• cümə axşamı, 28 mart, 16:46
  • Baku Bakı 16°C

Fransa məhkəməsi ədaləti bərpa etdi

04.06.19 20:26 5200
Fransa məhkəməsi ədaləti bərpa etdi
"Böyük Ermənistan” xülyasına qapılan Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətraf rayonlar zəbt edilib, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistanın işğal etdiyi torpaqların qeyd-şərtsiz azad olunmasına dair BMT-nin qəbul etdiyi 4 qətnamə indiyə qədər yerinə yetirilmir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair 1994-cü ildən indiyə qədər davam etdirilən sülh danışıqları da hələ ki, heç bir nəticə vermir. Ermənistan hakimiyyəti dünyadakı güclü erməni lobbisinin və onların təsiri altında olan qüvvələrin dəstəyi ilə işğalçılıq siyasətini indi də davam etdirir, beynəlxalq hüququn prinsiplərini ayaqlar altına atır. Üstəlik, işğalçı dövlət Dağlıq Qarabağda yaratdığı qondarma qurumun tanıdılması istiqamətində də təbliğat qurur. Oyuncaq respublikanı beynəlxalq hüququn bir subyektinə çevirmək üçün ən müxtəlif vasitələrə əl atır. Lakin rəsmi Bakının uğurlu diplomatiyası sayəsində bütün dünya dövlətləri işğal altındakı Dağlıq Qarabağı və ətraf rayonları Azərbaycanın ərazisi kimi tanıyır, münaqişənin yalnız ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn prinsipləri əsasında həllini tapmasını dəstəkləyir.
Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərar

Fransa inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya”nıiyunun 4-də ləğv etməsi də bu qəbildən olan hadisədir. Qeyd edək ki, bu işlə bağlı məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb və mayın 29-da başa çatıb. Məhkəmə 2018-ci il oktyabrın 22-dəimzalanmışsənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb. Onu da əlavə etmək yerinə düşər ki, bu, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərardır. Həmin vaxt Azərbaycan tərəfi separatçı rejimin Dağlıq Qarabağı və ətraf yeddi rayonun işğalını legitimləşdirmək cəhdlərinə dair məsələnin həlli ilə bağlı Fransa məhkəməsinə müraciət etmişdi.

Digər belə qeyri-qanuni xartiyalar da ləğv ediləcək

Ümumiyyətlə, Azərbaycan separatçı rejimin işğalı legitimləşdirmək, Fransa şəhərləri ilə qarşılıqlı əlaqələr qurmaq cəhdlərini dəfələrlə rəsmi Paris qarşısında qaldırıb. I vitse-prezident Mehriban Əliyeva da Fransaya sonuncu səfəri zamanı keçirdiyi rəsmi görüşlərdə məsələni müzakirə edib və belə halların yolverilməzliyini diqqətə çatdırıb. Bundan başqa, bu ilin fevralında erməni diasporunun nümayəndələri ilə görüş zamanı Prezident Emanuel Makron bu tipli xartiyaların imzalanması və işğalçı rejimlə Fransa şəhərlərinin əlaqələrinin qurulmasını ölkəsinin dövlət maraqlarına, beynəlxalq öhdəliklərinə və hüquqa zidd olduğunu bildirib. Göründüyü kimi, Fransa Məhkəməsi ədalətin öz yerini tapması üçün mühüm qərar qəbul edib. Ekspertlərin qənaətincə, Fransa femidasının bu ədalətli qərarı belə bir əminlik yaradır ki, məhkəmələr Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində yaratdığı rejimin bağladığı digər belə qeyri-qanuni xartiyaları da ləğv edəcək.

Fransa ermənilər üçün ikinci ana vətəndir

Mövzu ilə bağlı millət vəkili Elman Məmmədov Fransa inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya”nı ləğv etməsini ədalətli qərar kimi qiymətləndirib. O SİA-ya deyib ki, bu kimi məsələlərdə əvvəlcə Fransanın son 300 ildə ermənilərlə bağlı münasibətinə nəzər salmalıyıq. Onun sözlərinə görə, bu, tarixdir və faktlardır: "Bütün faktlar sübut edir ki, Fransa həqiqətən də ermənilər üçün ikinci ana vətəndir və Fransa hər zaman erməniləri bütün istiqamətlərdə müdafiə edib. Təbii ki, o siyasəti bu gün də davam etdirir. Biz I Dünya Müharibəsi dövrünə nəzər salaq. Ermənilər qondarma erməni soyqırımına görə, Türkiyəni ittiham edirlər və bu ölkədən təzminat tələb edirlər. Ancaq ermənilər düzgün fikirləşsələr, I Dünya Müharibəsində baş verən hadisələrə görə bütün erməni xalqı Fransanı ittiham etməlidir və bu ölkədən təzminat tələb etməlidir. Nə üçün? Ona görə ki, Fransa da erməniləri təlimatlandırdı, aldatdı və Türkiyə daxilində üsyan qaldırdı. Fransa qoşunlarının tərkibində erməni legionları yaradılmışdı ki, guya onlara Türkiyə ərazisində "erməni dövləti” yaradacaqlar. Ona görə də ermənilər bu gün bütün baş verənləri Fransadan tələb etməlidirlər. Vaxtaşırı Fransa prezidentləri, parlamenti qondarma "erməni soyqırımı” ilə bağlı qanun və həqiqətə uyğun olmayan qərarlar qəbul edir. Fransada olan ermənilər fikirləşirlər ki, işğal olunan torpaqlar Ermənistana birləşdiriləcək və bu ərazilər böyüdüləcək”.

Dünya dövlətləri ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşır

Millət vəkili Azər Badamov da Fransa inzibati məhkəməsinin son addımını tam qanunauyğun olduğunu vurğulayıb. O qeyd edib ki, işğal altında olan torpaqlarımızın hamısı Azərbaycan ərazisidir və dünya dövlətləri ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşır: "BMT, beynəlxalq qurumlar və təşkilatlar səviyyəsində Azərbaycanın ərazi bütövlüyü tanınır. Separatçı rejim tərəfindən işğal altında olan torpaqlarla bağlı beynəlxalq səviyyədə hər hansı bir addımın atılması tam qanunaziddir. Fransa məhkəməsi tərəfindən bu sazişin də ləğv edilməsi təbii ki, ermənilərin beynəlxalq səviyyədə separatçılıqla bağlı atdığı addımlara bir zərbədir. Bundan sonra da separatçı rejim tərəfindən beynəlxalq səviyyədə hər hansı bir addım atarsa, Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq səviyyədə təmin etməklə bağlı müvafiq beynəlxalq məhkəmələrə yenə müraciətlər edəcək. Beləcə işğal altındakı Azərbaycan torpaqlarında hər hansı bir qurumun yaranmasına və tanıdılmasına yol verilməyəcək”.

Alpər TURAN
banner

Oxşar Xəbərlər