• cümə, 29 Mart, 17:30
  • Baku Bakı 14°C

Fransa Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırmağa çalışır - Deputat

27.11.20 11:45 351
Fransa Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırmağa çalışır - Deputat
Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin qəbul olunması BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin pozulması ilə yanaşı, Fransanın Minsk Qrupunun həmsədr ölkəsi və BMT TŞ-nin daimi üzvü kimi fəaliyyəti ilə də ziddiyyət təşkil edir.
Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanatla Ermənistan və Azərbaycan arasında hərbi eskalasiyaya son qoyulub və regionda sülhün bərqərar olunması istiqamətində praktiki işlərə başlanıb:
"Bu gün ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransa bu razılaşmanı pozmağa və münaqişəni yenidən alovlandırmağa çalışır. Qeyd etməliyik ki, Fransanın bu cəhdləri arxadan atılan daşa bənzəyir və 3 ölkə arasında imzalanmış razılaşmanı poza bilməz.
Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq torpaqlarını işğaldan azad etməyə başladığı ilk gündən Fransa qərəzli və ədalətsiz mövqe nümayiş etdirdi. Davamlı olaraq Ermənistanın təcavüzünü dəstəkləyən bəyanatlar verdi. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi nümayiş etdirmədiyi fəallığı son bir neçə ayda nümayiş etdirdi.
Dəfələrlə Türkiyə və Azərbaycanın guya xaricdən muzdlu terrorçuları döyüşlərə cəlb etməsi ilə bağlı indiyə qədər heç bir sübutla təsdiq olunmamış iddialar irəli sürdü. Azərbaycan dəfələrlə sübut istəsə də Azərbaycan tərəfinə heç bir dəlil və sübut təqdim edilmədi. Ancaq Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsi barədə faktlar və dəlillər Azərbaycan tərəfindən Fransa tərəfinin diqqətinə çatdırılmasına baxmayaraq heç bir açıqlama təqdim edilmədi, hüquqi ölçü götürülmədi.
Əgər Fransa haqqın və ədalətin tərəfdarıdırsa Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunmasına, mülki əhalinin qətlə yetirilməsinə, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma, qanunsuz iqtisadi fəaliyyətlər aparmasına, məscidləri dağıtmasına qarşı niyə 30 il susqun mövqe nümayiş etdirdi? Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, məgər müsəlmanları qətlə yetirmək, məscidlərini dağıtmaq, onların dəyərlərinə hörmətsiz münasibət nümayiş etdirmək olar?”
Deputat vurğulayıb ki, Azərbaycan hər zaman Fransa ilə əlaqələrin inkişafına, yüksək əməkdaşlığın qurulmasına xüsusi önəm verib:
"Bu gün Azərbaycanda Fransa məktəbi, universiteti, şirkətləri sərbəst fəaliyyət göstərir. Fransa Azərbaycanla əlaqələrin inkişafında daha maraqlı olmalı, dövlət maraqları şəxsi maraqlara qurban verilməməli idi.
Bu gün Fransa tarixinin növbəti ən utancverici günlərindən birini yaşayır. Fransanın əli tarixdə dəfələrlə qana batıb. Tunis, Əlcəzair, Vyetnam və bir sıra digər ölkələrdə baş verən hadisələrdə də Fransa haqsızlığın və ədalətsizliyin tərəfində olmuşdu.
Bir müddət bundan əvvəl Fransanın siyasi dairələrinin Məhəmməd peyğəmbərin karikaturasının çəkilməsini demokratiya və insan azadlığı ilə əlaqələndirməsi bu ölkənin imicinə ciddi ziyan vurmuş, müsəlman ölkələri tərəfindən hiddətlə qarşılanmışdı.
Bütün bunlar eyni zamanda, Fransada artmaqda olan islamofobiyanın, İslam dininə və müsəlmanlara qarşı həyata keçirilən ayrı-seçkiliyinin bariz nümunəsidir”.

banner

Oxşar Xəbərlər