• cümə, 19 Aprel, 16:59
  • Baku Bakı 25°C

“Freedom Hause”un istifadə etdiyi metodologiya qüsurludur

06.05.14 08:33 1422
“Freedom Hause”un istifadə etdiyi metodologiya qüsurludur
Azərbaycan dövləti qüdrətləndikcə, beynəlxalq miqyasda nüfuzu artdıqca bəzi xarici antimilli qüvvələrin ölkəmizə qarşı hücumlarının sayı da artır. Xüsusilə son dövrlər Şərqi Avropada baş verən proseslərin fonunda Azərbaycanın Qərb və Avropa üçün əhəmiyyəti birə-beş yüksəlib. Bu, Avropa İttifaqı kimi mötəbər qurumların tribunalarından belə, etiraf edilməkdədir. Məhz bütün bunlar Azərbaycanın hazırda daha inamlı xarici siyasət kursu yeritməsinə, istənilən məsələdə öz milli maraqlarını diqtə etməsinə şərait yaradır. Bu isə sirr deyil ki, bir sıra xarici dairələri qane edə bilməz. Onlar müxtəlif vasitələrlə, xüsusilə bəzi beynəlxalq QHT-lər, pula həris nüfuzlu şəxslər vasitəsilə ölkəmizə təzyiq göstərməyə cəhd göstərirlər. Məlumdur ki, bu cür QHT-lər məhz beynəlxalq güc mərkəzlərinin sifarişi ilə işləyir.
Məsələn, «Freedom Hause” təşkilatının 2013-cü ildə dünya ölkələrində media azadlığının vəziyyətinə dair hesabatında bu məqamlar özünü açıq şəkildə büruzə verir. Ümumiyyətlə, bu təşkilatın hesabatları daim ölkəmizə qarşı qərəzli xarakter kəsb etməkdədir. Ölkədə gedən müsbət tendensiyalar, demokratikləşmə və insan hüquqlarının qorunası istiqamətində atılan addımlar və s. qurum tərəfdən daim görməzdən gəlinir. Qurum Azərbaycanı birmənalı olaraq yalnız neqativ halların prizmasından təhlil edir və qiymətləndirir.
Diqqət yetirilərsə, təşkilatın qiymətləndirmə meyarları, metodologiyasının da ciddi surətdə yanlış olması üzə çıxar. Belə ki, təşkilat yalnız neqativ hallar əsasında ümumi qiymətləndirmə aparmamalı, yalnız radikal müxalif yönlü QHT-lərin məlumatlarına istinad etməklə ölkə barəsində qeyri-obyektiv nəticələr hasil etməməlidir. Bu üsulla işləmək olduqca yanlışdır. Qurumun bu cür fəaliyyəti onun ciddi bir təşkilat kimi nüfuzuna ağır zərbə vurmaqdadır.
Demək olar ki, artıq Azərbaycan ictimaiyyətində «Freedom Hause”un hesabatı birmənalı olaraq qeyri-obyektiv hesab olunmaqla onun daim ağa qara deyən, müsbət tendensiyaları görməzdən gələn, nihilist bir təşkilat kimi olduqca arzuolunmaz imici formalaşıb. Bu isə təbiidir. Çünki mütərəqqi fikirli dünya ictimaiyyəti və əlbəttə ki, ilk növbədə ölkə əhalisi son illər qazanılmış uğurları gördüyü və qiymətləndirdiyi halda belə təşkilatların uzun illərdən bəridir ki, traferet hesabatlar yayması haqlı etiraz doğurur və onlara qarşı etimadsızlıq yaradır.
Ümumiyyətlə təəccüblüdür ki, qurum bir sıra inkişaf etməkdə olan ölkələrə öz «stabil» yanaşmasını dəyişmək niyyətində deyil. Qurumun 2013-cü il üzrə hesabatını şərh edərkən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da bu məqama xüsusilə toxunub: “Freedom Hause” təşkilatının 2013-cü ildə dünya ölkələrində media azadlığının vəziyyətinə dair hesabatının Azərbaycanla bağlı hissəsi qərəzli, şübhəli mənbələrə əsaslanan subyektiv mülahizələrin məhsuludur. Ona görə də bu qiymətləndirmə qeyri-obyektiv səciyyə daşıyır. Hesabatdan görünür ki, bu təşkilatda Azərbaycan da daxil olmaqla bütün Avrasiya regionu haqqında tendensioz stereotiplər formalaşmışdır. Geniş əlverişli fəaliyyət mühiti nəzərə alınmadan, hər hansı ölkədə baş verə biləcək ayrı-ayrı azsaylı halların məqsədyönlü şəkildə ümumiləşdirilməsi və əldə olunan nəticələr əsasında real vəziyyətin təhrif edilməsi heç bir təşkilata, o cümlədən “Freedom Hause”a başucalığı gətirmir. Bütün bunlar onu deməyə əsas verir ki, “Freedom Hause”un istifadə etdiyi metodologiya qüsurludur, subyektivdir, müəyyən maraqları ifadə edir və obyektiv reallığı əks etdirmir».
“Freedom Hause” kimi beynəlxalq QHT-lərin xaricidəki fəaliyyəti ilə yanaşı, ölkədə xidmətdə olan bəzi diplomatik korpusların fəaliyyətində də antiAzərbaycan əhval-ruhiyyəsi özünü göstərməkdədir. «Xalq diplomatiyası» kimi zərərli tendensiyanı körükləyən bəzi səfirliklərin diplomatik çərçivədən kənar fəaliyyətlə məşğul olması ölkə ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Belə ki, prokurorluqda açılmış cinayət işi üzrə istintaqa cəlb edilmiş Leyla Yunusun ölkəni tərk etməsinə şərait yaratmağa cəhd edən ABŞ və Fransa səfirliklərinin hərəkətləri haqlı olaraq narazılığa səbəb olub.
Xüsusilə L.Yunusa ölkəni təcili tərk etmək üçün Fransa səfirliyi tərəfindən 2 saat ərzində 5 illik viza təşkil edilməsi təəccüb və şübhə doğurub.
Göründüyü kimi, bəzi xarici dövlətlərin səfirlikləri öz səlahiyyətlərini aşaraq Respublika prokurorluğunun razılığı olmadan, hazırda dindirilmə prosesində iştirak edən L.Yunusu ölkədən çıxarmağa çalışıblar.
Bunun isə əlbəttə ki, hüquq sisteminə hörmətsizlik və Azərbaycanın daxili işlərinə kobud müdaxilədən başqa adı yoxdur. Belə ki, həmin səfirliklərə məlumdur ki, ortada faktiki olaraq açılmış cinayət işi var və L.Yunus da o iş çərçivəsində ifadə verməkdədir. Bunu bilə-bilə istintaqa cəlb edilmiş bir şəxsi ölkədən çıxmağa şərait yaradılması və hətta hava limanınadək müşayiət edilməsi heç bir diplomatik prinsiplərlə, korpusun missiyası ilə izah oluna bilməz.
Azərbaycanda dövlətin xaricdən sırınan antimilli tendensiyalara, xüsusilə «xalq diplomatiyası» kimi zərərli kampaniyalara sərt reaksiyası antiAzərbaycan qüvvələrin əlində oyunçağa çevrilmiş bəzi şəxslərin də ölkəmiz barəsində hədyanlar səsləndirməsinə səbəb olub. Belələrindən biri ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Riçard Kozlariçdir. Belə ki, Kozlariç Azərbaycanda gedən hazırkı ictimai-siyasi prosesləri dəyərləndirərkən Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilən jurnalist Rauf Mirqədirovun həbsinə özünəməxsus münasibət bildirib və guya bu hadisənin bütün dünyada hüquq-müdafiə qrupları arasında ciddi narahatlıq doğurduğunu iddia edib. O, Rauf Mirqədirovun həbsini “fərqli siyasi düşüncəyə, KIV azadlığına, ermənilər və azərbaycanlılar arasında müsbət əlaqələrlə məşğul olmaq cəhdlərinə qarşı yönəlmiş əməl” kimi qiymətləndirib.
Riçard Kozlariçin ölkəmiz barəsindəki bu fikirlərinin səbəbləri aydındır. Məlum olduğu kimi, o, diplomatik fəaliyyəti dövründə Azərbaycanda qeyri-qanuni biznes qurmaq istəsə də, buna nail ola bilməyib. Məhz bu, Kozlariçdə Azərbaycan dövlətinə, iqtidarına qarşı düşmənçilik hissləri formalaşdırıb. Kozlariç kimiləri Azərbaycanda qazana bilmədikləri qeyri-qanuni pulları erməni lobbisinə nökərçilik vasitəsilə kompensasiya etməyə çalışırlar.
Lakin bütün bunlar, istər xaricdə, istərsə də daxildə olan antimilli qüvvələr hazırda günü-gündən qüdrətlənən Azərbaycan dövlətinin, onun prezidentinin əlinə-ayağına dolaşsalar da, heç bir ciddi maneə təşkil edə bilməzlər. Çünki Azərbaycan dövləti düşünülmüş və milli maraqlardan çıxış edən siyasət yürüdür. Bu siyasətin uğurlarını isə hər bir azərbaycanlı hiss etməkdədir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər