• cümə axşamı, 28 mart, 16:16
  • Baku Bakı 16°C

Fransa məhkəməsi bu qərarla Dağlıq Qarabağla bağlı ədalətli presedent yaratdı

05.06.19 15:15 550
Fransa məhkəməsi bu qərarla Dağlıq Qarabağla bağlı ədalətli presedent yaratdı
Ermənistan mövcud status-kvonu legitimləşdirmək üçün mütəmadi olaraq planlı şəkildə müxtəlif təxribatlara əl atır. Onlardan biri də erməni lobbisinin güclü olduğu ölkələrdə bu imkanlardan istifadə etməklə işğal etdikləri Azərbaycan torpaqlarında yerləşən inzibati əraziləri həmin ölkənin müvafiq əraziləri ilə siyasi-hüquqi identifikasiya etmək cəhdləridir. Məlumdur ki, bir müddət əvvəl Fransanın Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında "Dostluq haqqında xartiya” imzalanmışdı. Bu fakt, əlbəttə ki, digər bənzər faktlar kimi Azərbaycan tərəfindən nəzarətə götürüldü və onun ləğv edilməsi üçün müvafiq qurumlarla səmərəli iş aparıldı. Nəticədə Azərbaycan problemin hüquqi müstəvidə və obyektiv şəkildə həll edilməsinə nail oldu. Belə ki, Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "xartiya”nı ləğv etdi.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputat qeyd edib ki, Fransa kimi erməni lobbisinin və ermənipərəst mərkəzlərin güclü olduğu bir ölkədə buna nail olmaq, əlbəttə, uğur hesab edilə bilər. Ancaq bu faktın başqa mühüm tərəfləri də var ki, bu da onun yeni hüquqi presedent yaratmış olmasıdır. Məhkəmənin öz qərarını imzalanmış "sənəd”in qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması ilə əsaslandırması bu hüquqi presedentin digər bənzər hallara da şamil edilməsi təcrübəsini yaradır. Bu, təkcə Fransada deyil, Avropa İttifaqının digər ölkələrində də bənzər hadisələr baş verərsə, presedent kimi qəbul edilə bilər. Məlumdur ki, Azərbaycanın Birinci vitse–prezidenti Mehriban xanım Əliyeva Fransaya sonuncu səfəri zamanı bu tipli məsələləri də Fransa hökumətinin diqqətinə çatdırmış və belə məsələlərin yolverilməz olduğunu bildirmişdi. Nəticəni çox da gözləməli olmadıq və Fransa məhkəməsinin ədalətli qərarının şahidi olduq.
Beləliklə, Fransa məhkəməsi bu qərarla Dağlıq Qarabağla bağlı ədalətli presedent yaratdı. Azərbaycan bundan sonra da öz hüquqlarını fəal şəkildə müdafiə edəcək və mütləq öz ərazilərinin işğaldan azad edilməsinə nail olacaq.
banner

Oxşar Xəbərlər