• şənbə, 20 Aprel, 08:41
  • Baku Bakı 14°C

Filmin ağası yox, nökəri olan rejissor

06.05.17 09:15 7028
Filmin ağası yox, nökəri olan rejissor
Qəzetlərin birinə verdiyi müsahibədə Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış kinorejissor və aktyor Fikrət Əliyev belə bir fikir söyləmişdi: "Mən hər on ildə bir film çəkirəm. Bu gün (2013-cü il nəzərdə tutulur) dörd filmim var, baxsınlar, desinlər ki, Fikrət, bu film zəifdir. Çünki mən filmdə ağalıq eləmirəm, filmin nökəri oluram.”

Fikrət müstəqil olaraq ilk filmini 1974-cü ildə çəkmişdir. "Baladadaşın ilk məhəbbəti” adlanan bu qısametrajlı bədii film "Ömrün səhifələri” kinoalmanaxına daxil edilmişdir. Onun axırıncı filmi - "Sonuncu dayanacaq” kinokomediyası 2013-cü ildə istehsal olunmuşdur. Deməli, rejissor 8 ildən bir, 5 bədii filmə quruluş vermişdir. Halbuki bu boşdayanmalar az olsaydı Fikrət daha bir neçə bədii film çəkə bilərdi. Bu gün bizə yalnız təəssüflənmək qalır. Fikrət Balağa oğlu Əliyev 1939-cu ildə Bakıda qulluqçu ailəsində dünyaya göz açmışdır. O, qızıl qumlu, bağ-bağatlı Abşeron torpağında böyümüşdür. Fikrətgilin bağı Pirşağıda görkəmli yazıçı və kinorejissor Həsən Seyidbəyligilin qonşuluğunda idi. O, Həsən müəllimlə tez-tez görüşər, rejissorun kino sənəti ilə bağlı söhbətlərini maraqla dinləyərdi. Elə Fikrətdə kinematoqrafa həvəsi də Həsən Seyidbəyli oyatmışdı.


"Baladadaşın ilk məhəbbəti” ilə başlayan yol
SSRİ xalq artisti, rejissor və kinoaktyor A.İsgəndərovun təşəbbüsü və rəhbərliyi altında "Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdində 60-cı illərdə fəaliyyətə başlayan "Kinoaktyor” studiyası respublikamızda kino aktyorlarına tələbatın artması ilə əlaqədar yaradılmışdı. Studiyada məşğul olanlar müxtəlif sənət sahibləri idi. Sonralar bu kursun məzunlarından Telman Adıgözəlov, Ənvər Həsənov, Nuriyyə Əhmədova, Almaz Əsgərova, Ömür Nağıyev, Sonaxanım Mikayılova, Ələsgər İbrahimov, Ötkəm İsgəndərov, Əliqulu Səmədov, Eldəniz Rəsulov, Xalidə Quliyeva və başqları peşəkar aktyorlar oldular. Fikrət Əliyev də həmin kursun tələbələrindən olub. O, kinoaktyor kimi ilk dəfə 1967-ci ildə rejissor Ş.Mahmudbəyovun "Torpaq. Dəniz. Od. Səma” filmində təyyarəçi Murad, həmin il rejissor A.Babayevin "İnsan məskən salır” filmində mühəndis rollarında çəkilmişdir. Üçüncü dəfə 1969-cu ildə rejissor H.Seyidzadənin "Dəli Kür” filmində Şamxal obrazını yaratmışdır.
Fikrət bu filmlərə çəkiləndə artıq peşəkar aktyor idi. O, 1966-cı ildə M.A.Əliyev ad. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram teatrı və kino aktyoru fakültəsini, professor Adil İsgəndərovun sinfini bitirmişdi. Hətta Adil müəllimin məsləhəti ilə təyinatını C.Cabbarlı ad. "Azərbaycanfilm” kinostudiyasına almışdı.
F.Əliyev "Torpaq. Dəniz. Od. Səma” filmində çəkiləndən sonra rejissor A.Babayev onu "İnsan məskən salır” filminə rejissor assistenti kimi dəvət edir. Bu filmdə çalışması onun üçün əsl təcrübə məktəbi olur. Bundan sonra o, Arif müəllimin daha iki filmində − "Uşaqlığın son gecəsi” (1968) və "Gün keçdi” (1971) bədii filmlərində II rejissor işləyir.
70-ci illərdə F.Əliyev daha dörd bədii filmdə, o cümlədən rejissor T.İsmayılovun iki filmində − "Çarvadarların izi ilə” (1974) və "Vulkana doğru” (1976 – 1977), rejissor E.Quliyevin "Ürək, ürək” (1976) filmlərində, rejissor C.Fərəcovun "Arvadım mənim, uşaqlarım mənim” novellasında II rejissor kimi çalışmışdır.
Onu da qeyd etmək lazımdır ki, Fikrət hələ orta məktəbdə oxuyarkən gələcəkdə kinorejissor olmağı qarşısına məqsəd qoymuşdu, o, bu barədə fikrini C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru A.İsgəndərova bildirir. Beləliklə, Fikrət 1971-1972-ci illərdə Moskvada İkiillik Ali Ssenaristlər və rejissorluq kurslarında təhsil alır və quruluşçu rejissor ixtisasına yiyələnir.
Gənc rejissor müstəqil olaraq "Mozalan” respublika satirik kinojurnalı üçün müxtəlif vaxtlarda ona qədər kinosüjet çəkmişdir. Fikrət Əliyev institutu bitirəndən, yəni 1966-cı il sentyabrın 5-dən ta dünyasını dəyişənə kimi ( 8 mart 2016-cı il) C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında işləmişdir.
Onun böyük kinoda ilk müstəqil işi "Ömrün səhifələri” kinoalmanaxındakı "Baladadaşın ilk məhəbbəti” novellasıdır. Rejissor F.Əliyev bu qısametrajlı bədii filmi yazıçı Elçinin ssenarisi əsasında lentə almışdır.
Biz filmdə Baladadaşın yeniyetməlikdən gəncliyə keçid dövrünün sarsıntılarla bağlı olduğunu, xarakterin necə formalaşdığını görür, bu rolu ifa edən aktyor Şamil Süleymanovun gənc qəhrəmanının ilk məhəbbətinin səmimiyyətinə, saflığına inanırıq.
Rejissor F.Əliyev bu filmlə əlaqədar müsahibəsində demişdir: "Mən hər yay Pirşağıdakı bağımızda dincələndə çox adamlarla görüşür, çox hadisələrin şahidi olurdum. Yaddan çıxmasın deyə gördüyüm və eşitdiyim əhvalatları özüm üçün qeyd edirdim. Amma heç düşünməmişdim ki, bu yazdığım cızma-qaralar "Baladadaşın ilk məhəbbəti” adlanan diplom işimdə karıma gələ bilər. Novella baş tutmayan ilk məhəbbət, ülvi, yüksək hisslərlə dar düşüncənin, meşşan əxlaqının toqquşması haqqında danışır. Bizim qəhrəman mənə çox əzizdir. Əgər mən onun təmizliyini, qeyri-adiliyini, bütövlüyünü ekranda göstərə bilmişəmsə, filmin əsas vəzifəsi yerinə yetirilmişdir...”.
Kinoalmanax ekranlara buraxılandan sonra tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Kino mütəxəssisləri Ş.Süleymanovun kinodakı ilk oyununu ümumən filmin müvəffəqiyyəti hesab ediblər. Şamili gənc rejissor F.Əliyevin "kəşfi” adlandırıblar.
Aktyor seçiminə gəldikdə, Ş.Süleymanov bunu belə xatırlayır: "Eşitdim ki, kinostudiyada hansı bir filmdəsə baş rolda çəkilməyə aktyor axtarırlar. Bəxtimi sınamaq istədim. Düzünü deyim ki, bəyəniləcəyimə heç ümidim yox idi. Deyəsən, bədii şuranın üzvləri də mənim baş rola çəkilməyimə razı deyilmişlər. Ancaq filmin rejissoru Fikrət Əliyev məhz məni çəkməyi lazım bilib...”
Böyük kinoda ilk iş - "Qızıl uçurum”
F.Əliyev qəzetlərin birinə verdiyi müsahibədə film üzərində necə işlədiyini belə izah etmişdir: "Mən filmi hisslərimi, duyğularımı nəzərə alıb çəkirəm. Hər hansı bir epizodu hiss eləməsəm, kim nə deyirsə-desin, çəkmirəm...”

Rejissorun işləri ilə tanış olan "Azərbaycanfilm” kinostudiyasının direktoru C.Əlibəyov "İstehsalat xarakteristikası”nda yazmışdır: "Rejissorluq sahəsində sadə rejissor üsulları ilə ilk sınaq çəkilişlərində gücünü sınaması bir daha göstərdi ki, F.Əliyev öz mövqeyini, öz dünyagörüşünü ifadə etməyə çalışıb. Onun işlərində saflıq, yenilik özünü hiss etdirib. Gənc kinematoqrafçının istedadı deməyə ümid verir ki, o, öz siması olan yeni, maraqlı filmlər yaradacaqdır”.
Bədii kino sahəsində təxminən altı illik fasilədən sonra günlərin birində kinostudiyanın redaktoru Vaqif Əlixanov Fikrəti yanına çağırıb deyir: "Ssenari portfelimizdə bir əsər var. Yazıçı İ.B.Musabəyovun "Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında yazılmış ədəbi ssenaridir. Ssenarini Mirzağa Mirmövsümov yazıb. Heç kim bu ssenarini götürüb işləmək istəmir.” Səbəb ssenarinin melodram janrında yazılmışdı. Fikrətlə Mirzağa ssenari üzərində demək olar ki, yenidən işləməli olurlar.

Filmə hazırlıq dövründə rejissor baş rolun – Cəlilin ifası üçün aktyorlardan Rasim Balayevi və Əliabbas Qədirovu kino sınaq çəkilişlərinə dəvət edərkən, çox götür-qoy etməli, düşünməli olur. Fikrət deyirdi ki, Rasimə nə paltar geyindirirsən geyindir, kasıba oxşamır, Əliabbası isə paltarlarla dəyişdirmək olurdu. Yəni nimdaş paltarda o, kasıba, bahalı paltarda isə bəyə oxşayırdı. Bizə də elə bu lazım idi. Ona görə də Ə.Qədirovu Cəlil roluna çəkdik.

Rejissor F.Əliyev böyük kinoda ilk işi olan "Qızıl uçurum” bədii filminin çətinlikləri haqqında belə demişdir: "Çəkilən hər bir səhnə o dövrün ab-havasını əks etdirməli idi. Həm də bu günümüzlə səsləşməli idi. Lazımi naturanın, interyerin, dekorasiyanın dəqiqliyi vacib idi. XIX əsrin Bakısını, keçmiş neft mədənlərini inandırıcı şəkildə göz önündə canlandırmaq, haradasa "Fransa səhnələrini” çəkmək, bir də Cəlil ağanın evi kimi böyük, geniş dekorasiyanı kinostudiyanın pavilyonunda tikmək işi çətinləşdirirdi. Bunu yaradıcı heyətin birgə səyi ilə aradan qaldıra bildik.”

Təsadüfi deyil ki, "Qızıl uçurum” filmi yüksək bədii səviyyəsinə və böyük tərbiyəvi əhəmiyyətinə görə, 1981-ci ildə Vilnüsdə keçirilən XIV Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş, quruluşçu rejissor Fikrət Əliyev "Uğurlu debütə görə” prizinə və diploma layiq görülmüşdür.

F.Əliyevin növbəti – "Yuxu” kinokomediyası da müasir mövzudadır. Burada iki sevən gəncin məhəbbətindən bəhs olunur. Mövzuya gəldikdə, filmdəki hadisələr bizim günlərdə Bakı kəndlərindən birində, baş qəhrəman Əliabbasın yuxusu ətrafında cərəyan edir. Əliabbas sevgilisi Bahara qovuşmaq üçün öz xoşbəxtliyi uğrunda mübarizə aparır...

"Yuxu” filmini F.Əliyev özünün iştirakı ilə Qasım Səfəroğlunun yazdığı ssenari üzrə çəkmişdir. Film hələ çəkildiyi vaxt onun uğur qazanacağına əmin idik. Ona görə ki, "Yuxu” kino həvəskarlarının ən çox sevdikləri lirik komediya janrında lentə alınırdı. İkincisi, burada məşhur kino ulduzlarından ibarət aktyor ansamblı iştirak edirdi.

Filmin ssenari müəllifi Qasım Səfəroğlunun xatirələrindən: "Bir neçə il bundan qabaq ürəyimdə gəzdirdiyim ən böyük arzularımdan biri həyata keçdi. Yaxın dostum, istedadlı kinorejissor Fikrət Əliyevin istəyi ilə "Yuxu” filminin ssenarisini yazdım. Əlimə imkan düşmüşdü. Məsmə nənə obrazını məxsusi Nəsibə xanım üçün yazdım. Fikrət filmi böyük məharətlə çəkdi.”

Rejissor F.Əliyev müsahibələrinin birində demişdir: "Uzun illər idi ki, "Yuxu” filminin ideyasını beynimdə gəzdirirdim. Bir neçə yazıçı ilə işlədim, bir neçə ssenari yazıldı. Ancaq onların heç biri məni təmin etmirdi. Ən nəhayət, Qasım Səfəroğlu ilə işləməli olduq. Onun yazdığı ssenari arzularımla o qədər səsləşirdi ki, elə bilirdim onu özüm yazmışam.”

Bu gün tamaşaçılar "Yuxu” bədii filminə həvəslə baxırlar. Çünki "Yuxu” sənət əsəri olmaqla bərabər, həm də tamaşaçı filmidir. Bu kinokomediya Abşeron koloritini əks etdirən, yerli camaatın xarakterini incə yumorla açıb göstərən ən gözəl ekran əsərlərimizdən biridir.
Və "Ölüm növbəsi”ndən "Axırıncı dayanacağ”a gedən yol
Bundan sonra rejissor F.Əliyev daha iki kinolentə − "Ölüm növbəsi” və "Axırıncı dayanacaq” bədii filmlərinə quruluş verdi. Rejissor hər iki filmin ədəbi ssenarisini yazıçı İlqar Fəhmi ilə birgə yazmışdır. Maraqlıdır ki, Fikrət Əliyev demək olar ki, çəkdiyi filmlərin əksəriyyətinin ideya müəllifidir.

Reallıq harada bitir və irreal aləm harada başlayır – hər zaman müxtəlif yönlü sənətkarlar bu suala cavab axtarıb, amma bu iki aləmin – reallıqla irrealın sərhədini təbii ki, heç kim dəqiq göstərə bilməyib. Əlbəttə ki, Allaha məxsus olan sirri insanlar aça bilməz.

"Ölüm növbəsi” filmi də əslində reallıqla irreallığın, həyat ilə ölümün, yuxu ilə oyaqlığın sərhəddində gəzişmələri xatırladır. Çünki filmdə baş verən hadisələrin reallıqda, ya irreallıqda, həyatda, ya yuxuda baş verdiyi, yaxud, ümumiyyətlə baş verib-vermədiyi sona qədər dəqiq bilinmir, filmin yaradıcıları sanki tamaşaçının çaşmasını, reallıq hissini itirməsini istəyir.

Filmdə təsvir olunan hadisələr Bakı ətrafında Abşeron kəndlərində baş verir. Yaradıcı heyət özünəməxsus keyfiyyətləri ilə zəngin olan Abşeron mühitini çox canlı şəkildə yarada bilib, çünki filmə baxan kimi başa düşürsən ki, belə epizodlar yalnız Abşeronda baş verə bilər.

Filmin əsas qayəsi insanların reallıq kimi qəbul etdiyi aləmin əslində mütləq olmadığını, zamanın və məkanın nisbiliyini, həyatla ölüm, yuxuyla oyaqlıq arasındakı sərhədin nə qədər anlaşılmaz olduğunu göstərmək və bu xüsusda tamaşaçını düşündürməkdir.

"Axırıncı dayanacaq” isə kinokomediyadır. Burada "Ahıllar evi”nə düşmüş keçmiş gəmi kapitanının başına gələn əhvalatlardan bəhs olunur. Fikrət danışırdı ki, hələ 2000-ci ilin əvvəlində Buzovnadakı "Ahıllar evi”nə gedibmiş. Direktorun razılığını alandan sonra rejissor düz bir aya yaxın orada qalıb, buranın sakinləri ilə tanış olub. Fikrətin "Ahıllar evi”ndə olması ona bərk təsir edibmiş. O, deyirdi: "Buradakı insanların taleyinə biganə qalmaq mümkün deyil. Hətta onlardan hər biri haqqında film çəkmək də olar. Buranın öz ab-havası var.

Burada gördüklərim əsasında həmkarımla bir neçə variantda ssenari yazdıq.

"Axırıncı dayanacaq”ı çəkməkdə məqsədim var idi: tamaşaçıları filmə baxarkən güldürüb düşündürmək. Çünki bu film "Ahıllar evi”ndə yaşayan insanların həyatından, onların acı və şirin talelərindən bəhs edir. Biz bu insanlara biganə qala bilmədik. Mən hesab edirəm ki, kinematoqraf öz sözünü deməli idi. Bu missiyanı da mən öz üzərimə götürdüm.”

Təəssüf ki, bu film Azərbaycanın əməkdar incəsənət xadimi, quruluşçu rejissor, gözəl insan Fikrət Əliyevin həyatının son dayanacağı oldu, sənətkarın vaxtilə çəkmək istədiyi, amma özündən asılı olmayan səbəblərdən çəkə bilmədiyi filmlər də elə arzu olaraq qaldı.
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi

banner

Oxşar Xəbərlər