• cümə, 26 Aprel, 18:38
  • Baku Bakı 22°C

Forpostdan dönüklük

19.03.18 20:21 712
Forpostdan dönüklük
Rusiyada bazar günü keçirilən prezident seçkilərində hazırkı prezident Vladimir Putinin favorit olması heç kimdə şübhə doğurmurdu və nəticə də gözlənildiyi kimi oldu. Maraqlı odur ki, səslərin böyük əksəriyyətini toplamaqla növbəti altı illiyə prezident seçilən V.Putinin qələbəsi Cənubi Qafqazda bu ölkənin forpostu rolunda çıxış edən Ermənistanda sərt tənqidlərlə müşayiət olunub. Bu ölkənin mediasında Putinin qələbəsi tənqidlərlə yanaşı, təhqirlərə də tuş gəlib. Ermənilər heç cür Rusiyanın Azərbaycana silah satması ilə barışa bilmir. Azərbaycanın aprel zəfərinin və üzləşdikləri fəlakətin əsas səbəbkarı kimi məhz Putini görürlər. Məsələn, "1in.am” saytında rast gəlinən məqalələrin əksəriyyətində bunu açıq şəkildə hiss etmək mümkündür. Müəllif yazır ki, Putindən savayı seçkilərdə 7 namizəd qeydə alınıb. Lakin bütün bunlar şərti olub, onlar sadəcə imitasiya yaradıblar. Hətta şərti olaraq liberal baxışlara malik Kseniya Sobçak və Qriqori Yavlinski belə, Putinin imperiya siyasətini qorxaqcasına şərh ediblər. Daha sonra qeyd edilir ki, seçkilərdə səs vermək üçün Ermənistandakı Rusiya vətəndaşlarına da şərait yaradılıb. Onların seçkilərdə səsverməsi üçün iki seçki məntəqəsi yaradılıb – Gümrü və Yerevanda. Müəllif yazır ki, Baqramyan küçəsində yerləşdirilən banerlər ermənilərin qəzəbinə tuş gəlib. "Orada yerləşdirilən "Rusiya üçün hər səs vacibdir” şüarı Ermənistanın hazırkı "elitasının” dövlətçilik düşüncəsinin olmamasından, onun qul təfəkküründən, aşağı keyfiyyətlərindən xəbər verir. Ermənistanın kriminal oliqarxiyası – Rusiyanın korrupsiya sisteminin infrastrukturudur və bu da təbii haldır. Vladimir Putinin "qələbəsi” erməni elitası üçün bayramdır. Digər tərəfdən, avtoritar beynəlxalq ekspertlər proqnoz edirlər ki, Putinin dördüncü prezidentliyi onun imperiyasının sonu demək olacaq”.
Yeri gəlmişkən, agentliyin Rusiyadakı seçkilərlə bağlı neqativ məqaləsi bununla kifayətlənmir. Rusiyadakı rejimi avtoritar, totalitar adlandıran məqalə müəllifi yazır ki, Putinin populyar olsa da, avtoritar liderdir. Məqalədə daha çox müxalifət lideri Aleksey Navalnının fəaliyyəti işıqlandırılır. Qeyd edilir ki, "Putin Rusiyanın dövlət, siyasi sistemi üzərində qələbə qazanmış olub. Martın 18-də Rusiya demokratik, evolyusiya yolu ilə inkişaf istiqamətində sonuncu şansını da itirmiş oldu. Prezident seçkiləri Avrasiya məkanında çox təhlükəli trendi formalaşdırmış olur. Bu hal Ermənistan üçün də təhlükə deməkdir. Bazar günü keçirilən seçkilərin nəticələri sözsüz ki, Ermənistanda əsas və başlıca intriqanı - baş nazirlik məsələsini də həll etmiş oldu. Avtoritarizmin bərqərar olması tendensiyası Serj Sarkisyanın baş nazirliyi yolunda hər hansı bir alternativ qoymur”.
Başqa bir məqalədə isə Rusiyadakı seçkilərdən sonra Ermənistanın daha çox Avropa İttifaqı ilə əməkdaşlığa çalışması qeyd edilir. Məqalədə Avropa İttifaqının Ermənistandakı xüsusi nümayəndəsi Petr Svitalskinin fikirləri yer alıb. O bildirib ki, Ermənistan Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında körpü rolunu oynaya bilməz. Başqa bir məqalədə isə qeyd edilir ki, Ermənistanın tam şəkildə izolə edilməsi çox ciddi və neqativ proseslərə bağlıdır. Və bu planda Rusiyanın xüsusi rolu olduğu vurğulanır.
Gürcüstanda ermənicə nəşr olunan "Alik media”nın baş redaktoru Arsen Xaratyan hesab edir ki, Ermənistanın gələcəkdə nəhəng regional layihələrdə iştirakı artıq mümkünsüz görünür. Bakıda İran, Gürcüstan, Türkiyə və Azərbaycan XİN rəhbərlərinin Cənub-Qərb nəqliyyat dəhlizi ilə bağlı görüşünü şərh edən ekspert bildirir ki, əsas diqqət təkcə bu dördtərəfli görüşə deyil, eləcə də avropalılarla imzalan sənədlərə ayrılmalıdır. "İran malları Qərbə və əksinə qərb malları İrana qayıdır. Biz Şimal-Cənub avtomobil yolu layihəsinin hansı vəziyyətdə olduğunu görürük. Biz onu sona qədər çatdıra bilmədik. Biz bununla Cavaxetiya vasitəsilə Türkiyəylə kommunikasiya qura bilərdik. Bundan əlavə, daha iri layihələr həyata keçirə bilərdik”, - deyə ekspert bildirib.
"Ermənistanda Putinin qələbəsi” başlıqlı məqalədə vurğulanır ki, rəsmi Yerevan Putin üçün Ermənistanda hər şeyi etdi – heç bir vasitədən çəkinmədi, seçkidə "ənənəvi erməni ənənələrini işə saldı”. Müəllif yazır ki, "Baqramyan küçəsindəki seçki məntəqəsinə hakimiyyət insanları xüsusi avtobuslarla gətirilməsini təmin etdi. Hətta insanları zorla səfirlik qarşısına gətirirdilər. Seçicilərin kütləvi şəkildə məntəqələrə gətirilməsi, növbələr heç Ermənistandakı seçkilərdə qeydə alınmamışdı”. Bu seçki prosesinin həyəcan üçün dərin köklərinin olduğunu qeyd edən müəllif yazır ki, "son 27 ildə öz dövlətimizi qurmaq layihəsini məhv etmiş olduq. Bizim minlərlə sakinimiz dünyanın ən pis imicli ölkələrindən biri olan Rusiyanı seçir. Biz bir dövlət kimi hələ formalaşa bilməmişik. Öz dövlətimizin olduğunu hiss etmirik. Bu gün minlərlə Ermənistan sakini öz ailələri ilə övladlarını əsgərlikdən qaçırmaq üçün Rusiya vətəndaşı olurlar. Dövlət missiyasını məhv edən Ermənistan hakimiyyət orqanları öz seçimlərini etdilər – Putin komandasında soyuq müharibə rejimini seçdilər. Putin üçün Ermənistanda bir neçə min səs o qədər də əhəmiyyət kəsb etmir. Əsas olan Ermənistan hakimiyyətinin onun qarşısında mütiliyi, sədaqətli olmasıdır. V.Putin öz seçkiləri üçün Ermənistan hakimiyyət orqanlarının resurslarını mobilləşdirə bildi. Ukrayna və Gürcüstanda isə ona bu imkanı vermədilər. Dövlətçilik, ləyaqət hissi bizim hakimiyyətə yad bir məsələdir. Bizim hakimiyyət Putinin ağıllı qələbəsi üçün heç nəyi əsirgəmədi”. Daha sonra isə müəllif Putini Azərbaycana silah satılmasını həyata keçirən əsas tədarükçü adlandırılıb. "Ermənistan hakimiyyətinin suveren qərar qəbul etmək qabiliyyətinə necə inanmaq olar? Yerevanda keçirən səsvermə göstərdi ki, Ermənistan Rusiya imperiyasının əlaltısıdır, bizim kriminal hakimiyyət isə Rusiya çekist-korrupsiya sisteminin tör-töküntüsüdür”, - deyə məqalədə vurğulanır. Daha sonra Rusiya səfirliyi önündə yığışıb səs verən insanlar Putinin qulları adlandırılır: "Lakin bu məhvolma qabağı qələbədir. Bir neçə il sonra Rusiya pasportları bütün dünyada rədd olunacaq. Dünyada heç bir normal insan terrorçu ölkənin vətəndaşı olmaq istəməyəcək. Hadisələrin belə inkişafı gözlənilən idi - bir neçə il sonra ermənilər kütləvi şəkildə Rusiya vətəndaşlığından imtina edəcəklər. Necə ki, bu gün Rusiya səfirliyi qarşısında səs vermək üçün növbəyə düzülüblər, bir neçə il sonra da vətəndaşlıqdan çıxmaq üçün sıraya düzüləcəklər.”
Başqa bir məqalədə isə Rusiya ikiüzlü siyasət yürütməkdə günahlandırılıb. Qeyd edilir ki, Rusiya bir tərəfdən Ermənistanda yeni AES tikintisinə əl qoyur, digər tərəfdən isə Türkiyədə Akkuyu AES inşa edir. "Halbuki Ermənistan Rusiya qarşısında daha ucuz layihə təklif edib. Bu layihənin dəyəri 5-6 mlrd. dollar qiymətləndirilib. Lakin Rusiya bəyan edib ki, bu məbləğin 20 faizini maliyyələşdirmək niyyətindədir”, -deyə məqalədə bildirilib.
Beləliklə, hərbi xuntanın mediası sərt formada Rusiyanı, xüsusən də onun yenidən seçilmiş prezidenti barəsində tənqid və təhqirlərə yol verib. Faktiki olaraq bu məqalələr Qərb mediasında səslənən tənqid və təhqirlərin fonundadır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər