• cümə axşamı, 28 mart, 19:07
  • Baku Bakı 13°C

Fransızların qəlbinə sevgi ilə yol tapan fotoqraf

19.04.19 09:30 2200
Fransızların qəlbinə sevgi ilə yol tapan fotoqraf
Uşaq yaşlarından skripka ilə məşğul olur, hətta bu istiqamətdə ali təhsil də alır, lakin sonra fotoqrafiyaya maraq göstərir və sahə dəyişikliyi edir. Bəlkə də buna görə, fransızlardan "sənin fotolarında musiqi duyuruq” kimi fikirlər eşidir. Müsahibimiz hazırda Fransanın Paris şəhərində fotoqrafiya məktəbində təhsil alan həmyerlimiz, gənc fotoqraf Maya Bağırovadır. Bu günlərdə sərgisi ilə əlaqədar ölkəyə gələn Maya, redaksiyamızın qonağı oldu.

Maya deyir ki, Bakıda anadan olub, orta təhsilini İncəsənət Gimnaziyasında skripka üzrə bitirib. Sonra Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında skripka üzrə təhsil alıb. Karyerasını isə fotoqrafiya sahəsində davam etdirir: "İllərlə skripka ifa etmişəm, bu sahə üzrə ali təhsil də aldım və təhsilimi başa vurub Fransaya getdim. Orda bir il yaşayıb dili öyrəndikdən sonra fotoqrafiya üzrə məktəbə daxil olmuşam. Bakıda yaşadığım müddətdə Beynəlxalq Muğam Mərkəzində və "Nərgiz” jurnalında fotoqraf kimi çalışmışam. İndi Fransada fotoqrafiya məktəbində təhsil alıram. Məktəb Parisdə çox böyük jurnallardan biri olan "Paris Match” ilə əməkdaşlıq edir, buna görə, həftədə bir gün dərsimiz, jurnalın ofisində keçir, qalan günlər məktəbdə. Təhsil müddəti iki ildir, mən artıq bu il başa vururam. Parisə qayıdan kimi diplom işimi təhvil verməliyəm”.

- İllərlə skripka ifa edən bir adamın fotoqraflığa keçidi necə olub? Keçidin səbəbi nədir?
- Çünki musiqi ilə məşğul olanda özüm yarada bilmirdim. Başqa insanlar tərəfindən yaradılmış hissləri yaşayıb onları üzə çıxarmalı idim. Bunu üzə çıxarmaq mənə çətin idi. Həm də mən bir yerdə dayanmağı sevmirəm, ona görə, oturaq işlə çox da məşğul ola bilmirəm. Oturanda elə bilirəm ki, həyat gedir, nələrsə gözümdən qaçır və mən onları görmürəm. Fotoqrafiya isə başqa cürdür, gərək mən maraqlanım, axtarım-tapım, kəşf edim, insanlarla tanış olum, maraqlı hekayələr yaşayım. Həm də "üçüncü göz” deyilən bir şey var, o, mənə işarə verdi ki, bu yolu davam etdirməlisən. Mən də getdim (gülür).

- Fotoqrafiya təhsili üçün niyə Fransanı seçdiniz?
- Fransada xalam yaşayır, 30 ildir ordadır. Demək olar ki, hər şeydə mənə dəstək olur. Fransada qalmağın, insanlarla ünsiyyət qurmağın bir yolu var idi, o da oxumaq. Əslində, mən oxumağa çox da maraqlı deyildim, çünki konservatoriyanı bitirmişdim, yenə 2 il oxumağın ağır olacağını düşünürdüm. Amma xalam məktəbi tapdı və dedi ki, gedirsən. Məktəb bahalı idi və birinci il təhsil haqqıma "Nərgiz” jurnalı, Ülviyyə Mahmudova kömək etdi, ikinci il isə xalam ödədi.
- Fotoqrafiya necə sahədir? Təqdim olunan fotolar necə yaranır?
- Mənə görə, fotonu çəkmək üçün ilk olaraq düşünmək lazımdır. Məsələn, bizə bir süjet veriləndə onun haqqında günlərlə, həftələrlə, bəzən aylarla fikirləşirəm, "necə edim ki, insanlara maraqlı çatsın, adi gəlməsin” deyə düşünürəm. Fransızlar isə fotoya başqa cür yanaşırlar, heç nə düşünmədən, sadəcə olaraq, nə gördülər çəkib göstərirlər. Hər kəsin baxışı fərqlidir.

- Hər işin kənardan görünməyən tərəfləri də olur. İşin içinə düşməyənə qədər o görünməyən tərəf haqqında heç də məlumatlı olmursan. Bu sahəyə gələndən sonra nələri gördünüz?
- Fotoqrafiya üzrə təhsil almağa başlayanda, mənə əvvəldən görünməyən, işin texnika ilə bağlı hissəsi idi. Bizə məktəbdə toplama, çıxma öyrədirdilər. Necə etməliyik ki, texnikada hər şey qaydasında olsun və s. Mən isə texnikaya öyrəşməmişdim, hər şeyi hisslərimlə ifadə etməyə alışmışdım. Amma iş elədir ki, texniki tərəfini də öyrənməyə məcbursan. Mənə də öyrətdilər.


- Fransada təhsil almaq, fransızlarla dil tapmaq cəhətdən çətinlikləriniz olmadı ki?
- Düzü, təhsilimin ilk ili çox çətin oldu, müəllimlərə "siz məni başa düşmürsünüz” deyirdim. Dava-dalaş, mübahisələrlə dolu bir il keçdi. Çünki birinci dəfə idi ki, tam olaraq fransızların əhatəsinə düşmüşdüm, insanlar da tamam fərqli idi. Mənim üçün yeni bir mühit idi. İkinci il artıq metodumu dəyişdim, dedim ki, bu il fransızlarla dost olum, məsləhət alım və görək nəticə necə olur? Sonra hər şey qaydasında düşdü. Bu yaxınlarda Parisdə də sərgim oldu. Direktor və məktəbdə işləyən müəllimlər mənimlə fəxrlə danışdılar, çox yaxşı olduğumu, fotoqrafiya adı gələndə ilk olaraq mənim adımı eşitdiklərini dedilər. Yəni hər şey sevgi ilə, məhəbbətlə olur, dava-dalaşla yox.

- Hər fotoqrafın maraq dairəsi olur. Siz daha çox nəyi çəkməyi sevirsiniz?
- Fotoqrafiyaya başladığım ilk iki ildə ancaq qarğaları çəkmişəm. Özümü qarğalarla ifadə etmək istəyirdim. Bu, təhsilimin birinci ilində də davam edirdi. İşlərimdən birini "Paris Match” jurnalının keçirdiyi müsabiqəyə göndərdim, finala çıxdı. Onlar üçün bu iş maraqlı gəlirdi, deyirdilər ki, biz burda yaşayırıq, şəhərdə gəzirik, amma qarğaları heç vaxt bu tərzdə görməmişik, sən bunu necə görürsən? İndi diplom işini hazırlamışam, burda isə daha çox Azərbaycanı tanıtmağa çalışmışam. Orda həmişə mənə deyirlər ki, bizə Azərbaycandan nə isə gətir, ora bizə maraqlıdır. Ona görə, diplom işi olaraq Azərbaycan qadınlarını işləmişəm. Bunun üçün iki həftəlik Azərbaycana gəldim, rayonlarımızı gəzdim, yaşlı qadınları çəkdim. Məsələn, bizdə belə ənənə var ki, regionlarımızın qadınları başı bağlı olur, üzükləri həmişə barmaqlarında olur, hətta həyat yoldaşları həyatda olmasa belə. Bu, çox xoşlarına gəlmişdi.


- Bakıda "Paris” adlı ilk sərginiz keçirildi. Reaksiyalar necə oldu?
- Bəli, ilk fərdi sərgim idi, amma Parisdə qrup şəklində sərgim olmuşdu. "Frankofoniya həftələri” çərçivəsində Fransanın Azərbaycandakı səfirliyinin və Azərbaycanda Fransız İnstitutunun ve "Art Council Azərbaycan"ın dəstəyi ilə sərgi keçirilir. 14 apreldə açılışı oldu, 24 aprelə kimi davam edəcək. Artıq Parisə qayıdıram, mən olmasam da, sərgi davam edəcək.

Parisdə sərgidə həmişə insanlar çalışırlar ki, nə isə fikir bildirsinlər. Burdakı sərgidə çıxış edəndə dedim ki, hər kəsin mənim işlərimdə öz hissəciyini tapmasını istəyirəm. Sonra hiss etdim ki, hamı özünü axtarmağa başladı. Biri dedi ki bu foto xoşuma gəlir, çünki mən özümü görürəm, bəziləri fotolarda məqamların necə dayanmasının izahını istəyirdi. Mən onu insanlara deməsəydim, axtarmağa çox da maraq göstərməyəcəkdilər, fotoqrafla şəkil çəkdirib, təbrik edib gedəcəkdilər.

- Bir növ fotoqraf rəsmə baxanlara ipucu verməlidir?
- Bəli, o ipucunu verməliyik ki, izləyicinin beynində qalsın, daha diqqətli olsun.


- Parisdə sərginiz olduğunu dediniz, həm də qeyd etdiniz ki, onlar sərgilərdə fotolarla bağlı nələrsə deməyə çalışırlar. Sizə nələr deyiblər?
- İlk dəfə Parisdə 2015-ci ildə sərgim olub, o vaxt hələ Bakıda təhsil alırdım. 5 şəklim stendə qoyulmuşdu, hər biri də fərqli süjetlərə aid idi. Ən birinci süjet "Tənhalıq” idi. Fransızlar isə bu süjeti dəhşət çox sevirlər. Onların ürəyinə daha çox yaxın gəlirdi. Bəziləri isə "sənin fotolarında musiqi duyuruq, musiqi ilə əlaqən var?” deyirdilər. Musiqi mənə işimdə kömək edir. Hansısa videonu çəkəndə düzgün musiqini seçmək üçün musiqi savadı köməyimə gəlir. Uyğun musiqi seçilməyəndə, iş də istədiyin kimi alınmır.

- Bu gün insanlarda, şəkil çəkdirib paylaşmaq həvəsi çoxalıb. Sosial şəbəkədə şəkilləri izləyəndə baxışınız necə olur?
- Çox selfi paylaşan adamların profillərini izləməyi dayandırıram (gülür). Buna görə, çox vaxt işlərimi paylaşıram ki, sosial şəbəkədə adamlar bu cür qarışıq şəkillərin içərisində bir ağ-qara şəkil görsünlər, buna baxsınlar, selfilərdən dəyişiklik olsun. Selfilər şəkil çəkdirməyi adiləşdirir.

- Niyə əsasən ağ-qaraya üstünlük verirsiniz?
- Çünki ağ-qara şəkillər daha çox şey ifadə edir. Rəngli olanda şəklə baxan adam mənim demək istədiyimə yox, rəngi daha çox diqqəti cəlb edən başqa bir kadra baxa bilər, fikri yayınır. Ağ-qara elədir ki, demək istədiyin mərkəzdə olur, insanın fikrini çəkəcək başqa rənglər olmur.


- Maraqlıdır, özünüz şəkil çəkdirməyi sevirsiniz?
- Şəkil çəkdirməyi, avtoportret etməyi çox sevirəm. Hətta bir dəfə dostum zarafat etmişdi ki, axırda səni avtoportret fotoqrafı kimi tanıyacaqlar. Ona görə, bir az dayandırmışdım, sonra yenə başladım (gülür).

- Təhsiliniz bitir, gələcəklə bağlı nə planlayırsınız?
- Mənə həmişə məktəbdə deyirlər ki, sənin bir yolun var, o da fotoqrafiyadır, o yoldan çıxmamalısan. Ona görə, yolum fotoqrafiya ilə bağlı olacaq. Özümü fotoqrafiya sahəsində davamlı qidalandıracağam, çalışacağam, sərgilər, müsabiqələrdə iştirak edəcəyəm. Bir yerə gəldiyimi hiss edəndə, fotoqrafiya məktəbi açmağı planlaşdırıram.

- Azərbaycana qayıdacaqsınız?
- Yox, tam olaraq qayıtmayacağam. Mənim həmişə ikili həyatım olub, həm Fransada fəaliyyətimi davam etdirəcəyəm, həm də Azərbaycanda.

Aygün Asimqızı





banner

Oxşar Xəbərlər