AZE | RUS | ENG |

Folklor işığında

Folklor işığında
Oxucularımız çox yəqin xatırlayırlar. "Kaspi” qəzeti ötən ay (27 sentyabr) Beynəlxalq Mətbuat Mərkəzində baş tutan Folklor İnstitutunun örnək bir layihəsini işıqlandırmışdı. Əlbəttə, reportajdan agah olan ədəbiyyatsevərlər bu seminarın daha böyük təşkilinin Azərbaycan Universitetində baş tutacağından xəbərdar idilər.  

Dediyimiz həmin tarix (12 oktyabr) yetişdi. Getdim Azərbaycan Universitetinə. Sözü gedən universitetdə artıq ikinci dəfə idi ki, tədbir iştirakçısı olurdum. Sizi bilmirəm, elm ocaqları mənə başqa atmosfer təsiri bağışlayır. 

İki ildir uzaq düşdüyüm tələbə kollektivinin var-gəl etdiyi dəhlizlərə baxıram. Sinif otaqlarındakı divarların şüşədən olmasına, müəllimlərin bir şüşə o yandan saf niyyətlərinə – öyrətmək şövqlərinin yaratdığı mükəmməl tabloya baxıram. 

Yaddaşınızı təzələyib, bir daha qeyd edim ki, sözü gedən konfrans Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Folklorun və Ədəbiyyatın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən azsaylı xalqlara məxsus folklor nümunələrinin təbliğinə həsr olunmuşdu.

Konfransı Universitetin "Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri Ülviyyə Rəhimova açıq elan etdi. O, "folklorun tədqiqi XX əsr dünya elmində yeni səhifə açdı. Bu baxımdan folkloru araşdırmaq, ona  yenidən təkrar-təkrar qayıtmaq hər zaman faydalıdır.  İsveçrə psixoloqu Karl Qustav Yunqun məşhur anadangəlmə fikir və təəssüratlar – arxetip nəzəriyyəsinin də kökündə mif – folklor dayanır. Gəlin keçmişimizi dərk edək ki, gələcəyimizi müəyyənləşdirək” – deyə salamlama nitqini yekunlaşdırdı. Və Azərbaycan universitetinin rəhbərliyi adından konfransa gəlib iştirak edən qonaqlara minnətdarlığını bildirdi. Həmçinin çox faydalı layihələrinin uğurla  başa çatması münasibəti ilə təşkilatçıları ürəkdən təbrik edib, konfransın işinə uğurlar arzu etdi.

Daha sonra AMEA-nın müxbir üzvü, Azərbaycan Universitetinin professoru, Əməkdar elm xadimi Kamran Əliyev konfransın məqsədi haqqında tələbələri məlumatlandırıb, layihənin məqsədinin azsaylı xalqlara məxsus folklor nümunələrinin toplanılması, tədqiqi və gələcək nəsillərə çatdırılması” olduğunu vurğuladı. "Lahıc folklorunun özəllikləri” adlı məruzəsi ilə tələbələrə geniş məlumat verən Kamran müəllim AMEA-nın Folklor İnstitutunun əməkdaşları, eləcə də Azərbaycan Universitetinin tələbələrinin qədim dövr şəhərsalması və memarlığının orijinal abidəsi sayılan Lahıcın tarixi və təbiəti ilə tanış olub, bu unikal məkanın folkloru, adət-ənənələri ilə bağlı xeyli material topladıqlarını qeyd etdi. Bundan başqa dövlət tərəfindən tarixi memarlıq abidəsi kimi qorunan bu məkanın Böyük İpək Yolu üzərində beynəlxalq turizm marşrutuna daxil edildiyini, azsaylı xalqların dilinin, mədəniyyətinin, məişət həyatının qorunub saxlanılmasında onların yaratdıqları folklor nümunələrinin böyük rolu olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. 

Bundan başqa konfransın digər məruzəçisi – AMEA Folklor İnstitutunun "Azsaylı xalqların folkloru” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova idi. Afaq xanım "Azərbaycanda yaşayan xalqlar SMOMPK məcmuəsində” adlı məruzəsini qonaqlara təqdim etdi. Məruzəçi sözünə Azərbaycan Respublikası Konstitusiyasının 44-cü maddəsi ilə başladı. Azərbaycanın hər zaman multikultural yaşam məkanı olduğunu vurğulayan natiq Azərbaycan multikulturalizminin aktiv səciyyəsini göstərərək azsaylı xalqlara olan dövlət dəstəyindən danışdı. Multikulturalizm siyasətinin uğurulu nəticələri kimi, 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2016-cı ilin Multukulturalizm ili elan edilməsini, nəhayət, Folklor İnstitutunda "Azsaylı xalqların folkloru” şöbəsinin açıldığını bildirdi.

Həmçinin A.Ramazanova XIX əsrin sonlarında Tiflisdə nəşrə başlayan SMOMPK məcmuəsi haqqında məlumat verərək, bu məcmuədə Azərbaycanda yaşayan azsaylı xalqlar barəsində olan materialların statistik təhlilinini apardı. Bəlli oldu ki, SMOMPK-da Azərbaycanda yaşayan tatlar, udilər, talışlar, yəhudilər, molokanlar, almanlar barəsində zəngin və qiymətli materiallar toplanmışdır. 

Afaq xanımın dəyərli məlumatlarından sonra çıxış sözü AMEA Folklor İnstitutunun  "Mifologiya” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoya verildi. Professor "Lahıc bayatılarının lirosemantikası” adlı məruzəsində Lahıcın Azərbaycan etno-mədəni sistemində regional koloritin mahiyyət və funksionallığının parlaq şəkildə qorunduğu mühitlərdən biri olduğunu qeyd etdi. Seyfəddin müəllim, "Bu  mühit zahirən "Lahıc” adlanan yol lövhəsindən başlansa da, əslində, onun "sərhədləri” bu lövhənin işarələdiyi inzibati ərazidən qat-qat böyük olub, görünməz tellərlə Azərbaycanın tarixi və mədəni reallığına bağlıdır” kimi fikirlərini dəvətlilərlə bölüşdü. Dəyərli alim, eyni zamanda  bayatının lirik özünüifadə kodu olduğunu qeyd edib, bir səciyyəvi Lahıc bayatısını 
 
Bu dağın o yüzündə,
Ceyran otlar düzündə.
Mən balamı tanıram,
Qoşa xal var üzündə 
 
tələbələr qarşısında təhlil etdi. Və buradakı "qoşa xal” ifadəsini "Əsli və Kərim” kimi əzəmətli məhəbbət dastanı ilə əlaqələndirdi. 

Növbəti çıxış isə AMEA Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytac Abbasovanın idi. Gənc alim, Lahıcdan toplanmış folklor materiallarının bir neçəsinə əsasən mərasim folklorunu Azərbaycanın digər bölgələri ilə müqayisəsini konfrans iştirakçılarının diqqətinə çatdırdı. O, Lahıclı söyləyicilərdən öyrəndiyi Ramazan və Novruz bayramına hazırlıq adətlərinin necə yerinə yetirilməsindən, bayramın mahiyyətinin və keçirilən adətlərin digər bölgələrimizlə eynilik təşkil etdiyini qeyd etdi. Belə ki, lahıclılara görə bayram tonqalı evin damının üstündə qalanır. Bayram süfrəsində hər kəsin adına  şam yandırılır. Aytac xanım lahıclıların bayram səhəri kəndin girişində balaca çayın üzərinə gedib, su içmək və ailənin hər bir üzvünün adına bir daş götürüb çaya atmaq ritualını da tələbələrə məlumat verdi. 

Çox maraqlı məqamlardan bir də bu layihənin təşkilinə tələbələrin biganə qalmaması idi. Universitetin "Azərbaycan ədəbiyyatı” ixtisası üzrə təhsil alan magistratura tələbəsi Reyhan Mənəfovanın "Lahıc folklorunda bayatıların bədii xüsusiyyətləri” və filologiya ixtisası üzrə IV kurs tələbəsi Afaq Aslanovanın "Lahıc lətifələrinin özünəməxsusluğu” adlı məruzələri bu fikrimə bir azda əminlik qatdı. Reyhan xanım, öz məruzəsində Lahıc bayatılarının forması, quruluşu, məzmunu haqqında ətraflı məlumat verdi. Bu bayatıların Azərbaycanın digər rayonlarına xas folklor nümunələri ilə müqayisəsindən maraqlı faktlar açıqladı. Digər bölgələrdən fərqli olaraq Lahıc bayatılarında hecaların sayının müxtəlif olması və məzmununda daha çox kədər, qəm, giley, həsrət ifadə etdiyini də xüsusi vurğuladı. Məruzəçi həmçinin bir çox bayatılarda birbaşa xalqın mifoloji təfəkkürünün məhsulu olan obraz və əlamətləri təhlil edib, bu əlamət və obrazları "Qurani-Kərim" və "Kitabi Dədə Qorqud" dastanıyla müqayisəli şəkildə təqdim etdi. A.Aslanova isə tədbirin ən gənc məruzəçisi idi. O, heç yerdə çap olunmayan, Lahıc məsəllərini, lətifələrini öz çıxışında qeyd elədi. Maraqlısı budur ki, o, bu layihəyə könüllü qoşulub, yay tətilini məhz bu araşdırmalarla məşğul olub. 

 Əlbəttə, Afaq xanım bu yola çıxanda ona istiqamət verən insanlarla – müəllimləri ilə məsləhətləşib. Məhz həmin müəllimlər ona yol olub. Bu hələ başlanğıcdır. Əgər eyni həvəs, iradə ilə irəliləyərsə, onun gələcəkdə dəyərli folklorşünas alimlərimizin sırasına qoşulacağı şübhəsizdir. Afaqın timsalında bu cür gənclərin xoş sədasını eşitmək necə gözəldir, nə qədər xoşdur!

 Kamran müəllim sonda bütün konfrans iştirakçılarını sertifikatla təltif edib, əməyi keçən hər bir əməkdaşa öz dərin təşəkkürünü bildirdi. 
 
Hazırladı: Aysu Kərimova
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163