• cümə axşamı, 18 aprel, 09:05
  • Baku Bakı 12°C

Fransa Azərbaycanın mühüm tərəfdaş olduğunu anlayıb

14.05.14 09:16 1509
Fransa Azərbaycanın mühüm tərəfdaş olduğunu anlayıb
Fransa prezidenti Fransua Ollandın mayın 11-də ölkəmizə etdiyi rəsmi səfər yüksək qiymətləndirilir. Güman olunur ki, bundan sonra iki dövlət arasındakı münasibətlər daha da isinəcək və onlar bizə qarşı müəyyən məsələlərdə əvvəlkindən fərqli olaraq daha obyektiv mövqe sərgiləyəcəklər. Bu mövzuda fikirlərini bizimlə bölüşən politoloqlar da səfərin xüsusi əhəmiyyət daşıdığını, Fransanın Azərbaycanın mühüm tərəfdaş olduğunu dərk etdiyini söylədilər.
Politoloq Elman Nəsirov bildirdi ki, Ollandın ölkəmizə səfəri Azərbaycan-Fransa əlaqələrinin inkişafı baxımından mühüm siyasi hadisədir. Çünki söhbət Avropa İttifaqının (Aİ) iki lokomotiv dövlətindən biri olan Fransanın rəhbərinin Azərbaycana səfərindən gedir: “Əvvəlcə KİV-də belə məlumatlar yayılırdı ki, prezident ilk olaraq Ermənistana, daha sonra Azərbaycana gələcək. Lakin gördüyünüz kimi o, əvvəlcə ölkəmizə gəldi. Bunun əhəmiyyəti çox böyükdür. Şahmat dili ilə desək, Azərbaycan oyuna ağ fiqurlarla başladı. Çünki Fransa prezidenti səfərə Azərbaycandan başlamaqla ilkin informasiyanı da buradan almış oldu. Nəzərə alaq ki, Ermənistan uzun illərdir, dezinformasiya yayan maşınını işə salıb. Onların iddiaları xüsusilə Fransada dəstəklənir. Yəni, ermənilər orada müəyyən üstünlüyə malikdirlər. Azərbaycanda Fransa prezidentinə olaylar barədə geniş məlumatlar verildi və o, hadisələrin əslində necə olduğunu əsas mənbədən, zərər görmüş tərəfdən öyrəndi. O, səfər zamanı Azərbaycanın çox sürətlə inkişaf etdiyini, xüsusən iqtisadiyyatının qısa vaxt ərzində xeyli irəlilədiyini söylədi. Bu isə çox önəmli məsələdir. Çünki bunun nəticəsində Olland əmin oldu ki, Azərbaycanla tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə ehtiyac var”.
E.Nəsirovun fikrincə, Fransanın Azərbaycanla əməkdaşlıq üçün geniş imkan və potensialı var. Xüsusilə, nəqliyyat, kənd təsərrüfatı, şəhərsalma, enerji təhlükəsizliyi və s. məsələlərdə əlaqələrin inkişafı üçün hər baxımdan münbit şərait var: “Fransa tərəfi neft-qaz sahəsində tərəfdaşlıq məsələlərinə daha böyük önəm verdiyini, bu sahədə əməkdaşlığı genişləndirmək istədiyini, fransız şirkətlərinin bu işdə maraqlı olduqlarını vurğuladı. Hesab edirəm ki, hər iki tərəfin birgə keçirdiyi biznes forum da bunun təsdiqidir. Bilirsiniz ki, səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişafına xidmət edən çox mühüm sənədlər imzalandı. Bunlar da nəticə etibarı ilə əlaqələrin hüquqi-normativ bazasını daha da möhkəmləndirir. Rəsmi Bakı və rəsmi Paris münasibətlərin inkişafına xidmət göstərməkdədirlər. Fransanın Ermənistan-Azərbaycan arasında yaşanan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi maraqlı idi və onun bu məsələyə aydınlıq gətirməsi vacib, gözlənilən məqam idi. Əslində, Fransanın mövqeyi prinsip etibarı ilə bəllidir. Çünki o, həmsədr dövlətdir. Amma prezidentin Azərbaycana ilk səfəri kontekstində və həmsədr dövlətin rəhbəri olaraq mövqeyi xüsusi əhəmiyyət kəsb edirdi. Fransa prezidenti hadisələri Ukraynadakı məlum olaylarla müqayisə etdi. Bildirdi ki, bu münaqişələrin həllində Fransa ərazi bütövlüyü prinsipinə əsaslanır. Həm Azərbaycanın, həm də Ermənistanın Fransa üçün dost dövlət olduğunu deyən fransalı prezident bu məsələlərdə seçim etmək niyyətində olmadıqlarını vurğuladı”.
Politoloq belə mövqenin ölkəmizin maraqlarına uyğun olduğunu dedi. Çünki Fransa indiyə qədər birmənalı olaraq Ermənistanın tərəfində idi: “Hazırda isə prezident fərqli fikirlər səsləndirir. Azərbaycanı da dost ölkə adlandıraraq seçim etməkdə maraqlı görünmür. Bu sözlərin Fransa prezidentinin dilindən səslənməsi bizim üçün çox vacib idi. Xatırladım ki, o, qondarma erməni soyqırımının 99-cu ildönümü ilə bağlı çıxışında “soyqırımı” tanımamağa görə cəzanın tətbiq edilməsinə Avropa məkanında nail olmağın vacibliyini qeyd etmişdi. Həmçinin demişdi ki, 2015-ci ildə qondarma soyqırımın 100 illik mərasimində iştirak etmək üçün Ermənistan paytaxtına gedəcək. Bu məqamları nəzərə aldıqda, onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqedən çıxış etməsi zəruri idi. Bir daha qeyd etməliyəm ki, o, ölkəmizdə olarkən bu münaqişənin mahiyyəti, Ermənistanın işğalçı siyasəti ilə bağlı ətraflı məlumat almış oldu”.
Müsahibimiz təkcə Fransa prezidentinin deyil, həm də Avropa İttifaqını təmsil edən şəxsin ölkəmizə səfər etdiyini söylədi. Nəzərə çatdırdı ki, məsələyə bu kontekstdən də yanaşmaq lazımdır: “Səfər çərçivəsində enerji təhlükəsizliyi məsələsi xüsusi önəm daşıyırdı. Aydın oldu ki, bu sahədə də əlaqələrimizin genişlənməsi üçün potensial böyükdür. Hesab edirəm ki, bu cür münasibətlər bundan sonra daha da inkişaf etdiriləcək. Ona görə də Fransa prezidentinin Azərbaycana səfərini həm ikitərəfli, həm regional, həm də beynəlxalq səviyyədə mühüm hadisə kimi qiymətləndirmək lazımdır. Çünki müxtəlif sferalarda əməkdaşlığın inkişafı üçün hüquqi-normativ baza genişləndi. Bəlli olduğu kimi, səfər zamanı konkret addımlar atılaraq müxtəlif müqavilələr imzalandı. Düşünürəm ki, yaxın gələcəkdə bu səfərin faydasını, əhəmiyyətini daha çox hiss edəcəyik”.
Politoloq Qabil Hüseynli də Fransa prezidentinin ölkəmizə səfərini uğurlu hesab etdiyini bildirdi: “Fransa prezidenti ilk dəfə Azərbaycanın ərazi bütövlüyü məsələsini önə çıxardı və Dağlıq Qarabağ probleminin bu çərçivədə həllinin vacibliyini söylədi. Azərbaycanın Fransa üçün, ümumilikdə Qərb üçün nə qədər önəmli dövlət olduğu bu səfər çərçivəsində bir daha bəlli oldu. Olland yaxşı başa düşür ki, Rusiya ilə mübarizənin yeni bir səhifəsi açılıb. Bu mübarizədə enerji məsələləri həlledici amillərdir. Bu gün Avropa İttifaqı ölkələri Rusiya ilə münasibətdə bir az ehtiyatlı davranırlar. Bunun da əsas səbəbi Rusiyadan mavi qaz asılılığıdır. Buna görə də Ollandın Azərbaycana səfərində Avropanın enerji resursları ilə təmini məsələsi öndə dururdu. Azərbaycan daha əvvəlki kimi Bakı neftinin Qərb bazarlarına göndərilməsinə çalışmır. Yəni ölkəmiz “təki neft satılsın” düşüncəsi ilə hərəkət etmir. Bu dəfə Azərbaycan daha ciddi şərtlər irəli sürür. Səfər çərçivəsində bildirdik ki, mavi qazı Aİ ölkələrinə o şərtlə çıxaracağıq ki, onlar Azərbaycanın pozulmuş ərazi bütövlüyünün təmin edilməsinə lazım olan siyasi dəstəyi versinlər. Olland Fransanın bu məsələdə dövlətimizin mövqeyini müdafiə etdiyini dedi və Azərbaycanın ərazi bütövlüyü çərçivəsini nəzərə alaraq davranacaqlarını bildirdi. Təəssüflə qeyd etmək lazımdır ki, o, İrəvana gedərkən başqa sözlər deyirdi. Sanki ermənilərin könlünü ovundurmağa çalışırdı. Elan edirdi ki, qondarma erməni soyqırımı və onun Türkiyə tərəfindən tanınması zəruridir”.
Q.Hüseynlinin qənaətinə görə, son zamanlar Fransanın Azərbaycanla ciddi şəkildə maraqlanması başadüşüləndir. Çünki Fransanın “Total” şirkəti Azərbaycanda çox böyük təbii qaz yataqları aşkara çıxarıb: “Onlar anlayırlar ki, yeni tapılan qaz yataqları istismara verilsə, o, «Şahdəniz»lə birgə Avropanın qaza olan tələbatını ödəyə bilər. Əlbəttə ki, bunun nəticəsində Avropa Rusiyanın qaz asılılığından xilas olar. Bu səbəbdən ölkəmiz təkcə Fransanın deyil, bütün Avropa ölkələrinin marağındadır. Aİ ölkələri Azərbaycanla iqtisadi əlaqələrin müxtəlif formalarını yaratmağa can atırlar. Lakin bir daha qeyd olunmalıdır ki, Azərbaycan qaz amilindən kommersiya məqsədilə istifadə etməyəcək. Bundan siyasi məqsədlərimizin diqtəsi üçün yararlanacağıq. Ollandın qarşısında bu məsələ bütün çılpaqlığı ilə qoyulub. O da dövlətimizin bu yanaşmasına hörmət bəslədiyini bildirib. Deyib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində əllərindən gələni edəcəklər. Düzdür, hələ ortada real nəticə yoxdur. Amma hər halda, bu, ölkə prezidentinin dilindən səslənən sözlərdirsə, deməli, bu istiqamətdə müəyyən işlər görülə bilər. Ələlxüsus da, bu ölkə Minsk qrupunun həmsədrlərindən biridirsə”.
Politoloqun fikrincə, Fransa ilə əlaqələrin genişlənməsində bizdən çox onlar maraqlıdır. Çünki Azərbaycan onlara müəyyən sifarişlər verib: “Metro tikilməsində əməkdaşlıq, yeni vaqonların alınması, eləcə də, Azərbaycan peykinin Fransada istehsal edilməsi məsələsi onlar üçün çox əhəmiyyətlidir. Burada söhbət böyük maliyyə vəsaitindən gedir. Böhrandan tam olaraq çıxmamış Fransa üçün bu sifarişlər prinsipial əhəmiyyətə malikdir. Məncə, Fransa Azərbaycanın Ermənistandan fərqini gördü. Ölkəmizin potensialını işğalçı dövlətlə heç müqayisə etməyə dəyməz. Çünki ortaya böyük fərq çıxır və Ermənistanın hansı gülünc vəziyyətdə olduğu bir daha görünür. Ona görə də Fransa münasibətlərə həm də iqtisadi nöqteyi-nəzərindən baxmağa məcburdur. Ümumiyyətlə, qaz və digər ehtiyatlarımız qərbi şirnikləndirən mühüm amillərdən biridir. Bizim üçün əsas olan məqamlardan biri o idi ki, səfər zamanı Ollanda Dağlıq Qarabağ məsələsinin anatomiyası başa salındı. Azərbaycanın məsələyə hansı aspektdən yanaşdığı onun diqqətinə çatdırıldı. O da bu cəhdimizlə razılaşdığını bəyan etdi. Bilirsiniz ki, Fransa indiyə qədər sırf ermənipərəst mövqe tutub. Məncə, onlar bundan sonra hansısa addımı atanda bizi də nəzərə alacaqlar. 50 faiz Ermənistana, 50 faiz də ölkəmizə tərəf olmaq məcburiyyətində qalacaqlar. Onu da deyim ki, Fransanın timsalında Qərbin Azərbaycana olan diqqətinin artığını müşahidə edirik. Çünki Avropa ölkələrinə bu cür mövqeyi diktə edən ABŞ-dır. Əgər haçansa Almaniya kansleri Azərbaycana səfərə gəlsə, mən buna heç təəccüblənmərəm. Çünki Qərbin Rusiyanın enerji asılılığından azad olmasının yeganə yolu Azərbaycanla münasibətləri yaxşılaşdırmaqdır”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər