AZE | RUS | ENG |

Filmlərdən siqaretlə bağlı kadrları gizlədəkmi?

Filmlərdən siqaretlə bağlı kadrları gizlədəkmi?
Rəsmilərin və mütəxəssislərin məsələ ilə bağlı fikirləri haçalanır

İctimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunun qəbulu ölkə əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən etmə baxımından çoxdan gözlənilən idi. Ölkə başçısının imzaladığı "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun müxtəlif sahələri əhatə edən müddəalarının icra mexanizmi 3 ay müddətində Nazirlər Kabineti tərəfindən müəyyənləşəcək. Sənədə görə tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması dövlət və bələdiyyə orqanları, habelə ictimai birliklər tərəfindən kütləvi informasiya vasitələrində müvafiq kampaniyalar keçirilməsi vasitəsi ilə həyata keçirilməlidir. Əlbəttə,  KİV içərisində əhatə dairəsinə görə daha geniş olan telekanalların üzərinə daha böyük məsuliyyət düşür. Xüsusən nümayiş olunan filmlərdə yer alan siqaretlə bağlı kadrların təqdimat məsələsi daha aktualdır. Evlərə çağırılmamış qonaq kimi daxil olan televiziyaların ekranından yayılan verilişlərin böyüməkdə olan nəslin tərbiyəsində oynadığı rolu nəzərə alsaq, onda məsələnin nə qədər əhəmiyyətli olduğunu düşünmək çətin deyil. 

Əlbəttə, bundan əvvəl də siqaretin televiziyada reklamı ilə bağlı müəyyən qadağalar var idi. Reklamın müasir dünyada həyat tərzini diktə etdiyini, bəzən əxlaqi və etik normaları dəyişdiyini nəzərə alsaq, bu qadağaların mövcudluğuna haqq qazandırmaya bilmərik. Məsələyə sağlamlıq nöqteyi-nəzərindən yanaşanda isə bu, ikiqat təhlükəlidir. Əlbəttə, istehsalçıları yalnız bircə şey - öz malları maraqlandırır, onları reklam edən bütün vasitələr isə yaxşıdır. Rejissorlar özləri də bilmədən hansısa kadrlarda siqaret istehsal edən maqnatları reklam edirlər. Qəhrəmanların siqaret çəkən səhnəsini nümayiş etdirmələri ən mükəmməl reklam formalarıdır.

Artıq müxtəlif ölkələrdə tütün məhsullarının reklamına qadağaya insanların sağlamlığı baxımından yanaşılsa da, sənədə yanaşmalar fərqlidir. Məsələn, Türkiyə telekanallarında artıq bu qaydaya əməl olunur. Yəni siqaret çəkilməsi ilə bağlı kadrlarda siqaretin üstü mozaika ilə örtülür. "Filmdə pozuntu varsa, o zaman qanunla nəzərdə tutulan məsuliyyət olmalıdır”- deyə qardaş ölkədə bildirirlər.

Rusiya rejissorları isə oxşar qanunu birmənalı qarşılamırlar. "Əgər filmdə bu səhnələr varsa, bu, rejissor və ssenaristin bədii düşüncəsidir”, - deyə hesab edirlər. Onların fikrincə, dövlət bu cür parametrlərlə kinoya senzura tətbiq etməyə çalışır: "Səhiyyə Nazirliyi elə kino çəkilməsini istəyir ki, orada siqaret çəkənlər olmasın. Bu, sosreailizmdir - keçilən və tupikə dirənən yoldur.  Bütün dünyada 18+ nişanından istifadə olunur. Bu, elə bir yaş dövrüdür ki, insan həmin filmlərə baxmağı özü qərar verir”- deyə kinorejissor və ssenarist Mixail Mestetskiysiqaret çəkmə kadrlarının filmlərdə qadağan olunmasına qarşı çıxıb: "Tutaq ki, müharibə haqqında film çəkilir. Stalin siqaret çəkməməlidir? Axı o həqiqətən siqaret çəkib. Çörcillin əlində siqaret olmamalıdır? Biz bunlarsız kadrları necə göstərəcəyik? Bunlar inandırıcı kadrlar olmayacaq.  Və yaxud cəbhə haqqında çəkilən filmlərdə səngərdə alman tanklarını gözləyən hər iki əsgərdən biri tütün çəkir. Onda bizdə sağlam həyat tərzi keçirən "səngər həqiqəti” alınacaq. "Baharın on yeddi anı”nda Ştirlisin damağında siqaret olan səhnələr var. O kadrları necə kəsmək olar? Səhiyyə Nazirliyi filmlərdə reallığı əks etdirməyə çalışır, kino isə həyat haqqında həqiqəti göstərmək üçündür. Elə isə reklamdan qaçmaq - siqaretin hansı firmaya məxsus olduğunu gizlətmək lazımdır”. 
 
Üç ay müddətində...
 
Azərbaycanda isə həm teleradio yayımı, həm də reklam haqqında qanunvericiliyə görə, televiziya və radio ilə tütün məmulatlarının reklamı ümumiyyətlə qadağandır.

Ancaq bu qadağalar filmlərdə siqaret çəkilməsi ilə bağlı səhnələrə şamil edilmir. Belə ki, müxtəlif köhnə filmlərdə, yeni çəkilən ekran əsərlərində və teleseriallarda oxşar kadrlar yer alır. Məsələnin həllini necə tapacağı isə maraqlıdır.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev qəzetimizə açıqlamasında qanunda nəzərdə tutulan məsələlərin həlli və icra mexanizminin tapılmasının üç ay müddətində Nazirlər Kabinetinə tövsiyə edildiyini bildirdi. "Sərəncamda qeyd olunan müddəaların üç ay müddətində icra mexanizmi hazırlanmalıdır. Bu müddətdə Nazirlər Kabineti hansı işlərin görüləcəyini qeyd etməlidir. Bu işləri isə qanun qəbul olunan gün və ya sabahı həyata keçirmək mümkün deyil. Bunun üçün vaxt və texniki imkanlar lazımdır”. Millət vəkili hesab edir ki, bu müddətdə telekanal rəhbərləri də məsələ üzərində düşünməlidirlər: "Yayımçılar gərək Nazirlər Kabinetinin həmin müddəalardan irəli gələn tələbləri gözləməsinlər. Onlar özləri tədricən bu istiqamətdə texniki təminatlarını həyata keçirməli, filmlərdə siqaret görüntülərinin üzərini bağlamaq üçün Türkiyə təcrübəsini mənimsəməlidirlər». 
 
Bundan sonra qanun çərçivəsində...
 
Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinqləriyayımçıların bu tələblərə riayət etdiyini göstərsə də, televiziyalarda yayımlanan filmlərdə, seriallarda və s. tütün məmulatları və spirtli içkilərin istifadə olunduğu səhnələr yer alır. Yayımçılara çəkilən yeni efir materiallarında, seriallarda, həmçinin filmlərdə də bu məqamlara diqqət yetirilməsi ilə bağlı tövsiyələr verilsə də, hələ tam nəticəsindən danışmaq olmaz.  MTRŞ-nin əsaslandırmasına görə yayımçılar əsasən, bu tövsiyələrə əməl etməyə çalışırlar. Lakin həm sovet dövründə, həm də xaricdə istehsal olunan filmlərdə bu cür hallara rast gəlinir ki, bunun da günahkarı kanallar deyil və yayımçıya belə səhnələrə görə ciddi irad tutmaq olmur. Bununla belə, yayımçılar istəsələr, mozaikadan istifadə etməklə həmin səhnələri bağlaya bilərlər.
MTRŞ-nın sədr müavini Qafar Cəbiyev bizimlə söhbətində bu vaxta kimi siqaret çəkilməsinin mənəvi məsələ olduğunu bildirdi. Yəni oğulun atanın yanında, kiçiyin böyük yanında siqaret çəkməsi etik baxımdan düzgün hesab edilmirdi. Həmçinin ictimai yerlərdə siqaretin çəkilməsi müsbət hal kimi qarşılanmırdı. Ancaq bununla bağlı hər hansı qadağa yox idi: "Artıq Azərbaycan parlamenti belə bir qanun qəbul etdi və ictimai yerlərdə siqaret çəkilişi qanunla qadağandır. Bununla bağlı MTRŞ-nın üzərinə də müəyyən vəzifələr düşür. Düzdür, əvvəllər də teleradioda siqaretin reklamı ilə bağlı məhdudiyyətlər var idi. Amma qanuna görə, tütün məmulatları ilə bağlı müəyyən verilişlər hazırlanmalıdır. Hətta, teleradio yayımçıları ay ərzində 90 dəqiqə həcmində tütün məmulatının zərəri ilə bağlı müəyyən verilişlər hazırlamalıdırlar ki, bu verilişlərin 45 dəqiqəsi prime time vaxtında efirdə yayılmalıdır. Hətta qanunda yazılıb ki, hər ay bu yöndə yayılan materiallar barədə MTRŞ-ya məlumat verilsin. Daha doğrusu, efirdə gedən materiallar quruma təqdim olunsun”. Hamının qanunu icra etməyə borclu olduğunu deyən Q.Cəbiyev bildirir ki, müvafiq dövlət orqanı olaraq MTRŞ-nin da telekanalların bu sahədə qanunla üzərləriinə düşən vəzifələrini icra etməsinə nəzarət etməli olduğunu bildirir: "Bu vaxta qədər ölkədə çəkilən seriallarda, filmlərdə siqaretlə bağlı səhnələr olmamasına nəzarət etmişik. Həmişə bu məsələni diqqətdə saxlamağa çalışmışıq. Bundan sonra isə bu məsələlərə qanun çərçivəsində yanaşılacaq».  
 
