• cümə, 29 Mart, 11:29
  • Baku Bakı 5°C

Fransada parlament seçkiləri: rəy sorğuları Makronun triumfundan xəbər verir

11.06.17 11:30 1092
Fransada parlament seçkiləri: rəy sorğuları Makronun triumfundan xəbər verir
Bu gün Fransada parlament seçkilərinin ilk turu keçiriləcək. Fransızlar parlamentin aşağı palatası olan Milli Məclisin 577 deputatını müəyyənləşdirmək üçün seçki məntəqələrinə gedəcəklər.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, 7 min 882 namizədin mübarizə apardığı seçkilər ərəfəsində keçirilən ictimai rəy sorğularının nəticələri demək olar ki, üst-üstə düşür: Fransa Prezidenti Emmanuel Makronun "İrəli, respublika” hərəkatı parlamentdə mütləq çoxluğa yiyələnəcək.
Ipsos/Sopra Steria kompaniyasının keçirdiyi rəy sorğusunun cümə günü açıqlanmış nəticələrinə əsasən, "İrəli, respublika” seçicilərin 31 faizinin dəstəyini qazanacaq. Proqnozlara görə, prezidentin başçılıq etdiyi hərəkat parlamentdə 397-dən 427-dək yer əldə edəcək. Ölkənin əsas müxalif qüvvələri olan "Respublikaçılar” partiyası və müttəfiqləri 22 faiz səs toplaya bilərlər ki, bu da Milli Məclisdə 95-115 yer deməkdir. "Milli cəbhə” partiyası 17 faiz seçici dəstəyi ilə 5-dən 15-dək yerə ümid bəsləyə bilər.
Elabe kompaniyasının rəy sorğularında da favorit "Demokratik hərəkat” (MoDem) partiyası ilə ittifaqda "İrəli, respublika”dır - 29 faiz. "Respublikaçılar” müttəfiqləri ilə 23 faiz, "Milli cəbhə” isə 17 faiz səs alacaq.
Ölkə lideri yenidən qələbə qazanmağa nail olacaqmı? Bu suala iyunun 18-də - seçkilərin ikinci turundan sonra cavab tapılacaq. Emmanuel Makron verdiyi vədlərə əməl etmək üçün parlament çoxluğuna yiyələnməli və beləliklə, hökuməti formalaşdıra bilməlidir.
Təxminən 47 milyonadək seçicinin qeydə alındığı seçkilər fövqəladə vəziyyət rejimi şəraitində keçirilir. 69 mindən çox seçki məntəqəsində təxminən 50 minə yaxın polis və jandarma xidmət göstərəcək.
banner

Oxşar Xəbərlər