“Folklor və ədəbi abidələr Heydər Əliyevin azərbaycançılıq konsepsiyası kontekstində” dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Müqayisəli folklor elmi-tədqiqat
laboratoriyası, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və Azərbaycan ədəbiyyatı
kafedrasının təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində "Folklor və ədəbi
abidələr Heydər Əliyevin azərbaycançılıq konsepsiyası kontekstində” mövzusunda
dəyirmi masa keçirilib.
Açılış
nitqi ilə çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi
Kamal Abdulla dəyirmi masanın ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası
istiqamətində gördüyü işlərin folklor və ədəbi abidələrimizlə bağlı şaxəsinə
aid olduğunu bildirib. Heydər Əliyevin mədəni irsimizə münasibətinin bu gün də
göz önündə olduğunu qeyd edən rektor bu münasibətin Prezident İlham Əliyev tərəfindən
böyük ləyaqətlə sistemli səkildə davam etdirildiyini bildirib. Heydər Əliyevin
dövlətçilik tariximizdə çox gözəl bir ənənənin başlanğıcını qoyduğunu söyləyən
rektorun sözlərinə görə, birinci hakimiyyəti dövründə ulu öndərin Azərbaycanın
milli-mənəvi dəyərlərinə və onun daşıyıcılarına, şəxsiyyətlərə olan münasibəti
müxtəlif yubileylər, mərasimlər şəklində xalqın yaddaşına, dünyagörüşünə sanki
pərçim edilib. K.Abdulla əlavə edib ki, ulu öndərin "Kitabi-Dədə Qorqud”
dastanlarına, digər dastanlarımıza, görkəmli elm və ədəbiyyat nümayəndələrimizə
olan münasibəti həm də prinsip etibarı ilə dövlətin münasibəti idi. O, şəxsi
münasibəti ilə xalqın və dövlətin münasibətini cəmləyərək bu şəkildə bizim
milli-mənəvi dəyərlərimizi dövlətin münasibəti kimi bütün dünyaya nümayiş etdirib.
Rektor
onu da vurğulayıb ki, ulu öndərin folklorla bağlı nəzərdə tutduğu, Prezident
İlham Əliyevin hədəfə çevirdiyi istiqaməti ADU-da inkişaf etdirməyə çalışır:
"Folklor abidələrinə olan münasibətin bir hissəsini də biz öz fəaliyyətimizdə
inkişaf etdirməyə çalışırıq. Bu məqsədlə Azərbaycan Dillər Universitetində Müqayisəli
folklor elmi-tədqiqat laboratoriyası və Azərbaycanşünaslıq elmi-tədqiqat
laboratoriyası yaradılıb. Onların qarşısında konkret məqsədlər durur və bu məqsədlərdən biri də
bizim folklor nümunəmiz olan "Kitabi-Dədə Qorqud” dastanlarının dünyanın bir
çox qədim dastanları ilə müştərək şəkildə
öyrənilməsi məsələsidir”.
"Kitabi-Dədə
Qorqud” dastanlarının XIX əsrin əvvəllərində alman alimi və diplomatı Fridrix
fon Dits tərəfindən aşkar edilərək Avropa oxucusuna və elminə təqdim olunduğunu
qeyd edən K.Abdulla bu dastanın həmin nüsxəsinin Drezden kitabxanasında
saxlanıldığını və alman alimləri tərəfindən böyük ehtiramla yad edildiyini sözlərinə
əlavə edib. Bu ehtirama qarşı diqqətin Azərbaycanda dövlət səviyyəsində təzahüründən
danışan rektor Prezident İlham Əliyevin 2015-ci ildə Fridrix fon Ditsin Azərbaycan
dastanını tapıb üzə çıxarmasının 200 illiyi
münasibəti ilə verdiyi sərəncamı həmin abidənin Avropada başlayan
tarixinə bir işarə və alman alimin Azərbaycan ədəbiyyatşünaslığının qarşısında
unudulmaz xidmətinə olan ehtiramın nümunəsi kimi xarakterizə edib.
Rektor
çıxışının sonunda dəyirmi masaya qatılan qonaqlara və məruzəçilərə təşəkkürünü
bildirib, bu qəbildən olan tədbirlərin mütəmadi formada keçirilməsinin zəruriliyini
diqqətə çatdırıb.
AMEA-nın
Folklor İnstitutunun direktoru, universitetin Azərbaycan ədəbiyyatı
kafedrasının müdiri, akademik Muxtar İmanov "Heydər Əliyev və xalq
yaradıcılığı” mövzusunda
çıxış edib. O, bildirib ki, Heydər Əliyevin istər sovet dönəmində, istərsə də
müstəqillik dövründə xalq yaradıcılığına münasibəti milli-mənəvi dəyərlərimizin
özümüzə və dünyaya tanıdılması amalından xəbər verir. "Sovet dövründə xalq
yaradıcılığına münasibət birmənalı olmayıb”-deyən akademik bildirib ki, sovet
hökuməti xalq yaradıcılığını da öz ideologiyasına uyğunlaşdırmaq istəyib. Amma
həmin dövrdə bizim nəhəng folklorşünaslarımız folklorumuzun öz mahiyyətindən uzaqlaşmasına imkan verməyiblər. 70-ci illərdə xalq
yaradıcılığına münasibətin bütövlükdə dəyişdiyini, xalq yaradıcılığının mahiyyətinə
uyğun tədqiq və nəşri ilə yadda qaldığını söyləyən M.İmanov bunu yaranan siyasi
mühit və Heydər Əliyevin sovet dönəmindəki fəaliyyəti ilə əlaqələndirib.
Dəyirmi
masada AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu "Azərbaycanda
dil siyasəti, Heydər Əliyevin azərbaycançılıq konsepsiyası”, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tədris
işləri üzrə prorektoru, professor Azad Zeynalov "Azərbaycan təsviri incəsənətində
Heydər Əliyevin rolu”, ADU-nun II kurs magistrantları Günay Həmidli "Heydər Əliyev
və Kitabi-Dədə Qorqud”, İlahə Məmmədzadə isə "Heydər Əliyev və Azərbaycan
folkloru” mövzularında məruzə ilə çıxış ediblər.
Görüş müzakirələrlə yekunlaşıb.