• cümə axşamı, 25 aprel, 10:07
  • Baku Bakı 14°C

Fındıq ixracının həcmi artır, bəs istehsal sahəsində vəziyyət necədir?

02.10.19 17:57 1690
Fındıq ixracının həcmi artır, bəs istehsal sahəsində vəziyyət necədir?
"Qeyri-neft sektorunda ölkəmizə valyuta gətirən əsas sahələrdən biri olan fındıq ixracı üzrə Azərbaycan 2018-ci ildə də dünya bazarında öz yerini qoruyub saxlaya bilib. Hazırda fındıq ixracına görə Türkiyə və İtaliyadan sonra üçüncü yerdəyik. Bu il məhsuldarlığın nisbətən az olmasına baxmayaraq, 8 ayın statistikası çox uğurludur. Belə ki, ötən ilin 8 ayında xaricə 40 milyon 500 min ABŞ dolları həcmində fındıq ixrac olunmuşdusa, cari ildə ixracımız artıq 76 milyon 900 min dollara çatıb. Yəni, fındıq ixracımız 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 89,9 faiz artıb. Düşünürəm ki, ilin sonunadək biz dünya ölkələrinə ötən ildəkindən iki dəfə çox fındıq ixrac edəcəyik”.
Trend-in məlumatına görə, bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib. Bir həftə əvvəl Moskva şəhərində təşkil olunan "World Food Moscow 2019” beynəlxalq qida sərgisində iştirak etdiklərini diqqətə çatdıran Assosiasiya sədri bildirib ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) maliyyə dəstəyi ilə oktyabrın 5-dən 9-dək Almaniyanın Köln şəhərində keçiriləcək "Anuqa-2019” sərgisində də məhsullarımızı nümayiş etdirəcəklər: "Ümumiyyətlə, bu sərgilərin hər birində Azərbaycanı 5-6 şirkət təmsil edir. Belə sərgilərdən sonra ixrac coğrafiyamızda da dəyişikliklər müşahidə olunur. Hazırda Azərbaycandan 25-dək ölkəyə fındıq ixrac edilir. Bu ölkələr arasında Rusiya xüsusilə seçilir. Ancaq Milad bayramı ərəfəsində Avropa ölkələrində də aktivlik gözlənilir. Almaniya və İtaliya şirkətləri Azərbaycan fındığına böyük maraq göstərirlər. Son illər bu siyahıya Çexiya və Polşa da əlavə olunub”.
Fındığın satış qiymətləri barədə məlumat verən İsmayıl Orucov deyib ki, avqust-sentyabr aylarında Azərbaycan fındığının qiyməti dünya bazarında ən yüksək həddə çatıb: "Fermerlərin yetişdirdiyi məhsulun keyfiyyəti, istehsalda tətbiq olunan yeni texnologiyalar, İSO və Avropa standartları artıq öz nəticəsini göstərib, töhfəsini verib. Son iki ayda Azərbaycan fındığının ixrac qiyməti hər kiloqram üçün 6 dollar 20 sent – 6 dollar 50 sent təşkil edib. Həmin dövrdə dünya bazarında Türkiyə fındığının satış qiyməti 5 dollar 90 sent – 6 dollar, Gürcüstan fındığının qiyməti isə 5 dollar 80 sent olub”.
Bəs görəsən bu sahənin inkişafı üçün hansı işlər görülməlidir? Ümumiyyətlə fındıqçılığın perspektivləri nə vəd edir?
İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, fındıq Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları içərisində təbii rəqabətli məhsullardan biri hesab olunur: "Xüsusilə Avropa bazarlarında Azərbaycan fındığı özünə yer tapmış məhsullarımızdandır. Təəssüflər olsun ki, Azərbaycanın fındığı bəzi hallarda Türkiyə adı altında dünya bazarlarına təklif olunur. Ümumiyyətlə gələcəkdə "Made in Azerbaijan” brendinin əhatə dairəsinin genişləndirilməsi baxımından məsələyə yanaşsaq, Azərbaycanda istehsal olunan məhsulun Türkiyə brendi adı altında bazara çıxarılması düzgün deyil. Bunun əsas səbəbi yerli istehsalçıların son emal mərhələlərini və keyfiyyəti dünya standartlarına uyğunlaşdıra bilmədikləri üçün Türkiyənin vasitəçiliyindən istifadə etmələridir. Azərbaycan fındığı daha çox xammal şəklində Türkiyə bazarlarına ixrac edilir. Orada emal olunduqdan sonra məhsulumuz dünya bazarlarına çıxarılır. Avropa ölkələrinin böyük əksəriyyətinə bu məhsullar ixrac olunur. Hal-hazırda dünyada fındığa böyük tələbat var. Azərbaycanda da bu məhsulun istehsalı üçün geniş imkanlar mövcuddur. Son dövrlərdə müəyyən stimullaşdırıcı mexanizmlərin tətbiqinə başlanılıb. Görülən işlər nisbətən daha dayanıqlı istehsal imkanı formalaşdırır. Avropa ölkələrinə məhsul ixracı kənd təsərrüfatı sahəsində daha ciddi həcmdə əlavə dəyərin yaradılmasına gətirib çıxarır. Fındığa əsasən Avropa ölkələrində böyük tələbat var. Körfəz ölkələri ilə bağlı araşdırmalar aparılır. Çünki Azərbaycanın kənd təsərrüfat məhsullarının hansısa bir formada bu ölkələrin bazarlarına çıxarılması əsas hədəflərdəndir. Eyni zamanda, Çin bazarı əsas istiqamətləndiyimiz bazarlardan biri hesab olunur. Amma istənilən halda MDB və Avropa bizim üçün daha perspektivli bazarlardır. Çünki oturuşmuş, ənənəvi əlaqələrimiz mövcuddur. Bu ölkələrdə məhsulumuzu yüksək qiymətə təklif etmək imkanlarımız var. Gələcəkdə istehsalın artması prosesi davam edərsə, alternativ bazarların axtarışı zərurəti yaranacaq. Bu bazarların öyrənilməsi və ixracın təşkili gələcəkdə baş tuta bilər”.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli fındıq ixracının perspektivləri haqda söz açdı: "Fındıqçılığın geniş perspektivləri var. Dünya bazarlarında son illər ümumi mənzərənin çox sürətlə dəyişməsi müşahidə edilir. Əgər əvvəllər dünyada strateji məhsul olaraq çörək məhsulları, qırmızı ət, qarğıdalı, buğda və digərləri hesab olunurdusa, maraqlıdır ki, son illər dünya bazarında fındıq strateji əhəmiyyətinə görə lider məhsullardan biridir. Buna görə də fındıq yetişdirən ölkələrdə ciddi irəliləyişlər müşahidə edilir və bu sahədə yeni innovasiyalardan istifadə olunur. Hər hektara düşən məhsulun həcmini artırmaq istiqamətində ciddi işlər görülür. Bildiyimiz kimi, Türkiyə və Azərbaycan fındıq istehsal edən əsas ölkələrdəndir. Fındıqçılıq sahəsi getdikcə öz əhəmiyyətini artırmaqdadır. Hal-hazırda bizim qarşımızda duran məsələ fındığın tingçiliyini təşkil etməkdir. Ting ağacları İtaliya, İspaniya və Türkiyədən gətirilir. Ona görə də mütləq Azərbaycanda tingçilik təşkil edilməlidir. Həmçinin daha çox dünya bazarlarında satılan sortlara müraciət olunmalıdır. Azərbaycanda yetişən fındıq nisbətən xırda və yağlı olur. Digər ölkələrin fındıqlarının yağlılığı aşağı olur. Fındığın əhəmiyyətinin artmasının müxtəlif səbəbləri var. İlk növbədə fındığın tullantılarından mebel sənayesində geniş istifadə olunur. Eyni zamanda şirniyyat sahəsində fındıq əsas xammallardan biri sayılır. Təhlillər göstərir ki, bu tendensiya ildən-ilə artan istiqamətdə davam edəcək. Azərbaycanda da bu sahədə müəyyən hazırlıq işləri görülür. Çoxillik əkin kimi fındıq subsidiyaya cəlb olunacaq. Ölkədə fındıq əkən insanlar təşkilatlanaraq assosiasiyalarda birləşir. Dünya bazarında gedən tendensiyanı öyrənmək baxımından bu çox əhəmiyyətlidir. Bu mənada qarşıya çıxan problemlərin həlli üçün fındıq istehsalçılarının vahid mərkəzdən idarə olunması olduqca vacib məsələdir”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər