• cümə axşamı, 25 aprel, 13:07
  • Baku Bakı 23°C

Öfkəylə qalxan zərərlə oturar

06.06.18 21:46 935
Öfkəylə qalxan zərərlə oturar
Azərbaycan ərazi baxımından kiçik ölkədir. Burada yaşayan insanları danışdırıb kimisə soraqlasan uzaqdan-uzağa qohum-qardaş, yaxud dost-tanış çıxacaq. Sözümün canı budur ki, bu məmləkətin sakinləri bir-birlərini yaxşı tanıyırlar. Xüsusən də müxalifətçi, demokrat adı altında qıy-qışqırıq salanların, həyata qara eynək arxasından baxaraq hər şeyi qara rəngdə görənlərin dabbaqda gönünə hər kəs bələddir. Müstəqil vəkil, hüquq müdafiəçisi, jurnalist və sair bu kimi adlardan sui-istifadə edənlərin əsl gerçəklikdə hansı işlər çevirdiyi də hamıya məlumdur. Bu sıraya vəkil kimi tanınan Aslan İsmayılovu da aid etmək olar. Heç bir siyasi partiya və təşkilatın üzvü olmadığını, yalnız vəkilliklə dolandığını, müstəqil şəxs olduğunu tez-tez dilə gətirən bu adam özünü haqq-ədalət carçısı, qanunun aliliyinin tərəfdarı kimi qələmə verir. Zaman-zaman budaqdan budağa qonmaqla, yəni gah Milli Şura və AXCP-nin tədbirlərində, mitinqlərində görünməklə, gah da Ziyalılar Forumu adlandırılan qurumun təmsilçiləri ilə həmsöhbət olmaqla özünün müxalifətçi, demokrat görüntüsünü də yaratmağa cəhd edir. Lakin A.İsmayılovun real davranışları, atdığı addımlar bu şəxsin nə ondan olduğunu, nə də bundan olduğunu göstərir. Hətta bəzən elə hərəkətlərə yol verir ki, onun hüquqşünaslığı, vəkilliyi, ali hüquq təhsilli alması da şübhə altına düşür.
Misal üçün, Səbail rayonunun Bayıl qəsəbəsində jurnalistlər binası kimi tanınan yaşayış binasının qarşısında avtomobil yolu var və bu yolda nəqliyyat vasitələri yüksək sürətlə hərəkət edirlər. Bina sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alan müvafiq qurumlar həmin yolda piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün işıqfor quraşdırıblar. Məntiqlə burada neqativ nə isə axtarmağa dəyməz. Lakin ali təhsili, hüquqşünas ixtisası, vəkil peşəsi olan A.İsmayılov buna da etiraz edir. Hətta bu hadisəyə siyasi çalar qataraq, yolda işıqforun quraşdırılmasını iqtidarı tənqid etmək üçün əsassız vasitəyə çevirir. Nə var, nə var Aslan müəllim şəxsi avtomobili ilə həmin yolla hərəkət edərkən işıqforun qırmızı işığında 10-15 saniyə dayanmalı olacaq, yolu keçmək istəyən piyadalara yol verəcək. Burada A.İsmayılovu qəzəbləndirən odur ki, o, avtomobilinin qaz pedalının üstünə minib sürətlə şütüyərkən, əziyyət çəkib sürət həddini azaldacaq, 10-15 saniyə işıqforda gözləyəcək. Görünən budur ki, bizim hüquqşünasımız üçün kimlərinsə, xüsusən də məktəbə gedən uşaqların həyatının təhlükəyə atılması, maşın yolunu məhz belə təhlükə altında keçməsi heç vecinə də deyil.
Ötən ilin oktyabrında A.İsmayılov daha bir hərəkəti, daha dəqiq desək, kobudluğu, qanun pozuntusu ilə gündəmə gəlib. Belə ki, 2017-ci il oktyabrın 2-də Binəqədi rayon məhkəməsində məhkəmə heyətinə qarşı kobud hərəkətlərə yol verib. Həmin vaxt o, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevə qarşı təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsindən imtina olunması barədə hakim Rəşad Əliyevin qərar qəbul etdiyini öyrəndikdən sonra yüksək səslə buna etiraz edib. Ardınca da iclas zalından hakimin müşavirə otağına keçməsi üçün nəzərdə tutulmuş qapıdan məhkəmənin dəhlizinə keçməyə cəhd edib. Onun cəhdi baş tutmadıqda bağlı qapını sındırmağa çalışıb. Zərbələrin şiddətindən qapı çərçivəsinin ətrafındakı boyanın bir hissəsi tökülüb. Daha sonra A.İsmayılov iclas zalından çıxıb məhkəmənin həyətində ucadan səs-küy salaraq hakim və məhkəmə sədrinin onun qarşısına çıxmalarını tələb edib, onların ünvanına ucadan təhqiredici ifadələr işlədib.
Təbii ki, onun bu hərəkətinə hüquq çərçivəsində lazımi qiymət verilməliydi. Ona görə də baş verənlərlə bağlı A.İsmayılovun ictimai qaydanı və məhkəmənin iş rejimini pozaraq xuliqanlıq hərəkətləri etməsi barədə Binəqədi rayon məhkəməsinin işçiləri tərəfindən akt tərtib olunaraq müvafiq materiallarla birlikdə Binəqədi rayon prokurorluğuna göndərilib. Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə ünvanlanıb. Məhkəmə kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının rəyinə görə, baş vermiş hadisə nəticəsində Binəqədi rayon məhkəməsinin əmlakına yüz otuz manat məbləğində maddi zərər dəyib. Bu il mayın 25-də A.İsmayılova CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 04 iyun 2018-ci il tarixində isə iş üzrə ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilib.
Budur özünü vəkil hesab edən, demokrat kimi qələmə verən, guya hüququn aliliyinin tərəfdarı olan bu insanın əsl siması. Sizcə özünü peşəkar hüquqşünas bilən birisi belə hərəkətə yol verərdimi? Amma A.İsmayılov öz şəxsi maraqları naminə istənilən vaxtda, istənilən anda bu cür qıy-qışqırıq salmağı bacarır. Bu isə qanunsuzluq olmaqla yanaşı, nəinki hüquqşünas, vəkil adına, ümumiyyətlə heç bir əxlaqa sığmayan hərəkətdir. Sözsüz ki, bu hərəkətinə görə də məhkəmə onun barəsində qanun çərçivəsində layiqli hökm çıxaracaq.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər