• çərşənbə axşamı, 23 aprel, 13:19
  • Baku Bakı 24°C

“Fraqmentlər” silsiləsindən

21.09.15 10:33 1388
“Fraqmentlər” silsiləsindən
Tanışım iş adamıdı, bir oğlu, bir qızı var. Arvadı necə deyərlər, nümunəvi evdar qadındır. Uşaqların ikisi də liseydə oxuyur, ikisinə ildə on altı min manat pul ödəyir tanışım. Uşaqlar əla oxuyur deyə, ataları təhsil haqqını “ürəklə verir,” – bunu özü deyir mənə. Səkkizdə oxuyan oğlunun fizika üzrə xüsusi istedadı var, bu yaxınlarda şəhər olimpiadasında birinci yer tutub, adlayıb respublika mərhələsinə.
– Ay qardaş, respublikada ikinci yox e, lap üçüncü yer tutsun, nə istəsə, ona alacam. Qoy məktəbi qurtarsın, onu Londonda oxutduracam. Lazım olsa, bağımı da, maşınlarımı da sataram, işə avtobusla gedib gələrəm, təki orda oxusun. Nə bilmək olar, bəlkə sabah Azərbaycana Nobel gətirdi? Düz demirəm, qadası?
– Əlbəttə, düz deyirsən, – başımı tərpədirəm.
Oğlunun Nobel almasını elə ürəkdən arzulayır, həm uşağın özünə görə, həm atasına, həm də elə ölkəmizə görə tanışımın arzusunun gələcəkdə gerçəkləşməsini mən də çox istəyirəm.
– Mənim bu həyatda əsas vəzifəm nədi? Ailəmin təminatını tam ödəmək, yeməyini-içməyini vaxtında alıb gətirmək. Arvadın, uşaqların yay-qış, payız paltarlarını almaq, külfəti ildə bir dəfə xaricə gəzməyə aparmaq. Düz demirəm?
– Düzdü, düzdü, – başımı tərpədirəm. İndiyə qədər ailəsini Türkiyə, Misir, Çexiyaya aparıb gəzdirib, avqust ayında isə mütləq Şamaxıdakı villalarında dincəlirlər.
– Yadında saxla, soyuducu ki boş oldu, arvada ki vaxtında istədiyi paltarı almadın, sənin üzün arvadın da yanında qara olacaq, uşaqların da. Başını ağrıtmaq olmasın, mən hələ təzə ailə quranda, elə olurdu, evə iki kilo kartof almağa pulum olmurdu. Amma yavaş-yavaş biznesə girişdim, bir gün bir “toçka”, o biri gün bir mağaza, arada əlim yandı. Sonra yenə əlimə pul gəldi, yaxşı pul qazanmağa başladım. Onda iki əlimi göyə açıb dedim, – əllərini göyə açır, – Allah, sənə şükür ki, mənə ruzisiz qoymadın, həyatda məni bu mərtəbəyə çatdırdın.
“Bu mərtəbə,” – bir vaxtlar xırda bizneslə məşğul olan tanışım hal-hazırda İspaniyadan Azərbaycana mebel gətirir.
– Şükür ki, arvadımdan da razıyam, uşaqlarımdan da. Mən təzə evlənəndə, Allahdan üç şey istədim. Ailəmin namusu, ruzisi, bir də uşaqların sağlamlığı olsun. Və çox şükürlər olsun ki, indiyə qədər bu üç arzum həyata keçir.
Onu deyim ki, həyat yoldaşı doğrudan, namuslu qadındır, özü qıraqda gəzsə də, arvadını çox istəyir, diqqətcildir ona qarşı, amma özünün dediyinə görə, uşaqları lap çox istəyir. Hətta bir dəfə bu cür də demişdi mənə: “Sabah arvadı boşasam, gedib təzəsini alaram, amma uşaqlarımı kimsə əvəz edə bilməz”. Düzü, mən də qayıdıb deməmişdim ki, sən sabah təzəsini alsan, ondan da uşağın ola bilər.
– ....Əzizim, yəni həyatda hər şey öz nizamıyla, öz məntiqiylə getməlidir, – ənənəsinə uyğun, - malı, -məli feilli cümlələrlə əsas məsələyə keçir. – Yəni ata-ana öz övladlarını böyüdüb başa çatdırandan, oxudandan, nəvə görəndən sonra bu dünyadan getməlidilər, – tanışımın valideynlərini tanıyıram, hələ sağdırlar. – Eləcə də mən bu iki balamı böyüdüb, oxudub, qıza ürəyi istədiyi cehizi alıb, layiqli bir oğlana ərə verməliyəm. Oğlum istədiyi işi əldə eləyəndən sonra, ona halal süd əmmiş bir qız tapıb evləndirməliyəm. Düz demirəm, qardaş?
– Düz deyirsən, qardaş, düz deyirsən.
– Sonra nəvələrimi görməliyəm, axşam işdən gələndə onlarla oynamalıyam. Yəni Allah eləməmiş, mənim, ya özümdən böyük qardaşımın ölümümü atam-anam görə, mən dədəmin, əmilərimin, dayılarımın çiynində gedəm. Ya Allah göstərməsin, – hər iki qulağını tutub “kış-kış” edir, – övlad itkisi başıma gələ.
– Allah eləməsin, o nə sözdü, – sözünü kəsirəm, istəmirəm çox dərinə getsin.
– Yəni demək istədiyim odur ki, həyatın qanunuyla, həyatın məntiqiylə atam-anam mənim çiynimdə getməlidi, eləcə də mən qocalıb yetmiş, ya səksən yaşa çatanda, oğlumun, qardaşı oğlanlarımın çiynində getməliyəm o dünyaya.
Tanışımın həvəslə izah elədiyi məntiqli ölüm konsepsiyasını eşidəndə məni gic gülmək tutur, amma özümü bir təhər saxlayıram.
– Bəlkə səhv deyirəm, qardaş?
– Yox, əlbəttə düz deyirsən. Amma yetmiş, səksən yox, doxsan yaş arzulayıram sənə, – dodağım qaçır.
– A kişi, sən elə bilirsən sənnən zarafat eləyirəm? Bunları sənə ciddi deyirəm e.
– Nə deyirəm ki? Necə deyərlər, sənin həyat fəlsəfənə hörmətlə yanaşıram. Sən maraqlı söhbətinə davam elə görək, – yenə əvvəlki ciddi görkəmimə qayıdıb, qulaq asa-asa başımı tərpədirəm.
Tanışımla ildə bir-iki dəfə görüşürəm, hər dəfə də eyni həvəslə öz həyat arzularını mənimlə bölüşür, hər dəfə oğlunun, qızının məktəbdəki uğurlarından ağzı köpüklənə-köpüklənə danışır. Ümumiyyətlə, bu cür danışanlardan xoşum gəlmir, dodaqların qırağında yığışan ağ köpüklər əsəbimə toxunur. Amma tanışımda həyat şövqü o qədər güclüdür ki, ağzının köpüklənməsi mənə elə də pis təsir eləmir. Soruşuram ki, işdi-şayət, yuxarı siniflərdə oğlundakı kimi, qızının da hansısa fənn üzrə xüsusi istedadı üzə çıxsa, onu da tək oxumağa xarici ölkəyə göndərərsən? Sanki bu sualı bir neçə dəfə eşidibmiş kimi, o dəqiqə cavab verir: “Ehh, sən elə bilirsən, mən onu fikirləşməmişəm. Oğlan qızdan yaşca böyükdü, düzdü?” – “Hə,” – deyirəm. – “Oğlan məktəbi qurtarandan sonra gedib bir il Londonda oxuyar, oranın qayda-qanununa öyrəşər. Sonra da qızı göndərərəm ora, bir yerdə qalarlar, həm ev işlərini görər, paltar yuyar, yemək bişirər, həm də dərsini oxuya-oxuya qardaş nəzarəti altında olar”. Beləcə, ona qulaq asa-asa başımı tərpədib deyirəm ki, hə, qardaş, düz deyirsən, Allah bütün bu gözəl arzularına görə ürəyincə versin.
Ayrılandan sonra həmsöhbətimin həyat eşqi, səliqəli-parlaq arzuları, ailəsinə bağlılığı haqqında fikirləşə-fikirləşə ürəyimdə, belə pis çıxmasın, qorxa-qorxa dua edirəm ki, tanışım bu həyatdan getməmiş, Allah onun hazırda altmış-yetmiş yaş arasında olan ata-anasını səksən-səksən beş yaşınacan ömür versin. Eləcə də tanışımın oğlu-qızı sağ-salamat böyüsün, oğlan fizika üzrə Nobel də alsın, o alınmasa, heç olmasa, nüfuzlu beynəlxalq mükafatdan-zaddan alsın. Qız da qardaşıyla bir yerdə Londonda oxusun, hər ikisini istədiyi kimi evləndirsin, nəvələri axşamlar çıxsınlar belinə, otaqda o baş-bu baş çapsınlar bunu. Və nəhayət, tanışım səksən beş-doxsan yaşında gecə yuxudan ayılmadan qəfil vəfat eləsin, oğlu, qardaşı uşaqları bunu aparıb el adətiylə dəfn eləsinlər.
Sanki bu arzularımı onunla bölüşürmüş kimi təsəvvürümdə də olsa, bu dəfə mən ona sual verirəm: “Düz demirəm, qardaş?” – “Əlbəttə, düz deyirsən,” – cavab verir.
Alpay Azər
banner

Oxşar Xəbərlər