• cümə, 29 Mart, 09:54
  • Baku Bakı 5°C

Firəngiz Əlizadə və Fərhad Xəlilov hərbçilərlə görüşüblər

07.10.13 11:42 2831
Firəngiz Əlizadə və Fərhad Xəlilov hərbçilərlə görüşüblər
Trend xəbər verir ki, bu gün Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və Müdafiə Nazirliyinin mətbuat xidmətinin sədri, polkovnik Eldar Sabiroğlu Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində (TTM) olublar.
Onlar əvvəlcə TTM-in Atış şəhərciyində PDM-2(BMP-2), TƏİR (PTUR), 2S1 özüyeriyən artilleriya qurğularının və tankların məşq qurğularında atışa qədər məşğələlərini izləyiblər. Qonaqlar məşğələlərdə hərəkətdən, qısa dayanacaqlarda peyda olan və hərəkət edən hədəflərə atış prosesi ilə yaxından tanış olublar. Onlara hərbçilərin təlim prosesi və atış məşğələsi barədə ətraflı məlumat verilib.
Daha sonra TTM-in şəxsi heyəti ilə görüş keçirilib. Görüşdə çıxış edən TTM-in zabiti, polkovnik-leytenant Murad Gülbabayev Azərbaycanda aparılan ordu quruculuğu barədə məlumat verərək ordumuzun dövlət müstəqilliyi və ərazi bütövlüyünü qorumağa qadir olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrilib.
Hərbçilər qarşısında çıxış edən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə isə bildirib ki, burada gördükləri onu çox təəccübləndirib və bir daha Silahlı Qüvvələrimizin gücünə bələd olub:
"Hərbi texnikaları hər dəfə yalnız paradda görürdük. Amma burada əyani şəkildə izahlı olaraq görmək çox təəssürli oldu. Məsəl var ki, sülh istəyirsənsə, müharibəyə həmişə hazır ol! Mən bir daha görürəm ki, bizim hərbçilərimiz buna hazırdırlar."
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov da Azərbaycan Ordusunun düşmənə layiqli cavab verə biləcək gücdə olduğuna əmin olduğunu deyib: "Bu gün gördüklərimdə Azərbaycan Silahlı Qüvvələrində gedən inkişafı təsdiq edə bilərəm. Biz qürur hissi keçiririk. Burada olan texniki imkanlar Azərbaycan Ordusunun güclü kadr hazırlığına imkan yaradır. Güclü Azərbaycan Ordusu düşmənə layiqli cavab verə bilən ordudur. Bu ordu torpaqlarımızı azad etməyə tam qadirdir."
Daha sonra çıxış edən TTM-in digər zabitləri də dövlətimiz tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğını yüksək dəyərləndiriblər.
banner

Oxşar Xəbərlər