• şənbə, 20 Aprel, 01:06
  • Baku Bakı 15°C

Fransa nəşrindən Ermənistana zərbə

07.05.16 10:18 1138
Fransa nəşrindən Ermənistana zərbə
Aprelin əvvəllərində cəbhədə erməni təxribatının qarşısının alınması zamanı ordumuzun qazandığı uğurlar və hərbçilərimizin qəhrəmanlığı uzun müddətdir ki, tək Ermənistanda deyil, Rusiya, Türkiyə, Qərb mətbuatı və siyasi dairələrində müzakirə mövzusuna çevrilib. Müasir hərbi silahlarımız, ordumuzun dünya standartlarına cavab verməsi diqqət mərkəzindədir. Hətta ermənipərəst dairələr və nəşrlər belə bunu xüsusi qeyd edirlər.
Bəlli olduğu kimi, tarixə dördgünlük hərbi əməliyyatlar kimi düşən aprel hadisələri zamanı ordumuz erməni təxribatının qarşısını uğurla almaqla yanaşı, işğal altında olan ərazilərimizin bir qismini də geri qaytardı. Azərbaycanın ildırımsürətli əməliyyatı qarşısında düşmən ölkənin hərbi maşını tab gətirə bilmədi. Düşmən ölkənin təbliğat maşını dərhal belə bir xəbər ortaya atdı ki, Azərbaycan cəbhə zonasında muzdlulardan, hətta nə qədər gülünc də səslənsə, İŞİD yaraqlılarından istifadə edir. Lakin Ermənistan hakimiyyəti anlamır ki, belə gülünc iddialar ortaya atmaqla özünü axmaq vəziyyətinə qoyur və dünyanı özünə güldürmüş olur.
Bu günlərdə Qərb mətbuatı da ermənilərin bu iddiasını təkzib edən maraqlı bir material dərc edib. Erməni lobbisinin güclü fəaliyyət göstərdiyi Fransanın nüfuzlu "Le Huffington Post” qəzeti "İŞİD Dağlıq Qarabağda: miflərin dağılması” başlıqlı məqalə ilə çıxış edib. Proseslərə obyektiv prizmadan yanaşan müəllif erməni iddialarının nə qədər axmaq və zərərli olmasından bəhs edib. Məqalə münaqişənin tarixi ilə başlayır və müəllif yazır ki, Dağlıq Qarabağ iki sovet respublikası - Ermənistan və Azərbaycan arasında mübahisəli ərazidir. Bu ərazidə yaşayan insanların bir qisminin müsəlman, digər qisminin isə xristian olduğunu qeyd edən müəllif islamafobiya hallarının güclü olduğunu xüsusi vurğulayıb. Müəllif yazır ki, hərbi əməliyyatlar başlanan ərəfədə və sonra bölgədə İŞİD təhlükəsi barədə mütəmadi olaraq yazılar və xəbərlər yayılmağa başladı. "Yalan informasiyaların mənbəyi qismində isə erməni və rus mənbələri göstərildi. Söhbət nədən gedir? İddia edilir ki, Azərbaycan ordusu İŞİD yaraqlılarından Dağlıq Qarabağa qarşı istifadə edir. Aprelin 5-də Azərbaycan Müdafiə Nazirliyi bu informasiyaları təkzib etdi. Eyni zamanda bu şayiələrin mənbəyi kimi göstərilən Kreml də tənqid edildi” – deyə müəllif yazıb. Lakin müəllif əlavə edir ki, Rusiya hakimiyyət orqanlarının kütləvi informasiya vasitələrində belə hay-küyün qalxmasında maraqlı olduğuna da inam azdır. "Belə ki, əgər istəyirsə ki, rəsmi Bakı Qərbə deyil, ona tərəf istiqamət götürsün, onda belə tip xəbərlər yaymaq Moskvanın maraqlarına uyğun olmamalıdır” - deyə müəllif yazır. Məqalə müəllifi istisna etmir ki, Moskvada müəyyən qüvvələr belə bir dezinformasiyanı yaymaqda maraqlı olublar. Həmin qüvvələr bununla erməni müttəfiqlərinə kömək edib Azərbaycana qarşı təzyiqlərin artmasına nail olmağı qarşıya məqsəd qoyublar. Müəllif yazır ki, bununla da Azərbaycanda radikal islamın olduğu barədə dünya ictimaiyyətinə yalan informasiya ötürmək istəyiblər. "İŞİD-in Azərbaycanda mövcud olmadığını göstərən ən əhəmiyyətli fakt ondan ibarətdir ki, burada ölkə əhalisinin 85 faizi şiələrdir, sünnilər deyil. Terrorçu təşkilatın ritorikası isə antiqərb deyil, antişiə yönüm üzərində qurulub. Bundan əlavə, cəmiyyətin demək olar ki, yarısı dindən uzaqdır. Keçirilən son rəy sorğularına görə, azərbaycanlıların 49 faizi qeyd ediblər ki, din onların həyatında əhəmiyyətli rol oynamır. Azərbaycan KİV-ləri istisna etmirlər ki, ölkə vətəndaşları Suriyada döyüşür. Lakin onlar İŞİD tərəfində deyillər” - deyə məqalədə qeyd edilib. "Moskvadakı bir sıra mənbələrə inansaq, İŞİD Azərbaycanda vəziyyəti gərginləşdirməyə çalışır. Bakı və İŞİD barışmaz mövqedədirlər. Azərbaycan hakimiyyəti terrorçu təşkilata qarşı sərt mövqe nümayiş etdirir” - deyə məqalədə bildirilir. Müəllif bu nəticəyə gəlir ki, Azərbaycan hakimiyyət orqanlarının yaraqlıların ölkə ərazisində fəaliyyət göstərməsinə göz yummasını təsəvvür etmək mümkün deyil. "Rusiya mənbələri iddia edir ki, İŞİD Dağlıq Qarabağı geri qaytarmağı arzu edən Azərbaycan yaraqlılarını öz tərəfinə çəkməyə müvəffəq olub” - yazan müəllif qeyd edir ki, azərbaycanlı gənclərin İŞİD-ə cəlb edilməsi heç bir halda həqiqətə uyğun deyil, bu barədə bir fakt belə yoxdur. Müəllif daha sonra yazır ki, Azərbaycan Ordusunun muzdlu hərbçi cəlb etməsinə ehtiyac yoxdur: son illər Azərbaycan neft və qaz satışından əldə edilən vəsaitlər hesabına ordusunu xeyli gücləndirib. Rusiya və İsrail silah satıcıları ölkənin hərbi potensialını gücləndirməyə müvəffəq olub: "İndi Azərbaycan Ordusu Dağlıq Qarabağı geri qaytarmaq üçün hücum əməliyyatı keçirmək iqtidarındadır. Bu, coğrafi planda çətin olsa da, hərbi planda tam mümkündür. Qeyri-nizami və ona tabe olmayan dəstələrin iştirakı isə Azərbaycana əlavə problemlər yarada bilər”.
Müəllif bu nəticəyə gəlir ki, İŞİD terrorçularının Azərbaycan tərəfində döyüşməsi barədə gəzən şayiələr cəfəngiyyatdır və başdan ayağa yalan üzərində qurulub. "Bu kimi yalan və ictimaiyyəti çaşdıran xəbərlərə qarşı mübarizə aparılması zəruridir. Və bu cür qeyri-sağlam təbliğat üsullarından istifadə effektsiz və ziyanlıdır. Bu cür çirkin təbliğat 2003-cü ildə İraqda hərbi əməliyyatları əsaslandırmaq üçün o zaman ortaya atılıb” - deyə müəllif yazır.
Beləliklə, gəlinən nəticə odur ki, hətta düşmən tərəfdarlarının güclü olduğu ölkədə belə erməniləri aşağılayan, onların iç üzünü ortaya qoyan mövqe ortaya qoyulur. Bu cür tutarlı, əsaslandırılmış mövqe qarşısında ermənilər ortaya nə qoyacaqlar? Çox güman ki, adıçəkilən nəşri Azərbaycanpərəst mövqe ortaya qoymaqda, faktları təhrif etməkdə günahlandıracaqlar.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər