• çərşənbə, 24 Aprel, 14:05
  • Baku Bakı 27°C

Fransanın əfsanəvi azərbaycanlısı

14.08.20 20:41 3360
Fransanın əfsanəvi azərbaycanlısı
SSRİ-də onu "vətən xaini” kimi qəbul etdilər

Şəkinin Oxud kəndində yaşayan Cəbrayılovlar ailəsindən İkinci Dünya müharibəsinə könüllü olaraq 4 nəfər yollanıb. Onlardan ikisi müharibənin od-alovundan sağ çıxıb qayıtsa da, ikisi qəhrəmanlıqla həlak olub. Sağ qalanlardan biri isə - Əhmədiyyə Cəbrayılov adını tarixə yazdırmağı bacarıb. O, müharibə dövründə Fransa antifaşist Müqavimət Hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan kimi adını əbədiləşdirməyə nail olub. 100 illik yubileyi yaxınlaşan qəhrəman həyatda olmasa da, şücaəti örnək kimi xatırlanır, nəsillərə nümunə göstərilir. Elə sentyabr ayına təsadüf edən yubileyinin Prezident İlham Əliyevin Sərəncamı ilə qeyd edilməsi də, təkcə Azərbaycanın igid oğluna deyil, ümumən vətən övladlarının müharibədə göstərdikləri qəhrəmanlıqla dolu döyüş yoluna verilən böyük dəyərdir. Sərəncamda əfsanəvi kəşfiyyatçının İkinci Dünya müharibəsi illərində keçdiyi döyüş yolundan bəhs olunaraq Ə.Cəbrayılovun, bəşəriyyətin, XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərdiyi qeyd olunub.
Əfsanəvi kəşfiyyatçının döyüş yoluna nəzər saldıqda hər səhifəsinə rəşadət yazılan bir ömürlə tanış olursan. Bu mənalı ömrün səhifələrinə yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatları, Fransa dövlətinin orden və medalları, Müqavimət Hərəkatı medalı, Fransanın Milli Qəhrəmanı kimi fəxri ad...həkk olub.

Həbs düşərgəsindən qaçış

Əhmədiyyə Cəbrayılov müharibə başlayanda könüllü surətdə cəbhəyə yollanıb.Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçib. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadriliyasına, texniki xidmət sahəsinə təyin olunub.1942-ci ilin aprelində Donbas şəhərinə göndərilib və orada 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunub. Baş leytenant rütbəsi alaraq bu polkun tərkibində Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edib. 1942-ci ilin aprel və ya may aylarında onun təyyarəsi Kursk ətrafında vurulur. O, İzyum çayının yaxınlığında ağır yaralanır və almanlara əsir düşür. Taleyi müxtəlif həbs düşərgələrindən keçir. 1943-cü ildəDaxau həbs düşərgəsinəgöndərilir və qaçmağa cəhd edir. Bıçaqla silahlanaraq özünü sərxoşluğa vurur, gecənin qaranlığından istifadə edərək gözətçiyə yaxınlaşır və boğazını kəsmək istəyir. Cəhd baş tutmur və nəticədə almanlar tərəfindən Fransanın cənubuna - Tuluzaşəhəri yaxınlığındakı Montoban həbs düşərgəsinə göndərilir. 4167 nömrəli əsir kimi o, həbsxanada vərəm xəstəliyinə tutulur. Uzun əzablardan sonra düşərgədən qaçmağa nail olur və Fransa Müqavimət Hərəkatına qoşulur. 1943-cü ildə həbsxana komendantının qulluqçusu madam Jannanın köməyi ilə fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək Jannanın evindəki zirzəmiyə gətirirlər. Sağaldıqdan sonra Əhmədiyyə faşistlərdən qisas almaq üçün qəti qərara gəlir və özünü buna hazır hesab edir. Fransız dilini öyrənir, madam Jannanın sayəsində onun vətənpərvər dostları və partizan hərəkatları ilə əlaqəyə girir, Müqavimət Hərəkatının, "Düma” ləqəbli kapitan Delplankın rəhbərlik etdiyi Tarn və Qaron departamentlərindəki 4-cü eskadronun üzvü olur. Onun qəhrəmanlığı Müqavimət Hərəkatına səs salır. Əfsanəvi partizan "Armed Mişel”, "Ryus Armed”, "Xarqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edir.
1944-cü il 22 mayda Əhmədiyyəni əvvəlcəKaberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna keçirirlər. İgid kəşfiyyatçı bu dəstənin Tarn və Qaronun azad edilməsi uğrunda apardığı bütün döyüşlərdə iştirak edir. Montobanın azad edilməsi və buna qədərki digər əməliyyatlara qatılır. 20 avqustda azad edilmişParisdəgeneralŞarl de QollƏhmədiyyə Cəbrayılov ilə görüşür. 28 avqustda Əhmədiyyə Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və Elzasdakı döyüşlərdə iştirak edir.
Bir sıra tapşırıqlarla yanaşı, Əhmədiyyə Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin, minlərlə fransızı Almaniyadakı həbs düşərgələrinə aparmasına mane olur. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağı xilas edən zaman yaralanır və alman zabiti formasında olduğu üçün bir müddət almanların hərbi hospitalında müalicə alır. Sağalandan sonra Albi şəhərinə hərbi komendant təyin olunur. Bir müddət alman zabiti qismində partizanlara əhəmiyyətli məlumatlar ötürməyə nail olur. Daha sonra bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil verir. O, körpüləri sıradan çıxarır, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırır. Onun başçılığı altında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibiMoris Torezona tapança bağışlayır.
Martın 16-da o, 3-cü briqadadan tərxis olunur. 1945-ci ilin mayında Birinci Fransız Ordusunun tərkibində yenidən Vozj və Elzasdakı döyüşlərə qatılır. 1946-cı ildə Əhmədiyyə vətənə qayıtmağa qərar verir. Şarl de Qoll ona istənilən şəraitin yaradılacağını söyləsə də, Ə.Cəbrayılov fikrindən dönmür. 25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıdır.
Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və Ə.Cəbrayılov ölkənin medal və ordenləri ilə təltif olunur. Bu imtiyazlardan biri hərbi parad zamanı ona generallardan belə öndə getməyə icazə verirdi. Bu faktın özü Əhmədiyyə Cəbrayılovun necə böyük qəhrəman olduğunu təsdiqləyir.

Şarl de Qollun dostu
1946-cı ildə Şarl de Qollun köməyi ilə SSRİ-yə qayıdan Əhmədiyyə burada "vətən xaini” kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır. 1966-cı ildə Fransa prezidenti Şarl de Qollun SSRİ-yə gəlişi Əhmədiyyə Cəbrayılovun həyatında dönüş nöqtəsi olur. Fransa prezidentiƏhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirir və o, Moskvaya çağırılır. Keçmiş dostu Şarl de Qoll ilə görüşən Əhmədiyyə bu tarixdən sonra Sovet İttifaqında da Fransanın Milli Qəhrəmanı kimi tanınmağa başlayır. 1968-ci ildə sovet hökuməti "vətən xaini” adını onun üstündən götürür və ona bəraət verilir.
1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurduqdan sonra Şəki rayonu Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə "Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunur. 1972, 1975, 1982-ci illərdə döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə ona icazə verilir. O, Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə gedir, həmçinin Paris, Bordo, Strasburq, Lion, Dijon və Marseldə olur, keçmiş döyüş yoldaşları ilə görüşür. 1975-ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilir və ona bu görüşdən xatirə medalı təqdim edilir.
1986-cı ildə Əhmədiyyə Cəbrayılov Fransanın "Müharibə xaçı”, "Hərbi şücaət xaçı”, "Fransa Müqavimət hərəkatı”, "İgidliyə görə”, "Yaralanmağa görə” medallarına layiq görülür. 1990-cı ildə isə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur. 1994-cü ilin 6 yanvarında Rene Rassel Əhmədiyyə Cəbrayılova "Fəxri legion ordeni”ni təqdim edir.
1994-cü ilin 10 oktyabrında Əhmədiyyə Cəbrayılov Şəkidə yol qəzası zamanı həlak olur. Onun ölümündən xəbərsiz olan Fransa hökuməti 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyi münasibətilə ona fəxri təqaüd və xatirə medalları göndərir. 1995-ci ilin oktyabrında Müqavimət Hərəkatının qəhrəmanının qəbri üzərində bürünc heykəli ucaldılır.
1998-ci ilin 15 oktyabrında Fransa Müqavimət Hərəkatının könüllü döyüşçüsü Əhmədiyyə Cəbrayılova ölümündən sonra Fransanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə "Minnətdarlıq diplomu” verilir. Həmin il Əhmədiyyə Cəbrayılovun döyüş yoldaşı Rene Şambar Şəkidə onun ailəsinə baş çəkir.
Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsinin xatirəsi doğulduğu rayonda da əbədiləşdirilib. Şəki şəhərində qəhrəmanın adına küçə var. Dünyaya göz açdığı Oxud kəndindəki ümumi orta məktəb onun adını daşıyır. Rayonun Oxud, Baltalı, Baş Göynük, Baş Layıqsı, Kiş, İbrahimkənd, Aşağı Göynük və daha bir neçə kəndə də qəhrəmanın adına küçələr var.
Qəhrəmanın ailə üzvlərinin təşəbbüsü ilə 1995-ci ildə Əhmədiyyə Cəbrayılovun Şəki şəhərində ev-muzeyi yaradılıb. Muzey əvvəlcə bir otaqdan ibarət olub. Qəhrəmanın oğlu Cavanşir Cəbrayılov 1995-ci ildə Bakıda Fransa səfirliyində keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevlə görüşən zaman Ulu öndər ona atasının xatirəsinin yaşadılması üçün bir sıra məsləhətlər verir. Dahi rəhbərin tövsiyəsi ilə Cəbrayılovlar ailəsi ev-muzeyin sahəsini daha da genişləndirir. Hazırda 4 otaqdan ibarət olan muzeydə əfsanəvi partizanın həyatı və döyüş yollarından bəhs edən 126 sənəd, 4500 foto, 10 mindən çox məktub, haqqında məqalələr dərc edilmiş 996 qəzet və 42 jurnal, 40 kitab və digər eksponatlar nümayiş etdirilir.

Bir evdə iki qəhrəman

Əhmədiyyə Cəbrayılov ailə qurduğu Sürəyya xanımla birlikdə 7 övlad böyüdüb. Övladlarından biri – Mikayıl Cəbrayılov torpaqlarımızın müstəqilliyi uğrunda şəhid olub. M.Cəbrayılov həmişə "Atam kimi qəhrəman olmaq istəyirəm” deyərmiş. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxuyub, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə-gənclər məktəbində davam etdirib. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilib. Daha sonra Milis Məktəbinə daxil olub, 1978-ci ildə bu məktəbi bitirib, leytenant rütbəsi alıb və hüquq-mühafizə orqanlarında çalışıb. 1990-cı ilin 15 dekabrında əsir düşən döyüş yoldaşlarını xilas edərkən Cəmilli kəndində qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Şəki rayonunun Oxud kənd qəbiristanlığında ata və oğul yanaşı uyuyur. Hər iki qəhrəmanın xatirəsi nəinki doğulub boya-başa çatdıqları rayonda, eləcə də ölkəmizin hər bir guşəsində, Azərbaycanın hüdudlarından kənarda da daim anılır. Hər iki qəhrəmanın örnək həyat yolu böyüyən nəslə Vətəni sevməyi, onun uğrunda döyüşməyi, müdafiə etməyi öyrədir.
Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər