• çərşənbə axşamı, 23 aprel, 13:12
  • Baku Bakı 24°C

Forum iki ölkə arasında inkişaf edən əməkdaşlığın bariz nümunəsidir

25.06.14 08:36 940
Forum iki ölkə arasında inkişaf edən əməkdaşlığın bariz nümunəsidir
Qəbələdə keçirilən “Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları” mövzusunda V Azərbaycan-Rusiya Regionlararası Forum böyük maraq doğurur. Tədbirdə qəbul edilən qərarlar, müzakirə olunan məsələlərə Rusiya mətbuatı geniş yer ayırıb. Rusiyanın bir sıra nüfuzlu mətbu orqanları bu forumun iki ölkə arasında münasibətlərin hansı səviyyədə olmasının göstəricisi olduğunu xüsusi qeyd edirlər.
“Moskovski komsomolets”, “Kommersant” qəzetləri, eləcə də “RİA Novosti”, “İnterfax” və s. agentlikləri, həmçinin əyalət qəzetləri, məsələn, Stavropol, Dağıstan vilayətlərinin mətbuatında çoxsaylı məqalələr, informasiyalar yer alıb. Qeyd edilir ki, tədbir Rusiyanın bir sıra rəsmi dövlət adamları, o cümlədən iqtisadi inkişaf naziri İqor Slyunyayev, Dağıstan rəhbərliyi, Rusiyanın bir sıra subyektlərinin, region və şəhərlərinin rəhbərlərinin iştirakı ilə baş tutub. “MK”-də dərc edilən reportajda qeyd edilir ki, iqtisadi inkişaf naziri İqor Slyunyayev qeyd edib ki, “növbəti forumun Azərbaycanda keçirilməsi ölkələrimizin rəhbərlərinin əsasını 5 il əvvəl qoyduqları xoş ənənənin güc topladığının və genişləndiyinin göstəricisidir”. Onun sözlərinə görə, beşinci dəfədir ki, artıq Qəbələdə toplaşırlar. Şəhəri gələcəyin şəhəri adlandıran rusiyalı nazir buranı çoxəsrlik ənənələri olan yer kimi xarakterizə edib. “Azərbaycan özünün çoxəsrlik tarixində Rusiya üçün xüsusi tərəfdaş rolunu oynayıb. Bizim xalqlarımız hər zaman bir-birinə yaxın olublar, mədəni və mənəvi cəhətdən bir-birini zənginləşdiriblər” – deyə nazir bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan və Rusiya energetika, bank, nəqliyyat, sənaye və s. sahələrdə uğurla əməkdaşlıq edirlər. Humanitar əlaqələrə toxunan nazir qeyd edib ki, Rusiyada 13 Azərbaycan mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onun sözlərinə görə, bir çox regionlarda Azərbaycan dilinin və milli özünəməxsusluğun qorunub saxlanılması üçün şərait yaradılıb: “Azərbaycanın ali məktəbləri ilə birlikdə Həştərxanda Azərbaycan dili üzrə mütəxəssislər hazırlanır”.
İki ölkə arasında ticarət dövriyyəsi 2010-cu illə müqayisədə 2012-ci ildə 10 dəfə artıb. 2013-cü ildə isə bu rəqəm əvvəlki ilə müqayisədə 6 dəfə artıb. Bu ilin göstəriciləri də ötən illə müqayisədə xeyli yüksəkdir. Regionlararası əlaqələr də geniş dinamika kəsb edir. Rusiyanın 75 subyekti artıq çoxdandır Azərbaycanda məhsuldar fəaliyyət göstərir, eləcə də Rusiyada Azərbaycan subyektləri işləyirlər. Əməkdaşlıq ən müxtəlif sahələri əhatə edir - sənaye, maşınqayırma digər əyalətlərdə də davam edir. Nazir sonda qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında qarşılıqlı ticarətin həcminin artması davamlı xarakter daşıyır. Nazir bildirib ki, Qəbələdə keçirilən yubiley forumunda 500-dən çox nümayəndə, o cümlədən Rusiyanın 25 regionunun təmsilçiləri iştirak edib: “Bizi sevindirən təkcə kəmiyyət göstəricilərinin yaxşılaşması deyil, həm də qarşılıqlı ticarətin həcminin artaraq 3,5 milyard dolları aşmasıdır. Qarşılıqlı ticarətə neft-qaz, maşınqayırma, energetika və kənd təsərrüfatı sahələrində çalışan 500-dən çox şirkət cəlb edilib. Nazir növbəti forumun Rusiyada keçiriləcəyini qeyd edib. Yeri gəlmişkən, məqalədə rusiyalı nazirin Qəbələdə keçirilən forumun yüksək səviyyədə təşkil olunduğunu bildirdiyi xüsusi vurğulayıb.
Daha sonra Dağıstanın rəhbəri Ramazan Abdulatipovun fikirlərinə yer ayrılıb. Nəşrlər dağıstanlı məmurun səsləndirdiyi bir sıra maraqları fikirlərə geniş yer veriblər. R.Abdulatipov qeyd edib ki, Dağıstanın qonşu olduğu əyalətlər arasında inteqrasiya yox dərəcəsindədir. “Bunu Azərbaycanla da bağlı demək olar. Bizə inandırıcı birgə layihələr gərəkdir. 3 milyonluq Dağıstanın sürətlə inkişaf edən Azərbaycanla əlaqələri geniş layihələrə yol aça bilər. İndi 230 mln.dollarlıq ticarət dövriyyəsi var və bunun 160 mln.-u ixracdır. Bu çox azdır. Bizə inteqrasiya əlaqələrini genişləndirmək gərəkdir. Bu gün Dağıstanda bir sıra sahələr özünün inkişaf səviyyəsini yaşayır. Götürək kurortlar məsələsini. Dağıstanda 500 km-ik dəniz sahili var. Bu ərazilər sovet dövründən istifadə edilirdi. Bu gün isə istifadəsiz qalıb, turistlərimiz faktiki olaraq Türkiyə, Misir və digər ölkələrə gedirlər. Xəzərdən bu mənada geniş şəkildə istifadə etmək olar. Rusiya prezidenti də deyir ki, Azərbaycan bizim keçmiş, ənənəvi etibarlı tərəfdaşıdır. Dağıstan üçün bu münasibətlərin inkişafı çox əhəmiyyətlidir. Bu yaxınlarda mən Azərbaycan nümayəndə heyəti, onun prezidenti İlham Əliyevlə görüşdüm. Onun birgə layihələrə necə maraq göstərdiyinin şahidi oldum. Bu gün Azərbaycan tərəfi bizim digər tərəfdaşlardan daha aktivdir. Bu gün biz Dərbəndin 2000 illiyi ilə bağlı proqram işləyib hazırlayırıq. Bu bizim birgə tariximiz, birgə nailiyyətimizdir. Azərbaycan da tədbirlərə aktiv şəkildə qoşulur. Hesab edirik ki, bu bizlərə çox gözəl perspektiv vəd edir. Sonda onu demək istərdim ki, bu gün Azərbaycanda hər bir məkanda Heydər Əliyevin ruhu, indiki prezident İlham Əliyevin məsuliyyəti hiss olunur. Bütün bunlar xalqın rifahı naminə edilir. Bu isə həm də bizim qarşılıqlı etimad doğuran qonşuluq münasibətlərimiz naminə edilir”.
Prezident İlham Əliyevin Azərbaycan və Rusiyanın Dağıstan əyaləti arasında əməkdaşlığı fəal şəkildə dəstəklədiyini vurğulayan Abdulatipov deyib ki, Dağıstanda kommersiyadan daha çox sosial xarakterli olan layihələr həyata keçirilməyə başlanılıb: “Bu isə o deməkdir ki, Azərbaycan Dağıstanın inkişafına yardım göstərən mehriban qonşumuzdur”. Onun sözlərinə görə, Rusiyanın ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafı üçün böyük potensialı var: “Bununla belə, məncə, biz qarşılıqlı faydalı münasibətlərin inkişaf potensialının maksimum 10 faizindən istifadə edirik. Sovet dövründə Dağıstan Respublikası Azərbaycan ilə birlikdə onlarca layihə həyata keçirib. Perspektivdə Azərbaycanın Dağıstanın inkişafına töhfəsi böyük olacaq. Rusiya prezidenti Vladimir Putin də bu əməkdaşlığı dəstəkləyir. Biz prezidentlərimiz arasındakı bu mehriban münasibətləri müasir iqtisadi, mədəni münasibətlərimizdə real şəkildə təcəssüm etdirməliyik. Bunun üçün böyük imkanlar var”.
Məqalələrdə gəlinən yekun qənaət bundan ibarətdir ki, regionlararası əlaqələr Rusiya ilə Azərbaycanın ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin əsas istiqamətlərindən biri olaraq, yeni layihə və təşəbbüslərə təkan verir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər