• cümə axşamı, 28 mart, 17:22
  • Baku Bakı 16°C

“Filmdə həyata dair hər şey var” - Onun film seçimi

04.05.19 12:15 2766
“Filmdə həyata dair hər şey var” - Onun film seçimi
Filmlərlə bağlı hər kəsin öz maraq dairəsi var. Kimi dram sevir, kimi fantastika, kimi də komediya və s. Amma janrından asılı olmayaraq, çoxumuz başqalarının məsləhət gördüyü filmlərə nəzər salırıq.Məsləhət görülürsə, deməli, baxmağa dəyər. Bu dəfə gənc aktyor, aparıcı Sənan Əlləzin məsləhət gördüyü filmləri təqdim edirik.
Mütəmadi film izləyən adam olduğu üçün bəyəndiyi film də çoxdur, ona görə, 5 film seçmək bir az çətin oldu, amma onun üçün xüsusi anlamı olan filmləri qeyd etdi.
Onun ilk seçimi Çarli Çaplinin çəkdiyi "Uşaq” filmi oldu: "Bu, imtina edə bilməyəcəyim, məni aktyorluğa sövq edən filmdir. Filmin ssenarisi də Ç.Çaplinə məxsusdur, prodüserliyini də özü edib. Filmdə həyata dair hər şey var. Hətta 1921-ci ildə çəkilməyinə baxmayaraq, müasir ssenaristlərin həyat və məişət münasibətlərinə baxış bucağını dəyişə biləcək bir filmdir”.
İkinci seçimi olan "Yol”un da onun həyata baxışını dəyişən filmlərdən olduğunu bildirdi: "1971-ci ildə türk rejissoru Yılmaz Güney tərəfindən ssenarisi yazılan və Şərif Gören tərəfindən ekranlaşdırılan filmdir. Filmin premyerası 1982-ci "Kann” festivalında keçirilib və festivalının ən böyük mükafatı olan "Qızıl palma budağı”na layiq görülüb. İmralı həbsxanasından bayram tətilinə gedən 5 məhbusun həyatından bəhs edən mükəmməl ekran işidir”.
Onun üçüncü seçimi 1994-cü ildə çəkilən Robert Zemekisin ekranlaşdırdığı, Tom Xenksin baş rolda oynadığı"Forrest Qamp”dır. S.Əlləz deyir ki, bu filmi izləməmək ümumiyyətlə, filmdən xəbərsiz olmaq deməkdir: "IQ səviyyəsi 75 olan bir qəhrəmanın həyatından bəhs edir. Bu filmi niyə 3-cü sıraya qoydum? Çünki Ç.Çaplin, Yılmaz Güney kimi dühalar olan yerdə Zemekisin çəkdiyi filmi 3-cü qoyulmalıdır. Buna baxmayaraq, mükəmməllərdən mükəmməl hesab olunanlar sırasında dayanacaq filmdir”
Stefen Kingin məşhur əsəri əsasında Frenk Darabontun ekranlaşdırdığı"Şouşenkdən qaçış” onun dördüncü seçimi oldu: "Məncə, bu filmə baxmayan yoxdur. Tim Robbins, Morqan Friman kimi əjdaha aktyorların oynadığı bu film mükəmməl əsərdir. Həbsxana həyatının çətinlikləri, verdiyi travmalar, həbsxanaya qədər olan həyatın insanda aşıladığı gözəl və çirkin nüansları və eyni zamanda o nüansların həbsxanada qabarmasını göstərən bir filmdir”.
Onun sonuncu seçimi "Xaç atası” trilogiyası oldu: "Bu, 3 filmdir. Şiddətlə tövsiyə edirəm. "Siciliya və İtaliya mafiyasının Amerikadakı sərgüzəşti” deyib keçməyin, həyata dair hər şey var. Mükəmməl səhnə tərtibatı və aktyor oyununu da bu filmdə görə bilərsiniz”.

Aygün Asimqızı
banner

Oxşar Xəbərlər