AZE | RUS | ENG |

“Fransa üçün Azərbaycan ciddi və etibarlı tərəfdaşdır” - Fotolar

“Fransa üçün Azərbaycan ciddi və etibarlı tərəfdaşdır” - Fotolar
Millət vəkillərinin sözlərinə görə, birinci vitse-prezident Mehriban Əliyevanın Parisə səfəri iki ölkə arasında münasibətləri daha da inkişaf etdirəcək

Fransa Qərbi Avropanın inkişaf etmiş dövlətlərindən biridir. Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə həmsərhəd olan bu ölkə Avropa İttifaqının qurucu üzvüdür. Fransa Rusiya və Ukraynadan sonra ərazi baxımından Avropanın ən böyük üçüncü ölkəsidir. Təxminən 67 milyon əhalisi olan Fransa əhali sayına görə dünyada 20-ci, Avropada 3-cü yerdədir. Eyni zamanda, Fransa Avropa İttifaqında əhali sayına görə Almaniyadan sonra 2-ci yerdədir. Avropanın siyasi, iqtisadi, mədəni həyatında mühüm rol oynayan Fransa ilə Azərbaycanın diplomatik münasibətləri hələ 1918-ci ildə - Azərbaycan Demokratik Cümhuriyyəti elan olunduğu vaxtdan formalaşıb. 1920-ci ildə ADR-in süqutu, Azərbaycanın sovetlər ittifaqına daxil edilməsi ilə bu münasibətlər və əlaqələr yarımçıq qalıb.
 
 
 
Azərbaycanın 70 il ərzində Fransa ilə münasibətləri yalnız SSRİ xarici işlər nazirliyinin xətti ilə tənzimlənib. 1991-ci ildə müstəqilliyimiz yenidən bərpa olunduqdan sonra ölkələrarası münasibətlər də yeni mərhələyə qədəm qoyub. Fransa Azərbaycanın dövlət müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb, elə həmin ilin fevral ayından da diplomatik əlaqələr yaradılıb. Fransa səfiri Azərbaycanda Türkiyə səfirindən sonra rəsmi fəaliyyətə başlayan ikinci diplomat olub. Ancaq Azərbaycan-Fransa münasibətləri ilkin mərhələdə nisbətən zəif inkişaf edib. Buna səbəb o zaman Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinə görə hərbi-siyasi vəziyyətin gərgin olması, Fransanın Ermənistanla sıx əməkdaşlıq əlaqəsi saxlayan ölkə kimi qiymətləndirilməsi idi.
 
 
Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gətirilməsi, ölkənin daxili və xarici siyasətində ciddi dəyişikliyin edilməsi ölkəmizin Avropa dövlətləri, o cümlədən Fransa ilə əlaqələrinə də yeni çalar gətirib. 1993-cü ildən Azərbaycan xarici siyasətinin Avropa istiqamətini daha da gücləndirib. Həmin dövrdən etibarən Avropanın böyük dövlətləri, xüsusən də Fransa ilə əlaqələr genişləndirilib. Gerçəkləşən qarşılıqlı səfərlər nəticəsində Fransa və Azərbaycan arasında dostluq, anlaşma, əməkdaşlıq və sair istiqamətdə müqavilələr imzalanıb, iqtisadi, siyasi, ticari, elmi-mədəni, humanitar əlaqələr inkişaf etdirilib. Fransa Azərbaycanın Avropa Şurasına daxil olması üçün də lazımi addımlar atıb. Bununla yanaşı, Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçi olan ATƏT-in Minsk qrupunun ABŞ və Rusiya ilə birlikdə həmsədr dövlətidir.
 
 
Azərbaycan-Fransa tərəfdaşlığı Prezident İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərlik etdiyi müddətdə daha da dərinləşib. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev də prezident seçildikdən sonra ilk xarici səfərini məhz Fransaya edib. Həmin vaxtdan indiyə qədər ötən vaxt ərzində hər iki ölkə rəsmiləri qarşılıqlı olaraq çoxsaylı səfərlər edib, müxtəlif səviyyələrdə görüşlər keçirib, danışıqlar aparıblar. Bunun sayəsində iki ölkə arasında münasibətlər daim inkişaf etdirilib. Heç şübhəsiz ki, münasibətlərin belə yüksək səviyyəyə çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyətinin də özünəməxsus rolu olub. Fondun prezidenti, birinci vitse-prezident Mehriban Əliyeva bu əlaqələri daim diqqət mərkəzində saxlayıb, öz fəaliyyəti ilə ölkələrarası münasibətlərə töhfə verib.
 
 
 
Cari il martın 11-də birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya növbəti səfəri də bu məqsədə xidmət edib. Səfərin ilk günündə Mehriban xanım Əliyeva Parisdə "Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild, "Suez Groupe” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Qebali, Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi və keçmiş prezidenti professor David Hayat ilə görüşüb. 
 
 
Səfərin ikinci günü birinci vitse-prezident Fransanın Baş naziri Eduard Filip ilə görüşüb. Təkbətək görüşdən sonra Birinci vitse-prezident Mehriban Əliyevanın və Baş nazir Eduard Filipin iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi keçirilib. Maliyyə naziri Samir Şərifov və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan Azərbaycan ilə Fransa İnkişaf Agentliyi arasında "Dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair konvensiya”nı, Mərkəzi Bankın sədri Elman Rüstəmov və "Rotchild & Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild "Azərbaycan Mərkəzi Bankı ilə "Rotchild & Cie” Bankı arasında Strateji Əməkdaşlıq Sazişi”ni, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov və "Thales International” şirkətinin baş direktoru Rafael Eskinazi isə "Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi”ni və "Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılmasına dair müqavilə”ni imzalayıblar.
 
 
Bununla yanaşı, Mehriban xanım Əliyeva Fransaya səfəri çərçivəsində Senatın sədri Jerar Larşe, Birinci xanım Brijit Makron, sabiq Prezident Nikola Sarkozi, Milli Assambleyanın sədri Rişar Ferran, Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirləri, həmçinin iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşlər keçirib. Görüşlərdə bildirilib ki, bu səfər Fransa-Azərbaycan əlaqələrinin inkişafına töhfə verəcək. Eyni zamanda, Mehriban Əliyeva mədəniyyət naziri Frank Riyesterin müşayiəti ilə Parisin Orsey muzeyini ziyarət edib.
 
 
 
Qeyd edək ki, Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı daim diqqət mərkəzindədir və bu sahədə əməkdaşlıq ikitərəfli münasibətlərdə mühüm istiqamət təşkil edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafında hər zaman müstəsna rol oynayıb. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyət proqramı nəticəsində dünya mədəni irsinin Fransadakı ən gözəl nümunələri bərpa olunub.
 
 
 
Buna misal olaraq Parisdə Versal sarayının parkındakı ümumbəşəri abidələrin, Strasburqda XV əsrə aid katedralın beş vitrininin bərpasını, Luvr muzeyində İslam İncəsənəti Departamentinin yaradılmasını göstərmək olar. Bununla da bu abidələr məhz Azərbaycanın səyləri nəticəsində yenidən dünya mədəni xəzinəsinə daxil olub. Ona görə də ölkəmizin, xüsusilə də Heydər Əliyev Fondunun fəaliyyəti xaricdə, həmçinin Fransada hər zaman rəğbətlə qarşılanıb.
 
 
Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri, orada keçirdiyi çoxsaylı görüşlər, imzalanan sənədlərlə bağlı fikirlərini "Kaspi”yə bölüşən millət vəkili, politoloq Hikmət Babaoğlu deyib ki, sözügedən səfər və görüşlər, xüsusilə də Baş nazir Eduard Filip ilə görüş iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.
 
 
 
Deputatın sözlərinə görə, Fransa ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar sahələrdə çox yaxşı əlaqələr mövcuddur, ancaq bununla belə, əməkdaşlıq üçün böyük potensial və daha fərqli sahələr də mövcuddur: "Nəzərə almaq lazımdır ki, Fransa Avropa siyasətini müəyyənləşdirən böyük beşlik adlandırılan qrupa daxil olan ölkələrdən biri və üstəlik ATƏT-in Minsk qrupunun həm üzvü, həm də həmsədrləridir. Ona görə də belə mühüm ölkə ilə münasibətlərin yüksək səviyyədə olması daim Azərbaycanın diqqət mərkəzindədir. Elə Fransa üçün də Azərbaycan ciddi və etibarlı tərəfdaşdır. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində Fransanın 59 şirkəti fəaliyyət göstərir və onların fəaliyyəti bu ölkənin milli maraqlarını ifadə edəcək qədər böyükdür. Fransanın Baş naziri ilə görüşdə dəmir yolu, kommunikasiyalar və bank sektoru ilə bağlı imzalanan sənədlər də ondan xəbər verir ki, hər iki dövlətin maraqları əməkdaşlığın daha da dərinləşməsini tələb edir və tərəflər buna hazırdır. Heç şübhəsiz, Fransa yuxarıda qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi üzərinə ciddi öhdəlik götürüb və biz digər həmsədr ölkələrlə bərabər bu Avropa ölkəsindən də real addımlar atmasını gözləyirik. Məhz bu gözləntiləri ifadə edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirdi ki, hazırkı status-kvo qəbuledilməzdir”.
 
 
Millət vəkili Musa Qasımlı da hesab edir ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransaya səfəri ölkələrimiz arasındakı münasibətlərə yeni dinamizm gətirəcək: "Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü, nüvə dövləti, NATO üzvü və dünyanın 7 inkişaf etmiş ölkəsindən biridir. Azərbaycan və Fransa arasında münasibətlərin zəngin tarixi var. Müstəqillik illərində, 1993-cü ildə ulu öndər Heydər Əliyev bir sıra amillər səbəbindən ilk xarici səfərini başqa bir ölkəyə deyil, məhz Fransaya etmişdi. Bu gün iki ölkə arasında münasibətlər demək olar ki, bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Münasibətlərin böyük potensialı və yaxşı perspektivləri var. Hesab edirəm ki, Mehriban xanım Əliyevanın səfəri həmin münasibətlərə yeni dinamizm gətirəcək. Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olmasını da nəzərdən qaçırmasaq, səfərin daha geniş miqyaslı əhəmiyyət daşıdığı aydın olar”.
 
Rufik İSMAYILOV
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9005
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1746
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6843
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2798