• cümə axşamı, 28 mart, 14:26
  • Baku Bakı 16°C

Fotoqrafiya əlçatan sənətdir - Fotolar

06.10.18 09:30 3380
Fotoqrafiya əlçatan sənətdir - Fotolar
Fotoqraflar tarixi yaradanlardandır. Bu tarixi qorumaq, sahib çıxmaq və o sənəti gələcək nəslə çatdırmaq isə bizim borcumuzdur. Azərbaycan foto tarixini qoruyan və bu gün də fotoqrafları bir araya toplayan, böyük layihələr həyata keçirən, Azərbaycanı beynəlxalq arenada təmsil edən Azərbaycan Fotoqraflar Birliyinin 20 yaşı tamam olur. Biz də Birliyin sədri Mirnaib Həsənoğlu ilə görüşdük. Müsahibimizlə Sovet dövrünün fotoqrafiya sənətindən müasir dövrə qədər davam edən proseslərdən danışdıq.
- 1982-ci ildən fotoqrafiya sənəti ilə məşğulsunuz. O gündən bəri bu sənətdə nələr dəyişib?
- O gündən fotoqrafiya sənətində çox şeylər dəyişib. Sovet dövründə bu sənətə müəyyən yanaşmalar vardı. XX əsrin sonunda fotoqrafların həyatının çox hissəsi qaranlıq otaqda keçirdisə, indi fotoqrafların günü monitor qarşısında keçir. Əvvəllər fotoqraf deyəndə, insanlar başqa birinin bacarmadığını bacara bilən şəxs düşünürdü. Fotoqraflara sehrbaz kimi baxırdılar.
- Bəs indi necə baxırlar?
- Fotoqrafiyanın öz qolları var - məişət, jurnalist, art, texniki fotoqrafiya. Bunların hamısının özünün müəyyən çalarları var. Bəzən elə zənn edirlər ki, fotoqrafiya yalnız məişət üçün işlənilir və gündəlik toy, nişan şəkilləri çəkmək üçün istifadə edilir. Hərdən deyirlər ki, şəkil çəkməyə nə var ki, düyməni basırsan və foto hazırdır. Fotoqrafiya tarixin bir yazı vasitəsidir. Sən istədiyin vaxt onu açıb oxuya, çap olunmuş fotolara isə istədiyin vaxt baxa bilərsən. Ancaq müasir dövrün bizə verdiyi vasitələr daimi və qalıcı deyil. Hansısa informasiya vasitəsi, sayt bağlananda ordakı yazılar itir, ancaq çap olunmuş hansısa bir kitab, yaxud da şəkil daima yaşayır. Təəssüf hissi ilə qeyd edirəm ki, Azərbaycanda fotoqrafiya incəsənətin bir növü kimi tanınmır.
- Fotoqrafiyanın incəsənətin çoxşaxəli qollarından biri olmasına nə mane olur?
- Dünyanın bütün ölkələri bu problemli dövrdən keçib. Avropada 50-ci illərdə fotoqrafiyanı incəsənətin bir növü kimi tanıtmaq üçün böyük təzyiqlərə məruz qalıblar. Hazırda fotoqrafiya orada incəsənətin bir qolu hesab edilir. O ki qaldı sualınıza, sadalaya bilərsinizmi, hansı təhsil mərkəzlərimizdə, dövlət qurumlarımızda fotoqrafiya şöbəsi var? Çox arzulayırıq ki, ölkədə fotoqrafiya evi olsun. Foto və kino sənədləri idarəsi mövcuddur ki, bu da tomoqrafiyanın təbliği ilə məşğul deyil. Hansı muzeyin qapısını döyüb, hansısa bir fotoqrafın yaradıcılıq fotolarını istəsək, təbii ki, tapa bilməyəcəyik. İncəsənət Muzeyinin elə fondu varmı ki, sənət əsərləri olan fotoları saxlayır?
- Noyabrın 20-də Azərbaycan Fotoqraflar Birliyinin 20 yaşı tamam olur. Yəqin ki, bu birliyin 20 ildə qət etdiyi yol heç də asan olmayıb.
- Elədir. Azərbaycanda Fotoqrafiya təşkilatının yaranma tarixi 1998-ci ilə dayanmır. Bundan əvvəl də - 1898-ci ildə Aleksandr Muşon tərəfindən ilk dəfə olaraq Bakı Fotoqraflar dərnəyi yaradılıb. O vaxt dərnək ictimai birliklərə deyilirdi və dərnəyin 50 nəfər üzvü var idi. 1923-cü ildə foto-kino işçilərinin həmkarlar ittifaqı yaradıldı. Həmkarlar təşkilatı insanların hüquqlarının qorunması, onların işlə təmin olunması kimi məsələlərdə böyük dəstəkçi rolunu oynayırdı. 70-ci ildə "Xəzər” foto klubu yarandı və ətrafına fotoqraflardan ibarət bir komanda cəlb etdi. Həmin illərdə bazar günləri Azərinformun («Azərtac») forumları olurdu, fotoqraflar yığışırdılar, yaradıcı mühit var idi. Bu fotoklubun tərkibində azərbaycanlılar azlıq təşkil edirdi. Bir də 1994-cü ildə bir yerə toplaşdıq. Onun da ilhamvericisi məşhur kinooperator Rafael Qəmbərov oldu. İlk toplaşmağımızın nəticəsi 1995-ci ildə Fransanın Nond kinofestivalı nəzdində Azərbaycan fotosərginin açılması ilə nəticələndi. O dövrdə ilk addımı belə atdıq. Həmin illər fotoqrafiya ilə bağlı kitabları tapmaq olmurdu və yeganə məlumat mənbəyimiz "Sovetski Foto Jurnal”-ı idi.
- Sovet foto jurnalistikasının fərqliliyi nə idi?
- Sovet foto jurnalistikuasının özünün qaydaları var idi. O qaydalar dünya fotoqrafiyasına qarışa bilmirdi. Sovet dövründə heç kimə icazə verilmirdi ki, hansısa problemi qabartsın. Fotoqrafiya sənəti yaranandan təbliğat maşınının qolu rolunu oynayıb. Belə ki, plakatlarda, divarlarda əks olunan rəsmlər insanları çağırışa səsləyirdi. Kapitalist və sosialist dövründə də hər kəs fotoqrafiyadan təbliğat maşını kimi istifadə edib. Foto jurnalistika sənətinin özünün də qızıl və tənəzzül dövrü olub ki, qızıl dövrü 20-ci ildən 50-ci illərə qədər davam edir. Bu dövrlərdə informasiya yalnız fotolarla verilirdi. İnformasiya daşımağına görə çap mətbuatının gücü var idi.
- Bəs tənəzzül dövrü nə zamandan başladı və buna səbəb nə oldu?
- Foto jurnalistikanın tənəzzülə uğramasına səbəb televiziyanın yaranması oldu. Çünki televiziyanın ötürdüyü operativliyi, canlılığı foto jurnalistika verə bilmirdi. Televiziyanın ötürdüyü informasiyada video material gedir və hər şey real idi. Evdə oturub çay içərək o xəbərləri izləyə bilirdik. Televiziya gəldikdən sonra mətbuat öz operativliyini itirdi.
- AFB dəstəyini kimdən alır?
- Biz dövlət dəstəyi almırıq. AFB 1998-ci ildən bəri ictimai təşkilatdır. Burada heç kim bizi məcbur etmir ki, bu işi sən görməlisən. Bu işdə barmaqla sayılası insanlar axıra qədər bizə dayaq olublar. Bu işlərlə məşğul olmaq insanın vaxtını, zamanını alır, kənardan təşkilata basqılar olduğu üçün çoxu imtina edib gedir. Əgər sərgi olmalıdırsa, fotoların silinməsi və zalın süpürülməsinə qədər bütün əziyyəti biz çəkirik. Bu da insanların çoxunun xoşuna gəlmir. İctimai təşkilatı saxlamaq çətin məsələdir.Fanatik adamların hesabına ayaq üstə qalırıq. Vaxtilə Rafael Qəmbərov bu təşkilatın məsuliyyətini öz çiyinlərində daşıyırdı. Bir il Şahin Hüseynov bu məsuliyyəti öz üzərinə götürdü. Bunun üçün kimsə öz iş yerini, emalatxanasını verir, beləcə, fəaliyyətimizi davam etdirirdik. Daha sonra Asiyat Fətullayev AFB-ni idarə etdi. Müəyyən müddətdən sonra məsuliyyəti mən öz çiyinlərimə götürdüm. Fotoqraflar Birliyini təsis edəndə 4 nəfər idik - Rafael Qəmbərov, Asim Talıb, mərhum Namiq Məmmədov və mən.
- Niyə ən sonda siz rəhbər təyin edildiniz?
- Heç zaman təşkilatın sədri olmağı arzulamamışam. Təşkilat yarananda mənim sədr olmağımı istədilər. Bildirdim ki, özümü sədr kimi görə bilmirəm. Daima təşkilatda sədr müavini olmuşam. Harada olmağımdan asılı olmayaraq, layihənin altından bu birliyin imzasını qoyurdum. İstər AFB-də olum, istər olmayım. Bu təşkilatı yaradanlardan biri də mənəm. Bu təşkilata sədrlik edəndə mənim də söykəndiyim insan olub.
- Kim olub o insan?
- Bu, fotoqraf Rauf Umudov olub. Daim AFB-nin yükünün biri mənim çiynimdə olubsa, digəri onun çiynində olub.
- 2002-2007-ci illərdə AFB Foto Festivalı keçirərək böyük marağa səbəb olmuşdu. Hazırda elə bir layihə gözlənilirmi?
- Hələ ki nəzərdə tutulmayıb. Çünki maliyyəmiz yoxdur.
- Bu gün hər əlinə fotoaparat alan özünü fotoqraf elan edir. "İnstagram” səhifələrinə baxanda, hər kəs "fotoqraf”dır. Bu məsələ sizi narahat etmirmi?
- Bu normaldır. Təkcə Azərbaycanda deyil, bütün dünyada hazırda eyni proses gedir. Fotoqrafiya əlçatan sənətdir.
- Bəs siz özünüz toy fotoqrafiyası ilə məşğul olmusunuzmu?
- Əgər fotoqrafsansa, çörəyini bu sənətdən qazanmalısan. Vaxt olub ki, mən vinetka, toy şəkilləri də çəkmişəm. Ancaq müasir toy fotoqraflığı mənə yaddır. Bu günün toylarını çəkən fotoqraflarına az qalırlar ki, tamadalığı və təşkilatçılığı da yükləsinlər. Mən başqa dövrdən gəlmiş biri olduğum üçün bu sahə mənim üçün maraqsızdır. İnsanlar istedadlıdır, pul qazanırlar. Burda nə var ki?Biz o vaxt toya gedəndə şəkli plyonkaya çəkirdik. Orda həmin plyonkanı yuyurduq. Əgər ağ-qara plyonka iki maddədə yuyulursa, rəngli plyonka 5 maddədə yuyulur. Onun çapı 5 prosesdən keçirdi. Saatyarımdan sonra məclisdə camaatın fotolarını verirdim. Çox ağır iş idi. Hər dövrün öz üsulu var.
- Əvvəllər böyük albomlar hazırlanır və bəzədilirdi. Belə ki, bizdən əvvəlki nəslin tələbəlik, əsgərlik, məktəb illəri üçün ayrı-ayrı albomları olurdu. Bizim dövrün gəncləri isə fləşkartlar, hard disklərdən istifadə edir.
- Sizin o fləşkartınız nə zamansa xarab olacaq. Rəqəmsal texnologiya çıxanda kiçik disklər var idi. İçərisində bir neçə megabaytlıq şəkil saxlamaq olurdu. Daha sonra CD və DVD disklər çıxdı. Həmin texnologiyalarla yazılan materiallar cüzi bir problem yaranan zaman həyatınızın və yaradıcılığınızın üzərindən xətt çəkir. Ancaq o albomların məhv olduğunu görmüsünüzmü? Vaxt var idi, həmin dövrün gəncləri albomlarda özünü ifadə edirdilər. İndi "Facebook” insanların özünüifadə vasitəsidirsə, o zamanlar da albomlar insanların özlərinin ifadə vasitəsi idi. Hərbi xidmətdə əsgərlər albomlar düzəldirdilər ki, təkcə albomun düzəldilməsinə əziyyət çəkib pul xərcləyirdilər. Fotoların ətrafı bəzədilir, altına sözlər, arxasında xatirələr yazılırdı.
- Mirnaib bəy, bu gün foto klublar varmı və onlar sizə hansı şəkildə bağlıdırlar?
- Fotoqrafiyanın inkişafına dəstək verən təşkilat yaranır. Bunlara "Art faktor”, "Gilavar” foto klublarını misal göstərə bilərəm. Bu çox sevindirici haldır. Həmin təşkilatlar fotoqrafları bir yerə cəm edir və burda yaradıcılıq prosesləri gedir. Bəziləri düşünür ki, biz bu təşkilatların yaranmasına qısqanclıq edirik. Ancaq məsələ belə deyil. Biz buna ancaq sevinə bilərik. Mən bunu alqışlayıram. Bu o deməkdir ki, Azərbaycanda foto sözünü deyən "ağ qarğa” mən deyiləm, məndən başqaları da var.
- Sosial şəbəkələrin çoxluğu fotosərgilərə olan marağı azaldıb?
- Azərbaycanda hazırda fotosərgi təşkil edəndə gələn olmur. On min fotoqrafdan sərgiyə heç yüz nəfər gəlmir.
- Bəlkə PR düzgün şəkildə qurulmur?
- Əgər sən fotoqrafsansa və eşidirsən ki bir fotosərgi olacaq, niyə getmirsən? Bəlkə görəcəksən ki, səndən gözəl çəkib, bəlkə oradan nəsə öyrənəcəksən? Bu, qlobal problemdir. Sərgi salonlarında keçirilən sərgilərə insanlar gəlmir. Hər zaman sərgi salonlarını açıq məkanda keçirməyin vacibliyini vurğulayıram. Uzun müddətdir ki, deyir və təşkilatlara da müraciət edirəm ki, açıq məkanlarda sərgi təşkil edək. İçərişəhərdə Polşa foto-festival keçirdik. Çox arzulayırdıq ki, metroda sərgi olsun. Artıq bunlar da həyata keçməyə başlayır. Gün ərzində metrodan minlərlə insan istifadə edirlər, elə insanlar ki, onlar ömrü boyu bir dəfə əsil fotoya yaxınlaşıb baxmayıblar. Əgər o sərnişin səhər işə gedəndə heç olmasa 3 fotoya baxacaqsa, bu onun qazancıdır. Bu yaxınlarda Dənizkənarı Bulvarda oranın köhnə şəkillərindən ibarət fotosərgi açıldı. İnsanlar bulvarı gəzəndə fotolara da baxdılar. Dünyanın bir çox hava limanlarında fotosərgilər təşkil edilir. Hər kəs hava limanında alış-veriş etmək istəmir ki. Zamanını keçirmək üçün nə iləsə məşğul olmalıdır. Mən bir çox hava limanlarında 3-4 saat sərgiyə baxmışam. Bunun verdiyi zövq tamamilə başqadır. Monitorda baxdığımız foto, çap olunub divara vurulandan tamamilə fərqlidir. Niyə evlərə rəsm əsərləri, fotolar asırlar? Gələn insan divardakı rəsmə baxır və zövq alır. Bunlar səni nəsə düşündürməyə vadar edir. İnsanlar planşetlərdə, monitorlarda yaşayır. İndi insanlar sərgiyə getməli deyil, sərgilər insanın ayağına gəlməlidir. Dövr bunu tələb edir.
- Sosial şəbəkələrdə italyan fotoqrafın afrikalı uşağın quzğun tərəfindən yeyilməsi və fotoqrafın heç bir müdaxilə etməməsi və bunun da uşağın ölümü ilə nəticələnməsi ilə bağlı hekayə paylaşılır. Fotoqraflarla bağlı bu tip hekayələr çoxluq təşkil edir və bu şəkillər müsabiqələrdə qalib olur. Belə bir situasiya ilə rastlaşsaydınız, siz nə edərdiniz?
- Bu sual artıq şablonlaşıb. Bütün dünyada müzakirə mövzusuna çevrilir ki, belə bir anda kömək edərdinmi, yoxsa sənət xatirinə o uşaqların ölümünə göz yumardın? Əslində italyan fotoqrafa foto çəkiləndən sonra böyük basqı olub. Belə ki, o uşağın öldüyü yerdən 5 km aralıda uşaqlar üçün düşərgə var imiş, onu həmin düşərgəyə verib xilas edə bilərmiş. Həmin hadisədən sonra fotoqraf özünə qəsd edib. Əslində fotojurnalistlər daha çox can xilas edir. Çox uzağa getməyək, fotoqraf Elnur Babayevin qaçqın şəhərciyində yaşayan uşaqlara etdiyi köməkliklərin şahidi olmuşam.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər