Filmin sonu... - Fotolar

Filmin sonu... - Fotolar

Mədəniyyət
12 Oktyabr 2016, 13:13 2538
Anjey Vayda dünyadan köçdü. Sakitcə 20-ci əsrin qapısını arxasınca örtüb getdi... O əsr ki Vayda, Fellini, Antonioni, Viskonti, Berqman, Tarkovski, Krosava kimi rejissorlara minnətdardır. Yaşadığımız yüzillik o cür güclü, parlaq, son dərəcə istedadlı, əsl elitar kinoya hələ çox həsəd aparacaq. Anjey Vaydanı «Polşanın kinometri», «Polşa kinosunun atası» adlandırırlar. "Yaxşı, pis, istedadlı, böyük rejissorlar olur. Ancaq çox nadir halda kinonun dilini dəyişən rejissorlar yaranır. Bütün dünya üçün öz ölkəsinin mədəniyyətini, xalqının ruhunu yaradan rejissorlar doğulur. Anjey Vayda həmin rejissorların parlaq nümunəsi idi”, - deyə bu gün dünya mətbuatı rejissorun ölümündən yazır.  

Anjey Vayda 91 yaşında həyatla vidalaşdı. Kinematoqraf kimi «Oskar», «Sezar» mükafatlarını qazandı, dəfələrlə Kann, Venesiya, Berlin kinofestivallarının mükafatlarına yiyələndi. Dünya kinosuna 50 dən çox film bağışladı. «Kanal», «Kül və almaz», "Pilat və digərləri” «Günahsız sehrbazlar», "Xatın” və s. filmlərlə yarım əsr ərzində dünya kinosunun metrinə çevrildi. "90 yaşlı Anjey bir epoxa üçün yaşamayıb. O, həmişə müasir qəhrəmanlarını axtarıb. Vətən obrazı onun üçün həmişə müqəddəs olub. Kinematoqraf onun üçün təkcə psixoloji tədqiqatlar aləti deyildi, həmçinin siyasi fikirlərini söyləmək üsulu idi”, - deyə onun haqqında yazırlar.
 
Kinematoqrafiyanın avtoriteti

O, 1926-cı ildə zabit ailəsində doğulub. Atası Polşa zabitləri ilə birgə sovet çekistləri tərəfindən Xatında güllələnib. Anası Aneliya məktəb müəlliməsi idi. Anjey uşaq olanda anası ona yaşadıqları kazarmanı xatırladırdı. Müharibə mövzusunu uşaqlıqdan eşitdiyindən sonralar bu mövzu Vaydanın rejissor kimi əsas hədəfinə çevrildi. Vayda əvvəlcə bədii məktəbdə oxuyurdu. 13 yaşında gimnaziyanı ataraq ordu sıralarına yazıldı. Ancaq o döyüşlərdə iştirak etmədi. Müharibə vaxtı Anjey suvaqçı, tikintidə fəhlə kimi çalışırdı. Beləcə, onun incəsənət haqqında arzuları yarandı. 1946-cı ildə o, Krakov Təsviri İncəsənət Akademiyasına daxil olsa da, bu məktəbdə sona qədər oxumadı. Kinematoqrafiya onu cəlb etdiyindən o, Lodz məktəbində təhsil almağa başladı. Onun fikrincə, kino müharibədən sonrakı epoxaya cavab verən yeganə sənət növü idi. İndi Polşa kinoşünasları həmin məktəbin kommunist ideyalarının təbliğatı məqsədi ilə yarandığını yazırlar. Vayda isə kommunist ideyalarından uzaq adam idi. Onun kino haqqında fikri fərqli idi. O, Polşa kinosunun dünya mədəniyyətinin xəzinəsinə düşməsi üçün çalışırdı. Hamı inanırdı ki, Vayda əyləncədən daha çox insan şüurunu dəyişməyə qadir olan ciddi bir sənət yaradacaq.
 
Müharibədən sonrakı kinematoqrafiyada Vaydanın daxil olduğu istedadlı və yeni ideyalı gənclər «Polşa məktəbi»nin əsasını qoydular. «Müharibəyə qədər də Polşada filmlər çəkilirdi. Biz Polşa Kinematoqrafiyasını yaratdıq. «Polşa məktəbi» rejissorları olan bizlər 50-ci illərin sonunda kinomuzu dünyaya tanıtdıq». Vayda həmin məktəbin şəksiz lideri idi. Onun stili dünya kinematoqrafiyasına yeni xətt gətirdi. Polşa kinematoqrafiyası Vayda ilə başlayan bu prinsipdən bəhrələndilər. Vaydanın yaradıcılığında əsas xətt Polşa tarixinin faciəli səhifələri idi. 50-ci illərdə Anjey Vayda sürətlə kinematoqrafiyanın avtoritetinə çevrildi. «Nəsil» filmini çəkəndə Vaydanın 26 yaşı var idi. Bu kino haqqında Roman Polyanski müsahibəsində «Nəsil»lə əsl Polşa kinosu başlayır» demişdi. 

1958-ci ildə Varşava üsyanının məğlubiyyəti haqda çəkdiyi «Kanal» və müharibə trilogiyası olan «Kül və almaz», «Letna», «Samson» filmlərində Vaydanın stili formalaşdı. Bu filmləri birləşdirən əsas xətt dərin, faciəvi, pessimist ruh idi. Eyni zamanda, poetik, ekspressiv, müxtəlif mənbələrə əsaslanan, italyan neorealizm, Amerikanın «qara film»lərindən bəhrələnən, ancaq özünəməxsusluğu ilə fərqlənən Vaydanı həmişə tamaşaçılar sevirdi. Sevməsəydilər belə, onun filmlərinə baxırdılar.

«Kanal» filmi Kann festivalında «Gümüş Palma» budağına layiq görüldü. Film birmənalı qarşılanmasa da, artıq istedadlı gənc rejissor haqda Avropada danışırdılar. Bir çoxları onun kinematoqrafiyaya gətirdiyi yeniliyə heyranlığını bildirirdisə, bəziləri inamsızlıq və pessimizmə görə qınayırdılar. Film həmçinin, Venesiya festivalının prizini qazandı. Bu ekran əsəri rejissorun yaradıcılığının ən yaxşı filmi olmaqla bərabər dünya kinematoqrafiyasının Qızıl Fonduna daxil edildi. «Biz gənc idik, kinomuz da gənc idi. Müharibə keçməyimiz haqqında ssenarinin dili ilə insanlara danışmaq lazım idi. İstəyirdik ki, faciələrimizi bütün dünya bilsin, bizi hamı tanısın. Bunun üçünsə kinomuzun Avropa kinosu ilə dil tapması, dünya kinosu sıralarına düşməsi lazım idi. Məhz onda Avropada italyan neorelizmində müharibədən sonrakı kino yarandı. Bu, tamaşaçıya ünvanlanmış ən yaxşı yol idi. Biz Polşa kinematoqrafının təmsilçiləri kinomuzu bütün dünyaya təqdim etdik. Xarici ölkələri gəzəndə, tamaşaçılarla görüşəndə bizim filmlərdən insanların necə təsirləndiyinin şahidi olurduq. Bizim azadlıq yanğımız çox güclü idi. Biz bu hissləri tamaşaçıya çatdıra bilmişdik. Buna görə xoşbəxt idik”. 

60-cı illərdə Anjey öz qüvvəsini başqa stillərdə sınamağa başladı. O, komediya və məşhur yazıçıların əsərləri əsasında filmlər çəkirdi. Onun yaradıcılığında tarixi filmlər, psixoloji dramlar, sərt sosial pritçalar, alleqoriyalar yarandı. Vayda hansı janrda çəkirdisə, həmişə maraqlı kino alınırdı. Filmlərində kütləvi kino janrlarının ştamplarından istifadə etmirdi. Vayda həmişə tamaşaçı ilə mürəkkəb, vacib, ağrılı problemlərdən danışırdı. Tamaşaçılar onun filmlərinə baxmağa gəlirdilər. Hər rejissora bu, nəsib olmurdu. Vayda bilirdi ki, insanların cəfəngiyatları dinləmək və izləmək vaxtları yoxdur: "İnsanlar öz həqiqətlərini və talelərini ekranda görəndə sevinirlər. Bu, onlara çox lazımdır”.  

1980-ci ildə Anjey Vayda Müstəqil Həmkarlar Təşkilatı olan «Həmrəyli»yə daxil olaraq Polşanın müstəqilliyi uğrunda aktiv mübarizə çevrildi. Aktiv vətəndaşlıq mövqeyi Vaydanı Polşanın ən məşhur ictimai xadimləri ilə bir sırada qoyur. Məhz Vaydanın yaradıcılığı polşalıların gözünü həqiqətlərə açdı və milli birliyin simvoluna çevrildi. 1982-ci ildə «Dəmir adam»dan sonra ona hətta Fransaya miqrasiya etmək lazım gəldi. Onda fəhlələr hakimiyyətdən filmə toxunmamağı və ekran əsərini Kannda göstərməyi tələb edirdilər. Vayda deyirdi  ki, belə anlar həyatda çox az olur: "Mən xalqın filmlərimi necə sevdiyini görürdüm. Çünki bu, onların taleləri idi. Onlar filmləri öz taleləri ilə səsləşən an kimi qəbil edirdilər. Hakimiyyətin təpkisi isə məni qorxutmurdu”. Hakimiyyət heç vaxt ondan nə gözləmək lazım olduğunu bilmirdi. Vayda həmişə özü üçün yaşayan adam idi... «Dəmir adam» filmi Kann festivalında "Qızıl palma” budağını qazandı. Filmini gizli şəkildə Venesiya festivalına apardılar. Qazandığı uğurdan sonra isə artıq ölkəsində qadağan edə bilmədilər. 

Vaydanı filmlərindəki pessimizmə görə qınayanlar sonradan onun filmlərində sonda görünən "Ağ at”a ümid kimi baxırdılar. Rejissorun filmləri insanlara qaranlıqdan işığa yol kimi görünürdü. 
 
Xatın...

Vayda 80 yaşında onu bütün ömrü boyu düşündürən mövzuya toxundu: Xatın haqqında film çəkdi. "Xatın haqqında əvvəllər heç ezop dilində də danışmaq olmazdı. Bu, qadağan olunmuş mövzu idi. Ancaq bu, mənim mövzumdur” - deyən rejissor dünyaya səs salan Xatın faciəsindən çəkdiyi film haqqında belə danışırdı: "Mənim atam Xatında güllələnib. 1939-cu ildə o, zabit kimi "Qızıl ordu”ya əsir düşüb. Sonra Ribbentrop-Molotovun gizli protokol razılaşmasına əsasən, Starobelski düşərgəsinə gətirilib və orada Polşa və sərhəd xidməti ordusunun 14 min zabitin taleyi həll olunub. Bu, 1940-cı ildə baş verib. Məzar 1943-cü ildə açılıb və Polşa və alman gizli işğalçı mətbuatı ölənlərin siyahısını dərc etməyə başlayıb. Vayda familiyası 0844 nömrəsi altında idi. Atamın rütbəsi düzgün göstərilmişdi, adı isə səhv yazılmışdı. Güllələnmə siyahısında o, Karol Vayda kimi gedirdi, amma o zamanlar atamın adını "Yakub” çağırırdılar. Ancaq 15 il axtarışlardan, tarixçilərlə görüşlərdən, arxivlərdə tədqiqatlardan sonra bildim ki, müharibədən əvvəlki Polşa zabitləri korpusunda təkcə Vayda soyadlı bir kapitan var imiş – mənim atam. Mən Xatın haqqında film çəkməyi qarşıma məqsəd qoydum. Ancaq açığını deyim ki, heç zaman material axtarışında belə çətinliklə qarşılaşmamışdım. Bilirdim ki, şəxsi tarixçəmi, uşaqlıq həsrətimi, uzun illər atamla fikrimdə danışdıqlarımı çəkməməliyəm. Xatın – Varşava üsyanı kimi milli faciədir. Məsələnin çətinliyi o idi ki, Polşa ədəbiyyatı Xatın haqqında heç bir əsər yaratmamışdı, nəşriyyatların hamısı emiqrasiyada fəaliyyət göstərirdi. Müxtəlif vaxtlarda ölkədən gedən ədəbiyyatçılar var idi. Mən material çətinliyi ilə üzləşmişdim. Film çəkilişləri üçün materiallar əldə etməyə 15 il vaxt sərf etdim. Polşa zabitlərinin gündəlikləri köməyimə çatdı. Buna peşman deyiləm. Mən milli faciəmizdən bəhs edən film çəkdim. Bu, Polşa xalqı və vətənim qarşısında xidmətim idi!”, - deyə Vayda müsahibələrində deyirdi.

2007-ci il 17 sentyabrda filmin təqdimatı keçirildi. 2008-ci ildə film "Ən yaxşı xarici film” nominasiyasında "Oskar”a iddia edən beş filmdən biri oldu. Sol siyasi baxışlarına görə film mediada tənqid də olundu. Amma Vayda "Mən borcumu yerinə yetirdim” - dedi.

Vayda getdi... Dünya kinosunun ən görkəmli şəxsiyyəti tamaşaçılarla vidalaşdı. Film sona çatdı...
 
Təranə Məhərrəmova