Filmin reklamı onun özü qədər önəmlidir
Günü-gündən rejissorların və filmlərimizin sayı artır.
Keyfiyyətli, keyfiyyətsiz çəkilən filmlər istənilən halda bir başlanğıcdır. Pis
odur ki, çəkilməsin. Ancaq bir fakt da var ki, hətta beynəlxalq arenaya ayaq açan
yaxşı filmlərimiz az deyil. Təbii ki, bu məsələdə çəkilən filmlərin PR-nın,
reklamın da böyük rolu var. Ekspertlər deyir ki, film çəkilərkən onun
tanıdılması üçün PR-ı nəzərdə tutulmursa və bunun üçün büdcədən pul ayrılmırsa,
film həyata məğlub doğulmuş kimi olur.Bu mövzu ilə bağlı ekspertlərlə söhbət etdik, onlarla
film çəkərkən reklama nə qədər vəsait ayrılmasından və PR-ın filmin beynəlxalq
arenada tanınmasındakı rolundan danışdıq.
"Sanballı kinoprodüserlərimiz, dünyaca məşhur kino ekspertlərimiz
yoxdur”
Çəkdiyi "Çölçü” filmi beş qitədə, 45 festivalda
iştirak edən tanınmış kinorejissor və
ssenarist Şamil Əliyev bizimlə söhbətində dünyaya səs salan filminin necə
uğur qazanmasından və uğura gedən yolda PR-ın rolundan danışdı: "5 qitədə
nümayiş olunan "Çölçü” qədər heç bir Azərbaycan filmi festivalda olmayıb. "Çölçü”
bu vaxta qədər 2 "A” kateqoriyalı festivalda iştirak edib. Bilirsiniz ki, bu
kateqoriya Beynəlxalq Prodüserlər Assosiasiyası tərəfindən müəyyənləşdirilir. Dünyada
12-yə qədər "A” kateqoriyalı festival var və "Çölçü” bunların ikisində iştirak edib.
14 beynəlxalq festivalda baş mükafata layiq görülüb. Bir neçə dəfə ən yaxşı rejissor, aktrisa, aktyor və digər nominasiyalar üzrə mükafatlara
layiq görülüb. Filmimiz nəinki festivallarda iştirak edib, qalibiyyət qazanıb, Amerika,
Avropa, Asiyanın kino məktəblərində dərsliyə salınıb. Onların kino
mütəxəssisləri tərəfindən ümumbəşəri sərvət elan olunub. 100 GB formatında,
müəyyən serverlərdə qorunub saxlanılır. Film təzə çəkiləndə, onu 5-6 festivala
göndərdim. Ondan sonra isə daha böyük masştablı festivallar məndən bu filmi
istədilər. "Çölçü” filmi 7 il bundan qabaq çəkilib. Dünya festivallarının heç
birində 7 il bundan əvvəl çəkilən filmlər iştirak etmir. Amma "Çölçü” dünya
filmləri içərisində bir istisnadır. Bizi dəvət edən festival təşkilatçılarına
məktub yazıb, bu filmin 7 il bundan qabaq çəkildiyini bildirirəm. Onlar isə
israrla filmi festivallarında görmək istədiklərini qeyd edirlər”.
Müsahibimiz deyir ki, müasir Azərbaycan kino sənayesi
quruculuq mərhələsindədir, ilk addımlarını atmağa çalışır və bu sahədə təbliğatın,
reklamın rolu böyükdür: "Tək filmi çəkməklə iş bitmir. Onun beynəlxalq arenaya çıxarılmasının
özü də bir işdir. Mən bunun üçün beynəlxalq sferada təşkil olunan kurslarda
iştirak etmişəm. Orada həm rejissor-prodüser, həm də müəllif kim sertifikatlar
almışam. İstehsal olunan filmlərin PR məsələlərini isə Holluvudun mütəxəssislərindən
öyrənmişəm. Yəni ki, mən bu sahədə olan yüksək standartlara bələdəm. "Çölçü” filminin
beynəlxalq arenaya çıxmağında təbii ki, mənim müstəsna xidmətlərim olub. Bu işi
filmin prodüseri Müşfiq Hətəmov görməyib, çünki bunun üçün büdcədən pul ayrılmamışdı.
PR filmin xarici bazarlara çıxması üçün vacib şərtlərdəndir. Biz "Çölçü”nü dünyada
məşhur olan "Oskar”-ın "uzun siyahı”sına sala bilmişdik. Bu çox çətin bir proses
idi. Bu siyahıya düşəndən sonra mənim elektron ünvanıma 100-dən çox məktub gəldi.
Məktubların içərisində dünyanın tanınmış distribüterlərinin də adları var idi. Onlar
bildirirdilər ki, siz bu filmin distribusiyasını bizə verin, onun Amerikada təbliğatını
edək. Sözsüz ki, biz filmi onlara həvalə etsək, müqavilə bağlamalı idik. Əgər həmin
təşkilatla müqavilə bağlayırsansa, onlara müəyyən pul keçirməlisən. Çünki o təşkilatlara
dünyanın hər yerində inanırlar. Əgər onlar bizim filmi təbliğ etsəydilər, bizim
"Çölçü” Amerikada, Avropada tanınmış film olacaqdı. Bizim kino sistemimizdə distribüter
institutu hələ ki formalaşmayıb. Çox təəssüf ki, bizdə distribusiya sıfır səviyyəsindədir.
Onun da bir sıra səbəbləri var. Misal üçün, beynəlxalq arenada kino siyasəti aparan,
sözünü deyən sanballı prodüserlərimiz, dünyaca məşhur, tanınan kino ekspertlərimiz
yoxdur. Bu vaxta qədər onları yetişdirmək lazım idi. Bu şərtlər olmadan dünyada
tanınmaq mümkün deyil. Bir fakt da var ki, biz indiyə qədər "Euroimage”in üzvü olmamışıq.
Bizim qonşu dövlətlər belə bu qurumun üzvüdür. "Euroimage”in üzvü olandan sonra
Azərbaycan filmlərinin Avropada yayımı, satışı, festivallarda iştirakı çox asanlaşar,
bizə dünya kino industriyasının qapıları taybatay açılar. Təəssüf ki, biz bu
quruma üzv olmamışıq. "Çölçü” istisna olaraq Avropa festivallarına düşə bildi. Dünyaya
çıxmaq istəyiriksə, "Euroimage” və digər kino qurumlarına üzv olmalıyıq, əks
təqdirdə, filmlərimizin dünyaya açılması mümkün deyil”.
"Hər bir məhsulun satışı üçün PR önəmlidir”
Prodüser, rejissor
Fehruz Şamıyev bizimlə söhbətində filmlərimizin PR işi ilə reklam
şirkətlərinin deyil, birbaşa olaraq istehsalçıların özlərinin məşğul
olduqlarını dedi: "Filmlərin reklam işi Avropa və keçmiş sovetlər birliyində olan
ölkələrin kino sənayesində önəmli yer tutmurdu. Çünki bu, estetik fikirdən, əhalinin
özünün maraq dairəsindən irəli gəlirdi. Məlumdur ki, sovet ittifaqı dövründə filmlərin
istehsalçısı məhz dövlətin özü idi. Bu baxımdan onun reklam kampaniyası da dövlət
tərəfindən aparılırdı. Buna görə PR-a vəsait ayrılmırdı. Amma okeanın o tayına -
Amerikaya, xüsusən də Hollivudun film istehsalına baxsaq, onlar üçün filmin
PR-ı çox böyük önəm daşıyırdı. Düşünürdülər ki, reklamsız filmi tamaşaçıya çatdırmaq
çox çətin məsələdir. Hansısa bir məhsulu satmaq və ya ictimaiyyətə çıxarmaq bir
növ kapitalizmin qanunudur. 80-ci illərdən sonra dünya kino bazarında reklama
daha geniş yer verilməyə başladı. Bu da tamaşaçıların çoxalması üçün
şirkətlərarası rəqabətin daha da artmasından irəli gəlirdi. Həmin illərdə
büdcənin 30 faizi reklam kampaniyasına ayrılırdı. 2000-ci illərdə isə rəqabət
daha da artdı. Bu rəqabətin nəticəsi olaraq dünya kino bazarlarında elə filmlər
var ki, 160 milyonluq büdcənin 100 milyonu məhz onun reklamı üçün nəzərdə
tutulub. Çünki rəqabət bu sahədə həddindən artıq böyüyüb.
Əgər filmi daha çox auditoriyaya tanıtmaq
istəyirsənsə, birinci növbədə onun reklamını düzgün qurmalısan. Bu baxımdan PR önəmli
məsələdir. Reklam kampaniyasında digər önəmli məsələ filmin hansı ölkədə nümayiş
olunmasıdır. Məsələn, Hollivudda istehsal olunan filmlərin bir neçə treylerləri
Rusiya, Amerika, İngiltərə bazarları üçün hazırlanır. Onlar bilir ki, hansı ölkədə
tamaşaçının psixologiyası, düşüncəsi nədir, o düşüncəyə uyğun filmlərin treylerlərində
müəyyən dəyişikliklər olunur. Bir filmin treyleri müxtəlif variantlarda hazırlanır.
Bu, Hollivud təcrübəsində geniş yayılmış bir variantdır. Hər bir məhsulun satışı
üçün müasir dövrdə PR önəmlidir”.
F.Şamıyev Azərbaycan kino bazarında rəqabətin televiziya
vasitəsi ilə aparıldığını qeyd edir: "Hansı filmlər televiziyada reklam olunursa,
onun tamaşaçı kütləsi daha çox olur. Ancaq təəssüf ki, bizdə televiziya reklamlarından,
tizerlərdən əlavə reklam kampaniyası görmək müşkülə çevrilib. Bu da bizim kino bazarının
kiçik olması ilə bağlıdır. Azərbaycanda çəkilən filmlərin büdcəsinin 20 faizi reklama
xərclənir. Bu da daha çox kommersiya filmlərinə aid olan məsələlərdir. Bu isə
birbaşa olaraq prodüserdən asılıdır. Çünki filmin sahibi prodüserdir. Filmi
çəkərkən onun PR-na ayrılan pul öncədən aydınlaşdırılır”.
"PR ilə prodüser məşğul olmalıdır”
Rejissor Kamal Yaşar deyir
ki, film çəkərkən filmin büdcəsinin ən azı 10 faizi onun reklamına xərclənməlidir:
"Bu il "Oskar” film mükafatlandırma gecəsində "ən yaxşı operator” işinə görə mükafat
alan "Roma” filminin PR-na 25 milyon dollar xərclənib. "Oskar”ın göstəricilərində
tələblərdən biri də filmin nə qədər festivalda iştirak etməsi və onların neçəsinin
"A” kateqoriyalı olmasıdır. Film çəkərkən bütün bunlar hesablanıb və filmin
daha çox səs qazanması üçün onun reklamına pul ayrılıb. 25 milyon bir neçə keyfiyyətli
filmin büdcəsi deməkdir. Əgər nəyəsə nail olmaq istəyirsənsə, onun reklamına qoyulan
sərmayə önəmli məsələdir. Bizim kino bazarında prodüser qıtlığı yaşanır. Filmin
PR-ı ilə rejissor deyil, prodüserin özü məşğul olmalıdır. Prodüser də filmi beynəlxalq
arenaya çıxarmaq üçün dil bilməli, dünyadakı prodüser şirkətləri ilə münasibəti
olmalıdır ki, filmi ölkədən kənarda tanıda bilsin. Bəzən bu məsələdə şəxsi məsələlər
belə rol oynaya bilir. Hazırda bizdə bir əlin barmağı sayda prodüserlər filmləri
xaricdə az-çox tanıda bilir”.
"Bəzən biz o
ədalətlə qarşılaşmırıq”
Prodüser, aktyor Elməddin
Cəfərov deyir ki, filmi çəkərkən onun reklamına xüsusi
önəm verir: "Filmin büdcəsinin 25 faizi reklama xərclənməlidir. İnternet
üzərindən reklam güclü olmalıdır ki, xaricdəkilər də o reklamı görə bilsinlər. Film
reklam olunmasa, onun tamaşaçısı olmaz. "Keyfiyyətli filmin baxıcısı onsuz da çox
olur” ifadəsi bir az nisyə söhbətdir. Təsəvvür edin ki, instituta hazırlaşmadan
daxil olmaq arzusundasan. Düzdür, imtahana gedib kimdənsə köçürüb də daxil
olmaq mümkündür. Mində bir film olur ki, reklam olunmadan tanınır və baxılır. Bu
Allahdan bir qismətdir. Ancaq filmin reklamı yoxdursa, o filmə baxılmaz. Hətta
o qədər keyfiyyətsiz filmlər satılıb ki, bu da onun reklamının yaxşı olduğunu
göstərir. Film həm maraqlı çəkilməli, həm də yaxşı PR olunmalıdır ki,
satılsın”.
E.Cəfərovdan beynəlxalq festivallar üçün film çəkmək
arzusunun olub-olmadığını soruşduq: "Festival üçün film çəkmək indiki zəmanədə
əlverişli deyil. Festival üçün film çəkmək asan məsələ deyil, mən istəmirəm bu,
məsuliyyətli işlə məşğul olan rejissorları həvəsdən salsın. Çünki Amerikada,
Avropa kino industriyasında ikili standartlar var. Mən onların yanaşmalarını
qəbul edə bilmirəm. Çəkdiyimiz əziyyətə, zəhmətə dırnaqarası baxırlar. Çox
uzağa getməyək, elə qonşumuz Türkiyəyə baxaq. Onlar kino sahəsində çox inkişaf
ediblər. Ancaq beynəlxalq film festivallarına film göndərəndə, onlara belə
soyuq yanaşırlar. Tam ədalətli yanaşılsa, stimul olar və çox böyük uğurlar
qazanmaq olar. Bəzən biz o ədalətlə qarşılaşmırıq. Azərbaycanda musiqi, kino
olanda, Avropanın heç bundan xəbəri yox idi”.
Xəyalə Rəis