Flavinyo azərbaycanlıları təriflədi

Flavinyo azərbaycanlıları təriflədi

İdman
11 Oktyabr 2012, 17:18 2482
"Mənim karyeramın böyük hissəsi Braziliya klubları ilə bağlıdır. Legioner həyatı yaşasam da bu, çox qısa bir müddət əhatə edib. Azərbaycandan iddialı bir klubdan təklif aldığıma görə, ölkəmizdən ayrılmaq qərarına gəldim. Əlbəttə ki, istənilən bir insan başqa ölkəyə gedəndə uyğunlaşmaqla bağlı problem yaşayır. Təzə gələndə Azərbaycanda yaşamaq mənim üçün çətin idi. Lakin zaman keçdikcə insanları daha yaxından tanıdım. İndi heç bir problem yaşamıram”.
Bu sözləri Qol.Az-a açıqlamasında “Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Flavinyo Azərbaycandakı həyat tərzi haqda danışarkən deyib. O, ölkəmizlə vətəni Braziliya arasındakı oxşar cəhətlərdən danışıb: "Hər millətin özünəməxsus yaşam tərzi var. Bizim də çox qədim zamanlara gedən mədəniyyətimiz mövcuddur. İstəyirik ki, onları qoruyub saxlayaq və bundan kənara çıxmayaq. Məsafə çox uzaq olsa da, Braziliya və Azərbaycan arasında oxşar cəhətlər var. Bu məsələdə insan faktoru çox önəmlidir. Həm Braziliyanın, həm də Azərbaycanın insanları çox istiqanlı və mehribandırlar. Bizi birləşdirən dəyərlər bundan ibarətdir".
Sən demə, braziliyalı yay vaxtları imkan tapanda dənizə də üz tutur: "Yay vaxtı tez-tez Xəzər dənizinin sahilinə yollanıram. Şəhərin mərkəzi küçələri bulvara, Xəzərə yaxın ərazidə yerləşir. Adətən bazarlıq etmək üçün belə küçələrə üz tuturam. Bu mənada Azərbaycandakı həyatımda Xəzər dənizinin özünəməxsus yeri var. Könlümə üzmək düşəndə Bakıdan elə də uzaqda yerləşməyən Mərdəkana gedirəm. Orada bir neçə dəfə olmuşam və xatirəmdə yaxşı izlər buraxıb”.
Flavinyo Braziliya ilə Azərbaycanın kriminogen durumunu da müqayisə edib: “Azərbaycana gəlməzdən əvvəl bu ölkə haqqında heç kimdən heç nə soruşmamışdım. Zənnimcə, düz etmişəm. Çünki Azərbaycan barədə nəsə soruşmağa, burada nəyin qadağan olunduğunu öyrənməyə elə də ehtiyac yox imiş. Azərbaycan çox yaxşı ölkədir. Burada gecənin istənilən vaxtında küçədə rahat dolaşmaq olar. Daim sabit olan Azərbaycan vətəndaşı oğurluğa, quldurluğa meyilli deyil. Braziliyada isə hər şey fərqlidir. Gecə rahat yerinə girib yatırsan, səhər duranda maşınını yerində görmürsən. Məncə, Azərbaycanda insanlar tamahkar deyil”.
Braziliyalı futbolçu sonda mətbəximizi də çox bəyəndiyini və ən çox da kababı xoşladığını bildirib.