• cümə axşamı, 25 aprel, 15:15
  • Baku Bakı 23°C

Firuz Mustafanın hekayələri

24.05.14 14:15 2950
Firuz Mustafanın hekayələri
Firuz Mustafa müasir ədəbiyyatımızın cəfakeşlərindən biridir və çox məhsuldar fəaliyyəti ilə doğrudan da hər birimizdə qibtə hissi doğurur. Bu adam hal-hazırda pyeslərinin sayına görə Azərbaycanda birinci sıradadır. Bu pyeslərin əksəriyyəti də Akademik Milli Teatrımız istisna olunmaqla əksər teatrlarda tamaşaya qoyulub və uğur qazanıb. Akademik teatrda niyə bir pyesi belə tamaşaya hazırlanmır, bu haqda düşünməyə və hətta mübahisə etməyə dəyər.
Firuz Mustafa fəlsəfə elmləri doktorudur və bir alim kimi də elm aləmində sözünü deyə bilib.
O, dramaturgiyaya bir nasir kimi tanınandan sonra gəlib. Bu faktı nəzərə çarpdıranda biz qətiyyən iddia eləmirik ki, bir janrdan digərinə keçid birincisində uğursuzluqla alındığı üçün belədir. Yox! Öncə qeyd etdik ki, o, ilk pyeslərini qələmə alanda bir nasir kimi müəyyən uğurlar qazanmışdı. F.Mustafa nəsrdə indi də fəaliyyətini davam etdirir və həmkarı, gözəl dramaturq Əli Əmirli kimi nəsrə birdəfəlik əlvida deməyib. O, indi də ilk «sevgisinə» sadiqdir və bu sədaqət özünü onda göstərir ki, Firuz Mustafa son illərdə bir-birindən maraqlı hekayələr yazmaqda davam edir. «At günü» və «Ölü dildə sevgi məktubları» kitabları ancaq hekayələrdən ibarətdir.
Xatırlayıram onun Firuz Mustafanın ilk kitabını - «Göyəm kolları»nı... Məsələ burasındadır ki, 1985-ci ildə «Gənclik» nəşriyyatında həmin kitabı mənə rəyə vermişdilər və mən o kitabdakı hekayələri oxuyub bəyənmiş, müsbət bir rəy yazmışdım (o zaman «nəşriyyat qanunları»ndan biri də bu idi). «Göyəm kolları» ilə «Ölü dildə sevgi məktubları» arasında düz 29 illik bir zaman məsafəsi durur. Bu illər ərzində çox şey dəyişilib, yeniləşib. O «Göyəm kolları»ndakı bədii ovqat da dəyişilib, orada təsvir olunan obrazlar təbii ki, o dövrün insanlarının obrazlarıydı, indi onlar yaşa dolublar, qocalıblar, bəziləri dünyadan köçüb. Quruluş da dəyişib. Firuzun təsvir etdiyi o təmiz, mənən saf insanlar olsun ki, indi həyatın girdabında çabalayırlar, olsun ki, bir parası xoşbəxtdirlər... Ancaq dəyişməyən odur ki, Firuz Mustafa ilk hekayələrində olduğu kimi, indi də həyat həqiqətinə sadiq qalır. O, yenə gündəlik həyatda, məişətdə, cəmiyyətdə, yaşadığı mühitdə öz yazıçı müşahidəsi ilə onu düşündürən, məhz əlinə qələm götürüb yazmağa sövq edən hadisələrə biganə qalmır, yenə təsvir etdiyi obrazların mənəvi aləminə «səyahət» edir. Adi insanların qeyri-adi dünyasını eəşf etməyə, «bax, bunlar bizim müasirlərimizdir» sözünü deməyə can atır.
Ən əvvəl Firuz Mustafanın hekayələri üçün səciyyəvi olan bir neçə özünəməxsus cəhəti qeyd edək.
1.Firuz Mustafanın hekayələri ilk növbədə, janrın spesifikası və tələbləri ilə səsləşir. Hekayə romanla və povestlə müqayisədə kiçik janr sayılır (həcminə və gerçəkliyi, insan münasibətlərini, zaman və məkanı əhatə dairəsinin məhdudluğuna görə), amma hekayədə də həyat, insan, cəmiyyət böyük romanlara xas olan bir tərzdə əks oluna bilər. Yəni məhdud bir həcm daxilində də «Poçt qutusu», «Qurbanəli bəy», «Usta Zeynal», «Şeyx Şaban», «Baladadaşın ilk məhəbbəti», «Dantenin yubileyi», «Astana», «Bayatı Şiraz» kimi şedevrlər yarana bilər. Firuz Mustafa da məhz buna can atır və onun hekayələri içərisində bu ənənənin uğurlu davamı sayılan bir neçə nümunə ilə qarşılaşırıq.
2.Hekayədə hansı əsasdı? - hadisə, əhvalat və onun maraqlı təhkiyə yolu ilə oxucuya çatdırılması yoxsa obrazların psixologiyasının, iç aləminin daha çox təsvir hədəfinə çevrilməsi? Zənnimizcə, bunların hər biri hekayə üçün vacibdir, amma ikisinin də eyni hekayədə olması daha önəmlidir. Firuz Mustafanın hekayələrində də bunların biri digərini «əsarət altına» almır.
3. Nəhayət, bir cəhəti də qeyd edək. Hekayə, öncə dediyimiz kimi, nəsrin kiçik formasıdır və yazıçı 3-5-10 səhifədə həyatın lokallaşdırılmış bir parçasını təqdim edir və oxucunu inandırır ki, bu. Gerçəkliyin, reallığın bədii ifadəsidir. Hekayəçi sücet qurmaq bacarığına, obraz yaratmaq məharətinə, ən əsası, yazı mədəniyyətinə yiyələnməlidir. Onun dili anlaşıqlı olmalıdır. Firuz Mustafanın təqdim etdiyi əhvalatlar yorucu deyil, əksinə, oxucunu elə ilk sətirlərdə özünə çəkir, hətta bəzi sonluqları novellavaridir, dili də zəngindir, bəzən hekayələrinin leksikasına Gədəbəy dağlarından gələn ifadələr də daxil olur, amma şəhdli-şirəli, yapışıqlı dildir.
İndi keçək konkret olaraq Firuzun bəzi hekayələrinə.
Kitabda («Ölü dildə sevgi məktubları»nda) Firuz Mustafanın yaşca ən «qocaman» hekayəsi – «Göyəm kolları» da təqdim edilir və bu hekayə çoxdan yazılmasına baxmayaraq Firuzun bədii sanbalca ən yaxşı hekayələrindən biridir.
Hekayədə lal bir insanın-yeniyetmə Qaranın bir neçə günlük həyatı, daha doğrusu, onun bu bir neçə gündə görüb-gördükləri təsvir olunur. Firuz Mustafa Qaranın daxili aləminə, onun ətrafındakı insanlardan tamam fərqli dünyasına nüfuz edə bilir. Qaranın saf, təmiz mənəviyyatı ilə yaşadığı mühit arasında bir ziddiyyət var və Firuz da bu konfliktin bədii həllini verməyə çalışır. Qara laldır, danışa bilmir, amma bu lallığın və danışa bilməməyin onun təmiz ürəyinə, işıqlı dünyasına heç bir ziyanı yoxdur. Qara şəhərdən gələn bir qızın dodaqlarını çiyələyə oxşadır, Qara əmisigildəki üç baş toğlunun kəsilməsinə heyfislənir, Qara yalan-palan danışmır, Qara çiçəklərin dilini yaxşı bilir. «Açılan çiçəkləri Qara Ay işığında görüb; sanki gözəgörünməz bir əl tumurcuqların sinəsini yarır, qönçələr göz açıb Ay işığına, göyə tamaşa edirlər. Çiçəklər səhərə yaxın şehə bələnir, şehli çiçəklər qüssəli olur». Bu romantika ilə nəfəs alan Qara həyatda, yaşadığı mühitdə çox-çox naqisliklərin şahidi olur. Onun üçün ən gözlənilməz hadisə xəyallarının məhv olmasıdır. Gözəllik mücəssiməsi kimi Qaranın ürəyində taxt-tacını ucaltmış qızın sarışın oğlanın öpüşlərinə cavab verməsi, onların bir-birinə sarılmaları Qaranın içindəki o romantik aləmi yerlə-yeksan edir. «Qız Qaranın başı üstə dayanaraq onun sarıqlı dirsəyinə, tutqun gözlərinə, avazımış sifətinə baxıb gülümsəyirdi.
Qara daha danışmağı arzu etmirdi. Ömürlük lal qalmaq istəyirdi. Otlar, çiçəklər, kollar kimi».
Qara-bu lal oğlan-bu tipli obrazlar 60-80-ci illərin ədəbi qəhrəmanlar silsiləsinə daxildir və Firuz Mustafa sonrakı hekayələrində də məhz belə sadə insanları ədəbiyyata gətirməkdən çəkinmədi. «Sadə insanlar» deyəndə, yəni həyatda o qədər də gözə görünməyən, amma gözə görünəndə sevgiyə, şəfqətə layiq olanlar nəzərdə tutulur və Firuzun elə «Göyəm kolları» kitabındakı «Haray», «Yay sazağı», «Duman», «Şəkil», «Ölü dildə sevgi məktubları»nda «Alın yazısı», «Musa dayı», «Çin olan yuxularY, «Köhnə kitablara elegiya», «Hasan», «Qağayı kimi» hekayələrində məhz həmin o sadə insanların daxili aləminin zənginlikləri ilə qarşılaşırıq. «Alın yazısı» hekayəsindəki Kişi və Qadın obrazları Firuzun çox dəqiq həyati müşahidələri əsasında yaranıb. Həyatda ömrü-günü puç olan, amma yenə yaşamaq istəyilə nəfəs alan insanlar var. Xəstə Həmid və Xəstə Qadın..Məsələ burasındadır ki, o Xəstə Qadın çox nikbindir və həm də bu nikbinliyi həyatdan bədbin xəstə həmkarına da aşılaya bilir. Oxucu gözləyir ki, bir sevgi macərası da baş verəcək, amma belə olmur, səhər Həmid eşidir ki, qadın əməliyyatdan-narkozdan sağ çıxmayıb. «Həmil palataya keçib uzaqlara baxdı. Qəhər onu boğurdu. Az qalırdı hönkürsün».
Bax, budur həyatın təzadları.
Firuzun «sakit» təsir bağışlayan hekayələrində də belə təzadlı hadisələrin, dramatik situasiyaların şahidi oluruq. Məsələn, onun «At günü» hekayə-trtptixi bədii sanbalına görə Firuzun nəsr yaradıcılığında yeni hadisə sayıla bilər.Azərbaycan və rus dillərində çap olunan bu triptix haqqında Firuzun qələm yolldaşlarından və oxuculardan xeyli sayda rəylər alınıb. Qocaman ədibimiz Jəmil Əlibəyov yazır ki: «Firuz Mustafanın hekayəsi təhkiyə zənginliyi ilə məni heyran etdi. Simvollarla zəngin olan bu əsərdə At müstəqil bədii obraz kimi götürülüb və onu da deyək ki,Şərq ədəbiyyatında, o cümlədən, Azərbaycan nəsrində və poeziyasında məcazlara istinad cəhətdən, bu olrazla bağlı rəngarəng bir qalareya mövcuddur.Amma belə hesab edirik ki,indiki dövrdə, ictimai-dünyəvi məzmunlu əsərlərə daha kəskin ehtiyac duyulduğu bir vaxtda, «At günü» tamamilə oricinaldır». Hicran Hüseynova isə yazır ki: «O vaxt «əlimdə ixtiyar olsaydı, bu hekayəni Nobel mükafatına təqdim edərdim», indi də bu fikirdəyəm». Təbii ki, biz bu fikirdə deyilik və bunu Hicran xanımın öz şəxsi mülahizəsi kimi anlayırıq, yazıçını əvvəlcə gərək öz ədəbi mühiti qiymətləndirsin, Firuzun isə nə bir nasir, nə də dramaturq kimi heç bir mükafatı yoxdur. Amma «At günü» hekayə-triptixi doğrudan da yaxın illərin uğurlu hekayələri kimi yadda qalacaq. Bir həqiqət var ki, «At günü» hekayə-triptixi həm At obrazının məxsusi cizgilərini, yaşamaq-var olmaq, at ömrü keçirmək tərzini canlandırırsa, başqa bir yöndən insan aləminə xas olan xüsusiyyətləri də simvolizasiya edir. Yazıçı bunu da nəzərə çarpdırır ki, heyvanlar insanların qayğısına daha çox möhtacdır.
Firuz Mustafa təbiəti, quşlar və heyvanlar aləmini sevir və bu sevginin bədii təzahürünü onun başqa hekayələrində də izləyə bilirik.Məsələn, «Durna ovu» hekayəsində ibrətli bir hadisə təsvir edilir. Xaricdən gələn qonaqlar durna ovuna çıxırlar və onları Abbas müəllim müşayiət edir.Yalançı durna səsləriylə istəklərinə çatan, gölə xeyli qırılmış, yaralanmış durna sərələyən xaricilər çıxıb gedir. «Ölü quşlar gölün üstündə boz yumaq kimi qıvrılıb qalmışdılar…Abbas mat-məəttəl qalmışdı; əgər quşlar bunlara lazım deyildisə, onda bu boyda vur-çatlasın, bu boyda qırğın-qiyamət nədən ötrü idi?».
...Beləliklə, az-çox Firuz Mustafanın hekayələri barədə fikirlərimizi bildirdik. Və inanırıq ki, bu sahədə yeni uğurlarına sevinəcəyik.
banner

Oxşar Xəbərlər