• cümə axşamı, 18 aprel, 20:51
  • Baku Bakı 21°C

“Fransa ilə əməkdaşlığımız Avropa İttifaqı ilə əlaqələrin inkişafına səbəb olacaq”

18.03.17 10:00 1198
“Fransa ilə əməkdaşlığımız Avropa İttifaqı ilə əlaqələrin inkişafına səbəb olacaq”
Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm impuls verəcək. Çünki, Azərbaycanla Fransa arasında güclü siyasi əlaqələr iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Təsadüfi deyil ki, Fransanın siyasi rəhbərliyi, biznes dairələri Azərbaycan Prezidentinin bu ölkəyə səfərinə mühüm əhəmiyyət verib. Dövlətimizin başçısı səfər çərçivəsində Fransanın aparıcı şirkət rəhbərləri ilə çoxsaylı görüşlər keçirib. Bu faktın özü də Fransanın biznes dairələrinin Azərbaycana böyük marağının ifadəsidir. Məlumat üçün onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda 50-dən çox fransız şirkəti uğurla fəaliyyət göstərir və ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. Fransa-Azərbaycan iqtisadi əlaqələrinin bu cür uğurla inkişafı həm Azərbaycanın potensialını, həm də fransız biznes dairələrinin ölkəmizdə fəaliyyət göstərməyə marağını nümayiş etdirir.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Fransa səfəri iki ölkə arasında əlaqələrin hərtərəfli genişlənməsinə səbəb olacaq. Onun sözlərinə görə, Fransa-Azərbaycan əlaqələri bir neçə parametr üzrə olduqca böyük əhəmiyyət kəsb edir: "Birincisi ona görə ki, Fransa Avropanın iki lokomotiv dövlətindən biridir. Fransa Avropa qitəsində xüsusi çəkiyə malikdir. Ona görə də bizim Fransa ilə əməkdaşlığımız həm də Avropa İttifaqı ilə əlaqələrin inkişafına səbəb olacaq. Avropa İttifaqı ilə Azərbaycanın Cənub Qaz Dəhlizində ciddi əlaqələri qurulub. Bu baxımdan da səfər çox əhəmiyyətlidir. Bununla yanaşı, bu səfər iqtisadi-ticari, humanitar və kənd təsərrüfatı, kosmik sənaye və digər sahələrdə əməkdaşlığın genişlənməsində yeni imkanlar açır”.

E.Nəsirov bildirib ki, səfər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin əldə edilməsi üçün də mühüm rol oynaya bilər: "Fransa həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədridir. Biz bu münaqişənin həlli ilə bağlı Fransanın bir neçə dəfə fəal iştirakının şahidi olmuşuq. Ona görə də Prezident İlham Əliyev Fransada əksər görüşlərində münaqişənin həllinə toxundu və bu prosesdə Ermənistanın danışıqlar prosesindən yayındığını, hələ ki buna nail olduğunu da diqqətə çatdırdı.Ümumilikdə hesab edirəm ki, dövlət başçısının səfəri Fransa-Azərbaycan əməkdaşlığının inkişafı üçün yeni imkanlar açacaq və xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətlənməsinə xidmət edəcək”.

Politoloq Fikrət Sadıxovisə bizimlə söhbətində bildirib ki, Azərbaycan Prezidentinin Fransaya səfərinin əsas üstünlüyü onun Parisə Serj Sarkisyandan sonra getməsi, Avropanın mərkəz dövlətində işğalçı dövlət rəhbərini ifşa etməsi, prinsipial mövqeyimizi bir daha çatdırmasıdır: "Sarkisyan öz ölkəsi barədə həqiqətdən uzaq, yalan, şişirdilmiş fikirlər söyləməklə yanaşı, Azərbaycan ünvanına da həqiqətlə uzlaşmayan ifadələr səsləndirmişdi. Ona görə də Azərbaycan prezidenti Parisdə bəyan etdi ki, Ermənistan hakimiyyəti yararsız təbliğat aparmaq əvəzinə, diqqəti ölkədəki dəhşətli iqtisadi vəziyyətdə cəmləşdirsəydi daha yaxşı olardı. Ölkəmizin başçısı Ermənistanı "innovasiyalar ölkəsi” kimi qələmə verən Serj Sarkisyanın iddialarının gülüş doğurduğunu diqqətə çatdıraraq sual verdi ki, əgər Ermənistanda iqtisadi vəziyyət yaxşıdırsa, hansı səbəbdən ermənilər bu ölkədən baş götürüb qaçır? Daha sonra yenə də sualla müraciət etdi ki, Sarkisyan belə ağıllıdırsa, ölkəsi böyük potensiala malikdirsə, niyə Ermənistan bu qədər kasıbdır?”.

Politoloq deyib ki, səfər zamanı Azərbaycan prezidenti bəzi xarici şirkətlərin işğal olunmuş ərazilərimizdə risk altında, qanunsuz fəaliyyət göstərməsini də vurğulayıb, həmin ərazilərdə qanunsuz fəaliyyət göstərən şirkətləri belə fəaliyyətdən çəkinməyə çağırıb: "Prezident qeyd elədi ki, bəzi Fransa şirkətlərinin də həmin ərazilərdə iş qurması Azərbaycanla Fransa arasındakı dost münaisbətlərə uyğun deyil. Ümumiyyətlə, Prezident İlham Əliyev ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həllinin tərəfdarı olduğunu xüsusi ilə qeyd etdi, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini söylədi. Bizim istəyimiz budur ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dəyişdirilsin, münaqişəyə son qoyulsun, bölgədə sülh təmin edilsin. Heç şübhəsiz ki, Fransanın siyasi elitasını təmsil edən şəxslər Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi, siyasi, humanitar vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinə baxışı barədə verdiyi bütün bu mesajları eşitdilər. bu baxımdan ümidvarıq ki, Fransa-Azərbaycan əlaqələri bundan sonra daha faydalı, qarşılıqlı maraqlara söykənən istiqamətlər üzrə inkişaf edəcəkdir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər