Filmin reklamı onun özü qədər önəmlidir

Filmin reklamı onun özü qədər önəmlidir

Mədəniyyət
15 May 2019, 09:00 1077
Günü-gündən rejissorların və filmlərimizin sayı artır. Keyfiyyətli, keyfiyyətsiz çəkilən filmlər istənilən halda bir başlanğıcdır. Pis odur ki, çəkilməsin. Ancaq bir fakt da var ki, hətta beynəlxalq arenaya ayaq açan yaxşı filmlərimiz az deyil. Təbii ki, bu məsələdə çəkilən filmlərin PR-nın, reklamın da böyük rolu var. Ekspertlər deyir ki, film çəkilərkən onun tanıdılması üçün PR-ı nəzərdə tutulmursa və bunun üçün büdcədən pul ayrılmırsa, film həyata məğlub doğulmuş kimi olur. Bu mövzu ilə bağlı ekspertlərlə söhbət etdik, onlarla film çəkərkən reklama nə qədər vəsait ayrılmasından və PR-ın filmin beynəlxalq arenada tanınmasındakı rolundan danışdıq. 
 
 
"Sanballı kinoprodüserlərimiz, dünyaca məşhur kino ekspertlərimiz yoxdur”
 
Çəkdiyi "Çölçü” filmi beş qitədə, 45 festivalda iştirak edən tanınmış kinorejissor və ssenarist Şamil Əliyev bizimlə söhbətində dünyaya səs salan filminin necə uğur qazanmasından və uğura gedən yolda PR-ın rolundan danışdı: "5 qitədə nümayiş olunan "Çölçü” qədər heç bir Azərbaycan filmi festivalda olmayıb. "Çölçü” bu vaxta qədər 2 "A” kateqoriyalı festivalda iştirak edib. Bilirsiniz ki, bu kateqoriya Beynəlxalq Prodüserlər Assosiasiyası tərəfindən müəyyənləşdirilir. Dünyada 12-yə qədər "A” kateqoriyalı festival var və "Çölçü” bunların ikisində iştirak edib. 14 beynəlxalq festivalda baş mükafata layiq görülüb. Bir neçə dəfə ən yaxşı rejissor,  aktrisa, aktyor və digər nominasiyalar üzrə mükafatlara layiq görülüb. Filmimiz nəinki festivallarda iştirak edib, qalibiyyət qazanıb, Amerika, Avropa, Asiyanın kino məktəblərində dərsliyə salınıb. Onların kino mütəxəssisləri tərəfindən ümumbəşəri sərvət elan olunub. 100 GB formatında, müəyyən serverlərdə qorunub saxlanılır. Film təzə çəkiləndə, onu 5-6 festivala göndərdim. Ondan sonra isə daha böyük masştablı festivallar məndən bu filmi istədilər. "Çölçü” filmi 7 il bundan qabaq çəkilib. Dünya festivallarının heç birində 7 il bundan əvvəl çəkilən filmlər iştirak etmir. Amma "Çölçü” dünya filmləri içərisində bir istisnadır. Bizi dəvət edən festival təşkilatçılarına məktub yazıb, bu filmin 7 il bundan qabaq çəkildiyini bildirirəm. Onlar isə israrla filmi festivallarında görmək istədiklərini qeyd edirlər”.
 
Müsahibimiz deyir ki, müasir Azərbaycan kino sənayesi quruculuq mərhələsindədir, ilk addımlarını atmağa çalışır və bu sahədə təbliğatın, reklamın rolu böyükdür: "Tək filmi çəkməklə iş bitmir. Onun beynəlxalq arenaya çıxarılmasının özü də bir işdir. Mən bunun üçün beynəlxalq sferada təşkil olunan kurslarda iştirak etmişəm. Orada həm rejissor-prodüser, həm də müəllif kim sertifikatlar almışam. İstehsal olunan filmlərin PR məsələlərini isə Holluvudun mütəxəssislərindən öyrənmişəm. Yəni ki, mən bu sahədə olan yüksək standartlara bələdəm. "Çölçü” filminin beynəlxalq arenaya çıxmağında təbii ki, mənim müstəsna xidmətlərim olub. Bu işi filmin prodüseri Müşfiq Hətəmov görməyib, çünki bunun üçün büdcədən pul ayrılmamışdı. PR filmin xarici bazarlara çıxması üçün vacib şərtlərdəndir. Biz "Çölçü”nü dünyada məşhur olan "Oskar”-ın "uzun siyahı”sına sala bilmişdik. Bu çox çətin bir proses idi. Bu siyahıya düşəndən sonra mənim elektron ünvanıma 100-dən çox məktub gəldi. Məktubların içərisində dünyanın tanınmış distribüterlərinin də adları var idi. Onlar bildirirdilər ki, siz bu filmin distribusiyasını bizə verin, onun Amerikada təbliğatını edək. Sözsüz ki, biz filmi onlara həvalə etsək, müqavilə bağlamalı idik. Əgər həmin təşkilatla müqavilə bağlayırsansa, onlara müəyyən pul keçirməlisən. Çünki o təşkilatlara dünyanın hər yerində inanırlar. Əgər onlar bizim filmi təbliğ etsəydilər, bizim "Çölçü” Amerikada, Avropada tanınmış film olacaqdı. Bizim kino sistemimizdə distribüter institutu hələ ki formalaşmayıb. Çox təəssüf ki, bizdə distribusiya sıfır səviyyəsindədir. Onun da bir sıra səbəbləri var. Misal üçün, beynəlxalq arenada kino siyasəti aparan, sözünü deyən sanballı prodüserlərimiz, dünyaca məşhur, tanınan kino ekspertlərimiz yoxdur. Bu vaxta qədər onları yetişdirmək lazım idi. Bu şərtlər olmadan dünyada tanınmaq mümkün deyil. Bir fakt da var ki, biz indiyə qədər "Euroimage”in üzvü olmamışıq. Bizim qonşu dövlətlər belə bu qurumun üzvüdür. "Euroimage”in üzvü olandan sonra Azərbaycan filmlərinin Avropada yayımı, satışı, festivallarda iştirakı çox asanlaşar, bizə dünya kino industriyasının qapıları taybatay açılar. Təəssüf ki, biz bu quruma üzv olmamışıq. "Çölçü” istisna olaraq Avropa festivallarına düşə bildi. Dünyaya çıxmaq istəyiriksə, "Euroimage” və digər kino qurumlarına üzv olmalıyıq, əks təqdirdə, filmlərimizin dünyaya açılması mümkün deyil”. 
 
 
"Hər bir məhsulun satışı üçün PR önəmlidir”
 
Prodüser, rejissor Fehruz Şamıyev bizimlə söhbətində filmlərimizin PR işi ilə reklam şirkətlərinin deyil, birbaşa olaraq istehsalçıların özlərinin məşğul olduqlarını dedi: "Filmlərin reklam işi Avropa və keçmiş sovetlər birliyində olan ölkələrin kino sənayesində önəmli yer tutmurdu. Çünki bu, estetik fikirdən, əhalinin özünün maraq dairəsindən irəli gəlirdi. Məlumdur ki, sovet ittifaqı dövründə filmlərin istehsalçısı məhz dövlətin özü idi. Bu baxımdan onun reklam kampaniyası da dövlət tərəfindən aparılırdı. Buna görə PR-a vəsait ayrılmırdı. Amma okeanın o tayına - Amerikaya, xüsusən də Hollivudun film istehsalına baxsaq, onlar üçün filmin PR-ı çox böyük önəm daşıyırdı. Düşünürdülər ki, reklamsız filmi tamaşaçıya çatdırmaq çox çətin məsələdir. Hansısa bir məhsulu satmaq və ya ictimaiyyətə çıxarmaq bir növ kapitalizmin qanunudur. 80-ci illərdən sonra dünya kino bazarında reklama daha geniş yer verilməyə başladı. Bu da tamaşaçıların çoxalması üçün şirkətlərarası rəqabətin daha da artmasından irəli gəlirdi. Həmin illərdə büdcənin 30 faizi reklam kampaniyasına ayrılırdı. 2000-ci illərdə isə rəqabət daha da artdı. Bu rəqabətin nəticəsi olaraq dünya kino bazarlarında elə filmlər var ki, 160 milyonluq büdcənin 100 milyonu məhz onun reklamı üçün nəzərdə tutulub. Çünki rəqabət bu sahədə həddindən artıq böyüyüb.

Əgər filmi daha çox auditoriyaya tanıtmaq istəyirsənsə, birinci növbədə onun reklamını düzgün qurmalısan. Bu baxımdan PR önəmli məsələdir. Reklam kampaniyasında digər önəmli məsələ filmin hansı ölkədə nümayiş olunmasıdır. Məsələn, Hollivudda istehsal olunan filmlərin bir neçə treylerləri Rusiya, Amerika, İngiltərə bazarları üçün hazırlanır. Onlar bilir ki, hansı ölkədə tamaşaçının psixologiyası, düşüncəsi nədir, o düşüncəyə uyğun filmlərin treylerlərində müəyyən dəyişikliklər olunur. Bir filmin treyleri müxtəlif variantlarda hazırlanır. Bu, Hollivud təcrübəsində geniş yayılmış bir variantdır. Hər bir məhsulun satışı üçün müasir dövrdə PR önəmlidir”.

F.Şamıyev Azərbaycan kino bazarında rəqabətin televiziya vasitəsi ilə aparıldığını qeyd edir: "Hansı filmlər televiziyada reklam olunursa, onun tamaşaçı kütləsi daha çox olur. Ancaq təəssüf ki, bizdə televiziya reklamlarından, tizerlərdən əlavə reklam kampaniyası görmək müşkülə çevrilib. Bu da bizim kino bazarının kiçik olması ilə bağlıdır. Azərbaycanda çəkilən filmlərin büdcəsinin 20 faizi reklama xərclənir. Bu da daha çox kommersiya filmlərinə aid olan məsələlərdir. Bu isə birbaşa olaraq prodüserdən asılıdır. Çünki filmin sahibi prodüserdir. Filmi çəkərkən onun PR-na ayrılan pul öncədən aydınlaşdırılır”. 
 
 
"PR ilə prodüser məşğul olmalıdır”
 
Rejissor Kamal Yaşar deyir ki, film çəkərkən filmin büdcəsinin ən azı 10 faizi onun reklamına xərclənməlidir: "Bu il "Oskar” film mükafatlandırma gecəsində "ən yaxşı operator” işinə görə mükafat alan "Roma” filminin PR-na 25 milyon dollar xərclənib. "Oskar”ın göstəricilərində tələblərdən biri də filmin nə qədər festivalda iştirak etməsi və onların neçəsinin "A” kateqoriyalı olmasıdır. Film çəkərkən bütün bunlar hesablanıb və filmin daha çox səs qazanması üçün onun reklamına pul ayrılıb. 25 milyon bir neçə keyfiyyətli filmin büdcəsi deməkdir. Əgər nəyəsə nail olmaq istəyirsənsə, onun reklamına qoyulan sərmayə önəmli məsələdir. Bizim kino bazarında prodüser qıtlığı yaşanır. Filmin PR-ı ilə rejissor deyil, prodüserin özü məşğul olmalıdır. Prodüser də filmi beynəlxalq arenaya çıxarmaq üçün dil bilməli, dünyadakı prodüser şirkətləri ilə münasibəti olmalıdır ki, filmi ölkədən kənarda tanıda bilsin. Bəzən bu məsələdə şəxsi məsələlər belə rol oynaya bilir. Hazırda bizdə bir əlin barmağı sayda prodüserlər filmləri xaricdə az-çox tanıda bilir”. 
 
 
"Bəzən biz o ədalətlə qarşılaşmırıq”
 
Prodüser, aktyor Elməddin Cəfərov deyir ki, filmi çəkərkən onun reklamına xüsusi önəm verir: "Filmin büdcəsinin 25 faizi reklama xərclənməlidir. İnternet üzərindən reklam güclü olmalıdır ki, xaricdəkilər də o reklamı görə bilsinlər. Film reklam olunmasa, onun tamaşaçısı olmaz. "Keyfiyyətli filmin baxıcısı onsuz da çox olur” ifadəsi bir az nisyə söhbətdir. Təsəvvür edin ki, instituta hazırlaşmadan daxil olmaq arzusundasan. Düzdür, imtahana gedib kimdənsə köçürüb də daxil olmaq mümkündür. Mində bir film olur ki, reklam olunmadan tanınır və baxılır. Bu Allahdan bir qismətdir. Ancaq filmin reklamı yoxdursa, o filmə baxılmaz. Hətta o qədər keyfiyyətsiz filmlər satılıb ki, bu da onun reklamının yaxşı olduğunu göstərir. Film həm maraqlı çəkilməli, həm də yaxşı PR olunmalıdır ki, satılsın”. 
 
E.Cəfərovdan beynəlxalq festivallar üçün film çəkmək arzusunun olub-olmadığını soruşduq: "Festival üçün film çəkmək indiki zəmanədə əlverişli deyil. Festival üçün film çəkmək asan məsələ deyil, mən istəmirəm bu, məsuliyyətli işlə məşğul olan rejissorları həvəsdən salsın. Çünki Amerikada, Avropa kino industriyasında ikili standartlar var. Mən onların yanaşmalarını qəbul edə bilmirəm. Çəkdiyimiz əziyyətə, zəhmətə dırnaqarası baxırlar. Çox uzağa getməyək, elə qonşumuz Türkiyəyə baxaq. Onlar kino sahəsində çox inkişaf ediblər. Ancaq beynəlxalq film festivallarına film göndərəndə, onlara belə soyuq yanaşırlar. Tam ədalətli yanaşılsa, stimul olar və çox böyük uğurlar qazanmaq olar. Bəzən biz o ədalətlə qarşılaşmırıq. Azərbaycanda musiqi, kino olanda, Avropanın heç bundan xəbəri yox idi”. 
 
Xəyalə Rəis