• şənbə, 20 Aprel, 06:50
  • Baku Bakı 14°C

Frankofoniya öz nizamnaməsinə xəyanət edir

03.10.18 18:33 1328
Frankofoniya öz nizamnaməsinə xəyanət edir
Frankofoniya termini ilk dəfə 1880-cı illərdə fransız coğrafiyaşünası Onezim Reklü tərəfindən fransız dilində danışan bütün insanları və ölkələri təyin etmək üçün işlədilib. Təxminən 90 il sonra - 1970-ci ildə bu terminin ideologiyasından qaynaqlanaraq, Texniki və Mədəni Əməkdaşlıq üzrə Agentlik yaradılıb. Beləliklə də Frankofoniya Beynəlxalq Təşkilatının (FBT) əsası qoyulub. Əsas mərkəzi Parisdə yerləşən bu təşkilata 80 dövlət və hökumət daxildir. Onlardan 58-i üzv, qalanları müşahidəçi statusu daşıyır. Bunun nəticəsində dünya ölkələrində 900 milyondan çox insan Frankofoniya dəyərlərini bölüşür. Müasir dövrümüzdə də Frankofoniya anlayışı ilk növbədə ümumi dil olaraq fransız dilini paylaşan bütün qadın və kişilərdir. Fransız dili Observatoriyasının nəşr etdiyi son hesabata görə, dünyadakı 5 qitə üzrə fransız dilində danışan insanların sayı 280 milyona nəfərə yaxındır. Frankofonlar fransız dilinin, 80 üzv və müşahidəçi dövlət, həmçinin hökumət arasında əməkdaşlığın təşviqinə həsr olunmuş institusional quruma arxalanırlar. FBT 1986-cı ildən etibarən mütəmadi şəkildə müxtəlif ölkələrdə böyük sammitlər keçirir.
Sözügedən təşkilat XVII zirvə görüşünü cari ilin 11-12 oktyabr tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçirməyi planlaşdırır. Bir qədər əvvəl vurğuladığımız kimi, FBT dünyada fransız dilində danışan insanların sayının artmasına xidmət edən qurumdur. Bu təşkilatın nizamnaməsinə əsasən, dövlətləri bu təşkilat çərçivəsində birləşdirən əsas amil fransız dili və fransız mədəniyyətinə yaxınlıqdır. Bununla yanaşı, dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi arzusu da BFT-nin missiyasını və fəaliyyətinin əsas prinsiplərini təşkil edir. Təbii olaraq belə dəyərləri bölüşən təşkilatın növbəti zirvə toplantısını işğalçı Ermənistanın paytaxtında keçirməsi hər kəsdə sual və təəccüb doğurur. Çünki məhz Ermənistan Qafqaz regionunda sülhün bərqərar olmasına başlıca maneə törədən ölkədir. Bu ölkənin silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisi işğal olunub, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu ölkənin sabiq prezidentləri Robert Koçaryan, Serj Sarkisyan, sabiq müdafiə naziri Sehran Ohanyan, Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyan və digər ermənilər 1992-ci ilin 25-26 fevral tarixində Xocalıda azərbaycanlı əhaliyə qarşı soyqırımı törədiblər. Adları qeyd edilən hərbi canilər, Ermənistanda yüksək vəzifə daşıyan bir çox məmurlar Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı hərbi cinayətlər törədiblər.

İşğalçı Ermənistan bu gün də qəsbkarlıq siyasətini davam etdirməkdə, Azərbaycanla yanaşı, digər qonşuları Türkiyə və Gürcüstana da əsassız ərazi iddiaları ilə çıxış etməkdədir. Ermənistan terrora dəstək verən bir ölkə kimi işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf rayonlarımızda PKK, İŞİD və sair terror təşkilatlarının üzvlərinə sığınacaq verir, onların hərbi təlimlər keçməsinə şərait yaradır. Bu kimi səbəblərdən işğalçılıq siyasəti yürüdən, terrora açıq dəstək verən, Hitler Almaniyası dövründə SS ideyalarının daşıyıcısı Qaragen Nijdeyə İrəvanda heykəl ucaldaraq faşizmi təşviq edən Ermənistanda FBT-nin XVII zirvə görüşünün keçirilməsi başadüşülən deyil.
Xocalı soyqırımını törətmiş və bunu ən yüksək səviyyədə dəfələrlə utanmadan və qürur duyaraq etiraf etmiş Ermənistanın ərazisində FBT nəinki özünün zirvə görüşünü keçirməklə, hətta bu dövləti üzvlüyə qəbul etməklə, nizamnaməsinə xəyanət etmiş sayılır. Onu da əlavə edək ki, FBT üzvləri ayrı-ayrılıqda və ya beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını tanıyıb. Hətta bir çox hallarda həmin dövlətlər Ermənistanın işğalçılıq siyasətini qəti şəkildə pisləyiblər. Eyni zamanda FBT üzvlərinin bir qismi Avropa Şurasında, digər bir qismi isə İslam Əməkdaşlıq Təşkilatında Dağlıq Qarabağın işğal faktını birmənalı təsdiqləyiblər. Ən nəhayət, Ermənistanın heç bir halda fransız dilli ölkə olmadığı, gələcəkdə də olmayacağı, bu dövlətdə fransız dili dəyərlərinin paylaşılmadığı hər kəsə bəllidir.

Bütün bu sadalanan faktlar FBT-nin Ermənistanda növbəti zirvə toplantısı keçirməklə necə bir yanlış addım atdığının bariz göstəricisidir.Politoloq Mübariz Əhmədoğlu da "Kaspi”yə açıqlamasında deyib ki, işğalçı siyasətinə görə regiondakı layihələrdən tamamilə təcrid olunan, iqtisadi tənəzzül yaşayan Ermənistan Cənubi Qafqazın lider dövləti Azərbaycanla "öcəşmək” – prinsip aparmaq, bununla da daxili auditoriyanı sakitləşdirmək, müəyyən qədər təsəlli tapmaq istəyir. Siyasi şərhçinin sözlərinə görə, FBT-nin XVII zirvə görüşünün İrəvanda keçirilməsini təşkil etmək də Ermənistanın bu istiqamətdə növbəti çabalarındandır: "Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə, qlobal forumlara ev sahibliyi edir, dünyada inkişaf etmiş, multikultural, tolerant, sabit məkan kimi tanınır. Hətta qütbləşmiş dünyanın iki ən böyük dövlətinin nümayəndələri də dialoq məkanı kimi Azərbaycanı seçirlər. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu hər ötən gün artır. Bu gün müstəqil siyasət aparan Azərbaycana bütün dövlətlər hörmətlə yanaşır, hətta bir sıra məsələlərdə bizimlə hesablaşırlar. Təbii olaraq bunlar işğalçı Ermənistanı qıcıqlandırır. Ona görə də Frankofoniya Beynəlxalq Təşkilatının zirvə toplantısını İrəvanda keçirməklə dünyanın diqqətini özlərinə cəlb etmək niyyəti güdürlər”.

M.Əhmədoğlu erməni mətbuatına istinad edərək bildirib ki, inqilab nəticəsində Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistana heç bir sərmayə qoyulmayıb. Onun sözlərinə görə, nəinki xarici investorlar, hətta yerli sərmayəçilər də Ermənistan iqtisadiyyatına pul yatırmırlar. Üstəlik, Ermənistandan xaricə kapital axını daha da çoxalıb, dövlət borcu artıb: "Belə bir reallıqla üzləşən, loru dildə desək, özü acından ölən, əhalisinin rifah halını yaxşılaşdırmaq üçün hər hansı addım ata bilməyən Ermənistan Frankofoniya Beynəlxalq Təşkilatının zirvə toplantısının İrəvanda keçirilməsinə milyonlarla dollar vəsait xərcləyir. İstər-istəməz rəsmi İrəvanın bu hərəkəti Ermənistan əhalisi tərəfindən böyük narazılıqla qarşılanacaq. Digər tərəfdən, Fransanın Ermənistandakı sabiq səfiri vaxtilə mətbuata açıqlamasında açıq etiraf etmişdi ki, işğalçı ölkədə fransız dilinin səviyyəsi hətta sovetlər birliyi dövründəkindən də aşağı enib. Yəni, Fransız dilinə Ermənistanda maraq kəskin azalıb. Bütün bu gerçəkliklər fonunda bəzi hallarda Fransa-Ermənistan əlaqələrindəki spesifikliklər işə düşür, Fransadakı erməni lobbisinin korrupsiya və rüşvətlə ələ alma tədbirləri sayəsində Frankofoniyanın İrəvanda keçirilməsi mümkün olur. Hesab edirəm ki, Ermənistan hakimiyyəti bu kimi tədbirləri təşkil etməkdənsə, öz əhalisini çörəklə, qida ilə təmin etməlidir."
Politoloq qeyd edib ki, Ermənistan bir ölkə olaraq, hal-hazırda səfalət içərisində yaşayır. Onun sözlərinə görə, sıravi erməni vətəndaşlar ailələrini dolandırmaq üçün xarici ölkələrə üz tutur, oralarda nökərçilik edirlər: "Ermənistan dövləti isə xarici ianələr hesabına mövcudluğunu davam etdirir. Belə bir vaxtda bu qədər xarici qonağı qəbul etməyə Ermənistanın nə maddi imkanı, nə də logistik şəraiti var”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər