Fransızların qəlbinə sevgi ilə yol tapan fotoqraf
Uşaq
yaşlarından skripka ilə məşğul olur, hətta bu istiqamətdə ali təhsil də alır,
lakin sonra fotoqrafiyaya maraq göstərir və sahə dəyişikliyi edir. Bəlkə də
buna görə, fransızlardan "sənin fotolarında musiqi duyuruq” kimi fikirlər
eşidir. Müsahibimiz hazırda Fransanın
Paris şəhərində fotoqrafiya məktəbində təhsil alan həmyerlimiz, gənc fotoqraf
Maya Bağırovadır. Bu günlərdə sərgisi ilə əlaqədar ölkəyə gələn Maya,
redaksiyamızın qonağı oldu.
Maya
deyir ki, Bakıda anadan olub, orta təhsilini İncəsənət Gimnaziyasında skripka
üzrə bitirib. Sonra Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında skripka üzrə
təhsil alıb. Karyerasını isə fotoqrafiya sahəsində davam etdirir: "İllərlə
skripka ifa etmişəm, bu sahə üzrə ali təhsil də aldım və təhsilimi başa vurub
Fransaya getdim. Orda bir il yaşayıb dili öyrəndikdən sonra fotoqrafiya üzrə
məktəbə daxil olmuşam. Bakıda yaşadığım müddətdə Beynəlxalq Muğam Mərkəzində və
"Nərgiz” jurnalında fotoqraf kimi çalışmışam. İndi Fransada fotoqrafiya
məktəbində təhsil alıram. Məktəb Parisdə çox böyük jurnallardan biri olan
"Paris Match” ilə əməkdaşlıq edir, buna görə, həftədə bir gün dərsimiz,
jurnalın ofisində keçir, qalan günlər məktəbdə. Təhsil müddəti iki ildir, mən
artıq bu il başa vururam. Parisə qayıdan kimi diplom işimi təhvil verməliyəm”.
- İllərlə skripka ifa edən bir adamın fotoqraflığa
keçidi necə olub? Keçidin səbəbi nədir?
- Çünki
musiqi ilə məşğul olanda özüm yarada bilmirdim. Başqa insanlar tərəfindən
yaradılmış hissləri yaşayıb onları üzə çıxarmalı idim. Bunu üzə çıxarmaq mənə
çətin idi. Həm də mən bir yerdə dayanmağı sevmirəm, ona görə, oturaq işlə çox
da məşğul ola bilmirəm. Oturanda elə bilirəm ki, həyat gedir, nələrsə gözümdən
qaçır və mən onları görmürəm. Fotoqrafiya isə başqa cürdür, gərək mən
maraqlanım, axtarım-tapım, kəşf edim, insanlarla tanış olum, maraqlı hekayələr
yaşayım. Həm də "üçüncü göz” deyilən bir şey var, o, mənə işarə verdi ki, bu
yolu davam etdirməlisən. Mən də getdim (gülür).
- Fotoqrafiya təhsili üçün niyə Fransanı seçdiniz?
-
Fransada xalam yaşayır, 30 ildir ordadır. Demək olar ki, hər şeydə mənə dəstək
olur. Fransada qalmağın, insanlarla ünsiyyət qurmağın bir yolu var idi, o da
oxumaq. Əslində, mən oxumağa çox da maraqlı deyildim, çünki konservatoriyanı
bitirmişdim, yenə 2 il oxumağın ağır olacağını düşünürdüm. Amma xalam məktəbi
tapdı və dedi ki, gedirsən. Məktəb bahalı idi və birinci il təhsil haqqıma
"Nərgiz” jurnalı, Ülviyyə Mahmudova kömək etdi, ikinci il isə xalam ödədi.
- Fotoqrafiya necə sahədir? Təqdim olunan fotolar
necə yaranır?
- Mənə görə,
fotonu çəkmək üçün ilk olaraq düşünmək lazımdır. Məsələn, bizə bir süjet veriləndə
onun haqqında günlərlə, həftələrlə, bəzən aylarla fikirləşirəm, "necə edim ki,
insanlara maraqlı çatsın, adi gəlməsin” deyə düşünürəm. Fransızlar isə fotoya
başqa cür yanaşırlar, heç nə düşünmədən, sadəcə olaraq, nə gördülər çəkib
göstərirlər. Hər kəsin baxışı fərqlidir.
- Hər işin kənardan görünməyən tərəfləri də olur.
İşin içinə düşməyənə qədər o görünməyən tərəf haqqında heç də məlumatlı
olmursan. Bu sahəyə gələndən sonra nələri gördünüz?
-
Fotoqrafiya üzrə təhsil almağa başlayanda, mənə əvvəldən görünməyən, işin
texnika ilə bağlı hissəsi idi. Bizə məktəbdə toplama, çıxma öyrədirdilər. Necə
etməliyik ki, texnikada hər şey qaydasında olsun və s. Mən isə texnikaya öyrəşməmişdim,
hər şeyi hisslərimlə ifadə etməyə alışmışdım. Amma iş elədir ki, texniki
tərəfini də öyrənməyə məcbursan. Mənə də öyrətdilər.
- Fransada təhsil almaq, fransızlarla dil tapmaq
cəhətdən çətinlikləriniz olmadı ki?
- Düzü,
təhsilimin ilk ili çox çətin oldu, müəllimlərə "siz məni başa düşmürsünüz”
deyirdim. Dava-dalaş, mübahisələrlə dolu bir il keçdi. Çünki birinci dəfə idi
ki, tam olaraq fransızların əhatəsinə düşmüşdüm, insanlar da tamam fərqli idi.
Mənim üçün yeni bir mühit idi. İkinci il artıq metodumu dəyişdim, dedim ki, bu
il fransızlarla dost olum, məsləhət alım və görək nəticə necə olur? Sonra hər
şey qaydasında düşdü. Bu yaxınlarda Parisdə də sərgim oldu. Direktor və
məktəbdə işləyən müəllimlər mənimlə fəxrlə danışdılar, çox yaxşı olduğumu, fotoqrafiya
adı gələndə ilk olaraq mənim adımı eşitdiklərini dedilər. Yəni hər şey sevgi
ilə, məhəbbətlə olur, dava-dalaşla yox.
- Hər fotoqrafın maraq dairəsi olur. Siz daha çox
nəyi çəkməyi sevirsiniz?
-
Fotoqrafiyaya başladığım ilk iki ildə ancaq qarğaları çəkmişəm. Özümü
qarğalarla ifadə etmək istəyirdim. Bu, təhsilimin birinci ilində də davam
edirdi. İşlərimdən birini "Paris Match” jurnalının keçirdiyi müsabiqəyə
göndərdim, finala çıxdı. Onlar üçün bu iş maraqlı gəlirdi, deyirdilər ki, biz
burda yaşayırıq, şəhərdə gəzirik, amma qarğaları heç vaxt bu tərzdə görməmişik,
sən bunu necə görürsən? İndi diplom işini hazırlamışam, burda isə daha çox
Azərbaycanı tanıtmağa çalışmışam. Orda həmişə mənə deyirlər ki, bizə
Azərbaycandan nə isə gətir, ora bizə maraqlıdır. Ona görə, diplom işi olaraq
Azərbaycan qadınlarını işləmişəm. Bunun üçün iki həftəlik Azərbaycana gəldim,
rayonlarımızı gəzdim, yaşlı qadınları çəkdim. Məsələn, bizdə belə ənənə var ki,
regionlarımızın qadınları başı bağlı olur, üzükləri həmişə barmaqlarında olur,
hətta həyat yoldaşları həyatda olmasa belə. Bu, çox xoşlarına gəlmişdi.
- Bakıda "Paris” adlı ilk sərginiz keçirildi.
Reaksiyalar necə oldu?
- Bəli,
ilk fərdi sərgim idi, amma Parisdə qrup şəklində sərgim olmuşdu. "Frankofoniya həftələri” çərçivəsində Fransanın Azərbaycandakı
səfirliyinin və Azərbaycanda Fransız İnstitutunun ve "Art Council
Azərbaycan"ın dəstəyi ilə sərgi
keçirilir. 14 apreldə açılışı oldu, 24 aprelə kimi davam edəcək. Artıq
Parisə qayıdıram, mən olmasam da, sərgi davam edəcək.
Parisdə
sərgidə həmişə insanlar çalışırlar ki, nə isə fikir bildirsinlər. Burdakı
sərgidə çıxış edəndə dedim ki, hər kəsin mənim işlərimdə öz hissəciyini
tapmasını istəyirəm. Sonra hiss etdim ki, hamı özünü axtarmağa başladı. Biri
dedi ki bu foto xoşuma gəlir, çünki mən özümü görürəm, bəziləri fotolarda
məqamların necə dayanmasının izahını istəyirdi. Mən onu insanlara deməsəydim,
axtarmağa çox da maraq göstərməyəcəkdilər, fotoqrafla şəkil çəkdirib, təbrik
edib gedəcəkdilər.
- Bir növ
fotoqraf rəsmə baxanlara ipucu verməlidir?
- Bəli,
o ipucunu verməliyik ki, izləyicinin beynində qalsın, daha diqqətli olsun.
- Parisdə sərginiz olduğunu dediniz, həm də qeyd
etdiniz ki, onlar sərgilərdə fotolarla bağlı nələrsə deməyə çalışırlar. Sizə
nələr deyiblər?
- İlk
dəfə Parisdə 2015-ci ildə sərgim olub, o vaxt hələ Bakıda təhsil alırdım. 5
şəklim stendə qoyulmuşdu, hər biri də fərqli süjetlərə aid idi. Ən birinci süjet
"Tənhalıq” idi. Fransızlar isə bu süjeti dəhşət çox sevirlər. Onların ürəyinə
daha çox yaxın gəlirdi. Bəziləri isə "sənin fotolarında musiqi duyuruq, musiqi
ilə əlaqən var?” deyirdilər. Musiqi mənə işimdə kömək edir. Hansısa videonu
çəkəndə düzgün musiqini seçmək üçün musiqi savadı köməyimə gəlir. Uyğun musiqi
seçilməyəndə, iş də istədiyin kimi alınmır.
- Bu gün insanlarda, şəkil çəkdirib paylaşmaq
həvəsi çoxalıb. Sosial şəbəkədə şəkilləri izləyəndə baxışınız necə olur?
- Çox
selfi paylaşan adamların profillərini izləməyi dayandırıram (gülür). Buna görə,
çox vaxt işlərimi paylaşıram ki, sosial şəbəkədə adamlar bu cür qarışıq
şəkillərin içərisində bir ağ-qara şəkil görsünlər, buna baxsınlar, selfilərdən
dəyişiklik olsun. Selfilər şəkil çəkdirməyi adiləşdirir.
- Niyə əsasən
ağ-qaraya üstünlük verirsiniz?
- Çünki
ağ-qara şəkillər daha çox şey ifadə edir. Rəngli olanda şəklə baxan adam mənim
demək istədiyimə yox, rəngi daha çox diqqəti cəlb edən başqa bir kadra baxa
bilər, fikri yayınır. Ağ-qara elədir ki, demək istədiyin mərkəzdə olur, insanın
fikrini çəkəcək başqa rənglər olmur.
- Maraqlıdır, özünüz şəkil çəkdirməyi sevirsiniz?
- Şəkil
çəkdirməyi, avtoportret etməyi çox sevirəm. Hətta bir dəfə dostum zarafat
etmişdi ki, axırda səni avtoportret fotoqrafı kimi tanıyacaqlar. Ona görə, bir
az dayandırmışdım, sonra yenə başladım (gülür).
- Təhsiliniz bitir, gələcəklə bağlı nə planlayırsınız?
- Mənə
həmişə məktəbdə deyirlər ki, sənin bir yolun var, o da fotoqrafiyadır, o yoldan
çıxmamalısan. Ona görə, yolum fotoqrafiya ilə bağlı olacaq. Özümü fotoqrafiya
sahəsində davamlı qidalandıracağam, çalışacağam, sərgilər, müsabiqələrdə
iştirak edəcəyəm. Bir yerə gəldiyimi hiss edəndə, fotoqrafiya məktəbi açmağı
planlaşdırıram.
- Azərbaycana qayıdacaqsınız?
- Yox,
tam olaraq qayıtmayacağam. Mənim həmişə ikili həyatım olub, həm Fransada
fəaliyyətimi davam etdirəcəyəm, həm də Azərbaycanda.
Aygün Asimqızı