• cümə, 19 Aprel, 14:20
  • Baku Bakı 25°C

Fiskal konsolidasiya siyasətində ictimai nəzarətin əhəmiyyəti

08.10.18 14:23 3233
Fiskal konsolidasiya siyasətində ictimai nəzarətin əhəmiyyəti
Ötən ay Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” da 2019-cu ildən başlayaraq növbəti 3 il ərzində dövlət büdcəsinin gəlirləri və xərclərinin azalacağı proqnozu öz əksini tapıb. Beləliklə, 2018-ci ildə dövlət büdcəsinin xərcləri 23.1 milyard manat gözlənildiyi halda, 2019-cu ildə 18.9 milyard, 2020-ci ildə 19.26 milyard, 2021-ci ildə isə 18.6 milyard manat həcmində proqnozlaşdırılıb. Göründüyü kimi, yaxın illər ərzində dövlət büdcəsinin xərcləri orta hesabla 18% və yaxud 4.2 milyard manat azaldıla bilər.
Nəzərə alsaq ki, büdcə xərcləmələri ölkə iqtisadiyyatının inkişaf dinamikasında və əhalinin sosial rifahında əsas elementlərdən biridir, növbəti illərdə xərcləmələrin azaldılmasının neqativ təsirlərini əvvəlcədən proqnozlaşdırmaq olar. Müasir beynəlxalq təcrübə göstərir ki, büdcə xərcləmələrinin azaldılması zamanı potensial təsirlərin zəiflədilməsi üçün vəsaitlərin effektiv idarə edilməsi zərurəti daha da artır. Azərbaycanda da müvafiq istiqamətdə ciddi addımların atılmasına ehtiyac yaranıb.
Dövlət vəsaitlərinin idarə edilməsində ictimai nəzarət nə üçün əhəmiyyətlidir? Bu suala cavab vermək üçün ilk olaraq Amerikalı iqtisadçı, Nobel mükafatı laureatı Milton Fridmanın "Pulla davranışın dörd növü” yanaşmasına göz atmaqda fayda var. Fridmana görə, pulla davranış sahiblik hüququ və xərcləmənin istiqamətindən asılı olaraq, dörd kateqoriyaya ayrılır:
I. Öz vəsaitini özün üçün xərcləmək: bu zaman keyfiyyət və qiymətə daha çox diqqət yetirilir;
II. Öz vəsaitini başqası üçün xərcləmək: bu zaman keyfiyyətə az, qiymətə isə daha çox diqqət yetirilir;
III. Başqasının vəsaitini özün üçün xərcləmək: bu zaman keyfiyyətə çox, qiymətə az diqqət yetirilir;
IV. Başqasının vəsaitini başqası üçün xərcləmək: bu zaman həm qiymətə və həm də keyfiyyətə daha az diqqət yetirilir.
Fridman yanaşması kontekstindən qiymətləndirsək, dövlət vəsaitləri 4-cü kateqoriyaya daxil edilə bilər. Çünki, bu zaman hökumətlər xalqın vəsaitlərini xalq üçün xərcləyirlər. Göründüyü kimi, ictimai vəsaitlərin idarə edilməsi ən riskli kateqoriyaya daxildir. Yəni pulla davranışın təbii xüsusiyyətlərinə uyğun olaraq, ictimai vəsaitlərin xərclənməsində hökumət həm keyfiyyət və həm də qiymətə daha az diqqət edəcəkdir.
Bu məqalədə ortaya qoyulan əsas sual da məhz bu məqamda ortaya çıxır. Dövlət vəsaitlərin idarə edilməsinin effektivliyinin təmin edilməsi üçün hansı mexanizmlərdən istifadə edilə bilər?
Müasir təcrübənin təhlili göstərir ki, dövlət vəsaitlərinin idarə edilməsi prosesinin effektivliyi ictimai nəzarət mexanizmlərinin inkişaf səviyyəsindən daha çox asılıdır. Belə ki, ictimai nəzarəti həyata keçirən institutların mövcudluğu hesabatlılıq və şəffaflığı inkişaf etdirməklə yanaşı, korrupsiya, səmərəsiz xərcləmə kimi potensial risklər üçün mühitin zəifləməsinə səbəb olur.
Dünya Bankı, Beynəlxalq Maliyyə Fondu, OCED kimi beynəlxalq təşkilatların yanaşmalarını ümumiləşdirsək, "dövlət vəsaitlərinə ictimai nəzarət” ictimai maraqları təmsil edən institutların (kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti institutları, icma nümayəndələri, müstəqil qiymətləndiricilər və s.) dövlət vəsaitlərinin axınları üzərində kontrol və yaxud izləmə imkanını təmin edən mexanizmdir.
Hazırda beynəlxalq təcrübədə ictimai nəzarət iki əsas növə ayrılır: ənənəvi nəzarət və müasir ictimai nəzarət. Hər iki nəzarət növü üzrə oxşarlıqların olmasına baxmayaraq, mühüm fərqliliklər mövcuddur.
Ənənəvi nəzarət əsasən ictimai vəsaitlərin axınlarının qanunauyğunluğuna nəzarət edirsə, müasir nəzarət sistemində dövlət maliyyəsinin məqsədəuyğun və effektivliyi (performansa nəzarət) ictimai nəzarətin əsas predmetinə çevrilib. Göründüyü kimi, müasir ictimai nəzarət idarəetmə üzərində daha ciddi təsir gücünə malikdir. Çünki, günümüzdə ictimai vəsaitlərin qanunsuz təşəbbüslərin və yaxud korrupsiyanın predmetinə çevrilməsinin qarşısının alınması ilə yanaşı, vəsaitlərin prioritet istiqamətlərə və səmərəli xərclənməsi də vacib məsələlərdən hesab edilir. Xüsusi ilə də dövlət gəlirləri artan ölkələrdə vəsaitlərin qeyri-peşəkar və səmərəsiz istifadəsi halları daha geniş yayılıb. Qeyd edilən istiqamətlərdə nəzarətin effektiv təşkili üçün büdcə şəffaflığı mühüm faktor hesab edilir. Büdcə şəffaflığı (Budget trancparency) ictimai vəsaitlər haqqında məlumatların vaxtında və əhatəli ictimailəşdirilməsi olmaqla, prioritet məsələlər ətrafında ictimai müzakirələrin təşviq edilməsi və hökumətin hesabatlılığın təmin edilməsi məqsədi daşıyır.
Günümüzdə, büdcə prosesinə ictimai nəzarət əsasən aşağıdakı qruplar və institutlar tərəfindən yerinə yetirilir:
- Kütləvi informasiya vasitələri,
- Vətəndaş cəmiyyəti institutları,
- Müstəqil ekspertlər,
- Vətəndaşlar
Onu da qeyd etmək lazımdır ki, büdcə prosesi kifayət qədər geniş spektrli və mürəkkəb prosesdir. Buna görə də, prosesin ictimai nəzarət altında olması, bütün maraq qruplarının prosesdə iştirakçılığına şərait yaratmaqla, mümkün neqativliklərin önlənməsinə şərait yaradır.
Bəs dövlət vəsaitlərinə ictimai nəzarət mexanizmi necə işləyir və hansı nəticələrə səbəb olur? İlk olaraq qeyd etməliyik ki, ictimai nəzarət institutları informasiyanın əldə edilməsi hüququndan istifadə edərək, lazım olan məlumatları toplayaraq təhlillər üçün informasiya təminatını gücləndirir. Daha sonra isə bu məlumatlara əsasən, peşəkar təhlillər və ictimai qiymətləndirmələr aparılır. Qiymətləndirmə prosesində hökumətin cavabdeh qurumlarından izahatların tələb edilməsi və yaxud birgə müzakirələrin təşkili mümkündür. Dövlət vəsaitlərinin idarə edilməsində konkret qanun pozuntuları müəyyən edildiyi halda, hüquqi və ictimai mübarizə alətlərindən istifadə edilməklə, problemin aradan qaldırılması istiqamətində fəaliyyətlərə start verilir. Əgər büdcə vəsaitlərinin xərc istiqamətləri icma maraqları kontekstindən prioritet olmayan, yaxud səmərəsiz hesab edilirsə, bu zaman xüsusi təkliflər hazırlanır və hökumətə təqdim edilir.
Onu da qeyd etmək lazımdır ki, büdcə prosesi üzərində ictimai nəzarət hökumətlərin fəaliyyətinin qiymətləndirilməsi üçün ən mükəmməl mexanizmlərdən biridir. Prosesin son nəticələri isə əksər hallarda seçkilər zamanı ortaya çıxır. Əgər hökumətin fəaliyyəti dövlət vəsaitlərinin idarə edilməsi baxımından səmərəli və şəffaf olmursa, bu zaman seçki prosesində seçicilərin (xalqın) adekvat reaksiyası ilə üzləşmiş olur. Məhz bu məqam ictimai nəzarət mexanizminin effektivliyini və mükəmməlliyini özündə birləşdirir.
Müxtəlif səbəblərdən Azərbaycanda ictimai nəzarət mexanizmlərinin inkişaf tarixi iyirminci əsrin sonu və iyirmi birinci əsrin əvvəllərinə təsadüf edib. Müstəqil medianın yaranmağa başlaması və vətəndaş cəmiyyəti təşkilatlarının formalaşması prosesi ictimai - milli maraqların müdafiəsi istiqamətində təəssübkeşlik imkanları yaradıb. Baxmayaraq ki, bu sahələrin gənc olması, qavranılma səviyyəsinin zəifliyi, müstəqillik prinsipinin nisbiliyi kimi problemlər mövcuddur, bununla belə, informasiya əlçatanlığını təmin edilməsi və cəza mexanizmlərinin gücləndirilməsi Azərbaycanda büdcə prosesinə ictimai nəzarət mexanizmlərinin effektivliyini artıra bilər. Məqalənin əvvəlində də qeyd olunduğu kimi, ictimai nəzarətin inkişafı və gücləndirilməsi fiskal konsolidasiya siyasətinin əsas komponentlərindən birinə çevrilməlidir.
Qeyd etmək istərdim ki, növbəti məqalələrdə Azərbaycanda ictimai nəzarət mexanizmlərinin inkişaf istiqamətləri, hüquqi çərçivə, mövcud vəziyyət və s. bu kimi mövzular daha geniş şəkildə təhlil ediləcəkdir.
Rəşad Həsənov
Bu məqalə Sosial Araşdırmalar İctimai Birliyinin təşəbbüsü ilə hazırlanıb
banner

Oxşar Xəbərlər