İncəsənətin öz yeri var
 
Yazıçı, ssenarist Natiq Rəsulzadənin sözlərinə görə, Rusiya və Qərb filmlərində «Siqaret çəkməyi təbliğat kimi qəbul etməyin!» fikirləri də qeyd olunsa da, həmin fikirlərin təsirinin olub-olmadığını demək çətindir: "Həyatda insanların müəyyən qismi siqaret çəkirsə, bu, incəsənətdə də olmalıdır. Məsələn, bu, ədəbiyyatda da belədir. Həyatın əksinə olaraq incəsənət növlərində bu, qeyd olunmalıdır. Bir çox filmlərdə, xüsusən Qərb filmlərində insan öldürür, qətl törədirlər. Bu o demək deyil ki, gənclər əllərinə tapança alıb insanları öldürməlidirlər. Düzdür, ictimai yerlərdə siqaret çəkmək qadağası ilə mən də razıyam. Ancaq filmlərdə bu məsələnin göstərilməsinin bir forması tapılmalıdır. Çünki kino təbliğat kimi daha güclüdür. İncəsənətin öz yeri var”. Yazıçı gənclərə hər hansı bir filmdə qəhrəmanın siqaret çəkməsinə uymamağı tövsiyə edir: "Çünki siqaret çəkən ilk növbədə öz sağlamlığına zərər vurur. İlk növbədə bunu düşünmək lazımdır. İncəsənət isə həyatı əks etdirməlidir».  

Rejissor Ramin Hacıyev isə "filmdə siqaret çəkilən kadrlar varsa və siqaretin üstü örtülmürsə, həmin filmlərin üzərində +16 yazılmalıdır” deyə bildirir: "Yeni çəkilən filmlərdə isə qanundan irəli gələn tələblərə ciddi yanaşılmalıdır. Xüsusən əgər bu, tərbiyəyə təsir edirsə, bu barədə düşünülməlidir”.  

Əlbəttə, efirdə tütün məmulatlarının nümayiş olunmasına qadağanın hansı formada həyata keçiriləcəyini üç aydan sonra biləcəyik. Reklam xarakterli, sağlamlığa zidd, gənc nəslin tərbiyəsinə ziyan və s. kimi fikirlərin hansının əsas götürüləcəyini də deyilən vaxt müəyyən edəcək. 

Dildə sağlam həyat və böyüyən nəslin sağlam ruhda tərbiyəsinin lazımlılığının madiyyatdan önəmli olduğu vurğulansa da, heç şübhəsiz bu yöndə qanunun icra mexanizmi daha əhəmiyyətli olacaq. 

Gözləyək...
 
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6995
GBP 1 İngilis funt sterlinqi 2.4138
TRY 1 Türk lirəsi 0.4229
KWD 1 Küveyt dinarı 5.6700
SEK 1 İsveç kronu 0.2025
EUR 1 Avro 2.1043
CHF 1 İsveçrə frankı 1.7552
USD 1 ABŞ dolları 1.7000