• cümə axşamı, 25 aprel, 16:05
  • Baku Bakı 23°C

Fransanın vasitəçilik missiyasına zərbə

29.10.19 18:00 2125
Fransanın vasitəçilik missiyasına zərbə
Fransanın yerli qurumları ilə qondarma "Dağlıq Qarabağ” rejimi arasında "ikitərəfli əlaqələr”in genişləndirilməsi ilə bağlı beynəlxalq hüquqa zidd addımlar növbəti dəfə medianın gündəminə gəlib. Belə ki, Overn-Ron-Alplar Regional Şurasının sədri Loran Vokyenin ötən həftə Yerevana etdiyi səfər zamanı Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma qurumun "xarici işlər naziri” Masis Mayılyan ilə görüşərək, onunla "birgə bəyannamə” imzalanıb. Bundan əvvəl isə Fransanın bir sıra bələdiyyələri ilə qondarma rejimin bir sıra "şəhərləri” arasında xartiyalar imzalanmışdı. Lakin Azərbaycan hökumətinin qəti etirazlarından sonra Fransanın inzibati məhkəmələri bir sıra bələdiyyə və regional qurumları tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki oyuncaq qurumlarla imzalanan qeyri-qanuni "saziş”lərin ləğv olunmasına dair qərarlar qəbul etdi. Buma baxmayaraq, Fransadakı erməni lobbisinin təxribatçı səyləri nəticəsində yenə də bu cür "birgə bəyannamə”nin imzalanır.
Artıq məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi Fransanın ölkəmizdəki səfirinə etiraz notası təqdim edib. Sənəddə bildirilir ki, Fransanın yerli hakimiyyət orqanlarının qondarma rejim ilə imzaladığı bu cür qeyri-qanuni "sənədlər” Azərbaycan və Fransanın milli qanunvericiliyi, xüsusilə də Fransa Konstitusiyasının 73-cü maddəsi, "Ərazi Vahidləri Ümumi Məcəlləsi”nin maddələri və 24 may 2018-ci il tarixində Daxili İşlər və Avropa və Xarici İşlər nazirləri tərəfindən imzalanmış sirkulyar sənədin müddəalarına ziddir.
Onu da qeyd edək ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu cür addımlar rəsmi Parisin vasitəçilik missiyasına da kölgə salmış olur.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, Fransada güclü erməni lobbisinin fəaliyyət göstərməsini yaddan çıxarmamalıyıq: "Orada yaşayan ermənilər dövlətin bir sıra strukturlarında, qanunverici orqanında, bələdiyyələrdə təmsil olunurlar. Təbii ki, bu ermənilərin təsir gücü kifayət qədər əhatəlidir. Amma buna baxmayaraq, biz bilirik ki, rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəfələrlə bunu təsdiq edib. Eyni zamanda qeyd etməliyik ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədridir. Düzdür, Minsk qrupunun həmsədrləri bizə xeyir verən bir institut deyil. Amma hər halda bizim ərazi bütövlüyümüzü tanıyırlar və qondarma "Dağlıq Qarabağ” rejimi ilə münasibətlər qurmurlar”.
F.Sadıxov qeyd etdi ki, belə xoşagəlməz halların qarşısını almaq üçün Azərbaycan tərəfi bu kimi məsələlərə ciddi reaksiya verməlidir: "Ən əsası, bu məsələləri rəsmi Parisin nəzərinə çatdırmalıyıq. Aktivlik nümayiş etdirməliyik. Azərbaycan diplomatiyasının aktivliyi ona gətirib çıxara bilər ki, belə addımların sayı azalar. Tam əmin deyiləm ki, bütün bu məsələlər tamamilə olmayacaq. Amma hər halda qondarma rejimin Fransada təbliğatı azala bilər və rəsmi Paris bundan müəyyən nəticə çıxarar”.
Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, Fransa bütün hallarda erməni təəssübkeşliyi mövqeyinə sadiq qalır: "Qeyd olunduğu kimi, Fransanın bir sıra bələdiyyələri bir müddət əvvələ qədər qondarma "Dağlıq Qarabağ” rejimi ilə qardaşlıq və əməkdaşlıq sazişləri imzalamışdı. Sonra Fransa məhkəmələri tərəfindən bu sazişlərini ləğvini müşahidə etdik. Bu da təbii ki, Azərbaycanın çox ciddi iradlarından sonra baş verdi. Azərbaycan tərəfinin bununla bağlı kəskin mövqeyi olmasaydı, çox güman ki, Fransa buna getməyəcəkdi. Çünki Fransa Azərbaycanın potensialını dərk edir. Rəsmi Paris bilir ki, ona Azərbaycan kimi tərəfdaş və əməkdaşlıq subyekti lazımdır. Bütün bunlara baxmayaraq, müxtəlif zamanlarda biz Fransa tərəfindən yenə belə halların şahidi oluruq. Bu məsələdə sadəcə iki izah vermək olar. Birincisi, Fransada kifayət qədər güclü erməni diasporu var və bu, onların fəaliyyətinin nəticəsidir. Fransa hökuməti diasporlara çox həssas yanaşır və onlarla yumşaq davranır.
Digər tərəfdən isə Fransanın özünün dövlət siyasətində ermənipərəstlik istiqaməti mövcuddur. Təbii ki, rəsmi instansiyalar inzibati rıçaqlar vasitəsilə belə halların qarşısını birdəfəlik ala bilər. Amma Fransa hökuməti buna getmək istəmir. Bu da təəssüf doğurur. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin münaqişənin tənzimlənməsi prosesinə xələl gətirəcək belə addımlar atması yolverilməzdir. Hələ ki, bizə ancaq təəssüflənmək və bəyanatlar vermək qalır”.
E.Mirbəşiroğlu vurğuladı ki, Azərbaycan tərəfi bu kimi məsələlərdə lazımi addımlar atır: "Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı etirazını bildirir. Amma yenə də dövlətlərarası münasibətlər, diplomatiya soyuqqanlılıq tələb edir. Fransa bizim istəyimizdən asılı olmayaraq, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində müəyyən bir mövqeyi var və bu, danılmazdır. Hesab edirəm ki, bu baxımdan bizim atacağımız addımlar ondan ibarət olmalıdır ki, daha təsirli və davamlı bir şəkildə Azərbaycanın Fransa üçün əhəmiyyəti Parisin rəsmi dairələrinə çatdırılsın. O cümlədən onların diqqətini Azərbaycanın regionda təsirli güc olmasına bir daha yönəltməliyik. Düşünürəm ki, məhz bu cür diplomatik yollarla fəaliyyət göstərməliyik”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər