AZE | RUS | ENG |

Fransız xalqı kef edir - Tələbə həyatı

Fransız xalqı kef edir - Tələbə həyatı
Fransada təhsil alan həmsöhbətimiz sözügedən ölkənin təhsili və insanları barədə danışır


Müsahibimiz Rəsul Hacıyev Azərbaycan Fransada Audencia Nantes Ecolde de Management biznes məktəbinə Beynəlxalq menecment proqramı üzrə magistratura pilləsini bitirib. Bundan əvvəl isə Dövlət Neft Akademiyasının neft, qaz çıxarma sənaye sahələrinin mencementi ixtisası üzrə bakalavr pilləsini bitirib. Amma bununla kifayətlənməyib, Fransadakı təhsilini başa vurandan sonra Dövlət İqtisad Universitetinin ingilis dilində tədris olunan MBA proqramı üzrə magistr pilləsinə qəbul olub.

Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi vəzifəsində çalışır. Üç universitetdə aldığı təhsildən sonra Rəsul doktoranturada da oxumağı planlaşdırır. Təhsil almağa, daim özünü inkişaf etdirməyə həvəsli olan Rəsulla Fransada aldığı təhsil, sözügedən ölkə ilə bizim təhsil sistemimiz, cəmiyyətlərimiz arasında fərqlərdən danışdıq.

Gülərüz, yardımsevər və vicdanlı fransız

Rəsul deyir ki, hələ Neft Akademiyasında oxuyarkən xaricdə təhsil almaq barədə düşünürdü: “Xaricdə oxumağı qarşıma məqsəd qoymuşdum. Hesab edirdim ki, xaricdə aldığım təhsillə daha çox bilik qazana bilərəm. Daha çox Almaniya və Macarıstanda oxumaq istəyirdim. Amma imkan düşən kimi müxtəlif Avropa ölkələrində təhsil almaq üçün cəhd edirdim, nəticədə Fransa alındı. ARDNŞ-nin vasitəsilə Azərbaycanın neft və qaz yataqlarında paya sahib olan Fransanın «Total» şirkətinin təqaüd proqramını qazandım və xaricdə təhsil almaq hüququ əldə etdim”.

Fransada Rəsulu şəhərlərin təmizliyi, insanların gülərüz, yardımsevər, bir də vicdanlı olmaları təəccübləndirib: “Nant şəhərinə təzə getmişdik, içki almaq istəyirdik. Şənbə günü olduğundan bir çox dükanların bağlı idi və biz yaxınlıqdakı barda barmenə yaxınlaşdıq. Barmen bizə bildirdi ki, “bizdə içkilər bahadır, yaxşı olar ki, yaxınlıqdakı dükandan alasınız”. Azərbaycanda belə şey görmədiyimə görə qulaqlarıma inana bilmirdim. Belə hadisələrlə tez-tez qarşılaşırdıq. Yolu tanımayanda fransızlar az qalırdı işlərini atıb səninlə lazım olan məntəqəyə kimi getsinlər”.
Həmsöhbətimizin diqqətini çəkən məqamlardan biri də fransızların uşağından tutmuş yaşlısına kimi əksəriyyətinin mütaliə ilə məşğul olmalarıdır: “Bizdə bəzi “ağıllılar” kitabın lazımsız olduğunu, hər şeyin internetdə yerləşdirildiyini deyəndə, onlara informasiya texnologiyaları sahəsində bizdən qat-qat öndə olan Fransanı misal göstərmək istərdim”.

Orda “tapşırıq” yoxdur

Fransadakı təhsil sistemindən danışan həmsöhbətimiz deyir ki, sözügedən ölkədə təhsil sistemində rüşvət və “tapşırıq” yoxdur: “Ən maraqlı və xoşagələn cəhətlərdən biri də Fransadakı ali məktəblərdə xarici tələbələrin çoxluğudur. Bizim qrupumuzda 22 ölkədən 32 tələbə var idi. Dərslər interaktiv və praktik keçirilirdi. Qrafik çox sıx olduğundan dərslər səhər 9-da başlayıb, əksər vaxtlarda axşam 17.00-a kimi davam edirdi. Hər gün mühazirə ilə yanaşı praktiki dərslər keçirilirdi. Praktiki dərslər əsasən işgüzar oyunlar və praktiki nümunələr üzərində keçirilirdi”.

R.Hacıyevin sözlərinə görə, Fransada tədris sistemi elə qurulub ki, tələbənin “avaraçılıq” etməyə vaxtı qalmır: “Onu da deyim ki, təhsil aldığım universitetdə əsasən qrup şəklində işləyirdik. Bununla da bizdə həm də qrupla işləmək vərdişi yaranırdı. Bizə qrupla işləmək üçün iş və 2 gün vaxt verilirdi. Buna görə məcbur olub dərsdən sonra saatlarla kitabxanada, kompyuter otağında, ya da tələbə yoldaşlarımızın birinin evində yığışıb tapşırığı hazırlayırdıq”.

Həmsöhbətimiz Fransada müəllimlərin, universitet rəhbərlərinin tələbələrlə açıq olmalarını bəyəndiyini deyir: “Onlar saatlarla oturub yorulmadan tələbələrin problemini dinləyir və bacardıqları qədər kömək edirlər. Hər fənnin tədrisinin sonunda universitet rəhbərliyi tərəfindən tələbələr arasında anonim rəy sorğusu keçirilir və tələbələr müəllimlərini dediyi dərsə görə qiymətləndirirlər. Bəyəndiyim və bizim universitetlərdə görmədiyim digər bir cəhət isə müəllimlərin tələblərin fikrini nəzərə almalarıdır. Yəni dərsdə qızğın müzakirə gedərkən, bir çox müəllimlərimiz kimi tələbəyə “sən düz demirsən”, və ya “otur yerində, çox danışma” kimi sözləri deyilmir. Əksinə, tələbə nəyisə başa düşmədikdə, dəfələrlə izah edir, alınmadıqda dərsdən sonra müəllim öz iş otağnda başa salırdı”.

Tələbələrin yalnız nəzəriyyə ilə kifayətlənmədiklərini deyən Rəsul qruplara bölünüb layihələr üzərində işlədiklərini bildirdi: “Ən yaxşı layihələr universitetin “inkubator”unda saxlanılır və iri şirkətlər tez-tez bu layihələrlə maraqlanıb ən yaxşılarını seçir, onu hazırlayan tələbələrə iş təklifi edirlər”.

Onlar fərqlənməyi sevirlər

Fransa cəmiyyətində insanların fikirlərinin, düşüncə tərzinin bir-birindən fərqlənməsi də müsahibimizin diqqətini cəlb edib: “İnsanlar fərqliliyi sevirlər. Bizdə fərqlilik dedikdə, digərindən daha üstün, daha varlı görünmək kimi başa düşülür. Fransızlarda vacib olan fərqli düşünməkdir. Bizdə insanlar təbiətcə idarə olunmağı sevirlər, yəni xoşlayırlar ki, onların yerinə qərarları kimsə versin və çiyinlərindən düşünmək kimi yük qalxsın. Fransada bir daha anladım ki, həmyerlilərimizin çoxu pul məsələsində zirəkdir, pul qazanmağın yolları barədə düşünmək üçün başqalarına borca beyin də verə bilərlər”.

Rəsul fransız əhlinin səyahəti sevdiyini deyir: “Onlar başa düşürlər ki, qocalarkən insana yalnız xoş xatirələr qalır, buna görə də yığdıqları pulu səyahətə xərcləyirlər. Bizlər isə pulumuzun azlığından-çoxluğundan asılı olmayaraq, ömrümüzü yalnız pul yığmağa, bacardıqca daha çox torpaq, ev almağa həsr edirik”.

Qızlar kosmetika və dikdabandan imtina edib

Müsahibimiz fransız qızlarının gözəlliyini vəsf etməyi də unutmadı: “Fransız qızları deyildiyi ki, gözəl idilər. Bir çoxlarına diqqətlə baxdıqda adama elə gəlir ki, onların üzərində rəssam işləyib. Çox sadə geyinirlər, makiyajdan, ümumiyyətlə, istifadə etmirlər. Təbiiliyi ən böyük gözəllik sayırlar. Boyları hündür olmasa da, aralarında demək olar ki, hündürdaban ayaqqabı geyinənin rast gəlmədim. Çünki həm səhhətlərini, həm də dediyim kimi, təbii gözəlliyi sevirlər”.

Onu da qeyd edək ki, ARDNŞ-in vasitəçiliyi ilə təhsil aldığı üçün müqavilə üzrə Rəsul 5 il müddətində ARDNŞ-də işləməlidir: “Bu siyasəti əslində bəyənirəm, çünki xaricdə təhsil almış gənclərin fikirlərindən yararlanmaq lazımdır və şirkətimiz bu işi lazımi qaydada yerinə yetirir”.

Lalə MUSAQIZITələbə həyatı"> Tələbə həyatı"> Tələbə həyatı"> Tələbə həyatı">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045