• cümə, 29 Mart, 15:11
  • Baku Bakı 14°C

“Filologiya elminin aktual problemləri”

29.04.16 13:33 1462
“Filologiya elminin aktual problemləri”
Bakı Slavyan Universitetinin Filologiya və jurnalistika fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Filologiya elminin aktual problemləri” I Respublika tələbə elmi-praktik konfransı keçirilib. Tədbirdə universitetin tələbələri ilə yanaşı, digər ali təhsil ocaqlarının tələbələri də iştirak edib.

Filologiya və jurnalistika fakültəsinin dekanı Zemfira Vəliyeva bizimlə söhbətində dedi ki, konfransı universitet üçün möhtəşəm bir hadisə hesab edir: "Beş bölmə yaradılıb. Birinci bölmə "Heydər Əliyev və azərbaycançılıq” adlanır. Bu bölmədə tələbələr müxtəlif mövzulara toxunub fikir mübadiləsi aparacaqlar. Həmçinin Ermənistan-Azərbaycan münaqişəsi barədə də məqalələr hazırlayıblar. Bu mövzuda problemləri müzakirə edib həqiqətləri ortaya qoyacaqlar. İkinci bölməmiz "Azərbaycan dili və ədəbiyyatı” adlanır. Slavyan Universiteti olduğumuza görə üçüncü bölməmiz "Mədəniyyətlər dialoqu: slavyan və Avropa dilləri”dir. Dördüncü bölməmiz metodika bölməsidir və "Təhsil, elm və mədəniyyət problemləri” adlanır. Burada metodik məsələlər və dərsliklərdən istifadə müzakirə olunacaq. Beşinci bölməmiz "Ədəbiyyat və müasirlik”dir. Burada da müxtəlif əsərlər haqda məruzələr olacaq”.

Z.Vəliyevanin sözlərinə görə, tələbələr konfransa ciddi hazırlaşıblar: "Onu da nəzərə çatdırım ki, konfransa müəllimlərlə yanaşı, ən yaxşı oxuyan tələbələrimiz də həmsədrlik edirlər. Konfransın əsas əhəmiyyəti odur ki, böyüklərlə yanaşı, tələbələrimiz də başımıza hansı müsibətlər gəldiyini bilsinlər. Konfransda azərbaycançılıq şöbəsində uşaqlara çox şey öyrədiləcək. Dialoqlar aparılacaq, dəyərli məlumatlar veriləcək. Onlar elmi araşdırmalar aparırlar, problemlərin haradan başladığını tədqiq edirlər. Bildiyiniz kimi, universitetimizdə müxtəlif millətlərdən olan tələbələr var. Onlara da lazımi məlumatlar veriləcək”.

Universitetin Filologiya və jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi, fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri Aysel Kərimli də konfrans barədə məlumat verərək onun təşkilində tələbələrin yaxından iştirak etdiyini dedi: "Konfrans Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. İştirakçılar tək öz tələbələrimiz deyil, müxtəlif universitetlərdən qonaqlarımız var. Bölmələrin hər biri müxtəlif mövzulara həsr olunub. Sədrlərimiz həm müəllimlər, həm də tələbələrdir. Digər universitetlərdən fərqimiz odur ki, burada tələbələrə daha çox yer ayrılır. Onlar həm təşkilatçılıqda, həm idarə heyətində təmsil olunurlar. Elə konfransın təşkil olunmasında da tələbələrin böyük rolu olub”.



Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər