərlər