• çərşənbə, 24 Aprel, 11:10
  • Baku Bakı 13°C

Fiziki məhdudiyyət dünyanın axırı deyil

07.03.17 12:30 3777
Fiziki məhdudiyyət dünyanın axırı deyil
"Neft Akademiyasında oxuyurdum, amma sağlamlığıma görə təhsilimi yarımçıq qoydum. Öz üzərimdə işlədim və kompyuteri öyrəndim. Bir çox yerə iş üçün müraciət etməyimə baxmayaraq, mənə uyğun iş olmadığını qeyd edirdilər. Sonra internet vasitəsilə məlumatlar toplayıb əl işi (duzlu xəmirdən suvenirlər düzəldir- A.Ə) ilə məşğul olmağa başladım, sərgilərdə işlərimi nümayiş etdirdim. Amma bu da davamlı olmurdu. Sərgi bitdikdən sonra evdə oturmaq məcburiyyətində qalırdım. Mənim isə gündəlik işə ehtiyacım var idi. Ötən ilin təxminən avqustunda iş üçün "ASAN xidmət”ə müraciət etdim. Bir müddət sonra zəng edib müsahibəyə çağırdılar. Ümidsiz idim. İşə götürülmədiyim təqdirdə, uzun müddət depressiyada olacaqdım”.
Bu sözləri bizimlə söhbətində Bərdə "ASAN xidmət” mərkəzinin könüllülərlə iş üzrə məsul şəxsi Mehriban Zeynalova bildirdi. İşə götürüləcəyinə inanmasa da, qəlbindəki kiçicik işıq onu müsahibəyə getməyə məcbur edir: "Rus dilini bilirdim, kompyuter bacarığım da var idi. Müsahibədən keçdim və elə oradaca işə götürüldüyümü bildirdilər. Həmin an elə bil bütün dünyanı mənə verdilər, o qədər sevincliydim ki, hisslərimi sözlərlə ifadə edə bilmirəm (kövrəlir – A.Ə). Əvvəl özümü yararsız hesab edir, düşünürdüm ki, mənasız yerə yaşayıram. Amma indi həyat mənim üçün gözəlləşib. Cəmiyyətə adaptasiya olmağıma ən çox anam sevinir. Mən işə girəndən sanki 76 yaşlı anam cavanlaşıb”.
Amma hamı Mehriban kimi şanslı deyil. Məsələn, həmsöhbət olduğumuz nitq və eşitmə məhdudiyyətli Əli Əliyev bir çox kompyuter kurslarına gedib, kompyuteri gözəl bilməsinə baxmayaraq, ixtisasına uyğun iş tapa bilmir. Müraciət etdiyi qurumlarda ona müsbət cavab vermirlər. Buna görə də hazırda mağazalardan birində topdansatış bölməsində köməkçi kimi çalışır: "İşim ağırdır, gecəyə kimi işləyirəm. Çox istərdim ki, kompyuterlə bağlı iş tapım. Bu sahəyə böyük marağım var”.
"Məhdudiyyətləri olmasaydı, mağazada işləyə bilərdilər”
Surdo-tərcüməçisi Yeganə Tağızadə bizimlə söhbətində nitq və eşitmə məhdudiyyətli şəxslərin problemlərindən danışdı. Bildirdi ki, onların iş tapması çox çətindir: "Əmək qabiliyyətli olsalar da, iş tapmaqda çətinlik çəkirlər. Sovet dövründə bu cür məhdudiyyəti olan insanlar zavodlarda çalışa bilirdilər. İndi isə belə imkanlar yoxdur. Paltar, ayaqqabı sexlərində işləyənlər var, amma azdır. Nitq v eşitmə qüsurlu tanışlarım həmişə şikayətlənirlər ki, məhdudiyyətləri olmasaydı, mağazada, hansısa şirkətdə işləyə bilərdilər. Fəhləlik etmək üçün gərək qulaqları eşidə ki, onları buyursunlar. Onu da deyim ki, fiziki baxımdan çox güclüdürlər. Aralarında gözəl sənətkarlar da var. Mənim tələbələrimdən biri Rəssamlıq Akademiyasının emalatxanasında işləyir. Yaxşı imkanı olan biznesmenlər də, çox aşağı səviyyədə yaşayanlar da var”.
Qeyd edək ki, Yeganənin valideynləri də nitq və eşitmə məhdudiyyətlidirlər.
Statistika aparılmır
Ölkəmizdə fiziki məhdudiyyətli insanların işlə təmin olunma statistikasını öyrənmək üçün Dövlət Statistika Komitəsinə müraciət etdik. Bildirdilər ki, onlarda belə bir məlumat yoxdur.
Məlumat üçün deyək ki, əvvəllər əlilliyin müəyyən olunması zamanı müayinə aktından çıxarış blanklarında müvafiq bənddə əlilin fəaliyyət göstərə bilməsi üçün zəruri olan əmək şəraiti göstərilmir, sadəcə, "əmək qabiliyyətsiz” sözü yazılırdı. Bu da əlil şəxslərin məşğulluğuna ciddi maneə yaradan hal kimi onları narahat edirdi. Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunandan sonra bu maneəni aradan qaldırdı və artıq əlillik qrupu verilən bütün şəxslərin əlillik arayışlarında onlar üçün əmək zəmanəti qeyd olunur ki, bu da əlilliyi olan şəxsə bu və ya digər müəssisədə öz fiziki imkanlarına uyğun işlə təmin olunmağa imkan verir.
Kvota var
Bu barədə qəzetimizə məlumat verən nazirliyin sözçüsü Elman Babayev bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin 15 faizini əlilliyi olan şəxslər təşkil etdiyi halda, Azərbaycanda əlilliyin səviyyəsi bundan 2,5 dəfə azdır. Belə ki, ölkə əhalisinin təqribən 6 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardan ibarətdir. E.Babayevin sözlərinə görə, əlillər üçün kvota müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə müəyyən edilir: ""Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına əlilliyi olan şəxslər də aid edilib. Həmin kateqoriyalardan olan vətəndaşlar üçün Nazirlər Kabinetinin "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”na əsasən, müəssisələrdə kvota üzrə iş yerləri müəyyən edilir. Yəni Qaydaya əsasən, kvota müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə müəyyən edilir. Belə ki, işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında (bu halda həmin iş yerlərindən biri əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla), işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla); işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (2,5 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla) kvota ayrılır”.
Müsahibimizin sözlərinə görə, əlilliyi olan şəxslərin işlə təmin edilməsi il ərzində nəzarətdə saxlanılır: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon Məşğulluq mərkəzləri tərəfindən hər il üçün ərazi məşğulluq proqramları hazırlanır və təsdiq edilir. Bu proqramlarda müvafiq rayon və ya şəhər üzrə fəaliyyət göstərən müəssisələrdəki kvota üzrə ayrılmış iş yerləri də qeyd olunur. Həmin kvota yerlərində sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların, o cümlədən əlilliyi olan şəxslərin işlə təmin edilməsi il ərzində nəzarətdə saxlanılır. Kvota üzrə iş yeri ayrılmış hər bir müəssisə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin aidiyyəti rayon Məşğulluq mərkəzi tərəfindən göndəriş əsasında göndərilmiş əlilliyi olan şəxsi kvota üzrə iş yerinə qəbul etməlidirlər. Həmçinin belə müəssisələr kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar barədə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müvafiq forma üzrə aylıq hesabatı rayon məşğulluq mərkəzlərinə təqdim etməlidirlər”.
"Kvota formal xarakter daşıyır”
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında, onların iş probleminin həllində vəziyyətin heç də yaxşı olmadığını bildirdi. Hüquq müdafiəçisinin sözlərinə görə, qanunlardakı boşluqlar yavaş-yavaş düzəlsə də, təcrübədə fiziki məhdudiyyəti olan insanlara məhdudiyyətlər qalmaqdadır: "Bu sahədə vəziyyət yaxşı deyil. Problem hökumət səviyyəsində də etiraf olunur. Baxmayaraq ki, bizdə kvota sistemi müəyyən olunub və bir sıra qurumlar bu kvotaya əsasən, fiziki məhdudiyyətli insanları da işə götürməlidirlər, amma bu, formal xarakter daşıyır. Əlilliyi olan şəxslərin əməyini, işləməyini məhdudlaşdıran çoxlu səbəblər var. Qanunvericilik səviyyəsində olan səbəblər yavaş-yavaş aradan qaldırılsa da, təcrübədə fiziki məhdudiyyəti olan insanlara məhdudiyyətlər qalmaqdadır. Əlilliyi olan şəxslərin bir çox imtiyazları olduğu üçün bu, işəgötürənlərə sərf etmir və onlar belə işçini qəbul etmək istəmirlər”.
"Arabadan istifadə edənlər üçün uyğunlaşdırılmış müəssisə yoxdur”
Xarici təcrübə haqqında məlumat verən həmsöhbətimiz deyir ki, digər ölkələrdə əsasən, əlillərin imtiyazları işəgötürənlər tərəfindən deyil, dövlətin yaratdığı fondlar vasitəsilə ödənilir: "Məsələn, əlilliyi olan şəxs qrupundan asılı olmayaraq, ildə başqaları 21 gün ödənişli məzuniyyətə getdiyi halda, onlar 42 gün gedir. Bu da işəgötürənlərin əlavə xərclərini artırır. Onlar da üzdə deməsələr də, belə şəxsləri işə götürməkdə həvəsli deyillər. Bu baxımdan, məsələnin maddi tərəfini dövlət tərəfindən yaradılan fondlar qarşılamalıdırlar. İkinci problem ondan ibarətdir ki, əlil arabasından istifadə edənlər üçün bizdə uyğunlaşdırılmış müəssisə yoxdur. Müəssisələrimizin girişində pandus olmur, liftlər, qapılar fiziki qüsurlu şəxsin istifadəsinə uyğun deyil. Yeni inzibati məhkəmə binaları tikiləndə qismən nəzərə alınır. Üçüncü qrup əlillər üçün ümumiyyətlə, şəhərdə, qəsəbələrdə hərəkət məhdudiyyətləri var. Şəhər infrastrukturu, ictimai nəqliyyat, səkilər, hərəkət yerləri onların istifadəsinə uyğunlaşdırılmayıb. Eyni zamanda, elə əlilliyi olan şəxslər var ki, onlara yardım edilməlidir ki, işləyə bilsinlər. Dünya təcrübəsinə əsaslanaraq deyə bilərik ki, problemin həlli üçün bir çox ölkələrdə sosial müəssisələr fəaliyyət göstərir. Sovet dönəmində də gözdən əlillərin, eşitmə və nitq məhdudiyyətli insanların cəmləşdiyi məhdudiyyətli cəmiyyətlər və bu cəmiyyətlərin özlərinin müəssisəsi var idi. Fiziki əngəli olanlar bu müəssisədə çalışıb pul qazanırdılar. İndi belə müəssisələr yoxdur”.
Fiziki məhdudiyyət əngəl deyil
Sosial-psixoloq Əhəd Kazım nitq və eşitmə məhdudiyyətli gənclərə müxtəlif peşələrin öyrədildiyi "Bizimlə daha rəngarəng” layihəsinin ideya müəllifidir. Daim müxtəlif məhdudiyyətli insanlarla təmasda olur. Deyir ki, fiziki məhdudiyyətli insanlar stresə meyllidirlər, özlərinə inamları aşağıdır: "İşlə bağlı fiziki məhdudiyyət əslində əngəl deyil. Xaricdə məhdudiyyəti olan insanlar rahat şəkildə cəmiyyətə inteqrasiya edilir və şirkətlərdə qabiliyyətlərinə uyğun işlərdə çalışırlar. Dünyada son 10-20 ildə başa düşüblər ki, fiziki məhdudiyyətli insanları işə cəlb etmək vacibdir. Əgər fiziki əngəlli insana iş verirsənsə, müxtəlif insanlarla ünsiyyətdə olur və özgüvəni artır. Ailədə də psixoloji vəziyyət düzəlir. Bundan əlavə, fiziki məhdudiyyətli insan da işləyərkən dövlətə vergi ödəyir və bu da dövlət üçün töhfədir. Bundan başqa, fiziki məhdudiyyətli insanlar işlədikləri quruma ömür boyu bağlı olurlar, heç vaxt müdirlərini aldatmırlar. Həmçinin bir qurumda məhdudiyyəti olan insan varsa, digər işçilər həmin insanı işə götürdüyünə görə müdirə hörmətlə yanaşırlar”.
Əlillik son deyil
Murad Məmmədov 15 yaşına kimi bir addım belə atmayıb. Amma 15 yaşında həyatda öz ayaqları üstə durmaq, sevdiyi qızla bərabər addımlamaq istəyi ona motivasiya verib və həkimlərin müdaxiləsi olmadan yeriməyə başlayıb. Bir gün baxıb ki, əsanın köməyi ilə sərbəst şəkildə gəzə bilir. Murad deyir ki, fiziki məhdudiyyətli uşaqları adətən valideynləri evə qapadır, sosiallaşmalarına izn vermirlər: "Ola bilər ki, uşağın əlilliyi aradan qaldırılmasın, amma onun reabilitasiyası mümkündür. Valideynlər çalışmalıdırlar ki, övladlarını reabilitasiyaya cəlb etsinlər. Üstün olan xüsusiyyətlərini daha da inkişaf etdirərək, övladlarını cəmiyyətə qazandırsınlar. Çünki əlillik son, dünyanın axırı deyil. İnsan, əlilliyi olduğu halda belə, çoxsaylı uğurlar qazana bilər. Bu yolda valideynlər övladlarına dəstək olmalıdırlar. Əgər belə etsələr, valideynlər nə qədər yaxşı iş gördüklərinin fərqinə varacaqlar və əlilliyi olan övladların uğurlarından faydalanacaqlar”.
Qeyd edək ki, BMT-nin "Əlillərin hüquqları haqqında” Konvensiyaya əsasən, işə qəbul, məşğulluq, işin qorunması, xidməti vəzifədə irəliləmə, təhlükəsiz və sağlam əmək şəraiti də daxil olmaqla məşğulluq növləri ilə bağlı bütün məsələlərə münasibətdə əlillik əlaməti üzrə ayrı-seçkilik qadağan olunur.
Aygün ƏZİZ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir
banner

Oxşar Xəbərlər