• cümə axşamı, 25 aprel, 11:56
  • Baku Bakı 14°C

Fransız gözəlini Qarabağın gəlini edən bəy

25.09.19 10:45 622
Fransız gözəlini Qarabağın gəlini edən bəy
Mətləbə keçməzdən əvvəl onu qeyd etmək istərdim ki, sovetin hər zaman tənqid, təhqir etdiyi bəy balalarının əksəriyyəti, 1920-ci ilin aprel işğalına kimi Avropaya yüksək təhsilə sahib olmaq üçün getmişdilər. 19-cu yüzilliyin sonlarında təkcə Şuşadan onlarla gənc Parisə, İngiltərəyə, Almaniyaya getmiş, yüksək ixtisaslı həkim, müəllim, mühəndis, hüquqşünas kimi vətənə qayıtmışdılar. Onlardan biri də istedadlı həkim, ictimai-siyasi xadim, Azərbaycan milli azadlıq hərəkatının iştirakçısı Bəhram bəy Axundovdur.
Bəhram bəy Qarabağ da hörmət-izzət sahibi olan Cəfərqulu bəyin ailəsində 1861-ci ildə dünyaya göz açıb (Yanlış olaraq bəzi mənbələrdə 1872-ci il kimi qeyd edilir. 1872-ci ildə onun qardaşı Ələkbər anadan olub). Anası Güllü xanım da əslən Qarabağdan olub. Cəfərqulu bəy dünyasını dəyişdikdən sonra ailənin bütün çətinliyi böyük oğul Kərimin üzərinə düşür. O, özü təhsil ala bilməsə də, özündən kiçik qardaşlarının üçünü də oxudur. Cəmil və Ələkbər Qori Müəllimlər Seminariyasında təhsillərini başa vurub Qarabağa qayıdaraq maarifin, təhsilin təbliğinə çalışıblar. Bəhram isə vətəndə gimnaziya təhsilinə yiyələndikdən sonra üz tutur Avropaya. 1893-cü ildə Fransanın Lill Akademiyasının qarışıq elmlər (fizika, kimya, biologiya) fakültəsinin aspiranturasına qəbul olur. 1896-cı ildə aspiranturada təhsilini başa vurub, həmin akademiyanın tibb fakültəsində təhsilini davam etdirir. 1901-ci ildə imtahan verərək "təbabət həkimi” ixtisası üzrə diplom alan Bəhram, Lill şəhərində Pastar İnstitutunda işə başlayır. Bir il işlədikdən sonra Rusiyaya gəlir, amma burada iş tapa bilmədiyi üçün Təbrizə gedir. O, zaman Rusiya imperiyası vətəndaşlarının aldığı əcnəbi diplomlar ölkədə tanınmırdı. Onlar mütləq Rusiyada ya yenidən dövlət imtahanı verməli, ya da ən azı, orada bir il oxuyaraq Rusiya diplomu əldə etməli idilər.
Bəhram bəy 1902-ci ildə Təbrizə gedir. Burada saray həkimi rütbəsini alaraq işə başlayır. Təbiətən çox mehriban və həssas olan Bəhram bəy, tez zamanda saray əhlinin sevimlisinə çevrilir. Müzəffərəddin şah onu "Şiri Xurşud” ordeni ilə təltif edir. Bəhram bəy burada nə qədər xoş gün-güzəran keçirsə də, arzusu vətəninə dönmək, öz soydaşlarına xidmət etmək idi. Bu istəklə 1904-cü ildə Xarkova gəlir. 1901-ci ildən Həkimlər və Təbiətçilər Cəmiyyətinin üzvü olan Bəhram bəy, Xarkov Universitetində yenidən imtahan verib həkim diplomunu alır. Artıq o, Rusiya ərazisində həkim işləmək hüququna malik olur. İmtahanı uğurla verən Bəhram bəy, 1904-cü ildə yenidən Parisə qayıdır. Amma bu dəfə təhsil dalınca yox. Bu dəfə Lillidə ilk dəfə gördüyü, bir könüldən min könülə vurulduğu Selestina xanımın dalınca gedir...
Sarışın, mavi gözlü fransız gözəli də hündür boylu, qara gözlü, iti baxışlı, xoş simalı bu qafqazlı balasına biganə deyildi. Ona görə də, səbirsizliklə onun yolunu gözləyirdi və tərəddüd etmədən "Qarabağ gəlini” olmağa söz verir. 1904-cü ilin sonlarında Bəhram bəy Selestina xanımın ata-anasının xeyir duasını alaraq onu Bakıya gətirir. Fransız gözəli bir il Bəhram bəyin qohumlarının evində qalır və öz xoşu ilə müsəlmanlığı qəbul edir, Selestina Purte-Səltənət Axundova olaraq 1905-ci ildə Bəhram bəylə ailə qurur. Bəhram bəy onu ata-baba yurduna gətirir. Səltənət xanımın Bəhram bəyə olan böyük sevgisindən və hörmətindən irəli gələrək, o, bütün adət-ənənələri ədəb-ərkanla yerinə yetirir. Bu haqda Həmidə xanım Cavanşirin (Məmmədquluzadə) "Xatirələrim”ində yetərincə informasiya var. "Xatirələrim”dən aydın olur ki, Həmidə xanım ailəsi ilə birlikdə Şuşaya yaylağa gedərkən, tez-tez Bəhram bəyin qonağı olardı, ya da Bəhram bəy ömür yoldaşı Səltənət xanımla onlara qonaq gələrdi. Onlar birlikdə Şuşa Xeyriyyə Cəmiyyətinin toplantısına qatılardılar. Cəmiyyət üzvləri arasında Bəhram bəyə böyük hörmət vardı. O, verdiyi sözü mütləq yerinə yetirərdi.
1906-cı ildə Bakıda çap olunan dövrü mətbuatdakı elanlardan aydın olur ki, Bəhram bəy həmin ildən daimi Bakıda çalışmağa başlayır. "Doktor Bəhram bəy Axundov Nikolayevski küçədə nömrə 27, Hacı Zeynalabdin Tağıyevin qız işkolasının qabağında Dadaşovun evində qəbul edir naxoşları hər gün sübh saat 8-dən 12-dək, axşam saat 4-dən 7-dək. Telefon nömrə: 799”. Bu məzmunda olan elanlar, bildirişlər əsasən rus dilli "Kaspi” qəzetinin səhifələrində verilib.
1906-cı ildə Bəhram bəyin ilk övladı Əli dünyaya gəlir. Deyilənə görə, o, oğlunun adını yaxın dostu, görkəmli yazar, romantik ədəbi məktəbin nümayəndəsi Əli bəy Hüseynzadənin şərəfinə Əli qoyub. Bəhram bəy Əli bəyə həmişə "əziz qardaşım və işdaşım” deyə müraciət edərək, saatlarla onunla tibbi biliklərini bölüşərdi (Əli bəy həm də həkim olub). 1908-ci ildə isə qızı Törə anadan olur. Çoxlarının qibtə edəcəyi xoşbəxtliyi yaşayır ailə. Bu xoş günlərin ömrü 1916-cı ilin 20 iyununa kimi çəkir. Həmin gün Səltənət xanım dünyasını dəyişir (üçüncü övladı dünyaya gələrkən). Bu hadisə Bəhram bəyi çox sarsıdır. Sevimli ömür yoldaşının ölümü ilə barışa bilməyən Bəhram bəy özünə qapılır, qaradinməz olur, şənliklərə, məclislərə getmir və bir daha heç kimi qəlbinə yaxın buraxmır, sevimli Səltənətinə sadiq qalır... Bu böyük sevginin yadigarı olan iki övladlarının təlim-tərbiyəsi ilə yalnız özü məşğul olur.
Yuxarıda qeyd etdiyimiz kimi, Bəhram bəy yalnız dövrünün istedadlı həkimi, xeyirxah insanı deyildi. O, həm də ictimai-siyasi xadim idi. 1920-ci əsrin əvvəllərində Bakının ictimai həyatında yaxından iştirak edib, "Nicat”, "Səfa” cəmiyyətlərinin ən fəal üzvü olub. 1917-ci ilin əvvəllərində Bakı Müsəlman İctimai Təşkilat Komitəsinə, sonlarında isə Bakı Şəhər Dumasına üzv seçilib. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə məhz M.Ə.Rəsulzadənin təklifi ilə seçilən Bəhram bəy, milli istiqlal hərəkatının fəal iştirakçılarından olub. 1919-cu ildə Azərbaycan Hökuməti ona xaricə təhsil almağa gedən tələbələrin sağlamlığına nəzarət etməyi tapşırıb.
Bəhram bəy 1920-ci ilin aprel işğalından əvvəl və sonra Bakıda müxtəlif məktəblərdə, səhiyyə müəssisələrində həkim işləyib. İşğaldan sonra o, N.Nərimanovun təklifi ilə Azərbaycan SSR Xalq Komissarları Şurasının 13 iyun 1921-ci il tarixli iclasında xaricdə təhsil alan azərbaycanlı tələbələrin işləri üzrə müvəkkil təyin edilir. Bundan sonra Bəhram bəy Avropanın müxtəlif şəhərlərini gəzir, azərbaycanlı tələbələrin yaşam tərzi ilə bağlı geniş məlumat toplayaraq 1922-ci ildə martın 2-də N.Nərimanovun adına geniş həcimdə hesabat yazaraq təqdim edir.
Sovet dövründə əsasən Dövlət Sığorta İdarəsində həkim işləyən Bəhram bəy, həbs edilməsə də, amma hər an bu təhlükəni gözləyib. Çünki Azərbaycan milli azadlıq hərəkatının ən fəal iştirakçısı kimi AXC Parlamentinin üzvü olub, Avropa təhsili görüb və ən əsası, sovet dövründə də o bəylik qürurunu itirməyib. Mədə xəstəliyindən əziyyət çəkən Bəhram bəy 1932-ci ildə dünyasını dəyişir. Əslində Bəhram bəy sevimli Səltənətinin ölümündən sonra diri ikən "ölü” idi. Nə böyük bir eşq! Hər kəsə nəsib olmayan böyük və əzəmətli bir eşq!
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist


banner

Oxşar Xəbərlər