• çərşənbə, 24 Aprel, 02:58
  • Baku Bakı 14°C

Filmlərdə gördüyümüz dramatik səhnələri döyüş yoldaşlarına yaşadan şəhid - FOTOLAR

08.05.21 11:30 2162
Filmlərdə gördüyümüz dramatik səhnələri döyüş yoldaşlarına yaşadan şəhid - FOTOLAR
Ölüm ayağında deyib: "Cibimdəki bayrağı Suqovuşana sancın”
Döyüş yoldaşları, onu hərbidə tanıyanlar, haqqında eşidənlər onun qəhrəmanlığı və vətənə sevgisi haqqında danışmağı özlərinə borc bilirlər. Onun torpaq, bayraq, vətən sevgisi haqqında bir döyüş yoldaşından eşitdim və mən də onu başqalarına tanıtmağı özümə borc bildim. Söhbət İkinci Qarabağ Savaşının iştirakçısı, şəhid Elxan Tağıyevdən gedir.

Qeyd edək ki, Tağıyev Elxan Fəxrəddin oğlu 26 fevral 1990-cı ildə Goranboy rayonun Balakürd kəndində anadan olub. Orta təhsilini T.Sadıqov adına Faxralı kəndtam ortaməktəbində aldıqdan sonra hərbi xidmətə gedib. 2008-2009-cu illərdə hərbi xidmətdə olur, sonra evinə dönür. 2016-cı ildən isə hərbiyə yönəlib. 1 oktyabr 2020-ci ildə şəhid olub.


"Əlindən heç vaxt kitab düşməyib”

İlk olaraq anası Lütfiyə Tağıyeva ilə söhbətləşdik. Lütfiyə xanım deyir ki, imkanı olmadığı üçün Elxanın ali təhsil almasına şərait yarada bilməyib: "Elxan Balakürd kəndində dünyaya gəldi, orda məktəbə getməyə başladı. Çox yaxşı oxuyurdu, dərslərini yaxşı öyrənirdi. Elxan 1-ci sinifdə oxuyanda, atası rəhmətə getdi. Sonra mən 3 uşağı təkbaşına saxlaya bilmədim, öz ata kəndim olan Faxralıya qayıtdım. Burda məktəbə getdi, yenə yaxşı oxuyurdu. Riyaziyyata xüsusi marağı var idi. Amma hazırlığa göndərmək imkanım olmadı ki, ali təhsil almasına şərait yaradım. Uşaqlara baxmağa ancaq gücüm çatırdı. Mən onun oxumağını istədiyimi dilə gətirəndə, deyirdi ki, ana, sənin imkanın yoxdur, məni necə oxudacaqsan? Gəlirimiz kənd işlərindən ibarət idi. Bir az böyüdükdən sonra mənimlə pambığa gedirdi, başqa işləri görürdü, bir yerdə balalarımı saxladıq. Məndə böyük uşaq qız idi, ikinci Elxan, sonra da balaca oğlum. Ona görə, Elxan evin böyüyü kimi hər yükü üzərinə götürdü. Sonra elə özü işləyib evi saxlayırdı”.

Lütfiyə xanım bildirdi ki, Elxan ali təhsil almasa da, əlindən heç vaxt kitab düşməyib: "Uşaqlıqdan oxumağa, kitaba meyilli idi. Ali təhsil almaması onun oxumaq həvəsini öldürməmişdi. Hər gün mən onun kitab oxuduğunu görürdüm. Ən çox bədii kitablara maraq göstərirdi. Saatlarla kitab oxuyurdu. Ev onun kitabları ilə dolu idi. Bir xeylisini özü, oxumaq istəyənlərə verirdi, amma yenə də evdə kitabları doludur”.


"Müharibədə olduğunu da bilmədik”

Lütfiyə xanım deyir ki, oğlu işi ilə bağlı evdə heç nə danışmadığı üçün şəhid olana qədər Elxanın hərbidə hansı vəzifədə olduğunu bilməyib: "Sakit, kirimiş uşaq idi. Ağır təbiətli idi, heç kimlə işi olmazdı. Yalnız ailəsi ilə maraqlanırdı, kitab oxuyurdu. İşi ilə bağlı da bizə heç nə danışmırdı. Deyirdim ki, hara gedirsən, nə iş görürsən? Deyirdi ki, məndən nigaran olma, işə gedirəm. O şəhgid olana qədər hərbidə iş-gücünün nədən ibarət olduğunu bilmədim. Şəhid olana qədər bilməmişəm ki, oğlum kəşfiyyatçıdır. Elə "torpaq”, "vətən” deyirdi. Hansı hərbi hissədə olduğunu da bilmirdim. Heç müharibədə olduğunu da bilmədik, demədi. Müharibə başlayanda, qardaşımın nəvəsi rəhmətə getdmişdi, orda idik. Dedim ki, Elxandan heç xəbər çıxmır, bəlkə müharibədədir. Amma demirdi. Balam şəhid olana qədər onu da bilmədim. Bir az xəstə idim, həmişə deyirdi ki, hər şey yaxşıdır, hər şey yaxşı olacaq. Deyirdi ki, səsim gəlirsə, deməli, yaxşıyam. Ayrı söz demirdi. Belə bir oğul anası olmaq başucalığımdır”.


"Deyir ki, atam nə vaxt bayrağı alıb gələcək?”

Həyat yoldaşı Aybəniz Hacıyeva deyir ki, Elxan işğalda olan Azərbaycan torpaqlarının azad edilməsi məqsədilə hərbiyə yönəlmişdi: "Elxan əsgərliyə gedib-gələndən sonra "hərbiyə gedəcəm” deyirmiş. Biz evlənəndə, hələ hərbidə deyildi. Qızım olandan sonra hərbiyə getdi. Birinci Qarabağ döyüşlərində atası da iştirak etmişdi, o vaxt başından yaralanıbmış. Ona görə evdə işğal altında olan torpaqların azad edilməsi ilə bağlı söhbət olanda, bununla bağlı xəbərləri izləyəndə, deyirdi ki, biz o torpaqları almalıyıq ki, bu problem uşaqlarımıza qalmasın. Bu cür deyə-deyə hərbiyə getdi”.

Elxanla Aybənizin 8 yaşlı oğlu, 5 yaşlı qızı var. Oğlan, atasının şəhid olmasını dərk edəcək yaşda olsa da, qızı hələ də atasının yolunu gözləyir: "Oğlum böyükdür, onun atasının şəhid olması ilə bağlı məlumatı var. Amma qız kiçikdir və təzyiqlidir deyə, yanında çox danışmırıq, çünki çox ağlayır. Qız elə bilir ki, atası bayraq dalınca gedib, qayıdacaq. Deyir ki, atam nə vaxt bayrağı alıb gələcək? Bir mahnı var, bayraqla atasının şəklini qoyublar, onu görüb elə deyir. Amma oğlum başa düşür”.


"Ondan ötrü ölümə gedəcəyim adam idi”

Ən yaxın dostu Zaur Xoyluyev deyir ki, Elxan yolunca can qurban veriləcək dost idi: "Zaurgil Faxralıya köçəndən biz qapıbir qonşu olmuşuq. Bir yerdə böyüdük, bir evli kimi olduq, sonra bir yerdə hərbidə çalışdıq. Mən də hərbidə işləyirdim, amma şəxsi məsələlərə görə sonra hərbidən uzaqlaşmışdım. Onu həm evdə, həm də işdə, dostları arasında, hər yerdə tanımaq şansım olmuşdu. Heç vaxt pis cəhətini görmədim. Etibarlı, səqadətli dost idi. Kiminsə nə isə problemi olardısa, əlindən gələni edirdi. Deməli, hərbidə olan vaxt bir dəfə qardaşım əməliyyat olunası idi, gecə saat 3-də işdən evə qayıtmalı idim. Elxana zəng vurdum ki, evə getmək istəyirəm. Maşın yoxdur, həm də üstümdə pul azdır. Adam var ki, özündə olmursa, deyir ki, yoxumdur. Gecə 3-də mənə pul tapıb verdi, dedi ki, get, işini həll et. Yoldaşlığa çox yaxşı idi. Ondan ötrü ölümə gedəcəyim adam idi. Tək mənə yox, hamıya qarşı münasibəti elə idi. Kənddə, iş yerində çox yaxşı hörmət qazanmışdı”.

"Bacarıqlı, püxtələşmiş və ağıllı əsgər”

Hərbidə onu yaxından tanıyan, döyüş yoldaşı, baş leytenant Sərxan Fərəcov isə bildirdi ki, Elxan onu tanıyan hər kəsin yaddaşında yaxşı iz qoyan biri idi: "2 ildən çox idi ki Elxanı tanıyırdım. Bir bölmədə qulluq etmişik, onların taqım komandirləri olmuşam. Demək olar ki, bir yerdə qulluq etmişik. Tərbiyəsi, danışığı, bacarığı, hərbiyə həvəsi ilə seçilirdi. Sözləri, hərəkətləri ilə yaddaşda iz qoyan biri idi”.


Elxan iştirak etdiyi bütün əməliyyatlarda S.Fərəcovla bir yerdə olub. S.Fərəcov bildirdi ki, ilk olaraq Murovdağ istiqamətində döyüşdə iştirak ediblər: "Murov dağı istiqamətində döyüşlərdə müharibəyə başladıq. 4 gün orda ac-susuz, dünyadan təcrid olunmuş şəkildə, telefonsuz, birlikdə olmuşuq. Çətin vəziyyətlər daha da peşəkarlıq tələb edir. Həmin müddətdə də Elxanın necə bacarıqlı, püxtələşmiş və ağıllı əsgər olduğunu gördüm. Murovdağda tapşığı bitirib Talışkənd istiqamətində Polad postu deyilən yerdə düşmən üzərinə təkrar hücumumuz oldu. Suqovuşanın alınması üçün edilən hücum idi. Məndə video da var, ilk olaraq xətti digər döyüş yoldaşımız Şamil, Elxan və mən bir yerdə keçmişik. Əvvəldən soruşdular ki, kim öncə getmək istəyir, biz üçümüz istədik. Taborun önündə Suqovuşana yeni açılmış cığırda ilk olaraq biz 3-ümüz getdik, arxada da digər döyüşçülər”.

S.Fərəcov bildirdi ki, Elxan öz istəyi ilə öndə gedən qrupun tərkibinə daxil olur: "Qrup rəhbəri olduğum üçün irəlidə mən gedirdim, yanımda da 4-5 nəfər hərbi qulluqçudan ibarət qrup olurdu. Elxan da o heyətdə idi. Taborun ən önündə gedirdik. Qarşıya çıxan ilk təhlükədə birinci biz müdaxilə göstərirdik. Pusqudursa, birinci biz düşürdük, taboru, harda pusqu olduğundan məlumatlandırırdıq. Bu qruplar çox vaxt döyüşçülərin öz istəyinə əsasən olur. Elxan da özü istədi və o qrupda öndə getdi”.

S.Fərəcovun Elxanı xilas etmək üçün öz həyatını riskə atdığını da bildirirlər. Sərxan həmin prosesdən də danışdı: "Suqovuşanda verilən koordinata çatmağımıza 400-500 metr məsafə qalmış yanımdakı əsgər dedi ki, sağda erməni var. Bizdən 30 metr aralıda 8-10 nəfərlik qrup görünürdü. Düşmən olduğundan əmin olandan sonra qızğın atışma başladı. Tabor geridə qaldı, biz pusqunun ortasına girdik. Döyüşən zaman mənim yanımda bir mərmi partladı. İstər-istəməz beynim silkələnən kimi oldu. Özümə gəlmək üçün yastı torpaq təpəyə söykəndim, həmin vaxt bu biri tərəfdən üzərimizə başqa düşmən qrupunun gəldiyini gördüm. Bir ermənini özüm vurdum, amma baş leytenant Ruhin, Elxan və iki başqa hərbçi bu istiqamətdən düşmənin qarşısını almağa getdilər. Bir tərəfdən bizim qrup döyüşürdü, bir tərəfdə də Elxangil. Baxdım ki, Elxanın uzanıb döyüşdüyü yer çox pisdir. Elxan 3 yolun düz kəsişməsində, bir az da dik yerdə uzanmışdı, qarşıdakıları yaxşı vura bilirdi, bunun şahidi oldum. Ancaq yer elə idi ki, bizim döyüşdüyümüz qrup onu vura bilərdi. Mən onu xəbərdar edənə qədər qolundan və ayağından yaralandı. Qışqırdım ki, arxaya sürün, pis yerdə uzanmısan. Dedi ki, komandir, sürünə bilmirəm, ayağım tutulub. Elxanı ordan çıxarmaq istəyəni də vuracaqdılar. Ona görə, ora getmək də olmurdu. Bir də baxdım ki, Elxanın əlində silah yoxdur, bayaqkından fərqli uzanıb, hiss etdim ki, özündə deyil. Qışqırdım, bir kəlmə söz işlətdi: "Dedi ki, kişi olun, məni burda qoymayın”. Çünki nə ölüsünün, nə dirisinin düşmən əlinə düşməsini istəmirdi. Kaskamı, bronjiletimi çıxardım ki, yüngül olub, çevik hərəkət edim. Ruhinə dedim ki, düşmənə davamlı çoxlu güllə atın, Elxanı ordan çıxaracağam. Sürətlə qaçıb onun üstünə uzandım. Orda olduğumu görəndə, sevindi. Təşəkkür əlaməti olaraq məni qucaqlayırdı. Əli qanın içində idi, onun bütün qanı mənim üstümdə, boynumda idi. Qol və ayağından yarası ağır olduğu üçün çəkib çıxara, yaxud qucağa da ala bilmədim. Amma sən demə, bir güllə də kürəyindən dəyib. Hardan tutsam, onu çox incidirdi. Üstünə uzandım, ayaqlarını boynuma keçirib o cür sürünə-sürünə 3-4 metr apardım, sonra Quliyev Əli var idi, o köməyə gəldi. Elxanı arxa tərəfə çıxardıq”.


"Bayraq”, "Torpaq”, "Vətən” deyirdi”

S.Fərəcov deyir ki, Elxan həmin vaxt onlara yalnız filmlərdə gördüyümüz dramatik səhnə yaşadıb: "Arxaya aparanda, ilkin yardım olundu, iynə vuruldu. Döyüşə qayıdırdım, qolumdan tutdu, dedi ki, jiletimin cibində bayrağımız var, onu Suqovuşan azad olunanda, ora sancarsan. Dedim ki, özün sancacaqsan, bir az da döz. Dedi ki, yaram ağırdır, öləcəm, sən sancarsan. Elxanı orda qoyub döyüşə qayıtdım, bir az keçdi, gəldim ki, özündə deyil. Bu zaman vəziyyəti daha ağır idi. Ağrıkəsici vurmuşdular, dedim ki, yatmaq olmaz, silkələyib oyatdım. Oyanan kimi dedi ki, bayrağımı götür. Baş leytenan Ruhinə də dedi. Bu adam 3 güllə yarası ilə ölüm ayağında "Bayraq”, "Torpaq”, "Vətən” deyirdi. İçində vətən sevgisi olmayan, bu hisslə yaşamayan bir insan 3-5 dəqiqə sonra öləcəyini bilə-bilə bayraqdan danışmaz, canının hayında olar. Bu insan deyir ki, bayrağımı Suqovuşana sancın. Elxanın döyüşdə göstərdiyi qəhrəmanlıq, şəhid olması, həmin vaxt dediyi sözləri heç vaxt unutmayacam, ölənə qədər bunu hamıya danışacağam. Övladlarıma, nəvələrimə, qarşıma kim çıxsa, Elxan haqqında danışmağı özümə borc biləcəm. Elxan mübaribədə yalnız filmlərdə gördüyümüz dramatik səhnələri bizə yaşatdı.
Xidməti cəhətdən biz onun vəsiyyətini yerinə yetirə bilmədik. Amma Suqovuşanı aldıq. Suqovuşanı biz aldıq. Taborun döyüş qabiliyyəti zəifləmişdi, yorğun, susuz olduğu üçün Suqovuşanı alıb mühafizə etdikdən sonra dost bölmələr gəlib şəhərin içərisinə daxil olub bayraq sancdılar. Ora sancılan bayrağı Elxanın bayrağı kimi görürəm”.

Onu tanıyan hər kəsin yaddaşında iz qoyan insanlardan olan Elxan həm də tarixdə iz qoyan oğullardan oldu.

Qeyd edək ki, ölümündən sonra Elxan Tağıyev "Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər